Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Qaya", H.O.S.T, "Aşıqlar" - bir zamanların məşhur qruplarının dağılmasının səbəbi nədir?

© Pexels Katrien GrevendonckMikrofon, arxiv şəkli
Mikrofon, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.10.2021
Abunə olmaq
Bu gün o musiqi qrupları haqqında yalnız xatirələr qalıb. Sputnik Azərbaycan ölkəmizdə bir zamanlar məşhur olan, hazırda parçalanmış musiqi qruplarından bəhs edir.
BAKI, 9 oktyabr — Sputnik. Azərbaycanda bir zamanlar dəbdə olan musiqi qrupları zaman keçdikcə dağılmağa, öz populyarlığını itirməyə başladı. Hamı tərəfindən tanınan və sevilən bu qruplar, görəsən, indi haradadır? Sputnik Azərbaycan ölkədə bir zamanlar məşhur olmuş, hazırda isə fəaliyyət göstərməyən, parçalanmış musiqi qruplarından bəhs edib.
Xalq artisti, cazmen Cavan Zeynallı 20 il "Qaya" qrupunda çalışıb. Cavan müəllim bildirir ki, o, "Qaya"ya gəlməzdən öncə 17 il solo çıxış edib. Onun "Qaya"ya gəlməsinin səbəbi isə qrupun üzvü Lev Yelisavetskinin qrupdan ayrılması olub: "Bu qrup elə idi ki, gərək 4 nəfər oxusun. Bir səs olmayanda oxumaq mümkün olmur. Qrup üzvləri 4 ay özlərinə solist axtardılar. İyirmidən artıq müğənni gəldi, səsləri var idi, amma qrup üçün uyğun gəlmirdilər".
Uzun axtarışdan sonra mühafizəçi işləyən bir insan qrup üzvlərinə Cavan müəllimi təklif edib: "Deyib ki, niyə özünüzü yorursunuz? Gedin "Canik"ə deyin, o gəlib sizinlə oxuyacaq. Mən onlardan 10 yaş cavan idim. Onların "Ey həyat, sən nə qəribəsən" mahnısını oxudum. Mən 17 il idi ki, solo oxuyurdum. Onlar məndən xahiş etdilər, mən də başladım oxumağa. Bir gün Flora xanım mənə dedi ki, "Cavan, axı sən solo oxuyurdun, niyə qrupa qoşuldun? Sənin səsin orada çıxmır, itıb-batır". Dedim, "zato" mən "Qaya"da oxuyuram"".
Xalq artisti əfsanəvi qrupun fəaliyyətinin dayanmasının səbəbini belə izah etdi: "2000-ci ildə qərara gəldik ki, qrup fəaliyyətini dayandırsın. Teymur Mirzəyev İsrailə getdi. Rauf Babayev cavanları dəvət edib, qrup yaratmaq istədi. Əbülfəs Qarayevə müraciət elədi ki, mən qrup yaratmaq istəyirəm, onun adı "Bəri bax" yox, "Qaya" olsun. Nazir razılaşdı, amma o "Qaya" həmin "Qaya" olmadı. Qırx il fəaliyyət göstərdi. Qrupun üzvlərinin çoxu rəhmətə gedib".
2000-ci illərin əvvəllərində xüsusən gənclərin sevə-sevə dinlədiyi, hər konserti böyük izdihamla qarşılanan qruplardan biri də H.O.S.T idi. Qrupun yaradıcılarından biri və "HOST" prodakşının təsisçilərindən olan Pərviz İsaqov (səhnə adı PRoMete) qrupun dağılmasının səbəblərini fikir ayrılıqları ilə izah etdi. Onun sözlərinə görə, qrupun dağılmasının səbəbi onun üzvlərinin solo fəaliyyətə köklənməsi, həyata, sənətə baxışlarının dəyişməsi və fikirlərin kritik fərqlənməsi idi: "Gördük ki, fikir ayrılıqları yaranır. Qərara gəldik ki, hansısa inciklik, mübahisələr yaranmamış, ayrılaq. Beləliklə, biz yollarımızı ayırdıq".
