BAKI, 4 noyabr - Sputnik. COVID-19 xəstəliyinin yaranmasına səbəb olan SARS-CoV-2 virusu insanın beyin hüceyrələrini zədələmir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu təsdiq edən tədqiqatın nəticələri ABŞ-ın Cell jurnalında dərc olunub.
Almaniya və Belçikadan olan alimlərin əsas tədqiqat predmeti anosmiya - koronavirus infeksiyasının əsas əlamətlərindən sayılan iybilmənin itməsi - olub.
Mütəxəssislər 85 hal tədqiq ediblər. Bunların arasında COVID-19 infeksiyasına yoluxmadan bir neçə gün sonra dünyasını dəyişən şəxslər də olub. Alimlərin replikasiya edən virusu izləmək imkanı olub. Tədqiqatçıların gəldiyi nəticə belədir ki, burun boşluğunun iybilmə epitelisində əsas yoluxma obyektləri sustentakulyar, yaxud dəstəkləyici hüceyrələr olub.
"İybilməyə cavabdeh olan sensor neyronların yoluxduğunu müşahidə etmədik, iybilmə soğanağının parenximatoz toxuması da (kəllədaxili boşluqda - red.) salamat idi. Beləliklə, SARS-CoV-2 neyrotropik virusa bənzəmir", - alimlərin məqaləsində qeyd olunub.
Guardian qəzeti vurğulayır ki, dərc olunmuş tədqiqat virusun iybilmə qılafının selikli qişasının neyronlarını zədələdiyi barədə fərziyyəni dəstəkləmir. Layihənin rəhbəri Peter Mombayrts dəstəkləyici hüceyrələrlə iybilmə neyronları arasında kəskin fərq olduğunu bildirib.
"Əgər biz bu neyronların virusla zədələndiyini fərz ediriksə, bu o deməkdir ki, həmin halda infeksiya çox qısa yolla iybilmə soğanağına, oradan da beynə keçir", - alim nəşrə müsahibəsində deyib.
Mombayrtsın sözlərinə görə, COVID-19 xəstələrinin iybilmə qabiliyyətini itirməsi sustentakulyar hüceyrələrin dəstəyindən məhrum olmuş iybilmə neyronları zədələnməsə belə, mümkündür. Bu halda iybilmə zədələnmiş materialın regenerasiyasından sonra qayıda bilər - dəstəkləyici hüceyrələr neyronlardan fərqli olaraq bərpa olunma qabiliyyətinə malikdir.
Qeyd olunur ki, alimlər COVID-19-un xroniki yorğunluq və ya "beyin dumanı" kimi digər nevroloji təzahürlərini öyrənməyiblər.
Eləcə də oxuyun:
* ABŞ-da 5-11 yaşlı uşaqlara peyvənd vurulması tövsiyə edildi
* "Delta" ştammı sürətlə yayılır: Üçüncü dozanı qəbul etməli
* COVID-19 da dəyişdi: daha iy və dadbilmə itmir
* "Pfizer-BioNTech" peyvəndi uşaqlara necə vurula bilər?
* Ginsburq koronavirusdan yüz faiz qorunmanın üsulunu açıqlayıb