Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Azadlıq o demək deyil ki, soyunub fəxri ad alasan"

© Sputnik / Orkhan BakhadırsoyBəstəkar Rauf Məmnmədov
Bəstəkar Rauf Məmnmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Rauf Məmmədov: "60-70 yaşlı sənətkara "Əməkdar artist" adı vermək ayıbdır"

Orxan Bahadırsoy, Sputnik Azərbaycan

BAKI, 1 may — Sputnik. Hələ hər kənddə bir televizorun olduğu vaxtlar idi. Kimin evində televizor var idisə, bütün kənd camaatı o evə yığışardı. Bu məsum yığıncağın yalnız bir səbəbi olurdu – Zeynəb Xanlarova oxuyacaqdı. "Xoş gördük, əzizlərim" mahnısı ilə bizi salamlayar, "Ağlama sevdam", "Niyə yox deyirsən", "Qalmaz belə, qalmaz dünya" və başqa mahnılarla davam edər, sonda da "Yaşa mənim xalqım" mahnısı ilə bitirərdi.

Müsahibim, sadaladığım bu məşhur mahnıların və "Mən necə bağban olaram", "Ceyranım", "Qarabağ", "Anam mənim", "Peşman olarsan" və başqa sevilən mahnıların bəstəkarı Rauf Məmmədovdur. Əsl sənət adamları ilə, getdikcə nəhəngləşən, tarix yazan şəxsiyyətlərlə görüşəndə həyəcanlanıram. Rauf Məmmədov da hər görüşdə məni həyəcanlandıran sənətkardır. Axı onun mahnıları ilə böyümüşəm. Axı onun mahnılarının şöhrəti sərhədlər aşıb. Həyəcanımı cilovlayıb söhbətə başlayıram. 

Qaynana filmindən fragment, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Məşhur "Qayınana"mızla bağlı tarixi müəmma

- Xoş gördük, Rauf müəllim. Bizə özünüzdən danışın, zəhmət olmasa…

— 1959-cu ildə Bakıda doğulmuşam. Əslim Xızıdandır. Bakıda orta məktəbi bitirmişəm. 1975-ci ildə Bakı Dövlət Universitetinin "Jurnalistika" fakültəsinə daxil olmuşam. Kaş ki, daxil olmayaydım. Ürəyimcə olmayan sənətdir. Yəqin ki, tale yazısı idi, qismət idi. Onsuz da hər şeyi qoyuruq qismətin boynuna. Bilirsiniz, ailədə bir uşaq olmaq çox çətin məsələdir. Mən də ailədə bir uşaq olmuşam. Bu da mənə çətinliklər yaratdı. İstədiklərimi edə bilmədim. Həmişə musiqiyə həvəsim olub. Mən universitetdə oxuyanda "Təranə gənclik ansamblı" var idi. Elə bağda oturub oxuyanda, xalam dedi ki, "gəl səni çıxaraq televizora". Xalam televiziyada işləyirdi. Mən də getdim, oxudum. Dedilər ki, müvəffəqiyyətli çıxış deyildi. Sonra universitetin özfəaliyyətinə yazıldım. Orda yaxşı kollektiv var idi. 1967-ci ildə mənim üçün pianino almışdılar, amma məni musiqi məktəbinə qoymadılar. Hərçənd, atam hiss edirdi ki, mənim musiqiyə böyük sevgim var. Bunu hiss edirdisə, gərək məni musiqi məktəbinə qoyaydı. Amma o, incəsənəti sevmirdi. Bizim bölgə incəsənətə meylli deyil. Heç incəsənətin adını çəkmək olmazdı. Mən istəyirdim ki, İncəsənət Universitetini oxuyum, rejissorluq təhsili alım, Moskvada oxuyum. Amma alınmadı. Keçənə güzəşt deyərlər.

- Necə oldu ki, bəstəkarlığa başladınız?

