BAKI, 16 mart — Sputnik. Sonra da deyirlər ki, gənc nəsil mərhum şairlərin, yazıçıların əsərlərini pisləməklə özünü reklam edir. Başqasını bilmirəm, mənim belə reklama ehtiyacım da yoxdur. Üstəlik, əsla doğru bilmədiyim, adil görmədiyim mövzunu yazmaram. Məsələn, başqaları Bəxtiyar Vahabzadənin əsərlərini pisləyib, yaradıcılığını "istedadsızlığın dibi" adlandıranda, demişəm ki, "cənablar, doğru buyurmursunuz. Bəxtiyar Vahabzadənin "Atılmışlar", "Təzadlar", "Ağlar-güləyən", "Şəbi-hicran" kimi poemaları bugünkü romanların yüzünə dəyər. Doğrudur, bir az zərif budaq idi, külək hayana əssə, üzünü ora tuturdu. Bu isə Bəxtiyar Vahabzadənin şair istedadını danmağa haqq vermir".
Hələ bir başqası eyni sözü Məmməd Araz üçün də deyib. İnsanda azacıq insaf olar. Məmməd Arazın vətən, torpaq və millət haqqında pafoslu şeirlərini çıxsaq, onun yaradıcılığında zəif şeir yoxdur.
Bu şəkildə xeyli misal çəkmək olar. Mirzə Fətəli Axundovdan İlyas Əfəndiyevə, Xəlil Rza Ulutürkdən Anara qədər hamı haqqında gen-bol yazıblar və danışıblar. Bunların hamısında yaxşı tərəflər də var, pis tərəflər də.
Pis dediyimiz nədir? Bu, çox mühüm məsələdir. Biz "pis" dedikdə nəyi nəzərdə tuturuq? Pis odur ki, üstün insani dəyərlərə zərər versin. Diqqət edin ki, insani dəyərlərlə milli dəyərlər eyni şey deyil. Pis odur ki, mənəviyyat prinsiplərini pozsun və insanı bütün növ vəhşiliklərə sövq etsin. Bu mənada müasirlərimiz tərəfindən bəyənilməyən, pis hesab edilən "Ana" (Bəxtiyar Vahabzadə) şeirinin kimsəyə bir zərəri yoxdur.
Baba Pünhan haqqında isə eyni fikri söyləmək mümkün deyil. Çünki, məncə, bu mərhum yazı-pozu adamının (məhz yazı-pozu, ədib və ya şair yox) əksər yazıları zərərli, üstün insani dəyərlərdən kənardır. Məsələn, adam öz qəzəlinin bircə beytində oxucunu ədəb-ərkandan, etik normalardan uzaqlaşdırır. Bircə beytlə ibtidai insan, ədəbsiz və qanacaqsız məxluq düzəltməyə çalışır:
Sənə mən siz deyərəmsə, özümə bizmi deyim?
O böyük Allaha sən, bəndəsinə sizmi deyim?
Bu misralarda hikmət görənlərə demək gərək ki, əzizlərim, tanımadığınız şəxslər sizə Allahınız qədər əziz deyil. Biz tanımadığımız və ya tanısaq da, rəsmi ünsiyyətdə olduğumuz insanlara "siz" deyə müraciət edirik. Bununla səmimi münasibətlərimizlə qeyri-səmimi münasibətlərimiz arasında fərq qoyuruq.
Məsələn, biz valideynlərimizə, bacı-qardaşımıza, nənə, baba, əmi, dayı, xala, bibi və digər doğmalarımıza "sən" deyə müraciət edirik. Çünki bizə doğmadır. Amma eyni səmimiyyəti marketdə işləyən satıcıya, nazirlikdə işləyən məmura, xəstəxanada işləyən həkimə, yolda yanlışlıqla toxunduğumuz insanlara göstərə bilmərik. Baba Pünhanın bu şeirini bəh-bəhlə paylaşanlar, səsləndirənlər də öz yalnışlarına haqq qazandırmağa çalışırlar:
Baba Pünhanın Avropaya nifrəti də yəqin ifrat mühafizəkarlığından qaynaqlanırmış. Deməli, özü onsuz da cəmiyyət üçün, bəşər üçün, kainat üçün demirəm, heç öz çevrəsi üçün faydalı bir düşüncə tərzinə malik olmadığı halda, dünyaya elmi və mədəniyyəti ilə meydan oxuyan Avropaya öz dili ilə desək, qulp qoymağa çalışır:
Qapıları Avropaya açdıq, fəqət meydana yox,
Bir muzeytək qorunan meydanımızçün sənk yu.
Xəlqə göstərmək üçün qeyrətmizin miqdarını,
Lüttərə meydan açan ekranımızçün sənk yu.
Baba Pünhana görə, insanın qeyrəti onun bədənində imiş. Yəqin ki, namus, ləyaqət, vicdan, əqidə, mərhəmət, sədaqət, səxavət, dürüstlük və bu kimi digər müsbət insani keyfiyyətlər də Baba Pünhana görə bədən üzvlərində yerləşirmiş. Əgər bu qeyrət soyunmaqla gedəcək qədər zəif, xəstə imişsə, burda Avropanın nə günahı var?
O qədim Ankarada Pünhana erkək dedilər,
Kişi bizlərdə imiş, sən demə türkdə kişi yox.
Əlbəttə, "kişi" də, "erkək" də sadəcə cinsiyyətdir, mənəvi keyfiyyət deyil. Müxtəlif dillərdə müxtəlif sözlərlə ifadə olunur. Ən maraqlısı isə odur ki, "kişi bizlərdə imiş, sən demə türkdə kişi yox" dedikdə nəyi nəzərdə tutub, görən?
Hər halda, milliyyəti bir o qədər önəmli deyil. Önəmli olan odur ki, bu günədək böyüklərdən kiçiklərə təbliğ-tərənnüm olunan bu qafiyələnmiş sözlərin yüksək ziyanverici təsiri var. Son istifadə müddəti keçmiş qida məhsulları da, yanlışlıqla içilən dərman preparatları da bu qədər zərərli deyil. Onlar bədəni zəhərləyir, bu qafiyələnmiş sözlər isə şüuru…
Redaktordan:
Müəllifin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.