Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Cinayətkar balalar: Niyə məşhurlar cəmiyyətə normal övlad bəxş edə bilmirlər?

© AFP 2023 / FRED DUFOURPolis bölməsində əli qandallanmış kişi, arxiv şəkli
Polis bölməsində əli qandallanmış kişi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.10.2021
Abunə olmaq
Ekspertin fikrincə, məşhurların həyatı çox zaman həddindən artıq yüklənmiş olur və daim qaçhaqaçda keçir. Belə həyat tərzi yaşayanlar adətən övladlarına kifayət qədər zaman ayıra bilmirlər.
BAKI, 16 oktyabr — Sputnik. Dünyanın hər yerində tanınmışların özəl həyatı, onlarla bağlı bütün məlumatlar cəmiyyətin maraq dairəsində olur. O cümlədən də Azərbaycanda tanınmışların təkcə özləri deyil, onların ailə üzvləri, yaxınları da diqqət mərkəzində olur.
Sputnik Azərbaycan övladları normal həyat tərzi yaşamayan məşhurların övladları və onları bu yola gətirən səbəbləri araşdırıb.
Bu günlərdə Xalq artistləri Səyavuş Aslan və Ofeliya Aslanın oğlu Çingiz Aslanov haqqında sosial şəbəkələrdə və xəbər saytlarında onun küçədə qalması ilə bağlı məlumat paylaşılmışdı. Çingiz Aslanov narkotik istifadəçisidir. O, buna görə, həbs də olunub. Çingiz Səyavuş Aslanın yaralı yeri idi. Böyük aktyor oğlunu özünə dərd eləmişdi. Sağlığında jurnalistlərə oğlu haqqında demişdi:
"İndi türmədədir, çox rahatam, bilirəm ki, orda heç kimi aldatmayacaq, axmaqlıq etməyəcək. Aparıb hər ay pul verirəm ki, çətinliyi olmasın. Təki içəridə qalsın, sakit olsun, lap nə qədər pul istəsə, aylıq aparıb verərəm. Azadlıqda olanda başıma oyun açır, adımı, hörmətimi bir qəpiklik edir hər yerdə".
Səyavuş Aslanın dediyinə görə, oğlu hətta ona hədiyyə edilən televizoru belə dəyər-dəyməzə satıb:
"Yubileyimlə əlaqədar teatrın kollektivi mənə böyük bir plazma televizor hədiyyə etmişdi. Heyfim gəldi balaca evdə açıb işlətməyə, fikirləşdim prezidentin verdiyi evdə təmir gedir, ora köçəndə təzə evdə açıb işlədərəm. Bir gün gəldim ki, televizor yoxdur evdə. Bildim ki, Çingizin zibilidir. Düşdüm üstünə ki, tez ol de görüm neynəmisən mənə verilən hədiyyəni? Boynuna aldı ki, bir nəfərə satmışam 500 manata. Dedim ay avara, 5 min manata alınan şeyi necə əlin gəlib dəyər-dəyməzinə satmağa. Gəl düş qabağıma gedək kimə satmısan pulunu verim qaytarsınlar televizoru ayıbdır aktyor yoldaşlarımdan".
Beləcə, aktyor oğlu ilə birlikdə televizorun dalınca mikrorayonların birinə gedib. Çingiz deyib "ay papa, səninçün ayıb olar, day sən qalxma, 5-ci mərtəbədir, pulu ver, qalxım özüm danışım, gəlirəm. 500 manatı da götürüb girir bloka, 20 dəqiqə oğlundan xəbər almayan Səyavuş müəllim narahat olub qalxıb Çingizin dediyi ünvana. Qapını açırlar, hörmət-izzətlə ustadı içəri dəvət edirlər. Söhbət əsnasında məlum olub ki, Çingiz televizoru o adamlara 500 manata yox, 2 min manata satıb. Buradan da atasından aldığı 500 manatı götürüb heç o ünvana baş çəkmədən damnan keçib digər blokdan çıxıb gedib atasından qopartdığı pulun başına daş salmağa.
