Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Mən şəhidlik arzusu ilə yaşamışam”

© Sputnik / Orxan BahadırsoyNovruz Qartal
Novruz Qartal - Sputnik Azərbaycan
Abunə olmaq
Müsahibimiz milyonlarla tamaşaçı xatirəsində özünəməxsus yer tutan Musiqi Teatrın aktyoru, respublikanın əməkdar artisti, prezident mükafatçısı Novruz Qartaldır

Orxan Bahadırsoy, Sputnik Azərbaycan

Siz onu daha çox məşhur “Hicran” tamaşasındakı Balaəmi rolundan tanıyırsınız. Elə mən də ordan tanımışam. Amma o, Azərbaycan teatr səhnəsinin, xüsusi ilə Musiqili Teatr səhnəsinin müxtəlif parlaq obrazlarının ifaçısıdır. “Bankir adaxlı”da dilənçilər padşahı, “Hərənin öz ulduzu”nda Kələntər, “O olmasın, bu olsun”da Məşədi Qəzənfər və başqa rolları ilə teatr tarixində, o cümlədən milyonlarla tamaşaçı xatirəsində özünəməxsus yer tutan Musiqi Teatrın aktyoru, respublikanın əməkdar artisti, prezident mükafatçısı Novruz Qartal müsahibimdir.

Bakı Bulvarında dəniz limanına doğru addımlayırıq. Novruz müəllimi müsahibə haqqında məlumatlandırır və suallarla tanış edirəm. O da dönə-dönə vurğulayır:

— Mən könül qırmağı xoşlamıram, amma müsahibə verməklə aram yoxdur. Sənin təklifini rədd edə bilmədim. 

Mən də Novruz müəllimin bu jestinə görə təşəkkürümü bildirirəm. Daha sonra mənzilə çatır və müsahibəyə başlayırıq.

- Novruz müəllim, xalq sizi kifayət qədər tanıyır. Yarım əsrin sənətkarının bioqrafiyası, əlbəttə, çox böyükdür. Amma bunu həmin sənətkarın öz dilindən eşitmək bir ayrı xoşbəxtlikdir. Bizə öz haqqınızda danışın, zəhmət olmasa.

— 1947-ci ildə mart ayının iyirmisi – bayram axşamında Qərbi Azərbaycanda anadan olmuşam. Amma sənədlərdə doğum tarixi martın biri yazılıb. O vaxt vəzifədə ermənilər idi və onlar bayram günlərinə doğum tarixi yazmırdılar. Görünür, elə o vaxtdan bunlar bizimlə prinsip aparırmış. Azərbaycanlıların bayram günü doğulmağına sevinməsini belə istəmirmişlər. Buna görə də mənim doğum tariximi mart ayının birinə yazıblar. Amma anam həmişə deyirdi ki, “Bala, səni mən doğmuşam. Mən bilmirəm sən haçan doğulmusan? Bayram axşamı idi və sən dünyaya gəldin”. 1964-cü ildə Bakıya köçdük. Bura köçəndə Qara Şəhərdə fəhlə işləyirdim. Yaxşı yumor bacarığım var idi. Müdirimiz də bunu duymuşdu və təkid edirdi ki, sənədlərimi verim teatr institutuna. Elə öz canımda da vardı. Kino izləməyə gedir, dərnəklərə yazılırdım. 1966-cı ildə sənədlərimi Mirzağa Əliyev adına Teatr İnstitutuna verdim. Həmin il də qəbul olundum. 

© Sputnik / Orxan BahadırsoyMusiqi Teatrın aktyoru, respublikanın əməkdar artisti, prezident mükafatçısı Novruz Qartal
Musiqi Teatrın aktyoru, respublikanın əməkdar artisti, prezident mükafatçısı Novruz Qartal - Sputnik Azərbaycan
Musiqi Teatrın aktyoru, respublikanın əməkdar artisti, prezident mükafatçısı Novruz Qartal

- Sizdən kimlər imtahan götürmüşdü?