— Çayın qarşısını nə qədər ala bilərsən? Yenə özünə yol tapıb axacaq. Nə olsun ki, mənə musiqi təhsili almağa icazə verilmədi. Mən özüm pianinoda ifa etməyi öyrəndim, müəllim yanına getmədən. 1976-cı ildə bir veriliş vardı – "Xoş gördük, tələbə". Rəhmətlik şair Famil Mehdi mənim müəllimim idi. Onun "Şəhərimizin gözəl qızı Nailə" adlı kitabı çap olunmuşdu. O kitabda "Dörd qardaşın bir bacısı" şeiri vardı. Mən də o şeirə mahnı yazdım. Özüm də ifa etdim. Gördüm ki, xoş qarşılandı. Ancaq çox böyük arzum idi ki, birinci Zeynəb Xanlarova mənim mahnımı oxusun. Çünki onun pərəstişkarı idim. Ümumiyyətlə, musiqiyə bağlılığım Zeynəb Xanlarova sayəsində olub. Onun mahnıları ilə böyümüşdüm. Bülbülü, Rəşid Behbudovu, Müslüm Maqomayevi, Arif Babayevi, İslam Rzayevi, Rübabə Muradovanı sevmişəm. Əsas isə Zeynəb Xanlarova idi. 

Vicdan haqqı serialından kadr - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Vicdan haqqı"nın itən vicdanı və haqqı

- Necə oldu ki, Zeynəb xanım sizin mahnınızı oxudu?

— 1975-ci ildə mən Zeynəb xanıma bir təqvim göndərmişdim. Zeynəb xanım da həmin təqvimə bu sözləri yazmışdı: "Mənim kiçik pərəstişkarım Raufa məhəbbət və xoş arzularla… Zeynəb Xanlarova" Onunla münasibətim isə 1979-cu ildə başlayıb. Saatlıda konserti vardı. Orda yaxından tanış olduq. Sonra münasibətimiz elə möhkəmləndi ki, mən Zeynəb xanımın evinə getdim. Söhbət düşəndə dedim ki, mən də mahnı yazıram. Elə sənətkarın yanında ürəklənib o sözü demək olmur, amma mən dedim. O da gülümsəyib dedi ki, "bəstəkar olacaqsan?" Bu söhbət elə orda da qaldı. Üzərindən yeddi il keçdi və mən tez-tez Zeynəb xanımın evinə gedib-gəlirdim. Bir gün Zeynəb xanıma Ümumittifaq Melodiya Firmasının "Qızıl val" mükafatını verdilər. Zaqafqaziyada ilk dəfə o mükafatı Zeynəb xanım aldı. Kimin ki, iki milyondan çox albomu satılırdı, ona bu mükafat verilirdi. Mən də Zeynəb xanıma dedim ki, "gəlin belə bir iş görək: sizin adınızla bir mahnı yazaq, konsertlərin açılışı zamanı ifa edəsiniz". Fikri bəyəndi və yazmağımı istədi. Mən də Hidayət Elvüsaldan belə bir şeir yazmasını xahiş etdim. O, "Xoş gördük, əzizlərim"i yazdı.

Neçə eldə, obada

hər nəğməm bir qızılgül.

Azərbaycan deyəndə

odlanıb yandı könül.

Xoş gördük, əzizlərim!

Sizi gördü gözlərim.

Dünyanın xoşbəxtiyəm,

mənim əzizlərim!

Adı ellər dolaşır,

vətəndir ona yuva.

Sizi salamlayır

Zeynəb Xanlarova. 

Əməkdar artist Kəmalə Müzəffər - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Nə qədər yalançı kübar qadınları oynamaq olar?!

