Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Nə qədər yalançı kübar qadınları oynamaq olar?!

© Sputnik / Orxan BahadırsoyƏməkdar artist Kəmalə Müzəffər
Əməkdar artist Kəmalə Müzəffər - Sputnik Azərbaycan
Abunə olmaq
Kəmalə Müzəffər: “Sən bir içki düşkününü, bir səfili, bir fahişəni oyna”

Orxan Bahadırsoy, Sputnik Azərbaycan

BAKI, 2 apr — Sputnik. 2010-cu il idi. Peşəkar teatra təzəcə ayaq açmışdım. Xalq artisti Ağaxan Salmanlı məni Gənc Tamaşaçılar teatrına dəvət etdi. Bu teatrın dar dəhlizində qəribsəmiş addımlarımı atanda onu gördüm. Gülüşü, yerişi, hərəkətləri — bütün ədaları ilə ətrafa sənət saçırdı. "Bu sima mənə tanışdır" dedim. "Kişi sözü", "Sahilsiz gecə", "Məhkumlar"… Bu adlar öz-özünə axdı dilimdən. Əlbəttə, teatr və kinonun bu parlaq ulduzunu elə həmin filmlərdən tanıyırdım.

Sonra Ağaxan müəllimdən xahiş etdim ki, məni onun tamaşasına aparsın. Bir neçə gün sonra bu müqəddəs arzum da çin oldu. Budur — Gənc Tamaşaçılar Teatrında "Pəri Cadu" tamaşası və Kəmalə Müzəffər Pəri Cadu rolunda.

O nə xoşbəxtlik idi mən yaşadım? Bu fövqəladə istedadı, bu böyük yaradıcılıq sevgisini, bu nəhəng səhnə enerjisini canlı izləmək nə qədər mükəmməl bir duyğuymuş. Əlbəttə, daha sonra bu həzzi dəfələrlə yaşadım: "Ana qaz", "Mən səni sevirəm", "Romeo və Cülyetta", "Müharibə" tamaşalarında və nəhayət, həm Kəmalə Müzəffərin, həm də son dönəm Azərbaycan teatrının şah əsəri olan "Qatarın altına atılan qadın" tamaşasında.

Bu dəfəki müsahibim əməkdar artist, Gənc Tamaşaçılar teatrının aktrisası, prezident mükafatçısı Kəmalə Müzəffərdir.

— Xoş gördük, Kəmalə xanım. Bizə özünüz haqda danışın, zəhmət olmazsa.

— 1967-ci ildə, Şəki şəhərində doğulmuşam. 9 yaşımda atamın işi ilə bağlı Bakıya köçmüşük. 1986-cı ildə İncəsənət İnstitutuna daxil olmuşam. Amma aktrisa olmaq arzusu ilə yox. Sadəcə, bir universitet oxuyum deyə, qadağalara "yox" deyim deyə, sənədlərimi bu universitetə verdim. İkinci kursda isə başa düşdüm ki, deyəsən mən, aktrisa olacağam. Başladım ilk addımlarımı atmağa.

 Birinci teatra, yoxsa kinoya addım atdınız?

— Peşəkar addımlarımı kinoda atmışam. Hələ birinci kursda oxuyurdum və aktrisa sənətinin nə olduğundan heç xəbərim də yox idi. Kinonun nə olduğunu, necə çəkildiyini bilmirdim. Amma kinostudiyadan auditoriyaya girən rejissor və rejissor köməkçiləri birinci məni seçirdilər. Beləcə, bir-bir bədii və sənədli filmlərə çəkilməyə başladım.

 Qadağalara "yox" demək üçün dediniz. Hansı qadağalar vardı sizə?

— Atam tərəfindən qoyulan qadağa idi. Aktrisa olmağımı qəti istəmirdi. Orta məktəbdə şeir dedim, atam da bunu eşidib dedi ki, "çox yaxşı şeir deyirsən". Mən də zarafatyana dedim ki, "hə, bəlkə elə aktrisa oldum". O da cavab verdi ki, "bir elə o qalmışdı ki, sən aktrisa olasan". Bu da mənim xoşuma gəlmədi. Necə yəni? Mənə qadağa? "Mən aktrisa olacağam" dedim və sənədlərimi verdim İncəsənət İnstitutuna. Qəribədir ki, daxil oldum.