— Ədil İsgəndərov idi, Rza Təhmasib, Müxlis Cənizadə və Fatma Qədri. O vaxt dahi sənətkarlar imtahan götürürdü. Beləcə qəbul olundum. İnstituta təzə başlayanda görürdüm ki, orda oxuyanları tanıyıram. Hamısı müxtəlif dərnəklərə gedirdi. Lütfü Məmmədbəyovun, Ağadadaş Qurbanovun və başqalarının dərnəkləri vardı. Ədil İsgəndərov da deyirdi ki, bunların heç biri aktyor olmayacaq. Amma mənə deyirdi ki, “səndən yaxşı aktyor olacaq”. Mən də təəccüblə soruşurdum ki, “bunlar artıq təcrübəli aktyorlardır, axı niyə aktyor olmayacaqlar?” Deyirdi, “sən sıfırdan başlamısan, ona görə”. Doğrudan da, elə oldu. Mənlə oxuyanların heç biri bu gün sənətdə yoxdur. Bir Rafael Dadaşovdur, bir də Əlvida Cəfərov. Vəssalam. Bir də tarçalan Baba Salahovun qızı var idi, Firəngiz. Həsən Əblucla evləndi və sənətdən getdi. Həsən Əbluc Müxlis Cənizadənin assistenti idi və arada bizə dərs deyirdi. Firəngizlə orda tanış oldular. 

- Teatra gəlişiniz necə oldu?

— 1967-ci ildə. Gözətçi kimi başladım teatrda işləməyə. Onda Şəmsi Bədəlbəyli teatrın direktoru idi. Süleyman Ələsgərov baş dirijor, Əliheydər Ələkbərov baş rejissor idi. Lütfəli Abdullayev, Nəsibə Zeynəlova, Bəşir Səfəroğlu və daha neçə-neçə nəhənglər çalışırdı teatrda. Mən də sevinirdim ki, gözətçi də olsam, onları görəcəyəm. Bir dəfə qapıda oturmuşam, mənə də tapşırıblar ki, içəri heç kəsi buraxmayım. Onda da Tağıyev binasında yerləşirdi teatr. Bir də gördüm ki, bir nəfər yaraşıqlı kişi girdi içəri. Mən bunun qabağını kəsdim. Dedim ki, olmaz. Rusca dedi ki, Şəmsi Bədəlbəyli lazımdır. Mən də yığdım Şəmsi Bədəlbəylinin otağını və dedim ki, “Şəmsi müəllim, sizi istəyən var”. Soruşdu “kimdir”, dedim “bilmirəm, amma yaraşıqlı, saçı parıldayan, hündürboy biridir”. Birdən kişi qayıtdı ki, “de ki, Rauf Hacıyevdir”. Nə? Rauf Hacıyev? Mədəniyyət naziri? Şəmsi Bədəlbəyli gəlib qarşıladı, içəri keçdilər. Ay Allah, məni qovacaqlar teatrdan. Mən nə oyun çıxardım? Elə fikirli-fikirli oturub gözlədim. Bir müddət sonra Şəmsi Bədəlbəyli və Rauf Hacıyev geri döndülər. Rauf Hacıyev tərs-tərs baxıb, soruşdu ki, “harda oxuyursan?”, dedim “teatr institutunda oxuyuram”. Şəmsi müəllimə dedi ki, “Берегите парня”. Dedi və getdi. Mən də rusca bilmirəm. Həyəcanda qaldım ki, “biriqi” nə deməkdir, görəsən? Yəqin, dedi bunu çıxar burdan. Bir az sonra Mobil Əhmədov gəldi. Dedim “Mobil müəllim, biriqi nədir?”, soruşdu ki, “nə olub”, dedim, “Rauf müəllim mən haqda Şəmsi müəllimə dedi ki, “biriqiti paren”, bimirəm nə deməkdir”, Mobil Əhmədov da gülə-gülə dedi ki, “deyib, bunu qov getsin teatrdan”. Sonra Nəsibə xanım Zeynalova gəldi və gördü ki, qanım qaradır. Soruşdu ki, “nə olub”, mən də əhvalatı danışdım. Dedi, “Rauf müəllim Şəmsi müəllimə deyib ki, bu oğlanı qoru”. Ertəsi gün Şəmsi müəllim mənim maaşımı on beş manat artırdı. Sonra da məni rejissor assistenti kimi işə götürdü. Başladım kiçik rollar oynamağa. “Toy kimindir” tamaşasında Qoşun rolunu oynadım Cahangir Novruzovla – Nəsibə xanımın oğlu ilə. Məndən əvvəl Lütfəli Abdullayev oynamışdı o rolu. Lütfəli Abdullayev əlini başıma çəkib dedi ki, uğur olsun. O, mənə xeyir-dua verdi. O vaxt biz proqramlar hazırlayırdıq. İki dəstə var idi. Biri Nəsibə Zeynəlovanın, biri Lütfəli Abdullayevin. Lütfəli Abdullayevin dəstəsində var idi Səyavuş Aslan, Şəfiqə Qasımova və başqaları. Nəsibə xanımın dəstəsində var idi Hacıbaba Bağırov, Lütfiyyə Səfərova və başqaları. Mən hər ikisində oynayırdım. Belə… Bilirsən, Orxan, bu sənətdə məni çox incidiblər, çox əziblər. Nə qədər ediblər, amma qol-qanadımı sındıra bilməyiblər. Dözmüşəm. Ona görə  bugün də səhnədəyəm. Düzdür? 

