SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qafqazda Ərdoğan variantı: suallar çox, cavablar az

© Sputnik Grigoriy SyisoevMəmurlar, arxiv şəkli
Məmurlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.11.2021
Abunə olmaq
Bakı və Ankara Rusiya, Gürcüstan, İran və Ermənistanın da qatılacağı "3+3" platformasını yaratmaq niyyətindədir. Bu format nədən ibarətdir və onun həyata keçirilməsi nə dərəcədə realdır? Sputnik Azərbaycan ekspertlərlə birgə bu suallara cavab axtarıb.
BAKI, 2 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "G20" sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistana regionda sülhün birgə bərpası təklifi ilə müraciət edib. Onun sözlərinə görə, əgər adıçəkilən bütün ölkələr məsələyə müsbət yanaşsa, belə bir əməkdaşlıq platforması yaradıla bilər.

"3+3" platforması sual altındadır

Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2020-ci ilin dekabrında vacibliyini vurğuladığı "3+3" (Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistan) platformasından gedir. Ancaq aradan bir ilə yaxın vaxt keçsə də, platformanın yaradılması ideyası ilə bağlı irəliləyiş əldə olunmayıb. Özü də maraqlıdır ki, Ermənistanın ucbatından deyil. Bu ölkədə sözügedən formatla bağlı müzakirələr davam edir. Erməni tərəfinin mövqeyi tam aydın olmasa da, onlar bu formata etiraz etməyiblər.
Bütün əngəl rəsmi Tbilisi ilə bağlıdır, Gürcüstan heç cür Moskva ilə birgə bu platformada iştiraka razılıq vermək istəmir. Gürcü tərəfi yaxşı başa düşür ki, regional platformalardan kənarda qalmamalıdır, ancaq istəyir ki, bütün iştirakçı dövlətlər başqa ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşsınlar.
Sədrəddin Soltan - Sputnik Azərbaycan, 1920, 02.11.2021
SİYASƏT
Ekspertlər: "3+3" formatından kənarda qalmaq istəmirlər, lakin həm də çəkinirlər
Xüsusilə də, Gürcüstanın xarici işlər naziri David Zalkaliani açıq-aşkar ifadə edib ki, "hazırkı mərhələdə Gürcüstanın Rusiya ilə birgə yeni regional formatlarda iştirakı mümkünsüzdür".

Moskva dəstəkləyir

Rusiyanın bu məsələdəki mövqeyi Gürcüstanla üst-üstə düşmür. Moskva lap əvvəldən Əliyev və Ərdoğanın platforma ilə bağlı ideyasını dəstəkləyir və onun faydalı olacağına inanır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov "3+3" formatının yaradılması imkanının iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla müzakirəsi zamanı ümid etdiyini bildirib ki, "Gürcüstan regionun, münaqişələr səbəbindən uzun müddət geridə qalan Cənubi Qafqazın inkişafı ilə bağlı belə məsləhətləşmələr və qərarların qəbulu mexanizminin yaradılmasında özünün fundamental marağını görə biləcək".
Rusiyalı nazir onu da qeyd edib ki, regionda bütün nəqliyyat kommunikasiyalarının, iqtisadi əlaqələrin bərpasından yalnız Azərbaycan, Ermənistan, Gürcüstan deyil, həm də Cənubi Qafqazın bu üç respublikasına qonşu olan İran, Rusiya və Türkiyə də qazanacaq.
Moskvada, həmçinin əmindirlər ki, "altılı platforma" Bakı ilə Yerevan arasında etibarın artmasına, eləcə də, ölkələr arasında humanitar məsələlərin həllinə öz töhfəsini verəcək. Bu fikri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova hər həftə keçirilən ənənəvi brifinqdə səsləndirib.

