Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sabir Rüstəmxanlı: "Düşünürəm ki, bir zaman gələcək, fəxri adlar yığışdırılacaq"

© Sputnik / Murad OrujovSabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı - Sputnik Azərbaycan, 1920, 28.10.2021
Abunə olmaq
BAKI, 28 oktyabr — Sputnik. Bu yaxınlarda Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə mədəniyyət və incəsənət xadiminə fəxri adlar verildi. Həmişə olduğu kimi bu dəfə də sənət adamları arasında narazılıqlar başladı. Onlar fəxri adlar siyahısını hazırlayan Mədəniyyət Nazirliyinə öz etirazlarını bildirdilər. Bəs görəsən, illərdir sənət adamlarının bölüşə bilmədiyi fəxri adlar hansı şərtlərə görə verilir? Ümumiyyətlə, fəxri adlar lazımdırmı?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən Azərbaycan Respublikasının xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının sözlərinə görə, Sovet dönəmində insanların müəyyən fəaliyyətlərinə uyğun fəxri adlar verilirdi. Bu ənənə indi də davam edir. Onun fikrincə, fəxri adlar mövcuddursa, birinə verib, digərinə verməyəndə narazılıq baş verir: "Bir vaxtlar var idi ki, Sovet dönəmində bəzi fəxri adlar, mükafatlar var idi. Zamanla bunlar ləğv olundu. Düşünürəm ki, bir zaman gələcək, bu fəxri adlar da yığışdırılacaq. Necə ki, dünyanın inkişaf etmiş ölkələrində yoxdur. Düşünürəm ki, bu yığışdırılsa, narazılıqlara son qoyular. Onsuz da xalq tərəfindən sevilən sənətkarlar var ki, heç onların fəxri adları olmayıb. Amma onları xalq sevir və onlar xalqın sənətkarına çevriliblər. Məsələn, Cabbar Qaryağdıoğlunun, Xan Şuşinskinin fəxri adları olmayıb, amma onlar öz sənətləri ilə tarixdə qalıblar. Əsl sənətkar odur ki, onu xalq sevir və o, əsl xalq artistidir".
Bəstəkar Firudin Allahverdi hesab edir ki, biz müstəqillikdən bəri etdiyimiz işi – desovetizasiyanı etməmişik. Biz təftiş etməli idik: "Biz elə bir quruluşdan çıxmışdıq ki, o quruluş normal deyil. Bu cəmiyyət sənətkarların, mədəniyyət adamlarının özlərini sərbəst hiss etdikləri cəmiyyət deyildi. SSRİ-nin əsas atributları, vərdişləri, həmin cəmiyyətin ən qaranlıq vaxtında – 30-cu illərdə yaranmışdı. Bu gün mədəniyyət sahəsində gördüyümüz institutlar, mükafatlar, hamısı o qaranlıq dövrlərdə qaranlıq məqsədlərlə yaradılıb. "Xalq artisti" və "Xalq düşməni" adı bir vaxtda yaranmışdı və bir yerdə gedirdi. Birinə "Xalq artisti" adını verirdilər, yerüstü mənzilə yola salırdılar. Birinə də "Xalq düşməni" adını verib yeraltı mənzilə yola salırdılar".
"Fəxri adlar ləğv edilərsə, problemlər aradan qaldırılarmı?" sualına bəstəkarın cavabı belə oldu:
"Məncə, bu adların ləğvi üçün xüsusi sərəncama da ehtiyac yoxdur. Bunun əvəzinə hansısa həvəsləndirici adlar yaratmaq bəs edər. Amma onun da kriteriyaları lazımdır. O kriteriyalardan biri kimi "xaricdə uğur" ola bilər. Xaricdə uğur deyərkən gedib hansısa ölkədə azərbaycanlıların qabağında konsert vermək nəzərdə tutulmur. Həmin musiqiçinin musiqilərinin xaricdə satışı ola bilər. Və ya hansısa intellektual əməyinin büdcəyə gəlir gətirdiyinə görə ona həmin fəxri ad verilə bilər". Həmsöhbətimiz əlavə edir ki, xarici ölkələrdə bu praktika var. Yəni, hər hansısa bir müğənninin qara qaş-gözünə görə yox, konkret uğurlarına, ələlxüsus büdcəyə töhfəsinə, yəni ödədiyi vergiyə görə ona fəxri ad verilməlidir.
