Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

“Dünya səviyyəli” köşə yazısı

© pixabay / Pexels / journalistYazı yazan şəxs, arxiv şəkli
Yazı yazan şəxs, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.11.2021
Abunə olmaq
Azərbaycan mədəniyyəti, – ədəbiyyatı, kinosu, musiqisi, teatrı niyə dünya səviyyəsində deyil? Bu sualla mütəmadi qarşılaşırıq və mən bu narahatlıq dolu sualı haqlı hesab edirəm.
Eyni şəkildə Azərbaycan elmini də sorğulamaq olar. Niyə Azərbaycanda dünya səviyyəli alimlər, araşdırmaçılar, akademiklər yox səviyyəsindədir? Bir az irəli gedib sualı daha da dərinləşdirək – niyə yazıçımız, aktyorumuz, rejissorumuz, alimimiz, müğənnimiz, mühəndisimiz, həkimimiz, alimimiz dünya səviyyəli deyil?
Ancaq şübhəsiz ki, bu suala veriləcək cavab, göstəriləcək yüzlərlə səbəb var. Həyat şərtlərindən, sosial-iqtisadi vəziyyətdən, siyasi haqlardan, cəmiyyətin qeyri-adekvatlığından və başqa səbəblərdən yapışıb Azərbaycanın dünyaya inteqrasiyasının problemlərindən saatlarla danışa bilərik. Amma bu bir faktdır ki, sənətin, elmin, müasir inkişafın bir çox sahələrində dünyadan çox geridəyik və “dünya səviyyəli” olmadığımıza görə bir-birimizi hər fürsətdə qınayırıq. Yazıçı rejissoru, rejissor musiqiçini, musiqiçi jurnalisti, jurnalist alimi, sadə vətəndaş isə hamısını qınayır. Xülasə, özümüz-özümüzü qınayıb, dünyada gedən proseslərə həsrətlə baxırıq. Tam əminliklə deyə bilərəm ki, sənət və ədəbiyyat baxımından Azərbaycan dünyanın ən ucqarıdır, əyalətidir. Başqa bütün sahələrdə də, “dünya səviyyəsi” dediyimiz standartlara yaxınlaşmağımıza illər var. Dünya bir kənara, yaxın qonşularımız İran, Gürcüstan, Türkiyə səviyyəsi belə bizim üçün əlçatmazdır.
Bütün sahələrdə hədəflədiyimiz standartlar məişət səviyyəsini keçmir. Xüsusilə yaradıcı adamların vəziyyəti acınacaqlıdır. Biz məşğul olduğumuz istənilən sahədə “bir qarın çörək” üçün çalışırıq. Getdikcə bahalaşan qiymətlər, ağırlaşan sosial vəziyyətə baxanda “niyə dünya səviyyəli deyilik?” sualı adama “qara yumor” kimi görünür.
***
Bu yaxınlarda beynəlxalq kino festivallarından birinə dəvət almış rejissor dostumun yol xərci üçün ondan çox şəxsə, quruma ağız açdıq. Halbuki o “dünya səviyyəsi” dediyimiz hər nədirsə, dostum o səviyyədə sənət yaradan sənətkardır və məhz dünya səviyyəli bir kino festivalına qatılacaqdı.
***
Ədəbiyyat, teatr, musiqi sahəsində fəaliyyət göstərən yaradıcı insanların da əksəriyyətinin vəziyyəti oxşardır. Hamılıqla yaşamaq uğrunda mübarizə apardığımız bir cəmiyyətdə bir-birimizi dünya səviyyəli olmamaqda qınamaq bir balaca insafsızlıqdır. 100-200, maksimum 500-1000 tirajla kitabı nəşr olunan və yazdığı kitaba görə qonorar almayan yazıçıdan dünya səviyyəsi gözləmək absurd deyilmi? Çəkdiyi sənət filmini maksimum 500 nəfərə təqdim etmək imkanı olan, onu da biletsiz, dost-tanışa, öz camiasına təqdim edən, minimal büdcəylə işləməyə məhkum olan rejissorun necə boğazını üzə bilərik ki, sən dünya səviyyəli deyilsən? Aldığı maaşla ailəsini dolandıra bilməyən alimin necə yaxasından yapışaq ki, sən elmi kəşflər edib, ciddi məqalələr yazıb dünyaya çıxmırsan?
***
Bu məqamda həkimlərimizi xatırlamaq yerinə düşər. Tibb təhsilinin necə ağır olduğu hər kəsə məlumdur. Bizim gənc həkimlər həkimliklə paralel xarici dil də öyrənir. Sonuncu kursda oxuyan tibb tələbələrinin əksəriyyəti dil kurslarında hazırlıq keçir ki, təhsillərini bitirib ölkədən gedə, dünya səviyyəli xəstəxanalarda, dünya səviyyəli insanlara xidmət edə bilsinlər. Bir sözlə, “dünya səviyyəli” hesab olunan mütəxəssislərimiz də, ilk fürsətdə öz səviyyələrini də götürüb bu ölkədən gedirlər.
***
Bu yazı “dünya səviyyəli” köşə yazısı, araşdırma və ya təhlil ola bilərdi. Buna istedadım, savadım, biliyim imkan verir. Ancaq əminəm ki, “dünya səviyyəsi” tələb edən oxucu o tip yazını açıb oxumur. İndi əlahəzrət oxucunu daha yüngül, daha əyləncəli mövzular düşündürür. Belə baxanda “özümüz çalıb, özümüz oynayırıq”. İş qınamağa gələndə isə, hamılıqla bir-birimizi qınamağı yaxşı bacarırıq. Təsəvvür edin ki, ondan rüşvət tələb edən “JEK” müdirinə etiraz etməyə cəsarəti çatmayan gözəl vətəndaşlarımız yazıçını, müğənnini, aktyoru, rejissoru, jurnalisti qabağına qoyub uşaq kimi danlamaqdan zövq alırlar. Adım kimi əminəm ki, “dünya səviyyəli” yazıçı, rejissor, aktyor, jurnalist davası edənlərin əksəriyyətinin heç bir standartdan, şərtlərdən, mühitdən xəbəri yoxdur. Sadəcə qınamaq üçün bir söz düşüb dilimizə, vəssalam.
Açığı, mən yazıçı kimi dünya səviyyəli ölkədə doğulmaq, dünya səviyyəli qazanmaq, dünya səviyyəli şərtlərdə yaşamaq istərdim. O zaman dünya səviyyəli əsərlər yazıb, dünya səviyyəli oxucularla ünsiyyətdə olardım. İndi neyləyək ki, şair demişkən, “mənim də bəxtimə bu vətən düşüb”... Bu gedişlə “dünya səviyyəli” arzularımızı öləndə özümüzlə gorumuza apararıq. Arxamızca da ya söz atarlar, ya da bir ovuc torpaq...
Xəbər lenti
0