Aktyor Allahverdi Yolçuyev - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Biz hələ dilənçi gününə düşməmişik, amma düşə bilərik"

- Novruz müəllim, necə oldu ki, Novruz Əliyev oldu Novruz Qartal?

— O vaxt mən konsert proqramı hazırlayırdım – “Gülüş səninləsə yüz il yaşarsan” adlı. Bütün bölgələri gəzdim. Qırmızı afişa vardı. Hər yerə gedirdik. Gürcüstanda olanda gördüm aktyorlar arasında deyirlər ki, bu Novruz lap qartal kimidir. Eyni vaxtda bir neçə işi görürdüm. Sonra yeni proqram hazırlamaq üçün Bakıya gəldik. Teatra gələndə gördüm ki, afişa vurulub və yazılıb ki, Novruz Qartalın iştirakı ilə “Gülüş səninləsə yüz il yaşarsan”. Altdan da bütün aktyorların adı yazılıb. Getdim Elxanın yanına – indi bizdə direktor müavinidir – dedim, “Elxan, bəs mənim adım niyə yoxdur? Novruz Qartal kimdir? İrandan gəlib?” Elxan da Gürcüstan ləhcəsi ilə danışmağa başladı ki, “Ə, qıvlasız, hancari, bilmersənmi? Ayə, sənsən dana” Əsəbiləşdim. Dedim, mənim soyadım Əliyevdir, məni “Hicran” tamaşası ilə tanıyırlar. Siz niyə qarışdırırsız aləmi? Bir həftə teatra gəlmədim. Sonra Hacıbaba Bağırov adam göndərmişdi dalımca. Gəldim, dedim afişanı dəyişin. Dedi, “ölsən də dəyişmərəm, Gürcüstanda demədilər ki, qartalsan? Elə bununla da gedəcəksən.” Beləcə, Novruz Əliyev oldu, Novruz Qartal. Bunu hansı məqsədlə eləmişdilər, bilmirəm. Xeyriməmi, ziyanımamı? Amma Allaha qurban olum, Azərbaycan xalqı məni Novruz Qartal kimi də sevdi, Novruz Əliyev kimi də. Sonradan Qartalı dəyişmək istədilər. Mən də dəyişmədim. Şükür Allaha, onlar mənə pislik etmək istədilər, Allah yaxşılığa çevirdi. Bu günə qədər də tanınıram, sevilirəm. Teatrın repertuarının əksər tamaşalarında varam. Özün yaxşı bilirsən, Orxan. Çoxunda dublyorum yoxdur. Belə…

- Bəli, bilirəm. Novruz müəllim, həmin truppada kimlər vardı? Sizin qırmızı afişanızda…

— Var idi Xanım Qafarova, Lütfiyə Səfərova, Fuad Əhmədov, Rəsmiyə Nurməmmədova və başqaları…

Önümüzə qoyulan çaydan qurtumlayırıq. Deyəsən, bir anlıq sükutla adları çəkilən mərhum sənətkarları yad edirik. Xüsusən də Xanım Qafarovanı…

- Teatrdan kənarda fəaliyyətiniz varmı?