1986-dan sonra Zeynəb xanım mənim bir neçə mahnımı ifa etdi. "Ağlama sevdam", "Niyə yox deyirsən" oxundu. 1991-ci ildə Zeynəb xanım konsertə hazırlaşanda dedim ki, "Açılış üçün bu mahnı var, birini də konsertin bağlanışı üçün yazaq." Ondan sonra da "Yaşa mənim xalqım" mahnısını yazdım. Sözlərini Zivər Ağayeva yazdı. Bir bənd də Zeynəb xanım özü əlavə etdi: "Türkün qolu bükülməz, türkün gücü tükənməz… Bir kərə qalxan bayraq, bir daha yerə enməz".

- Özünüz haqqında danışanda bir fikir diqqətimi çəkdi. Xızı haqqında "incəsənətə meylləri yoxdur" dediniz. Axı Xızıdan Mikayıl Müşfiq, Cəfər Cabbarlı çıxıb.

— Onlar incəsənətlə yox, ədəbiyyatla məşğul idilər.

- Cəfər Cabbarlı həm də teatrda çalışırdı.

— O ayrı məsələdir.

- Zeynəb Xanlarova özü də Xızıdandır…

— Məgər Zeynəb xanımın səhnəyə çıxdığı dövr rahat dövr idi? Xızıdan, əlbəttə, sənətkarlar yetişib, amma azdır. Yazıçıya, şairə heç bir söz demirlər. Cabir Novruz da Xızıdandır. Amma artistlərə yaxşı baxmırlar, "mütrüb" deyirlər. İndinin özündə də var belə deyənlər. 

Payız, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Gənc yaşda ölən dahilər: 20 yaş, 23 yaş...

- Yaxşı. Bəs həmin dövrdə Zeynəb xanımdan başqa hansı sənətkarlar sizin mahnıları ifa etdilər?

— Birinci elə Zeynəb xanım oxudu, bu mənim böyük uğurum idi. Çünki arzuma çatmışdım. Ondan sonra Zöhrə Abdullayeva, Zümrüd Məmmədova, Mələkxanım Eyyubova, Kəmalə Rəhimli oxudu.

- Bunlar Zeynəb xanımın oxuduqlarının təkrarı idi, yoxsa fərqli mahnılar idi?

— Yox, ayrı-ayrı mahnılardır. Baloğlan Əşrəfovda, Yusif Mustafayevdə, İlqar Muradovda, Aynur Dadaşovada və başqalarında ayrı-ayrı mahnılarım olub.

- Ümumilikdə neçə mahnınız var?

— 200-ü keçər.

- Simfoniya, süita və başqa janrlara müraciət etmədiniz…

— Etmədim, amma fikrimdə var ki, bir operetta yazım. Librettonu tapım, başlayacağam. Mənə kömək edəcəklər, çünki mən orkestrlaşdırmanı bilmirəm. Mənə konservatoriya diplomu lazım idi. Əgər olsaydı, heç burda qalmazdım. Gedərdim başqa ölkəyə. 

Baba Pünhan - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Baba Pünhanı oxumağın ziyanları

- Jurnalist təhsili aldınız. Bəs bu sahədə çalışdınızmı?

— Çalışmışam. "Azərbaycan gəncləri"ndə işlədim. Sonra gəldim televiziyaya. Azərbaycan Televiziyasında, "Lider" TV-də çalışdım. Veriliş aparmaq mənim üçün daha yaxşı idi. Məsələn, bu gün aparıcılara baxıram, doğru-düzgün danışıq qabiliyyətləri yoxdur. Mən daha çox Azərbaycan Televiziyasına baxıram, Mədəniyyət kanalını izləyirəm. Çünki onlardan nəsə öyrənirəm. Əgər bir şeyə baxıramsa, ondan nəsə öyrənməliyəm. Axı mən olduqca savadlı müəllimlərdən dərs almışam. Mənə Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Mircəlal Paşayev, Famil Mehdi, Nurəddin Babayev dərs deyiblər.

- Nurəddin Babayev nədən dərs deyib?

— Jurnalistikadan.

- Yaxşı müəllim idi?

— Yaxşı idi. Pis kişi deyildi.

- Axı "Gəlin kişilikdən danışaq" deyirdi.