Bakı ümid edir

İran da Prezident Əliyevin təşəbbüsünü dəstəkləyir. Bu ölkənin Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bəyan edib ki, onun ölkəsi yuxarıda adı çəkilən dövlətlərlə regionda stabilliyin yaranmasına, iqtisadiyyatın inkişafına, nəqliyyat yollarının bərpasına imkan verən istənilən kooperasiyanı dəstəkləyə bilər.
Əliyev özü də region ölkələrinin – Gürcüstan, Ermənistan, Rusiya və İranın Bakı ilə Ankaranın "3+3" formatında əməkdaşlıq platforması ilə bağlı təşəbbüsünə qoşulacaqlarına ümidvardır.
Azərbaycan Prezidenti başa düşür ki, Gürcüstan hələlik bu platformanı dəstəkləməyə hazır deyil, çünki bu ölkənin Rusiya ilə diplomatik münasibətləri yoxdur. İlham Əliyev Gürcüstan hökumətinin mövqeyinə hörmətlə yanaşmağa çağırır.
Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi - Sputnik Azərbaycan, 1920, 22.10.2021
TƏHLİL
"Altılıq" formatının aqibəti necə olacaq? - Rusiya-Türkiyə yaxınlaşmasının səbəbləri
"Bununla belə, regional əməkdaşlıq, sabitliyin təmin olunması, müharibə riskinin sıfıra endirilməsi üçün region ölkələri arasındakı əlaqələr çox vacibdir", – deyə İlham Əliyev vurğulayıb.
Sputnik Azərbaycan ekspertlərin yeni "3+3" formatı ilə bağlı fikrini öyrənib.

Dialoq meydançası

Beləliklə, politoloq İlqar Vəlizadə hesab edir ki, "3+3" platforması və ya "altılı təşəbbüs" Cənubi Qafqazın bütün regional və qeyri-regional oyunçuları arasında qarşılıqlı təsirin inkişafı üçün yaxşı şərait yarada bilər.

"Əvvəla, bu, böyük öhdəlikləri olmayan və struktur elementlərə malik dialoq platformasıdır. Sadə dillə desək, nizamnaməsi, fəaliyyət planı və ya siyasi gündəmi olan beynəlxalq təşkilat deyil".

Политолог Ильгар Велизаде - Sputnik Azərbaycan
İlqar Vəlizadə
Politoloq
"Bu, daha çox, müxtəlif sənaye strukturlarının gündəlik qarşılıqlı fəaliyyətinin parametrlərinin razılaşdırılması, nəqliyyatla bağlı məsələlərin həlli, enerji mübadiləsi planlarının həyata keçirilməsi, biznes strukturlarının qarşılıqlı əlaqəsi və digər vəzifələrin razılaşdırılması üçün bir platformadır", – deyə Vəlizadə bildirib.
Onun fikrincə, bütün bu kompleks işin həyata keçirilməsi üçün təhlükəsizlik, hadisələri proqnozlaşdırma imkanı və yaxşı düşünülmüş strategiyaya ehtiyac var.
"3+3 platforması regionda məhz belə bir atmosfer yarada bilər ki, bu da tərəflərin bir-birinin maraqlarına zidd hərəkətlərini istisna edər. Sözügedən təşəbbüsün konstruktiv və praktiki xarakteri də elə bundan ibarətdir", - deyə Sputnik Azərbaycan-ın həmsöhbəti məsələ ilə bağlı fikirlərinə yekun vurub.

Qərbin kənarda qalması

Cənubi Qafqaz üzrə rusiyalı ekspert Konstantin Tasits isə öz növbəsində qeyd edib ki, hazırda sözügedən formatın perspektivindən danışmaq çətindir, çünki onunla bağlı müzakirə oluna biləcək gündəmdə konkretlik yoxdur.
Ekspert xatırladıb ki, Ərdoğan bu formatı təklif edərkən onun regionda sülhün bərqərar edilməsinə göstərə biləcəyi təsirdən də danışıb, Zaxarova isə Moskvanın bu formatı dəstəklədiyini və onun regional problemlərin həlli, xüsusən də iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası, eləcə də ümumi investisiya layihələrinin müzakirəsi üçün məsləhətçi mexanizm və ya dialoq platforması kimi faydalı olacağına inandığını bildirib.
"Hazırda Gürcüstan, həqiqətən də, "3+3" platformasına qarşı çıxan yeganə ölkədir. Tbilisini yalnız Rusiyanın bu formatda iştirakı deyil, həm də Qərbin, xüsusən də bu respublikanın aparıcı tərəfdaşları olan ABŞ və Aİ-nin kənarda qalması qane etmir", – deyə o vurğulayıb.
Bununla belə, Tasitsin sözlərinə görə, Ermənistanın da bu təşəbbüslə bağlı şübhələri var. Yerevan məhz nəyin müzakirə olunacağı ilə bağlı daha ətraflı informasiya əldə etmək istəyərdi.
Здание Министерства иностранных дел РФ на Смоленской-Сенной площади в Москве - Sputnik Azərbaycan, 1920, 28.10.2021
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Zəngəzur dəhlizi ilə bağlı mübahisələrə Rusiya XİN-dən şərh
"Digər regional oyunçular "3+3" formatının faydalılığına və effektivliyinə şübhə edənləri inandırmalıdırlar, yalnız bundan sonra həmin format mövcud olmaq hüququ qazanacaq", – deyə Sputnik Azərbaycan-ın həmsöhbəti fikirlərini yekunlaşdırıb.