© Sputnik / Orxan BahadırsoyKəmalə Müzəffər: Daha seriallara çəkilmək istəməzdim
Kəmalə Müzəffər: Daha seriallara çəkilmək istəməzdim - Sputnik Azərbaycan
Kəmalə Müzəffər: Daha seriallara çəkilmək istəməzdim

 Bəs teatr fəaliyyətiniz necə başladı?

— Üçüncü kursda "Xanımın təşrif buyurması" əsərini səhnələşdirmişdik. O qədər uğurlu alınmışdı ki, Azər Paşa Nemətov (o vaxt Gənc Tamaşaçılar Teatrının baş rejissoru idi) gəlib izləmişdi və məni bu teatra dəvət etdi. Dördüncü kursda oxuya-oxuya elə burda işləməyə başladım. Təhsilimi bitirəndə də təyinatım bura verildi. 1990-cı ildən bu teatrın aktrisasıyam.

 "Ərizə" tamaşası ilə başlamısız…

— İlk tamaşam o olub. Hal-hazırda həmin tamaşa "Mən səni sevirəm" adı ilə oynanılır. Əvvəllər o tamaşada baş rolu — Reyhan rolunu mən oynayırdım. Gülşən Qurbanova mənim anamı oynayırdı. İllər keçdi. İndi mən Reyhanın anasını oynayıram.

 İlk filmlərinizdən ən uğurlusu "Kişi sözü" oldu. Bu filmlə tanındınız.

— Bəli. "Kişi sözü" daha uğurlu oldu. Mən fikirləşirdim ki, ondan əvvəl çəkildiyim "Araqarışdıran" filmi daha uğurlu olacaq. Amma elə olmadı. Mən "Araqarışdıran"a çəkilməyə gəlmişdim və "Kişi sözü" filminin ikinci rejissoru məni yan otaqdan görüb öz filminə dəvət etdi. Onda birinci kursu bitirmişdim. Paralel olaraq hər iki filmə çəkildim. Təbii ki, "Kişi sözü"nün bu qədər tanınacağını zənn etmirdim. 

 Bir neçə il sonra yenidən birləşdiniz Əjdər Həmidovla.

— Cavid Təvəkkül bizi birləşdirdi. "Azarkeş" filmində. 20 il sonra…

 Yenidən və ya davamını canlandırmaq istədiyiniz başqa elə bir filminiz, yaxud tamaşanız varmı? Məsələn, "Sahilsiz gecə", ya da "Məhkumlar"…

— "Məhkumlar"ı istəyərdim. Düzdür, orda Əzizə son günlərini yaşayır. Amma istəyərdim ki, onun sonrakı taleyini canlandırım. Hərdən o obraz haqqında fikirləşirəm. Görəsən, Əzizənin sonu necə oldu? Bir aktrisa kimi, ifa etdiyim obrazların sonrakı taleyini həmişə fikirləşirəm. Əlbəttə, əgər ölməyibsə. Mənim qəhrəmanlarım daha çox intihara meyilli qəhrəmanlardır. Çoxu sonda intihar edir. Amma hansı ölmürsə, onu düşünürəm. Burda bir tamaşada rolum vardı — "Ezop". İndi də düşünürəm, görəsən, Ezopu sevən qadın Kleyanın aqibəti necə oldu? Ezop intihar etdi, bəs Kleya?

 Təxminən, 5-6 il öncə bir müsahibənizi oxumuşdum. Demişdiniz ki, Gültəkini ifa etmək ən böyük arzunuzdur. Cəfər Cabbarlının "Aydın" əsərindəki Gültəkini.

— O, basdırılmış bir obrazdır. Artıq mən Gültəkin oynayacaq durumda deyiləm. Arzusunu da basdırmışam, üzərində gül də bitib. Ümumiyyətlə, mən həmişə deyirəm ki, buna üzülmək lazım deyil. Aktyor və aktrisaların bir qəbiristanlığı olmalıdır ki, oynaya bilmədikləri obrazları orda dəfn etsinlər.