Bu məsələdə ən çox narazılıq edən Əməkdar artist Firuzə İbadova olsa da o, açıqlama verməkdən imtina etdi. Amma həmkarı, Əməkdar artist Aybəniz Həşimova Firuzə İbadovaya dəstək oldu: "Mən onu tanıyanda o, artıq indiki dəbdə olan ifadə ilə desək, "ulduz" idi. Mənim üçün bu gün də "ulduz"dur. Özü də heç vaxt sönməyəcək "ulduz". Zaman elə sürətlə gedir ki, bir də baxırıq, çatmışıq müəyyən yaşa. Ömrün əlimizdən alıb nə qədər apardıqları var - gəncliyimiz, sağlamlığımız, illərimiz, doğmalarımız, ümidlərimiz, gözlədiyimiz... O gözlədiyimiz ki, bir də heç vaxt qayıtmayacaq, gəncliyimizin işiq dolu səsi... O səs ki hər zaman, hər kəs dinləmək, görmək arzusu ilə cibinin son qəpiyini biletə verirdi".
Haşımova bildirir ki, o, ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış sərəncam əsasında açılmış "Muğam" sinfində Şövkət xanımın ilk tələbələrindən olub. Halbuki onun dərs almağa heç bir ehtiyacı yox idi. Bu, Şövkət xanıma böyük sevgisindən irəli gəlirdi: "Firuzə İbadovanın adı qırmızı hərflərlə yazılan müğənnilər siyahısında idi. Bunun müqabilində isə İbadova ayda cəmi bir dəfə maaş alardı. O da digər sənətkarlar kimi, xalqının qarşısında saysız çıxışlarının sonunda çox böyük sevgi, diqqət ilə ödəniləcəyini düşünürdü. Amma bu məqama üstünlük verməsəydi, hazırda məcburiyyətdən çörək parası üçün xəstə halı ilə toylarda, şou proqramlarda oxumazdı".
Biləsuvar filmindən kadr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.10.2021
YAZARLAR
Bizdə kino var - məsələn, “Biləsuvar”
Əməkdar artistin sözlərinə görə, Firuzə xanım tək övladının deyil, bütün ailəsinin yükünü çəkib və məcburiyyətdən Bayıldakı birotaqlı evini satıb. "İllər ötür, yaşın üstünə yaş gəlir və təbii ki, Firuzə xanım kimi musiqimizin, gənclərin yüksək musiqi zövqünün formalaşmasında xidməti olan sənətkarlar qocalır. Hətta səsini, səhnə gücünü də itirə bilərlər. Amma bu o demək deyil ki, onların əməyi itməli, unudulmalı və qiymətləndirilməməlidir. Onun üçün də aidiyyəti orqanlar bu kimi halları diqqətdə saxlamalı və Firuzə xanım kimi sənətkarların haqqını qiymətləndirməli, özlərindən incik salmamalıdırlar. Bu dünya onsuz da heç kimə qalan deyil. Heç olmasa, öləndə heç kimin gözü arxada qalmasın, Şövkət xanim kimi. Allah heç kimi heç kəsə möhtac etməsin".
İllərlə həllini tapmayan məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, fəxri adlar Azərbaycan Respublikası Prezidentinin 14 may 1999-cu il tarixli 130 nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnaməsinə əsasən, mədəniyyətimizin inkişafında xidmətləri olan incəsənət xadimlərinə yaş həddinə, yaxud uzunillik fəaliyyətə görə deyil, milli mədəniyyətimiz qarşısında müstəsna xidmətlərinə, çalışdığı sahənin inkişafında əldə etdiyi uğurlara görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında verilir: "Diqqətinizə çatdırırıq ki, hazırda yaradıcı şəxslərə fəxri adların verilməsi ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən yeni qaydalar hazırlanır. Bununla əlaqədar qeyd etdiyimiz Əsasnaməyə riayət olunması, namizədlərin təqdimatında obyektivliyin təmin olunması, namizədlərə layiq olduqları dəyərin verilməsi əsas sayılır".
Eləcə də oxuyun:
* Tamaşaçı təkcə rəqsdən deyil, ifaçıdan da zövq almalıdır - Akademiyanın dekanı
* Cinayətkar balalar: Niyə məşhurlar cəmiyyətə normal övlad bəxş edə bilmirlər?
* Cavan Zeynallı: hər dəfə pianonun arxasında oturanda yenidən doğulmuş kimi oluram
* "Qaya", H.O.S.T, "Aşıqlar" - bir zamanların məşhur qruplarının dağılmasının səbəbi nədir?
* "Soyuq günəş" və ya payızın ortasında çəkilmiş yay səhnələri
Xəbər lenti
0