— Qocalar evinə, uşaqlar evinə, hərbi hissələrə gedirəm. Zorakılığa məruz qalmış anaların atılmış uşaqları üçün konsertlərə, fiziki əngəlli uşaqlar evinə və başqa bu kimi yerlərə çox gedirəm. Ən çox da hərbi hissələrə… Mən şəhidlik arzusu ilə yaşamışam, amma Allah məni o zirvəyə ucaltmadı. Qismətimdə yox imiş (pauza). Narazı deyiləm, Orxan. İyirmi il aktyor truppasına rəhbərlik etmişəm, heç kəsin məndən narazılığı olmayıb. Mən elə adamam ki, nə rüşvət almışam, nə rüşvət vermişəm. Kim nə istəyibsə, gücüm çatıbsa, etmişəm. 2013-cü ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşəm. İki dəfə prezident mükafatı almışam – 2015 və 2016-cı illərdə. Bunlara görə respublikanın prezidentinə, mədəniyyət nazirinə, nazir müavininə və əlbəttə, teatrın rəhbərliyi – direktor Əliqismət Lalayevə minnətdaram. Mənim təqdimatımı o hazırlayıb. Ümumiyyətlə, Əliqismət Lalayevin teatra gəlişi dönüş yaratdı. Teatrın qapısını gənclərin üzünə açdı, repertuarımız genişləndi. 

Nicat Kazımov, Gənc Tamaşaçılar teatrının rejissoru və aktyoru - Sputnik Azərbaycan
Rejissor: “Mənim tamaşalarımda tamaşaçı darıxmır”

- Filmoqrafiyanız çox kiçikdir. Niyə filmlərə çəkilmədiniz? 

— Mən teatrı çox sevirəm. Filmlərdən təklif gəlirdi, qəbul etmirdim. Özüm istəmədim çəkilmək. Çatdırmaq da olmazdı. Həm truppa müdiri idim, həm aktyor idim, həm öz konsert proqramım var idi. Ona görə elə teatrda qaldım. Amma bir-iki filmdə varam. Cəmil Quliyev “Şirbalanın sonuncu məhəbbəti”nə, Şahmar Ələkbərov “Qəzəlxan”a çəkdi məni. 

- Sovet dönəmi aktyorlarının çoxunun tərcümeyi-halı yoxdur. Teatr arxivində də buna rast gəlmək olmur. Sizin də müstəqillik dönəminə qədər göstərdiyiniz fəaliyyət haqqında məlumat demək olar ki, yoxdur. Bunun səbəbi nədir?

— O vaxt teatrda heyətin çoxu ermənilərdən ibarət idi. Teatrdakı Azərbaycan aktyorlarının tərcümeyi-halı yazılmırdı. Amma rus bölməsindəki erməni aktyorlarının tərcümeyi-halı geniş yazılırdı. Çünki kitabxanada oturan erməni idi, quruluş hissə müdiri erməni idi, kassir erməni idi, qarderobda işləyənlər erməni, dülgər erməni, mühasibat erməni, dirijor erməni, konsertmeyster erməni və s. Ən gözəl yerlərdə bunlar işləyirdi. Bizim çörəyimizi yedilər, suyumuzu içdilər, bizə təpik atdılar. İndi ağ gündədirlər? Yox! Peşman olublar. 

- Novruz müəllim, bu gün böyük vəsaitlərlə filmlər çəkilir. Dəvət alırsınızmı?

— Alıram. Amma getmirəm. Seriallardan “Qız atası”nda bir seriya çəkilmişəm. Bir də Kənan MM çağırdı, bir qəddar rola çəkdi məni. Heç ssenari vermədilər. Qız söz dedi, mən də təkrarladım. Dedim, elə belə film çəkilir ki, sevilmir və baxılmır da. Sonra fikirləşdim ki, yəqin mənim yerimə başqasını çəkərlər. Amma çəkildi və yayımlandı. Vəssalam. 

Tbilisi Dövlət Azərbaycan Dram Teatrının bugünkü vəziyyəti - Sputnik Azərbaycan
YAZARLAR
Heydər Əliyevin adına yaraşmayan bina

- Münasibətiniz necədir bu filmlərə, seriallara? Bəyinirsinizmi?