© Sputnik / Orxan BahadırsoyKəmalə Müzəffər: Komediya filmlərinə baxmıram; onlar mənim yaddaşımda heç bir iz buraxmır.
Kəmalə Müzəffər: Komediya filmlərinə baxmıram; onlar mənim yaddaşımda heç bir iz buraxmır.  - Sputnik Azərbaycan
Kəmalə Müzəffər: Komediya filmlərinə baxmıram; onlar mənim yaddaşımda heç bir iz buraxmır.

 Bəs bundan sonra oynamaq istədiyiniz hansısa obraz varmı?

— Elə bir arzum yoxdur. Tamaşa oynamaq, filmə çəkilmək, əlbəttə, istəyirəm. Amma konkret hansısa bir əsər, yaxud obraz arzulamıram. Bəzən aktyor və aktrisalardan eşidirəm, deyirlər ki, "iki-üç rol var, onları oynasaydım, daha heç nə istəmirəm". Elə şey ola bilməz. O insan ki, ruhunu səhnədə təslim etmək istəmir, mən onu sənətkar hesab etmirəm. Son günə qədər o həvəs qalmalıdır.

 Son illər teatr səhnəsində "Qatarın altına atılan qadın"la, ekranda da "Vicdan haqqı" ilə sevildiniz.

  (Duruxur. Görünür, cavab vermək istəmir. Mənsə azca ədəbsizlik edir və inadla soruşuram.)

 Nə oldu "Qatarın altına atılan qadın" tamaşasının taleyi?

— Mən üç il onu oynadım. Həmişə deyirdilər ki, filan vaxt tamaşan var, mən də gedib oynayırdım. Amma bir müddətdən sonra gördüm bir ay, iki ay, üç ay keçir, tamaşa oynanılmır. Maraqlandım, dedilər ki, repetuardan çıxarılıb. Bundan başqa heç bir informasiya vermədilər.

 Bir sual məni düşündürür. Mehriban xanım sizi Gənc Tamaşaçılardan Akademik Teatra dəvət etmişdi. Kollektivin digər üzvləri Akademik teatrdan idi. Deməli, Cəfər Namiq Kamalı Akademik Teatrdan Gənc Tamaşaçılar teatrına dəvət etməklə tamaşanı yenidən bərpa edə bilər.

— Sözün düzü, Orxan, bu haqda heç nə fikirləşməmişəm.

- Amma siz çox istəyirsiz o tamaşanı ifa etməyi…

— Mənim çox sevdiyim tamaşadır. Ola bilərmi ki, aktrisa yaradıcılığında belə bir obrazı ifa etsin və onu oynamağı istəməsin? Çünki o obraz hər bir aktrisanın arzuladığı obraz idi. Təbii ki, hər bir şey yaranır, öz ömrünü yaşayır və ölür.

 Bu tamaşa çox cavan öldü axı.

— Buna biz qərar vermirik. Biz can atmalıyıq ki, o yoxdursa, ondan daha yaxşısı olsun. Yəqin ki, biz Mehriban xanımla daha yaxşısına can atacağıq. Tamaşanı, əlbəttə, bərpa etmək olar. Harda aktyor varsa, əsər varsa orda tamaşa oynamaq olar. Sənətimiz elədir ki, küçədə bir dairə çiz, orda bir şeylər göstər və insanlar toplaşıb sənə tamaşa etsin. Yetər ki, sən yaxşı ifa et.

 Bəs "Vicdan haqqı"? Siz bu serialın əsas siması idiniz…

— Bu barədə mütləq danışmalıyıq? (gülümsəyir)

 Danışsaq yaxşı olar.

Aktyor Allahverdi Yolçuyev - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Biz hələ dilənçi gününə düşməmişik, amma düşə bilərik"

(Utana-utana yenə təkid edirəm. O isə qəlbimi qırmamaq üçün razılaşır.)

— Söz vermişdim ki, bu haqda bir daha danışmayacağam. Yaxşı, danışaq.

 Nə baş verdi? Bir daha qayıtmayacaqsız?