Əməkdar artist Kübra Əliyevanın oğlu Rauf da narkotikin qurbanı olub. Səyavuş Aslanın oğlu Çingiz haqqında danışan Kübra xanım bildirmişdi ki, ana-atalarının ciyəri yansa da, narkotiklə məşğul olan adamların ölümü haqdır, ailə üçün şərəfdir. Çünki, narkoman övlad ailənin şərəfini, namusunu bir qəpiklik edir. köpüklük edirlər. Elə övladlar vaxtında ölsə yaxşıdır.
"Hər kəs bilir ki, mən onun üçün nə qədər əziyyət çəkib, nələr etmişəm. Allah balamı məhv edənlərin cəzasını versin! Allah heç bir anaya göstərməsin! Böyük dərddir. Narkotikdən sonra yaranan qaraciyər xəstəliyi onu bu hala saldı. Varımı-yoxumu Raufun yolunda qoydum. Dedim, qanını dəyişdirib onu bu yoldan döndərəcəyəm. Ölümündən üç-dörd gün əvvəl mənimlə danışmışdı. Deyirdi, "ana kaş ki, zamanı geri qaytara biləydim". Çox peşman idi".
Xatırladaq ki, ölümündən 5 il öncə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıda aptekə basqın etməkdə təqsirləndirilən Rauf Məmədov 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 46 yaşında həbsxanada dünyasını dəyişib.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov soyğunçuluqda günahlandırılaraq 2008-ci ilin yanvarında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180. 2.2-ci ) maddəsi ilə cinayət işi başlanılıb. Aktyorun oğlu 6 il həbs cəzası alıb. Həmçinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 min manat məbləğində cərimələnib. 2005-cı ildə "Azəri-star" mahnı müsabiqəsinin iştirakçısı olan sənətçi uzun müddət narkotikdən əziyyət çəkib. Müğənni saytların birinə verdiyi açıqlamasında bildirib ki, hazırda vəziyyəti yaxşıdır.
Mərhum aktyor, Xalq artisti Arif Quliyevin oğlu Fərid Quliyev təxminən 13 il öncə qəsdən adam öldürmə maddəsi ilə məhkum olunaraq, 14 il müddətinə həbs cəzası alıb. 11 illik həbsxana həyatından sonra əfv olunan F.Quliyev uzun müddət vərəm xəstəliyindən əziyyət çəkib. Xəstəliyi ağır olduğundan onu xilas etmək mümkün olmayıb. Fərid Quliyev 2012-ci ilin yanvar ayında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Uşaq və Yeniyetmələr üzrə psixoloq Leyla Əliyeva bildirir ki, valideyn və övlad arasında olan emosional bağlantı, uşaqların tərbiyəsində çox önəmli yer tutur. Bu bağlantının yaranması və müsbət inkişaf etməsi üçün valideynlər uşaqlarına kifayət qədər vaxt ayırmalı, onlarla ünsiyyət qurmalı və vaxt keçirməlidirlər. Valideyn övladı üçün təkcə maddi qida yox, həmçinin mənəvi qida mənbəyi olmalıdır.
"Məşhurların həyatı çox zaman həddindən artıq yüklənmiş olur və daim qaçhaqaçda keçir. Belə həyat tərzi yaşayanlar adətən övladlarına kifayət qədər zaman ayıra bilmirlər", - deyən mental sağlamlıq eksperti bildirir ki, valideynlər çox vaxt bu boşluğu pul ilə doldurmağa çalışırlar. Yəni, emosional əlaqənin yoxluğunu maddi şirnikləndirmə ilə əvəz edirlər. Bu da uşaqları çatışmayan emosional əlaqəni başqa yerdə axtarıb tapmağa sövq edir.
"Xüsusən də pul olduqda bu durum kifayət qədər bahalı olan narkotik və alkoqol asılılığına gətirib çıxarır. Bu səbəbdən valideynlər bilməlidirlər ki, hər gün uşaqlarına ayırdığı bircə saat vaxt, onlara verilən minlərlə manat puldan daha önəmlidir", - deyə ekspert əlavə edib.
Xəbər lenti
0