BAKI, 1 noy — Sputnik. Azərbaycanda son bir neçə ildə idman yarışlarında yeni qayda tətbiq edilir. Belə ki, Respublika çempionatı adlı yarışda xaricdən dəvət olunan legioner idmançılar çıxış edir və çox vaxt onlar Azərbaycan çempionu olurlar. Bu da yerli idmançıların böyük qəzəbinə səbəb olur. Onlar əziyyət çəkib yarışa hazırlaşırlar, amma nəticədə xarici bir idmançıya yerli yarışda məğlub olurlar.
Sputnik-in əməkdaşı bu problemlə bağlı idman ekspertlərinin rəyini öyrənib.
Komanda.az saytının baş redaktoru Rəşad Ergün deyib ki, başqa heç bir ölkə bizdəki kimi kütləvi şəkildə legionerlərə üstünlük vermir.
“Təkmübarizəli idman növlərində milli komandalara legionerlərin dəvət olunması dünya praktikasında var. Amma idmana ciddi diqqət ayıran heç bir ölkə bunu kütləvi şəkildə etmir. Məsələn, illər əvvəl Azərbaycanın qızlardan ibarət otüstü xokkey yığmasına koreyalı idmançılar dəvət olunmuşdu. Hətta həmin qızları milliləşdirmək üçün onları burda "ərə" də vermişdilər. Bax, bu, rüsvayçılıqdır. Bizdə lazımsız sayılan və ölkəmizdə perspektivi olmayan bir idman növündə bu şəkildə milliləşdirməyə əl atmaq, yumşaq desəm, ucuz addımdır. Yəni söhbət artıq təkcə təkmübarizəli idman növlərindən yox, perspektivi olmayan idman növlərindən də gedir. Otüstü xokkeyin Azərbaycan kimi ölkədə perspektivi yoxdursa, belə addımlar atmaq ağılsızlıqdır.” – deyə Rəşad Ergün bildirib.
O, güləş, boks kimi bizə yaxın olan idman növlərində də milliləşdirməyə əl atıldığını qeyd edib: “Özü də bu, kütləvi şəkildə edilir. Halbuki belə olmamalıdır. Belə çıxır ki, Azərbaycanda güləşçi, boksçu yetişmir və ya yetişdirmirlər ki, legionerləri hansısa məbləğ qarşılığında bayrağımız altında yarışmağa çağırırlar. Onların qazandıqları nəticələr Azərbaycanın adına yazılsa da, bu, ümumilikdə Azərbaycan idmanının inkişafı demək deyil. Və təbii ki, nəticədə bütün bunlar yerli idmançılara da mənfi təsir edir, onlarda "onsuz da legionerlərə şans veriləcək" psixologiyası formalaşdırır.”
Futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov isə legionerlərin gəlməsinin normal hal olduğunu bildirib.
“Legioneri gətirib Azərbaycan çempionatına qoşurlarsa və onlar qalib gəlirsə, məncə, burda ədalətsiz bir şey yoxdur. Bizim idmançı qalib gələ bilmirsə, günahı özündə axtarmalıdır.” – deyə Cəlilov bildirib.
O qeyd edib ki, məsələnin problemli tərəfi ölkənin idman ənənəsinin məhv edilməsidir.
“Əksər növlərdə əcnəbi idmançılara üstünlük verilir və bu tendensiya səngimir. Belədə yerli idmançılar perspektiv görmədikləri üçün işə ciddi yanaşmırlar. Belə davam edərsə, bir neçə il sonra idmanın bütün növlərində azərbaycanlı yetirmələrə rast gəlmək mümkün olmayacaq” – deyə ekspert bildirib.
O qeyd edib ki, misal üçün, boksda legionerlərlə bağlı məsələ çoxlu narazılıqlar yaradır: “Yerli məşqçilərin bildirdiyinə görə, hansı çəki dərəcəsində əcnəbi idmançı gətirilibsə, məlum olub ki, onların azərbaycanlı alternativləri kifayət qədərdir və daha keyfiyyətlidir. Amma əcnəbi idmançılara dəstək daha çoxdur.”
Cəlilov onu da deyib ki, idmanda yeyinti hallarını araşdırmaq lazımdır. Bu mövzuda çoxlu şübhələr var.
Taekvondo üzrə müəllim Elməddin Vəliyev isə bildirib ki, legioner idmançı məsələsi olduqca maraqlı və gündəmdə olan bir məsələdir.
“Burada futbolu və bəzi komanda oyunlarını çıxsaq, təkmübarizəli idman sahəsindən danışsaq onu deyə bilirəm ki, bu, əsasən Olimpiya idman növlərində baş verən hallardan sayılır. Hal —hazırda Azərbaycanda da Olimpiya idman növü olan əksər növlərdə gözə çarpacaq qədər legioner idmançı var. Bəli, bu yerli idmançılarımızın inkişafını dayandırır və gəncliyimizə ziyan vurur.” – deyə Vəliyev bildirib.
O, legioner məsələsinin müsbət tərəfləri olduğunu da vurğulayıb: “Bəzən bir döyüş növündə müəyyən çəkilərdə, xüsusən də ağır çəkilərdə professional idmançı çatışmazlığı olur. Bu halda qəbul edilir ki, həmin çəkilərdə ölkəmizə medal gətirəcək legioner alınsın.”
Mütəxəssis hesab edir ki, əgər milli komandada yararlı, səriştəli, perspektivli milli idmançılarımız ola-ola, legionerlər ölkəyə doldurulursa, onda həmin federasiyalarda nə baş verdiyini araşdırmağa ehtiyac var.
Elməddin Vəliyevin sözlərinə görə, legioner idmançılar əldə etdiyi nəticədən asılı olmayaraq, bir müddət sonra və bəzi hallarda nəticə əldə edən kimi Azərbaycanı tərk edir və aldığı yüksək məbləğdə mükafatı götürüb öz ölkəsinə qayıdır.
“Hətta bəzi hallarda bir legioner idmançıya verilən aylıq maaş 10 yerli məşqçinin maaşından da çox olur. Gənclərimiz isə o idmançının yalnız adını eşidir, üzünü belə görə bilmirlər. Çünki o idmançı azərbaycanlı qanı daşımadığı üçün onu bizim milli maraqlarımız və gəncliyimiz maraqlandırmır. Bir çox hallarda hansısa bir çəkidə iki eyni gücdə idmançı olanda (biri legioner, o biri yerli), üstünlüyü legioner idmançıya verirlər və yarışlara da o gedir. Əksər hallarda isə onları respublika çempionatına belə buraxmadan birbaşa milliyə götürürlər, özümüzün daha güclü idmançımız olduğu halda. Bu isə həm idmançılarımıza, həm də məşqçilərimizə mənfi yöndə təsir edir və ruh düşkünlüyü yaradır” – deyə Vəliyev bildirib.
Məşqçi onu da qeyd edib ki, bəzi federasiyalarda idman siyasəti düzgün qurulsa və doğru istiqamətdə gənclərimizə dəstək verilsə, biz yenidən Namiq Abdullayev, Fərid Mansurov, Toğrul Əsgərov, Rəşad Əhmədov, Niyaməddin Paşayev kimi idmançılar yetişdirə bilərik. Bunun üçünsə sadəcə şərait yaradılmalı, həm idmançıya, həm də məşqçiyə diqqət və qayğı göstərilməlidir.