Hazırda öz fəaliyyətini solo şəkildə davam edən PRoMete bildirir ki, dünyadakı bütün məşhur qrupların tarixinə nəzər salsaq, görərik ki, onların da taleyi eynidir. Ya maddi səbəbdən, ya da fikir ayrılıqları olduğuna görə qruplar dağılıblar. Məşhur qrupun üzvü bildirir ki, onların yenidən birləşməsi uğursuz ola bilər:
"Bu gün qrupun mahnıları portallarda var, qrup üçün darıxanlar girib o mahnılara qulaq asa bilərlər. Dünyada digər məşhur qruplar da var, hansı ki, tamaşaçılar onlar üçün darıxırlar. Tamaşaçılar darıxırlar deyə həmin qruplar birləşməli deyil ki. Məsələn, ABBA qrupu bu yaxınlarda yeni albom buraxdı. Amma izləyicilər yazırlar ki, "əvvəlki ABBA deyil. Əminəm ki, biz də birləşsək, eyni sözü bizə də deyəcəklər ki, "yaxşıdır, amma əvvəlki deyil". Ona görə də onların darıxmaq hissini anlayıram, tolerant yanaşıram. Amma bizim yenidən birləşməyimiz uğurlu olmaz".
Qeyd edək ki, bir müddət öncə qrupun dağılması haqqında bir çox şayiələr gəzirdi. Qrup üzvü yayılan şayiələri mif hesab edir. O deyir ki, "həmişə tanınmış adamlar haqqında miflər dolaşır. Bizim haqqımızda da danışıldı".
Mövzunu musiqiçi Hatəm Nəbioğlu ilə davam etdiririk. Hatəm bəy bildirir ki, qrupların dağılmasının səbəbi odur ki, əksəriyyəti solo karyerasını davam etdirmək istəyir: "Məsələn, bizim qrupumuz var idi - "Hicaz". 80-ci illərdə çox məşhur idi. Qrupun üzvləri sənət fəaliyyətini dayandırdılar. Onların çoxu xarici ölkəyə getdilər. Həmin dönəmlərdə "Qaya" və "Hicaz" məşhur idi".
Musiqiçi bildirir ki, bu, bütün dünyada belədir. Qrup yaranır, məşhurlaşır. Sonra onun üzvləri də tanınmağa başlayırlar. Qərara gəlirlər ki, fərdi qaydada davam etsinlər: "80-90-cı illərdə artıq insanlar qruplara meyl etmirdilər. Hamı fərdi qaydada çalışmağa başlayırdı. Çünki fərdi qaydada çalışanda maddi baxımdan da çox gəlir əldə etmək olur. "Hicaz"dan başqa 70-ci illərdə bizim "Svetefor" adlı rok qrupumuz var idi. Mən də onun solisti idim. Mənə başqa bir təklif gəldi, qrupdan ayrıldım".
"Aşıqlar" - bu qrupa bir az da imkan verilsəydi, Azərbaycan musiqi tarixində əsl inqilab yaradacaqdı. 1972-ci ildə SSRİ miqyasında tanınan ifaçı Polad Bülbüloğlunun məsləhəti ilə Elxan Şıxəliyev qrupun əsasını qoyur.
"Aşıqlar"ın yaranmasında əsas məqsəd o zaman Azərbaycan musiqisini dünyada təbliğ etmək idi. Çünki bu ağır missiyanı uzun illər çiyinlərində daşıyan "Qaya" vokal kvarteti parçalanmaq ərəfəsində idi. İkinci güc kimi yaradılan "Aşıqlar" qaynar nöqtələrdə - Əfqanıstanda konsert proqramı ilə də çıxış edirdi. Təəssüflər ki, 1989-cu ildə qrup dağıldı. Amma Elxan Şıxəliyev 1997-ci ildə köhnə heyətin bəzi üzvlərini bir araya yığaraq, kollektivi bərpa etdi. Lakin nə zaman əvvəlki zaman idi, nə də "Aşıqlar" əvvəlki "Aşıqlar" idi... Hər şey dəyişmişdi. Qrup özünün ikinci baharını yaşaya bilmədi.
Qrupun üzvü Rauf Bünyadov bildirib ki, sözügedən qrupun fəaliyyətinin dayanmasının səbəbi maddi problemlər olub.
Xəbər lenti
0