Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Bizdə kino var - məsələn, “Biləsuvar”

© Photo : Caractères Productions /Adari Films/ Memuar Films / Bilesuvar / 2020Biləsuvar filmindən kadr, arxiv şəkli
Biləsuvar filmindən kadr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.10.2021
Abunə olmaq
Bu sahəyə tamaşaçı marağı kifayət qədər var və ölkəmizdə müstəqil kino adamlarının fəaliyyətinə şərait yaratmaq gözəl nəticələr verə bilər.
BAKI, 27 oktyabr — Sputnik. Ötən həftə, daha dəqiqi oktyabrın 19-u Azərbaycan Kinematoqrafçılar İttifaqında rejissor Elvin Adıgözəlin “Biləsuvar” filminin Azərbaycan premyerası baş tutdu. “Biləsuvar”ın Azərbaycan premyerasından əvvəl film artıq Cənubi Kareyanın “Busan”, Almaniyanın “goEast”, Fransanın Nant Film Festivallarında nümayiş olunmuşdu. Hətta “Busan”da iştirakından sonra mən filmin rejissorundan geniş müsahibə almışdım və filmə bir neçə dəfə baxmaq fürsətim olmudu. Son olaraq Rusiyanın “Kinoşok” festivalında nümayiş etdirilən film orada “Ən yaxşı ssenari” mükafatına layiq görüldü. Elvinin “Kinoşok” festivalına hansı əziyyətlər bahasına getdiyini isə yazmasam yaxşıdır. Bəzi şeylər sadəcə xatirələr, gündəliklər üçün əvəzsiz materialdır. Qısacası, film Azərbaycan premyerasına qədər bir neçə ölkə gəzib, mükafatlar qazanıb, dünya kinokritiklərinin də diqqətini çəkə bilib. Ümumiyyətlə bunu dəfələrlə qeyd etmişəm ki, Elvin Adıgözəl rejissor kimi kifayət qədər uğurlu və məhsuldardır. “Biləsuvar” öz taleyini yaşamağa başlayandan, Elvin yeni ssenarilər, filmlər üzərində işləyir. Böyük əzmlə, səbrlə yoluna davam edən rejissor premyera da yeni filminin də anonsunu verdi. Azərbaycanda Elvinə və digər müstəqil rejissorlara lazımi diqqətin olmaması məni həmişə narahat edib. Məsələn, AKİ-də baş tutan premyerada təbiri caizə, iynə atsan yerə düşməzdi. Mənim kimi filmə öncədən baxmış bir neçə nəfər, eyni zamanda təşkilatçılar könüllü olaraq yerimizi filimi izləməyənlərə verdik. Artıq dünyaya çıxmış bu film, böyük kinoteatrda, məsələn elə Nizami Kino Mərkəzində nümayiş olunsaydı dünya dağılardı? Məncə kinodan, mədəniyyətimizdən məsul olan şəxslər buna şərait yaratmağa borcludur. Dəfələrlə Mədəniyyət Nazirliyini məhz bu münasibətinə görə tənqid etmişəm.Təssüf ki, münasibət hələ də dəyişməyib.
***
Filmin nümayişindən sonra ssenarist və rejissoru Elvin Adıgözəl, prodüser İntiqam Hacılı, operator Oqtay Namazov və baş rol ifaçılarından Kamran Ağabalayev tamaşaçıların və moderator Sevda Sultanovanın suallarını cavablandırdı. Mənim üçün tamaşaçıların və kino ictimaiyyətinin Elvin Adıgözəlin yaradıcılığına və ümumiyyətlə müstəqil rejissorlara, sənət filmlərinə münasibəti hər zaman maraqlı olub. Müzakirələrdən başa düşdüm ki, bu sahəyə tamaşaçı marağı kifayət qədər var və ölkəmizdə müstəqil kino adamlarının fəaliyyətinə şərait yaratmaq gözəl nəticələr verə bilər.
***
Elvinin yaradıcılığı filmdən-filmə daha da püxtələşir, oturuşur. Onun maraqlı yumor hissi, hadisələrə ironik yanaşma tərzini çox bəyənirəm. “Biləsuvar” – ucqar bir rayonda baş verən hadisələrin fonunda Azərbaycanın ümumi vəziyyətinə, təhsil, mədəniyyət kimi vacib sahələrə işıq tutur. Elvin həm böyük ümidsizliyi – “qaranlığı” göstəririr, həm də bu qaranlığı lənətləməkdənsə, şam yandırmaqla məşğul olanları bizə tanıdır. Kadrlar bir-birini əvəz etdikcə, doğulub böyüdüyüm rayondakı insan mənzərələrini gözümün önündə canlandırıb, paralellər aparmışam və əminəm ki, əksər rayonlarımızın rəngi “Biləsuvar”dakı kimi boz-bulanıqdır. Bütün rayonlarda tutqun, yağışlı havalar cansıxıcıdır, bütün rayonlarda palçığa batırıq. Film boyu qəhrəmanların palçığa bata-bata yeriməsi məncə simvolikadır. Bunu böyük mənada mədəni, mental geriliklə əlaqələndirirəm. Regionlarda sosial kontrast əhalinin kapitalizmə uyğunlaşmasına uyğun olaraq dəyişkəndir – bəzi rayonların camaatı çalışqan, bəziləri tənbəldir. Ancaq mədəni səviyyə əyalətlərdə aşağı-yuxarı eynidir. Amma Elvin işıq gələn tərəfi də göstərir. Diqqətli tamaşaçı bu palçıqdan (oxu: cəhalətdən)qurtulmağın yolunu, elə şagirdləri üçün öz puluna yolka bəzəyən müəllimin simasında tapa bilər.
***
Bu filmdə xüsusi diqqətimi çəkən məqam aktyor Kamran Ağabalayevin oyunu oldu. Mən Kamranı müxtəlif filmlərdə izləmişəm. Bu filmə qədər onun oyun tərzi ilə tanış idim Ancaq bu filmdə Kamranın oyunu məni çox təccübləndirdi, daha doğrusu heyrətləndim. Bu filmdə onun oyunu, yaratdığı obrazın ümidsizliyini və çarəsizliyini dəqiq konturlarla yansıtması alqışa layiq idi. Peşəkarlıq, təcrübə və rejissorla eyni hədəfi görmək bu filmdə Kamran Ağabalayevi çox fərqli şəkildə qarşımıza çıxarıb.
***
Qəribədir, “Biləsuvar”a baxdıqca Elvinin qəhrəmanlarını şəxsən tanıdığımı, haradasa rastlaşdığımı düşündüm. Ona görə də mübaliğəsiz deyirəm ki, Elvin bizi çəkib, canlandırıb. Bizi özümüzlə üzləşdirdiyi üçün Elvinə və filmin bütün kollektivinə minnətdaram.
Son olaraq tez-tez – “Bizdə kino var? – deyib rişxənd edənlərə demək istəyirəm: Bizdə kino var! Məsələn, “Biləsuvar”!
Xəbər lenti
0