CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyanın ən xoşbəxt xalqı

© Sputnik / Murad Orujovİnsanlar
İnsanlar - Sputnik Azərbaycan
Abunə olmaq
Biz azadıq. Azad olduğumuz üçün xoşbəxtik. Ona görə azad və xoşbəxtik ki, bizim itirəcək nəyimizsə yoxdur.

BAKI, 28 fev — Sputnik. Xoşbəxtliyin müxtəlif tərifləri var. Bunların içində ən sevdiyim belədir: itirəcək bir şeylərin olmaması xoşbəxtlikdir.

Bir neçə gün əvvəl dalğın və tələsik yol yeriyirdim. Bilmirəm, necə oldusa, piyada zolağına üç-dörd addım uzaqdan yolu keçdim və qarşı tərəfdə yol polisinin kobud, sərt, qeyri-etik danışığı məni fikirdən oyatdı. "Niyə burdan keçirsən?" sualını elə tonda ünvanladı ki, heç məhkəmə hakimləri insanı belə mühakimə etməz. Rəsmiyyətsiz, ikinci şəxsin təkində, özünü təqdim etmədən, qaş-gözünü müxtəlif zəhmli formalara sala-sala danışan bu yol polisinə heç bir cavab vermədim. Susduğumu görüb, "indi sənə cərimə yazım?" deyə, yenə eyni qaydada sual etdi.

Avropada miqrant - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Kodlaşdırılan insanlar

"Yazın" dedim. Duruxdu. Gözləyirdi ki, yalvarım, yaxarım. Lap yeri gəlsə, ayaqlarına düşüb dizin-dizin sürünüm ki, mənə cərimə yazmasın. Dərhal yanındakı polisə "şəxsiyyət vəsiqəsini al, protokol yaz" deyə, əmr verdi. Mən də vəsiqəmi verib hirsimi boğa-boğa bu ədəbsiz məmurdan yaxa qurtarmağa çalışırdım ki, tələsdiyim ünvana çata bilim.

Bizim məmurların nitq etikasından yoxsulluğu, əlbəttə, olduqca böyük problemdir. Bu yoxsulluq təkcə polislərdə deyil, həkimlərdə, müxtəlif dövlət qurumlarının işçilərində, hətta müəllimlərdə də var. Bütün bunlar ədəbiyyat dərsinə cəfəngiyyat kimi yanaşmağın nəticəsidir ki, onlar indi vəzifə ləyaqəti ilə yanaşı, ədəb, mədəniyyət, davranış etikası kimi müsbət insani keyfiyyətlərdən də məhrum olublar. Nə etmək olar!? Əfsus!

Bu ədəbdən yoxsul yol polisinin mənə protokol tərtib etməsinə qəzəblənmədim. Əlbəttə, o, haqlı idi. Mən yol hərəkəti qaydalarını pozmuşdum və o da öz işini görürdü. Həm də ki, bunu mənim təhlükəsizliyim üçün edirdi. Ən azından, qanunda belədir. Mənim boğazımda düyünlənən qəzəb qanun keşikçisinin qanuna riayət etməməsinə idi. Mənim hirsim bu qanun keşikçisinin vətəndaşla kobud rəftarına, qeyri-etik davranışına idi.

Axı necə olur ki, bu polis piyada zolağından keçməməyə tərtib olunan cərimənin məbləğini bilir, amma vətəndaşa özünü təqdim etməli olduğunu, vətəndaşla danışarkən maşından enməli olduğunu, bütün nitq etiketlərinə riayət etməli olduğunu bilmir? Təhsil aldığı müəssisədə bunlar tədris olunduqda bu polis dərsdənmi qaçıb?

Bu ölkədə elə adam tapılmaz ki, Azərbaycan məmurları tərəfindən bu cür rəftarla qarşılaşmasın. Məmurlar bir yana, bu cür ədəbsizlikləri bəzi hallarda kafe-restoranlarda, marketlərdə də görə bilirik. Bunun başlıca səbəbi orta və ali məktəblərin tədris proqramında nitq etikasının yer almamasıdır. Turizmi inkişaf edən, çiçəklənən Respublikanın bu problemini ən qısa zamanda həll etmək üçün bütün məmurlar nitq mədəniyyəti kurslarına göndərilməli, orta və ali məktəblərin tədris proqramına bu fənn əlavə olunmalıdır. Yoxsa bu adamlar bizi turistlərin içində biabır edəcək və bütün dünya qəhqəhə çəkib güləcək halımıza.

Əlində tapanca tutmuş adam, arxiv şəkli - Sputnik Azərbaycan
YAZARLAR
İntihar edən azərbaycanlı məşhurlar

Bu, bir yana. Elə protokolu əlimə götürəndə agah olduğum bir məsələni sizinlə bölüşmək istəyirəm. Səhvim olsa, bağışlayın. Protokola baxanda düşündüm ki, əgər mən bu cəriməni ödəməsəm, nə olacaq? Dost-tanışlardan maraqlandım və dedilər ki, üzərinə faiz gələcək. Soruşdum ki, yenə ödəmədim, bu faiz də artdı, axırı necə olacaq? Dedilər ki, məhkəmə qərarı ilə adıma olan mülklərdən biri əlimdən alınırmış.

Əsas məsələ də budur. Adıma olan mülk? Axı mənim adıma bir taxta qapı belə, yoxdur. Restoranım, mağazam, şirkətim yox. Evim, maşınım, bahalı zinət əşyalarım yox. Bank hesablarım yox. Axı mənim itirməyə nəyim var? Mən bu cəriməni ömrümün sonuna qədər ödəməsəm, yenə də heç nə itirmərəm.

Bunu anlayanda nə qədər xoşbəxt və azad olduğumu hiss etdim. Dünya malından imtina etmiş, özünü mənəvi dəyərlərə, həqiqətlərə adamış dərvişlər misalı dərindən nəfəs alıb xoşbəxtliyimin fərqinə vardım. İlahi, mən nə qədər azad, bəxtiyar və xoşbəxtmişəm? Həm də ki, bu azadlıq və xoşbəxtlik təkcə məndə deyil, azərbaycanlıların böyük bir qismində var. Vəzifə, şöhrət və var-dövlət sahibi olan bir kəsim istisna olmaqla, yerdə qalan böyük bir kəsimin itirməyə qara çöpü də yoxdur. Görün onlar necə də azaddırlar!?

Sən demə, Azərbaycan Televiziyasının illərdir bar-bar bağırdığı həqiqət bu imiş. Mən də hər dəfə təəccüb edirdim ki, görən, bu telekanal bizim nəhayətsiz azadlığımızı və xoşbəxtliyimizi nədə görür? Canına duaçı olduğum, hörmətli polis məmurunun dəyərli protokolundan sonra bu nəhəng sirri anladım.

Biz azadıq. Azad olduğumuz üçün xoşbəxtik. Ona görə azad və xoşbəxtik ki, bizim itirəcək nəyimizsə yoxdur. Bir quru candır, sahibi Yaradandır!

Xəbər lenti
0