— Yox, Orxan, bəyənmirəm. “Məryəm”i və “Vicdan haqqı”nı izləyirəm. Bilirsən, türk seriallarını niyə sevirlər? Çünki vəziyyətdən vəziyyət doğur. Bizdə isə bir hadisəni yarım saat uzadırlar. Həyəcan yox, konfilikt yox, maraq yox. Bunu xalq necə sevsin? “Kölgə” çəkiblər. Əvvəl yaxşı başladı. Sonra gördüm ki, vəziyyət yoxdur, hadisə yoxdur. Məni də o seriala dəvət etmişdilər, getmədim. Dedim, mənlik deyil. Filmlər də ki, danışılası deyil. Düzdür, əziyyət çəkirlər. O qədər tərifləyirlər ki… Məsələn, Vahid Mustafayev film çəkmişdi – “Qanlı Yanvar”. Çox təriflədilər, festivallara göndərdilər. Mən o filmə baxdım və məəttəl qaldım. Dedim, bunun nəyini festivala göndəriblər? Haçan bu qırğınlarda Azərbaycan xalqı rus generalını döyüb? Olub bu? Olmayıb axı. Niyə özümüzə yamaq vururuq? Ordan da baxıb deyirlər ki, gör rus generalını türklər nə hala salıb!? Bunun mənasına varırsanmı, ay Vahid Mustafayev? Axırın gəlib hara çıxdı? O boyda kanalı da bağladılar. Bəlkə yalan deyirəm? Bir fərli şey çıxarın ortaya. Niyə öz paxırımızı çıxarırıq ortaya? Olmaz! Niyə kənardan baxıb desinlər ki, bu türklər elə belədilər də. 

- Aydındır, Novruz müəllim. Bəs İncəsənət Universitetində işləmək üçün dəvət almısınızmı?

— Almışam. Şəfiqə Məmmədova dəvət edib. Amma gedə bilmədim. İşlərimin çoxluğundan dolayı… Mən özümü tamam teatra həsr etmişəm. İyirmi il truppa müdiri işləmişəm. Özün bilirsən ki, truppa müdiri olmaq nə deməkdir. Sonra Vidadi Həsənov mənim yerimə təyin olundu və bu mənim ürəyimcə idi. Çünki Vidadi Həsənov qədər teatrı bilən ikinci adam yoxdur. O, çox əziyyət çəkib. Sənətkarlarımız haqqında məlumat yox idi arxivdə. Özün də bilirsən. Onları Vidadi Həsənov toplayıb. Hər dəfə məni çağırır, şəkil göstərir, soruşur ki, bu hansı tamaşadandır, mən də danışıram və o, yazır.

- Canlı tarixsiniz də…

— Elədir (gülümsəyir). 

- Başqa teatrlara gedirsiniz?

— Gedirəm. Akademik Milli Dram Teatrına, Rus Dram Teatrına gedirəm. “Xanuma”nı, “Əli və Nino”nu və başqa tamaşaları izləmişəm.

- Novruz müəllim, “Hicran” tamaşasından danışaq. Bu tamaşa Azərbaycanın ən məşhur, ən baxımlı tamaşasıdır. Siz də bu məşhur tamaşada rol almısız. “Hicran”la bağlı hansı maraqlı hadisəni danışa bilərsiniz?

— Ən maraqlı hadisə odur ki, biz o tamaşanı improvizə ilə oynamışıq. Məşq olmadı. Şəmsi Bədəlbəyli acıq eləyib getdi ki, “mən belə tamaşa qurmamışam”. İçi mən qarışıq improvizə ilə oynadıq. 

Tənha adam, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Bu sənətkarlarımız ruhi sarsıntılar keçiriblər

- “Hicran” tamaşasında o məşhur üçlü – Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş Aslan — bir-biri ilə danışmırdı, elədir? 

— Hə də. Ona görə maraqlı alındı elə. Hacıbabanın başına bir oyun açırlar danışmaya-danışmaya. Səyavuş deyir ki, hirslənmə. Heç hirslənməli deyil e. Amma deyirlər hirslənmə. Hacıbaba danışmaq istəyəndə Nəsibə Zeynəlova deyir, Şəmi qardaş, hirslənmə. Hacıbabanı da gülmək tutur. (biz də gülürük) O dəqiqə də bilinir. Tamaşa belə getdi. Bəlkə də bu təbiiliyinə görə ürəklərə yol tapdı. 

- Təşəkkür edirəm, Novruz müəllim. Müsahibə təklifimi qəbul etdiyiniz üçün həm Sputnik İnformasiya Agentliyi adından, həm də öz adımdan sizə minnətdaram. 

— Mən də minnətdaram, Orxan. Sağ olun ki, sənət adamlarına dəyər verirsiniz!

Xəbər lenti
0