— Yox, qayıtmayacağam. Düzünü deyim ki, Dilarənin taleyi də məni çox narahat etdi. Elə qalmamalıydı onun taleyi. Birdən yadıma düşdü ki, axı "Yad qızı" var idi. Orda qadın sonda intihar edir. Onun meyitini dənizdən çıxarırlar və barmağındakı üzükdən oğlu anasının meyitini tanıyır. O da çox gözəl, ailəsini, ərini sevən qadın idi. Bu da olacaq o qadınlardan biri. Niyə də ola bilməz ki? Əlbəttə, mən istəməzdim belə olsun. Bu, sevən insanlara müsbət mesaj olmaz. Amma yenə də bu rejissorun öhdəsinə qalıb. Bəlkə intihar etməyəcək. Başqa bir aktrisa dəvət edərlər, Dilarə yenidən qayıdar.

 O zaman qısqanmazsız?

— Əlbəttə ki, yox. Orxan, olarmı elə şey? Heç vaxt ola bilməz elə şey. Əksinə, mən istəyərdim ki, intihardansa başqa aktrisa oynasın. Lap ən zəif aktrisa olsun, yetər ki, Dilarə xoşbəxt olsun.

 Bəs hal-hazırda yeni ekran işi varmı?

— İnanmıram ki, uzun müddət seriala çəkilim. Qarşıma məqsəd qoymuşam ki, çəkilməyəcəm seriallara. Çəkilsəm də bir-iki şərtlərim olacaq. Filmdə isə böyük məmnuniyyətlə oynayaram. Hal-hazırda yoxdur, amma təklif gəlsə qəbul edərəm.

 Komediya haqqında danışmaq istəyirəm. Sizi demək olar ki, komediya janrında görmürük.

— Sonuncu tamaşamda — "Miras"da komediya ifa etdim. Bəhram Osmanov dəvət etdi. Qəbul etməyə tərəddüd edirdim. Bəhram müəllimə dedim ki, bunu bacarmaram, ömrümdə bu janrı oynamamışam. O isə bacaracağıma əmin idi. Mən də çəkici əlimə alıb o divarları sındırmağa çalışdım.

 Mən düşünmürəm ki, Kəmalə Müzəffər komediya janrını bacarmır. Məncə, özü bunu istəmir.

— Ruhumla uyğunlaşmır. Faciə daha çox çəkir məni özünə. Mən tamaşaçı kimi də komediya tamaşalarına və filmlərinə baxmıram. Çünki onlar mənim yaddaşımda heç bir iz buraxmır. Stanislavski deyib: "Aktyorları üç yerə bölərdim — birinci faciə aktyorları, ikinci dram aktyorları, üçüncü komediya aktyorları". Bunu mən yox, Stanislavski deyib.

 Sizdən bir xəbər də yayımlanmışdı. Səhhətinizlə bağlı… Əgər cavab vermək istəməsəniz…

— Yox. Niyə cavab verməyim ki? İnsanıq. Xəstələnə bilərik. On ildi yanağımda kiçik bir çuxurla yaşayıram. Həkimlər kəsirdilər, tikirdilər, amma bitmirdi. Sonuncu dəfə "Space" kanalında mən veriliş aparırdım, bir həkim qonağım idi, ona müraciət etdim və problemimi danışdım. O da qrimimi sildikdən sonra baxıb dedi ki, dəri xərçənginə bənzəyir. Əməliyyat etdilər. Həmin yerdən götürdükləri hissəni əkdilər və bir müddət sonra xəbər gəldi ki, həqiqətən dəri xərçəngi imiş. Hal-hazırda yanağımda hiss olunur bu. Amma deyilənə görə keçib gedəcək. Sağalmalıdır.

 Təki sağalasız. Kəmalə xanım, İncəsənət Univeristetinin tədris sistemi ilə tanışsınız?

— Yox, tanış deyiləm.

— Bu Universitetdə işləmək üçün dəvət almısınız?

— Yox, dəvət almamışam.

— Bəs istəyirsiz?

— Yox, istəmirəm.

(Gülüşürük. Qısa və konkret verilən cavablardan ortaya qəribə bir sükut çökür və sükut dərhal gülüşlə əvəzlənir.)