(Gülürük və boğazımızı isladıb söhbətə davam edirik – O.B.)

- Siz yaxşı dövrdə təhsil almısınız, əslində. Şirməmməd Hüseynovdan təhsil almaq tarixin özündən təhsil almaqdır.

— Bəli. Yaxşı idi. Çünki sənə elm, tərbiyə aşılayırdılar. O dövrün dəyərləri bu gün yoxdur. Ona görə də belə biabırçılıqdır. 

Bayram axşamı filmindən kadr - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Hamının təhqir olunduğu film

- Yaxşı idi o dəyələr? Qadağalar, senzuralar…? Bəs azadlıq?

— Senzura indi də lazımdır. Azadlıq ayrı şeydir. Azadlıq o demək deyil ki, sən lütlənib gəzəsən. Azadlıq o demək deyil ki, sən ağzına gələn mahnını yazıb, verəsən efirə. Azadlıq o demək deyil ki, sən incəsənətə ziyan vurasan. Azadlıq o demək deyil ki, soyunub fəxri ad alasan, əsl sənətkarlar qala qıraqda. Hər şeyin qaydası var. Birini yağlayıb, birini dağlamazlar. 60-70 yaşlı sənətkara "Əməkdar artist" vermək ayıbdır.

- Niyə sənət üçün soyunmağı qəbahət sayırsınız? Dünya ulduzlarının əksəriyyəti sənət üçün bütün çərçivələrdən çıxırlar.

— Onların öz dəyərləri var. Sən sənətini göstər də. Niyə soyunmalısan ki? O dünya ulduzlarının birini göstər mənə ki, sənəti yoxdur. Uitni Hyuston, Madonna sənin qarşında çılpaq oxusa da, sənət onları geyindirəcək.

- Bizdə də sənəti olan, amma səhnə üçün soyuna bilən yaxşı ifaçılar var…

— Məsələn, kimdir?

- Məsələn, Aygün Kazımova, Briliant Dadaşova.

— İksi də yaxşı ifaçıdır. Briliant Dadaşovanın soyunmağını görməmişəm. Bilirsən, Orxan, insanlar elə bilirlər ki, kim məşhurdursa, deməli, yaxşı sənətkardır. Sözümü sənə aid etmirəm. Çünki sənin bu barədə düşüncələrinə bələdəm, yazılarını oxumuşam. Amma çoxluq elə bilir. Bəli, Briliant Dadaşova sənətkardır. O, özündən kiçik səs məktəbi yaratdı. Ondan sonra nə qədər insan oxudu, amma Briliant elə yenə də Briliantdır da. Bilirsiz, biz niyə dünya səhnəsinə çıxa bilmirik? Bu qədər simfonik əsərlər yazılır, amma dünya şöhrəti qazanmır. Bizim bir yaxşı balerinamız yoxdur ki, dünya onu tanısın. Biz heç "Koroğlu" operasını dünyaya göstərə bilmədik. 

Novruz Qartal - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
“Mən şəhidlik arzusu ilə yaşamışam”

- Məncə, onu elə göstərməsək, yaxşıdır. Amma Arif Məlikovun "Məhəbbət əfsanəsi" əksər ölkələrdə səhnələşdirilib.

— Öz ölkəmizdə isə səhnləşdirilmir. Niyə? Bu, biabırçılıqdır. Bu gün mən Arif Məlikovdan böyük bəstəkar tanımıram. Amma biz onu heç öz xalqımıza təqdim edə bilmirik. Dünyaya necə təqdim edək? Bilirsiz, dünyada tanınan sənətkarlarımız var. Zeynəb Xanlarova, Rəşid Behbudov, Müslüm Maqomayev müxtəlif ölkələrə gedirdilər, sevilirdilər. O vaxt qapalı SSRİ dövrü idi. O dövrdə heç kəsə asanlıqla icazə vermirdilər ki, gedib müqavilə ilə işləsin. Əgər icazə versəydilər, bu sənətkarlar gedib müqavilə ilə o ölkələrdə işləyərdi.

