Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Bayram tətilinə kitab tövsiyəsi: “Gecəyarısı uşaqları”

© Sputnik / Murad OrujovBakıda kitab sərgisi, arxiv şəkli
Bakıda kitab sərgisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.12.2021
Abunə olmaq
Mütaliə prosesi cansıxıcı və yorucu olsa da, roman magik-realizmin ən vacib və əhəmiyyətli nümunələrindən biridir.
BAKI, 10 dekabr — Sputnik. Salman Rüşdünün “Gecəyarısı uşaqları” romanı Azərbaycan oxucusunun yaddaşında daha çox Seymur Baycanın əsər haqda yazdığı tənqidi fikirlərilə canlanır. Seymurun məşhur ““Gecəyarısı uşaqları” adlı cəfəngiyyat” essesi insanı bu əsərdən soyuda biləcək gücdədir. Xüsusilə essenin girişindəki bu cümlə - “Elə ilk səhifələrdəcə saxta, ruhsuz, enerjisiz, pafoslu səhnələr məni vurmağa başladı”. Seymurun bu yazısı kifayət qədər polemikaya səbəb oldu və əminəm ki, Rüşdünün ölkəmizdə tanınmasında böyük rol oynadı. Seymurun bu roman haqda yazdıqları onun şəxsi qənaətidir və onu ittiham etmək fikirindən uzağam. Eyni roman haqda onlarla tərifli yazıya da rast gələ bilərsiniz.
***
Hər ehtimala qarşı mən dəyərli oxucularımıza Mirmehdi Ağaoğlunun bu roman haqda yazdığı geniş yazını da oxumağı tövsiyə edirəm. Əgər bu irihəcmli romanı oxumağa tərəddüd edirsinizsə, əvvəlcə roman haqda yazılan yazıları araşdırmaq, əmin olduqdan sonra bu çətin işə girişmək olar. Ümumiyyətlə, bu romanın Azərbaycan dilinə tərcümə olunması, roman haqqında yazıların yazılması ən azı 30 il geciksə də, gözəl hadisədir. Hər halda biz dünya ədəbiyyatında gedən proseslərin arxasınca düşüb, qovub çatmağa çalışırıq. Ona görə də ədəbiyyat naminə baş verən hər hadisə sevindiricidir.
***
Salman Rüşdünün "Gecəyarısı uşaqları" romanının mütaliə prosesi cansıxıcı və yorucu olsa da, roman magik-realizmin ən vacib və əhəmiyyətli nümunələrindən biridir. Hesab edirəm ki, ciddi oxucular Rüşdünü hökmən oxumalı, tanımalıdırlar. Rüşdü haqqında yayılan bütün əfsanələrə, haqqında çıxarılan ölüm hökmünə, qalmaqala meyilli olmasına baxmayaraq böyük yazıçıdır. Fürsət tapdıqca Rüşdünün əsərlərini əldə edib oxumaq, həm də gecikmədən oxumaq lazımdır.
***
Roman haqqında qısa olaraq onu deyim ki, “Gecəyarısı uşaqları” (orjinalı: Midnight's Children) hind əsilli yazıçı Salman Rüşdünün Hindistan müstəqillik qazandıqdan sonra qələmə alınan, 1981-ci ildə çap olunan ən məhşur romanlarından biridir. Romanın çapından 3 il sonra Hindistanın iki dəfə baş naziri olmuş İndira Qandi Rüşdünü romandakı bir cümləyə görə məhkəməyə verib. Rüşdüdən siyasətçi İndira Qandinin ərindən boşandığı üçün oğlunun ona basqı göstərməsini və oğlu Sancaya hüdudsuz sərbəstlik verməsi ilə bağlı cümləni romandan çıxarmasını istəmişdi. Rüşdü Qandinin digər tənqidi məqamlara fikir verməməsini nəzərə alaraq bu cümlənin romandan çıxarılmasına etiraz etməyib.
***
Romanda Hindistanın müstəqillik ərəfəsindəki tarixi, müstəqillik qazandıqdan sonra keçdiyi tarixi təbəddülatlar dövrü peşəkarlıqla işlənib. Roman çap olunduğu 1981-ci ildə “Man Booker”, 1993-cü ildə “Booker of Bookers” və 2008-ci ildə “Best of Bookers” mükafatlarını qazanıb. 2008-ci ildə “Time” dərgisi tərəfindən 1923-cü ildən sonra ingilis dilində yazılmış 100 ən yaxşı romandan biri hesab edilib.
***
Rüşdünün Hindistan mədəniyyətini, tarixini, mətbəxini, inancını, xurafatını, qüsurlarını bir yazının bu qədər dolğun işləməsi heyrətamizdir. Təbii ki, bu böyüklükdə romanı qısa şəkildə təhlil etmək mümkün deyil və bu yazıda belə bir iddiam yoxdur. Məqsədim sadəcə romanı oxucularımıza yenidən xatırlatmaqdır. Kitabsevərlərin bu kitabı alıb oxuması məsləhətdir. Təsadüfən roman əsasında çəkilmiş filmə baxanda, qərar verdim ki, nə qədər yorucu olsa da, bu romanı yenidən oxumalıyam. Sevindirici haldır ki, roman “Qanun” Nəşrlər Evində, İlqar Əlfioğlunun tərcüməsində nəşr olunub və artıq uzun müddətdir ki, satışdadır.
***
Roman əsasında əslən Hindistandan olan rejissor Dipa Mehta 2012-ci ildə eyni adlı film çəkib. Təəssüf ki, film roman əsasında çəkildiyi iddia edilsə də məncə, romana çox az dəxli var. Filmə baxanda hiss etdim ki, romanın sehri, ecazkar təhkiyəsi filmdə darmadağın olub. Hər halda maraq göstərib baxsanız, ən azından Rüşdü romanı əsasında çəkilmiş bir filmə baxmış olarsınız.
Həmçinin oxuyun:
"Zəhər tuluğu" bədii filminin Qala gecəsi keçiriləcək
Kirayə pulunu gecikdirən millət vəkili…
“Dünya səviyyəli” köşə yazısı
Xəbər lenti
0