Ermənistanın marağında deyil?

Siyasi şərhçi Hayk Xalatyan isə öz növbəsində belə hesab edir ki, "3+3" formatı Ermənistanın marağında deyil. Onun sözlərinə görə, platforma regionun problemlərini digər qlobal iştirakçılar (ABŞ, Aİ və hətta son zamanlar Cənubi Qafqaza maraq göstərməyə başlayan Çin və Hindistan) olmadan həll etməyi nəzərdə tutur.
"Ankara belə hesab edir ki, sözügedən format Türkiyənin regiona təsirini, eləcə də, nəzərə alsaq ki, Türkiyə bu platformada iştirak edən yeganə NATO üzvü dövlətdir, bu ölkənin Qərb üçün əhəmiyyətini gücləndirəcək", – deyə o vurğulayıb.
"Əlbəttə ki, bütün bunlar Ermənistanın marağında deyil. Xüsusən də nəzərə alsaq ki, layihənin altı iştirakçısından ikisi – Azərbaycan və Türkiyə Ermənistana münasibətdə düşmən mövqeyi tutur. Digər ölkələrin isə onlarla ciddi maraqları və əlaqələri var", – deyə Xalatyan bildirib.
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.10.2021
DÜNYA XƏBƏRLƏRİ
Erməni deputat Paşinyanla keçirilmiş qapalı görüşün şok detallarını açıqladı
Sputnik Azərbaycan-ın həmsöhbətinin sözlərinə görə, Gürcüstan da öz növbəsində sözügedən formatda Ermənistan kimi onun da mövqeyinin çox zəif olacağından ehtiyatlanır. Və belə hesab edir ki, Qərbin təmsil olunmadığı platformada Gürcüstan öz maraqlarını effektli şəkildə inkişaf etdirə bilməz.
Bütün bunlar nəzərə alınarsa, "3+3" formatının gələcəyi daha çox Gürcüstanla sıx əlaqələrə malik Ankara və Bakının Tbilisinin mövqeyinə təsir edib-etməyəcəyindən asılıdır.
"Eləcə də bu formatın taleyi Rusiyanın onun reallaşmasında nə qədər maraqlı olacağına bağlıdır. Moskva da öz növbəsində Yerevanın bu layihə ilə bağlı mövqeyinə təsir göstərə bilər", – deyə Xalatyan fikirlərini yekunlaşdırıb.

Siyasi iradə

Gürcü politoloq Arçil Sixarulidze də "3+3" formatını regionun inkişafı və birləşdirilməsi baxımından faydalı platforma hesab edir, amma yalnız bir şərtlə ki, əsas problemlər həll olunsun. Onun sözlərinə görə, burada söhbət Azərbaycanla Ermənistan və Gürcüstanla Rusiyadan gedir.
Gürcü politoloq vurğulayıb ki, sözügedən platformanın reallığa çevrilməsi siyasi iradədən asılıdır. Əgər Azərbaycan, Türkiyə, Rusiya və İran oraya cəlb olunsalar və onun çərçivəsində hərəkət etsələr, bu layihə real ola bilər.
"Rusiya-Gürcüstan münasibətlərindəki problemlər öz-özlüyündə layihənin gələcəyinə ziyan vura bilməz. Gürcüstan çox balaca ölkədir. Gürcüstan tərəfi artıq yavaş-yavaş bəyan etməyə başlayıb ki, ölkə hansısa formada bu platformada iştirak etməlidir", – deyə o vurğulayıb.
Sixarulidze sonda onu da bildirib ki, Gürcüstan sözügedən platformada iştirak etməklə həm öz maraqlarını müdafiə edə, həm də Qərbin Cənubi Qafqazdakı maraqlarının ifadəçisinə çevrilə bilər.