- Rübabə Muradova da eyni taleyi yaşayıb. "Leyli və Məcnun" tamaşasını Hindistandan gələn nümayəndələr izləyir və onu Hindistana dəvət edirlər. Amma icazə verilmir.

— Bəli, Rübabə xanım da xoş tale yaşamayıb. Bəxti gətirməyib. Muğam məktəbində çox böyük xanəndə olub. Əsas bu gündən danışırıq. Məsələn, mən sizə sual verirəm. Hansı müğənnimiz gedib Tarkanın qarşısında çıxış edə bilər?

- Bəlkə səhnə performansı baxımından Tarkanla bacarmaz, amma səsi ilə bacara bilən sənətçilərimiz var.

— Yoxdur. Bizim bu gün Tarkan kimi oxuya bilən müğənnimiz yoxdur. Olsaydı, bizdən də bir Tarkan çıxardı. Mənim çox xoşuma gəldi Elnur Hüseynov. Onun şəxsiyyəti ilə nə işləri var? Samir Bağırov olsun. Çox gözəl müğənnidir. Siz onun səsinə baxın. 

İnsanlar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dünyanın ən xoşbəxt xalqı

- Rauf müəllim, Azərbaycandan kənarda hansı mahnılarınız oxunub?

— Zəki Mürən oxuyub "Ağlama sevdam"ı. Bülənt Ərsoy oxuyub, Müşərrəf Akay oxuyub bu mahnını.

- Sizin adınızı qeyd ediblərmi müəllif kimi?

— Yox. Etməyiblər. Məni aldatdılar. Bir nəfər vardı. Gəlib mənə müqavilə imzalatdı. Sonra da öz adına çıxardı. Biz Zeynəb xanımla ora konsertə gedəndə o adamı axtardıq, tapa bilmədik. Məkanını bağlamışdılar fırıldaqlarına görə. Mənə pul lazım deyil, sadəcə mahnının müəllifiyəm və müəllif hüququmun tapdalanması mənə pis təsir edir. Elə Kayahan da mənim mahnımı oğurlayıb: "içimde hatıralar delik-deşik…" Mənim mahnımla eynidir: "gəl bacım, gəl qardaşım, bir olaq, yumruq olaq…" Onu vermişdim məhkəməyə. Uzun proses oldu. Sonra söhbət birdəfəlik bağlandı. Mənimlə yaşıd bəstəkarlardan birinci mənim mahnım ölkə xaricində oxunub.

- Mahnıların anonim və ya başqa müəllifin adı ilə təqdim olunması da bir ayrı dərddir. Eldar Mansurovun "Bayatılar"ı, Qulu Əsgərovun "Əziz dostum"u və başqa mahnılar da sizin "Ağlama sevdam" mahnısı kimi ya anonim təqdim olunub, ya da başqa müəlliflərin adı ilə.

— Biz guya etmirik bunu? Haçan türk mahnısı oxuyub demişik ki, sözləri filankəsin, musiqisi filankəsindir? Biz də edirik də. Anonim təqdim olunması yenə eybi yox. Başqa müəllifin adı ilə təqdim olunması isə artıq oğruluqdur. Məhkəməyə vermək lazımdır. Bunu bizdə də ediblər. Bütün köhnə fars mahnılarını çıxarıblar öz adlarına. "Dodağına gülüş qonub, gülüşünə vurulmuşam" mahnısı fars mahnısıdır, amma bizimkilər öz adından oxuyublar. Niyə birtərəfli danışırıq? Bizim çox yaxşı bəstəkarlarımız, çox yaxşı mahnılarımız var: Elza İbrahimova, Şəfiqə Axundova, Emin Sabitoğlu, Tofiq Quliyev, Hacı Xanməmmədov, Faiq Sücəddinov, Eldar Mansurov, Polad Bülbüloğlu və başqaları. Mənə ilk xeyir-duanı Emin Sabitoğlu verib. Səsyazma zamanı gördü, uğurlar arzuladı. 1993-cü ildə Zeynəb xanımın anası vəfat etmişdi, Emin Sabitoğlunun həyat yoldaşı Xədicə Abbasova ora gəlmişdi. Orda dedi ki, Emin müəllim Türkiyədə məni müdafiə edib, onları töhmət edib ki, "o uşağı niyə aldatmısız?" 