 Mən hardasa söhbət düşəndə deyirəm ki, iki-üç aktyor və aktrisa var, onların sənətindən bəhrələnmək lazımdır. Onlar öz bildiklərini öyrətməlidirlər. Birincisi sizsiniz. Sizin pedaqoq işləməyinizə ehtiyac var.

— Bilirsən, Orxan, bir var mən öyrətmək istəyirəm, bir var sən öyrənmək istəyirsən, bir də var heç kəs öyrənmək istəmir. Mən öyrənmək istəməyənlərdən çox qorxuram. Qarşımda elə insanı görsəm, aqressivləşərəm. Necə yəni sən öyrənmək istəmirsən? Axı mən səni öyrətməyə gəlmişəm. Sən isə öyrənmirsən. Bu bilirsiz məni necə aqressivləşdirər? Hərdən mənə deyirlər ki, çox aqressivəm. Bəli, cahil insan qarşımda görən kimi mən aqressivləşirəm. Nə ad qoyurlar, qoysunlar. Sən bu universitetə girmisən, deməli, öyrənməlisən. Ya heç kimin yerini tutma, çıx get. Ya da öyrən. Yox diplom almaq xətrinə, əlinə telefon alıb oturacaqsansa… (əsəbiləşir) Mənim qarşımda o cür oturmaq mümkün deyil. Yox, Orxan. Bu, mümkün deyil. Yaxşısı budur mən elə öz teatrımda oturum. Qarşımda o şeyləri görsəm ki, gəlib telefonu ilə oynayır… Siz nə danışırsız? Yox, bu, mümkün deyil.

 Siz necə təhlükəli müəllimə olarmışsız…

— Bəli, bəli. Mümkün deyil. Kəmalənin qarşısında o cür oturmaq mümkün deyil. Hərdən fikirləşirəm ki, mənim müəllimlərim buna necə dözürdü? Axı mən özüm də birinci kursda aktrisa olmaq istəmirdim və müəllimlərim məndən etüd tələb edəndə, mənim etüdüm olmurdu. Çünki mən etüdün nə olduğunu bilmirdim. Buna necə dözürdülər? Şəxsən mən dözməzdim.

 Kim olub müəllimləriniz?

— Fikrət Sultanovun kursunu bitirmişəm. Vidadi Həsənov da Fikrət müəllimin assistenti idi. Mən o iki sənətkara həmişə borcluyam.

 Bir az fantastik səslənə bilər, amma bir gün bir özəl İncəsənət Akademiyası açılsa, ora sırf istedadlı tələbələr yığışsa…

— Böyük məmnuniyyətlə. Nə bilirəmsə, böyük məmnuniyyətlə öyrətməyə hazıram. Ən azından emosional yaddaşımı, hislərimi, hislərimin tərbiyəsini öyrətməyə hazıram.

 Müasir dövrdə aktyorluq kursları da məşhurlaşıb. Çox aktyorun üç aylıq, altı aylıq kursları var.

— Çox gözəl işdir. Bunu niyə bəyənirəm? Çünki ora gələnlər öyrənmək istəyənlərdir. Pulunu verir, öyrənməyə gəlir. Digər qisim ora gəlməyəcək. Buna görə dəstəkləyirəm.

 Sizcə üç aya, altı aya aktyor yetişə bilərmi?

— Yox, əlbəttə, üç aya, altı aya bu mümkün deyil. Sadəcə, bəsit bilgilər verəcəksən, ağlamaq, gülmək, hirslənmək öyrədəcəksən. Professional aktyor yetişə bilməz. Təhsilsiz aktyor yetişə bilər. Belə istisnalar var. Amma məktəb çox böyük şeydir. Mən məktəbimə çox şey borcluyam.

- Mehriban Ələkbərzadə ilə sizin haqqınızda söz-söhbət yayılmışdı. Bir məhkəmə hadisəsimi olub?

— İlk dəfədir eşidirəm. Nə məhkəmə?

 Axı "Məhkumlar" filmi var Mehriban xanımın. Siz də filmin baş rolunda. Daha sonra "Məhkumlar" serialı çəkirlər və siz baş rolda oynayırsız. Mehriban xanım da onları məhkəməyə verir ki, mənim filmimin adı, mənim aktrisam… Belə deyirdilər.

