Hikmət Orhun, Sputnik Azərbaycan
BAKI, 25 avq — Sputnik. Əslində, məqsədimiz yazı yazmaq deyildi. İdman yazarı olan dostumuz Elmar Rza stadionda gəzmək arzusunu dilə gətirəndə şəhərin monotonluğundan can qurtarmaq üçün ona qoşuldum. Düşündüm ki, həm illərdən sonra uşaqlıq xatirələrimizi özündə gəzdirən Qazax şəhəri Mərkəzi Stadionunu görərəm, həm də bir-iki şəkil çəkdirib "Göyəzən futbol klubunun məşq elədiyi məkandayam" deyə, sosial şəbəkələrdə hava ataram.
Əlimizə yeni düşən fotoaparatın gücünü yoxlamaq üçün də əməlli-başlı fürsət idi. Səhvimiz onda oldu ki, "silahımız"ı qapının girişində qabından çıxardıq. Bir də onu gördük, stadion əməkdaşları təpəmizdən aşağı "yağdı". Başladılar uşaq kimi sual verməyə: "Niyə çəkirsiz, məqsədiniz nədir?"
Nəyi çəkdik, nəyi gördük, başımızda oldular. Onların bu günahkar davranışı bizi təhrik etdi ki, bir yazı yazaq.
Öncə yerli peşəkar futbol klubu haqqında:
"Göyəzən" PFK 1986-cı ildə Qazaxda yaradılıb. SSRİ çempionatının ikinci dəstəsində mübarizə aparıb. 1992-ci ildə keçirilən ilk Azərbaycan çempionatının iştirakçısı olub. Daha sonra 3 mövsüm çempionatın aşağı dəstəsində mübarizə aparıb. Ardından klub 7 il fəaliyyət göstərməyib.
2003-cü ildə fəaliyyətini bərpa edən "Göyəzən" elə həmin mövsüm Azərbaycan çempionatının güclülər dəstəsinə vəsiqə qazanıb. İki mövsüm həmin liqada çıxış edən Qazax təmsilçisi yenidən I Diviziona yuvarlanıb. Elə həmin vaxtdan indiyə qədər I Divizionda mübarizə aparır.
Qazax şəhəri Mərkəzi Stadionunun da daxil olduğu Qazax İdman və Sağlamlıq Komleksinin tərkibində mehmanxana, güləş zalı, üzgüçülük hovuzu, trenajor zalı, yüngül atletika bölmələri var. Bu gün onlardan yalnız meydança və güləş zalı fəaliyyət göstərir. Biz meydançadan danışacağıq.
Qazaxın peşəkar futbol klubu "Göyəzən"in ev oyunlarını keçirdiyi stadionun təməli 1981-ci ildə atılıb. Arenanın azarkeş tutumu 13500 nəfərdir. Ancaq stadionda, təxminən 3500 oturacaq quraşdırılıb. Sonuncu dəfə 2004-cü ildə Prezident Qazaxa gələndə əsaslı təmir olunub.
Meydançanın arenası 13500 nəfərlik tutuma malik ola-ola, 3500 oturacaq quraşdırılsa da, demək olar, bu illər ərzində onlar da tamamilə yararsız vəziyyətə düşüb. Yəni quraşdırılmayan oturacaqlar bir yana, quraşdırılanlar belə, lazımi qaydada qorunmayıb. Çoxu sındırılıb, ya götürülüb kənara atılıb.
AFFA Qərb Regional Futbol Federasiyası yerləşən, yuxarı başında "Azərbaycan idmanına eşq olsun!" şüarı yazılan stadion acınacaqlı vəziyyətdədir. Qapılar dəyişdirilməyib, ehtiyat oyunçular skamyası uçub-dağılır, meydançaya çəkilən cərimə və yan xətt zolaqlarını ot basıb.
Ot örtüyü tamamilə təbiidir. Yəni yağış yağsa ot bitir, yağmasa, bomboz bozarır. Sağ və sol künclərdə adam boyu qartımış qamışlara da rast gəlmək olur. Hətta, meydança lazım olanda yaxın qonşuların inəklərinin örüş yeri kimi də istifadə olunur.
Və…
Bu gün "Göyəzən"in I Divizionda oynamağının bir səbəbi klubun büdcəsinin aşağı səviyyədə olmasıdırsa, digər səbəbi isə aşağı səviyyəli meydançada oynamasıdır. Heç şübhəsiz, klubun köhnə uğurları bunu deməyə əsas verir. Bundan əlavə, stationda istənilən şərait yaradılsa, çox gözəl mövqedə yerləşir.
Son günlər Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun gənclərin vaxtını səmərəli keçirməsi, onların faydalı işlə məşğul olması yolunda göstərdiyi çabaların nəticə verməsi üçün, meydançanın yenidən təmir olunması və klubla yanaşı həm də yerli gənclərin öhdəsinə verilməsi təqdirəlayiq hal olardı.