Gürcüstan "3+3"-də olmayacaq

Türkiyəli politoloq Engin Özer isə əksinə, əmindir ki, Gürcüstan "3+3"-də iştirak etməyəcək. Gürcüstan hökuməti ABŞ və NATO ilə öz münasibətlərini dərinləşdirməyə və Qərb güclərinin Gürcüstana cəlb olunmasına çalışır.
O ki qaldı Türkiyəyə, Sputnik Azərbaycan-ın müsahibinin sözlərinə görə, bu ölkə sözsüz ki, "3+3" formatının yaradılmasını dəstəkləyir və regionda sülhün bərqərar olmasına çağırış edir. Bununla belə, ekspert deyir ki, layihənin Gürcüstan ucbatından, çox güman ki, reallaşmayacağını Ərdoğan da başa düşməyə bilməz.
"Türkiyə üçün Azərbaycan və Gürcüstanla münasibətlər "3+3" formatından daha mühümdür", – deyə politoloq vurğulayır.

Gələcəyə baxmaq lazımdır

Azərbaycanlı politoloq Tofiq Abbasov da "3+3" platformasının vacibliyinə şübhə ilə yanaşmır. Ekspertin fikrincə, yeni format ona görə maraqlıdır ki, burada Ermənistan da daxil olmaqla, bütün tərəflərə müəyyən imtiyazlar verilir.
Politoloq belə hesab edir ki, müharibədən sonrakı şəraitdə bu platforma gələcək perspektivləri müəyyənləşdirmək, vəziyyəti stabilləşdirmək və konstruktiv qarşılıqlı fəaliyyətə köklənmək üçün universal mexanizm rolunu oynaya bilər.
Вид на село Неркин Хндзореск, Зангузур (Сюник) - Sputnik Azərbaycan, 1920, 02.10.2021
QARABAĞ
Erməni rəsmi "Zəngəzur dəhlizi"nə qarşı: Ermənistan ərazisində suveren dəhliz ola bilməz
Abbasovun sözlərinə görə, bir vaxtlar amerikalılar və avropalılar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə qarşı çıxdıqları kimi indi də kollektiv Qərb, təbii ki, bu layihənin həyata keçirilməsini istəmir. Xüsusən də özü həmin layihədə təmsil olunmadığına görə.
Abbasov vurğulayıb ki, Cənubi Qafqazın problemlərini region ölkələri həll etməlidir. Gürcüstanın nə "3+3" platforması, nə də Rusiyanın iştirak etdiyi digər layihələrə qatılmaq istəmədiyini qeyd edən ekspert gürcü tərəfini müharibələrin gec-tez başa çatacağını anlamağa və buna görə də gələcəyə köklənməyə çağırıb.
"Tbilisi birmənalı olaraq "3+3" formatından qazanacaq. Mənə elə gəlir ki, artıq Gürcüstan bunu dərk etməyə başlayıb. Ona görə də, bu gün altı ölkənin hamısı yeni formatın işləməsi üçün öz sözünü deməlidir", – deyə Sputnik Azərbaycan-ın həmsöhbəti fikrini yekunlaşdırıb.
Eləcə də oxuyun:
* Türk dünyası yenidən birləşəcək: Söhbət bir trilyon dollarlıq iqtisadiyyatdan gedir
* Gün gələcək, Zəngəzurdan İstanbuladək gedə biləcəyik - Ərdoğan
* Azərbaycan və Ermənistan arasında iki yeni sənəd imzalanacaq – Tarix bilindi
Xəbər lenti
0