— And olsun, ilk dəfədir səndən eşidirəm. Heç kənardan da eşitməmişəm. Elə bir şey olmayıb. Olsaydı, Mehriban xanım mənə deyərdi.

 Sizə bu barədə irad tutubmu?

— Yox. Qətiyyən. Mehriban xanımın elə kaprizləri olmayıb. Ən azından, mənə qarşı olmayıb.

 Yaxşı. Sizdən öncə "Qatarın altına atılan qadın" tamaşasına başqa aktrisalar sınaqdan keçirilib…

— Sınaqdan keçirilməyib. Birbaşa əmr verilib. Onlar da aylarla məşqlər ediblər. Daha sonra mən dəvət almışam.

 Bunun səbəbi nə olub?

— Artıq o prosesi Mehriban xanım bilir. Mən dəvət aldıqdan sonrakı prosesi bilirəm. Odur ki, mənim mənəvi haqqım yoxdur o proses haqqında danışmağa.

 Akademik Milli Dram Teatrındakı rəhbərlik dəyişikliyinə münasibətiniz necədir?

— O Azər Paşa Nemətovdur ki, məni peşəkar teatra gətirib.

 Amma həm də səbəbsiz yerə sizin ən sevimli, ən uğurlu tamaşanızı repertuardan çıxarıb.

— Mənim bunun davasını döyməyə ixtiyarım yoxdur.

Novruz Qartal - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
“Mən şəhidlik arzusu ilə yaşamışam”

— Məsələn, mən olsaydım bağışlamazdım. Lap məni səhnəyə gətirən adamı da olsa. Azər Paşa Nemətov gətirməsəydi, başqası gətirəcəkdi. Siz onsuz da istedadlı idiniz.

— Fakt Azər Paşa Nemətov gətirib. "Bəlkə"lərdən danışmayaq. Buna görə ona minnətdaram. Tamaşaları repertuardan çıxarıb, bir aktrisa kimi mən nə deyə bilərəm? Buna etirazı mənmi etməliyəm?

 Afaq Məsud da, Mehriban Ələkbərzadə də, Cəfər Namiq Kamal da, siz də…

— Orda dava edəcək sonuncu adam mənəm. Çünki mən o teatrın aktrisası deyiləm, dəvət olunmuşam. Bir xasiyyətim var, Orxan. Əgər bir hadisə haqqında çox susuramsa, deməli, o hadisə haqqında bütün həqiqəti bilirəm. Danışmıram, ona görə ki, bilirəm ondan da yaxşısı olacaq.

- Müasir Azərbaycan dramaturgiyasına münasibətiniz necədir? Oxuyursuz müasir dramaturgiyanı?

— Müasir dramaturgiyamız var ki? İndi Cəfər Cabbarlı var, Haqverdiyev var, ya Hüseyn Cavid?

 Onların dövründə də onlar nəhəng sayılmırdılar. Zamanla sayıldılar.

— Yox, onlar elə öz dövrlərində də nəhəng idilər. Buna da normal baxıram. Bilirsiz, hərdən o qədər şey kəşf olunur ki, kəşf olunmağa heç bir şey qalmır. Bir tərəfdən də baxıram axı Lars Noren "Müharibə"ni yazıb. Mən onun başqa əsərlərini oxudum. Hamısı faciədir. Çılpaq faciə. Beynin qatlarını açmaq fəlsəfəsi. Dəhşətdir. İnsanın ən çirkin tərəflərini açır.

 Başqa teatrların repetuarını, başqa tamaşaları izləyirsiz?

— İzləyirəm. Vaxt olduqca gedirəm. Mən biraz insanın öz içindəkini hayqırmasının tərəfdarıyam. Nə qədər yalançı kübar qadınları oynamaq olar? Get sən bir içki düşkününü, bir səfili, bir fahişəni oyna… Ən iyrənc, ən alçaq, ən rəzil rolları oyna. Sonra gəl kübar insanı da oyna. Deyim ki, bax, aktrisadır e. Yoxsa standart xarakterlər xoşuma gəlmir…

Xəbər lenti
0