BAKI, 18 apr — Sputnik. Adı gələndə gözümüzün önündə Nəsibə xanım Zeynalovanın canlandığı məşhur "Qayınana" filmi 1978-ci ildə ərsəyə gəlib. Bütün mənbələrdə qeyd olunur ki, musiqili film Məcid Şamxalovun "Qayınana" pyesinin motivləri əsasında, Əjdər İbrahimovun və Marqarita Maleyevanın ssenarisinə çəkilib. Rejissoru Hüseyn Seyidzadə, bəstəkarı Tofiq Quliyevdir.
"Qayınana" pyesi isə ilk dəfə 1957-ci ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Teatrında səhnələşdirilsə də, 1964-cü ildə Məcid Şamxalovun imzası ilə çap olunub. 1974-cü ildə isə bu məşhur komediyaya bəstəkar Zakir Bağırov musiqi bəstələyib.
Əslində, bu hadisələrdə və bundan sonrakı dövrdə heç bir müəmma yoxdur. Həmişə olduğu kimi bütün müəmmalar 1900-cü ildən 1937-ci ilə qədərki zaman kəsiyindədir. Tarixin bütün həqiqətlərini özünün ən dərin və qaranlıq yerlərinə gömən bu dövr "Qayınana" pyesi ilə bağlı bir sıra həqiqətləri də özündə gizlədir.
1865-ci ildə Qubada Səkinə Axundzadə dünyaya gəlir. Adı sizə tanış deyil. Çoxunuz bəlkə də ilk dəfə bu ada rast gəlirsiniz. Amma bu xanım Azərbaycanın ilk müəllimələrindən biri, ilk qadın nasiri, ilk qadın dramaturqudur və ilk qadın rejissorumuz hesab edilə bilər.
Səkinə Axundzadə 1900-cü ildə Bakıya köçür. Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini tədris edir. Elə bu illərdə "Əbülfəz və Rəna" hekayəsini, daha sonra "Elmin bəhrəsi", "Haqq söz acı olar", "Gəlin və qayınana" pyeslərini yazır.
Bu pyeslər ilk pyeslər idi ki, qadın obrazları üstünlük təşkil edirdi. Çünki Səkinə Axundzadə işlədiyi Qızlar Məktəbinin müəllimələri və tələbələri ilə birlikdə bu əsərləri səhnələşdirir, rejissorluq edirdi. "Madam ki, qadınlar kişilərlə birlikdə səhnəyə çıxa bilməz, kişilərin önündə səhnə ala bilməz, o zaman qadınlar da öz teatrını yaradar" şüarı ilə dövrün bütün çirkin qadağalarına meydan oxuyurdu.
Səkinə Axundzadə həmin keşməkeşli dövrün Hüseyn Ərəblinski və Abbas Mirzə Şərifzadə kimi səhnə fədailəri ilə birlikdə dramaturgiyanın, teatrın inkişafı uğrunda mübarizə aparıb. Onun pyesləri elə bu və başqa teatr xadimləri tərəfindən həm Bakıda, həm də Tiflisdə səhnələşdirilib. Məsələ burasıdır ki, həmin illərdə (bəzi mənbələrdə 1916, bəzi mənbələrdə 1918) Məcid Şamxalov da Bakıya köçür, teatr və ədəbiyyat təhsili alır, eyni zamanda, bütün bu proseslərin canlı şahidi olur.
Yəqin ki, bundan əvvəl Səkinə Axundzadənin əsərləri siyahısında adı çəkilən "Gəlin və qayınana" sərlövhəsi diqqətinizi çəkdi. Elə bütün şübhələr də burdan başlayır. Deyəcəksiniz ki, niyə şübhə? Məgər hər iki əsər əlimizdə deyil? Açaq, oxuyaq, görək Məcid Şamxalovun "Qayınana" pyesi ilə eynidirmi? Əfsus ki, bunu edə bilməyəcəyik.
1920-ci ildə Sovet İttifaqının qurulması, Hacı Zeynalabdin Tağıyevin mülkünün müsadirə olunmasından sonra Səkinə Axundzadə Qubaya qayıdır, uzun müddət astma xəstəliyindən əziyyət çəkir və 1927-ci ildə vəfat edir.
Onsuz da uğurlu ailə həyatı olmayan bu xanımın oğlu — professor Yusif Ağabəyov da 1937-ci ildə sürgün edilir, daha sonra güllələnir. Səkinə Axundzadənin qardaşı qızı Reyhan Topçubaşova (hansı ki, o da ilk qadın rəssamımızdır) baş verən hadisələrdən qorxuya düşür. O, Səkinə Axundzadənin bütün əsərlərini yandırır. Beləliklə, ilk qadın nasirimizin və dramaturqumuzun bütün əsərləri yalnız yaddaşlarda yaşayır və onlardan geriyə yalnız tamaşa afişaları qalır.
Səkinə Axundzadə nəslinin nümayəndələrinin dediklərinə görə, Məcid Şamxalovun imzası ilə təqdim olunan "Qayınana" pyesi məzmunca Səkinə Axundzadənin "Gəlin və qayınana" pyesi ilə eynilik təşkil edir. Əslində, absurd bir iddia sayılmır. Çünki faktiki ad oxşarlığı ilk şübhə yeri, Məcid Şamxalovun o əsərlərlə tanış olması, o əsərlərin sonradan yox olması ikinci şübhə yeri və Məcid Şamxalov imzası ilə "Qayınana"dan başqa bir məşhur əsərə, ədəbi nümunəyə rast gəlməməyimiz də üçüncü şübhə yeridir.
Güman edilə bilər ki, Məcid Şamxalov həmin dövrdə Səkinə xanımın əsərlərinin səhnə variantını izləyib, məzmunla tanış olub. Daha sonralar Səkinə Axundzadə həyatını itirib, əsərləri də birdəfəlik məhv edilib. 1950-ci illərdə yadına düşən məzmunu Məcid Şamxalov "Qayınana" adı ilə yenidən işləyib.
Məsələ burasıdır ki, həmin dövrdən 1950-ci illərə kimsə qalmamışdı. Hüseyn Ərəblinski öldürülmüş, Abbas Mirzə Şərifzadə repressiyaya məruz qalmışdı. Cəfər Cabbarlı, Əbülfət Vəli, Hüseynqulu Sarabski, Üzeyir Hacıbəyov və digərləri də yox idilər. Qalanlar da Sovet dövründə Səkinə Axundzadənin, Abbas Mirzə Şərifzadənin adını rahatlıqla çəkə bilməzdilər. O zaman, kim Məcid Şamxalova etiraz edəcəkdi ki, "Qayınana", əslində, Səkinə Axundzadənin "Gəlin və qayınana" pyesidir? Əlbəttə, əgər həqiqətən belə idisə…