Tbilisi Dövlət Azərbaycan Dram Teatrının bugünkü vəziyyəti - Sputnik Azərbaycan
YAZARLAR
Heydər Əliyevin adına yaraşmayan bina

- "Ağlama sevdam"la bağlı hər hansı bir tədbir görürsüz? Yəni heç olmasa mahnının altında imzanız olsun, tarixdə qalsın. Zəki Mürən, Bülənt Ərsoy, Müşərrəf Akay kimi nəhənglərin sizin mahnınızı oxuması böyük tarixi hadisədir. Bunun üzərinə düşmək lazımdır ki, tarixdə qalsın.

— Müraciət etmişəm müəllif hüquqlarına. Yaxın zamanda həll ediləcək.

- Musiqi təhsili almamağınız sənətdə sizə çox mane oldu?

— Əlbəttə. Əslində, təhsili olmayan çox istedadlı bəstəkarlarımız var. Ələkbər Tağıyev vardı, Şahid Əbdülkərimov, Bəhram Nəsibov vardı.

- O bəstəkarların mahnıları ilə bağlı da çoxlu mübahisələr var. Məsələn, "Gecələr" mahnısının müəllifi kimi Şahid Əbdülkərimov da deyilir, Bəhram Nəsibov da, başqaları da. Ələkbər Tağıyevdən başqa bütün təhsilsiz bəstəkarlar eyni taleyi yaşayıb. Ələkbər Tağıyev prokuror olduğu üçün ondan qorxurdular. Bir də sizin mahnılarınız mübahisəsiz qəbul edildi. Buna səbəb nə idi?

— Mən ərəb, fars, türk ladlarından həmişə qaçmışam. Bütün mahnılarım sırf milli üslubdadır. Bir dəfə Əlibaba Məmmədov mənə dedi ki, "bircə sən qalmısan azərbaycanca yazan, hamısı gedib". Bəhram Nəsibov da, Şahid Əbdülkərimov da çox güclü bəstəkarlardır. Sadəcə təhsilləri olmadığı üçün onların mahnıları müxtəlif təsniflər kimi təqdim olunurdu.

- Eyni mübahisə Bəhram Nəsibovun "Qal sənə qurban" mahnısının sözləri haqqında da var.

— Onun sözləri elə Bəhram Nəsibovundur. Mahnını dinləyəndə bilinir də. Hər kəsin öz üslubu var. 

Hoqqa filmindən kadr - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Müasir Azərbaycan filminin hoqqaları

- Rauf müəllim, fəxri ad almağınıza nə mane oldu? Təhsil?

— Bilmirəm. Vermədilər.

- Axı sizin mahnılarınızı Zeynəb Xanlarova oxudu.

— Heç olmasa, ona hörmət edib verəydilər. Bəlkə bundan sonra verəcəklər, bilmirəm. Verməsələr də, canları sağ olsun. Əsas odur ki, xalq mənim mahnılarımı sevir. "Yaşa mənim xalqım" 26 ildir yazılıb, bu gün də bütün konsertlərdə oxunur, bütün müğənnilər tərəfindən ifa olunur.

- Hal-hazırda üzərində işlədiyiniz mahnılar var?

— Var. Zeynəb Xanlarovada, Mətanət İsgəndərlidə və başqalarında yeni mahnılarım var.

- Təşəkkür edirəm, müsahibə üçün. Minnətdaram.

— Çox sağ olun ki, yaddan çıxarmırsız.

Xəbər lenti
0