SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Aİ-nin Brüssel planı: Rusiya proseslərdən təcrid oluna bilərmi?

© AP Photo / Virginia Mayoİnsanlar Brüsseldə Aİ bayraqlarının qarşısından keçirlər, arxiv şəkli
İnsanlar Brüsseldə Aİ bayraqlarının qarşısından keçirlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.11.2021
Abunə olmaq
Millət vəkili deyir ki, Avropa İttifaqı proseslərdə aktiv şəkildə iştirak etmək istəsə də, onun Rusiyanı təcrid etmək üçün resursları mövcud deyil. Politoloq isə ağırlıq mərkəzinin Rusiyadan Avropa İttifaqına keçdiyi qənaətindədir.
BAKI, 22 noyabr — Sputnik. Azərbaycan tərəfi Avropa İttifaqı Şurası Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkili təklifinə müsbət cavab verdi.
Qeyd etmək lazımdır ki, iki ölkə arasında münasibətlərin danışıqlar müstəvisində davam etdirilməsi üçün Aİ tərəfindən göstərilən təşəbbüs diqqəti yenidən Rusiya amilinə çəkir. Analitiklər hesab edirlər ki, Aİ-nin proseslərə aktiv şəkildə qoşulması Rusiyanın regiondakı dominantlığına qarşı atılmış addımdır.
Sputnik Azərbaycan Azərbaycan-Ermənistan liderlərinin görüşü ilə bağlı Aİ-nin təşəbbüsünün əhəmiyyəti və bu təşəbbüsün Rusiyanın proseslərdəki roluna təsiri ilə bağlı millət vəkili Rasim Musabəyov və politoloq Əhməd Əlilinin fikirlərini öyrənib.
Millət vəkili Rasim Musabəyov deyir ki, Avropa İttifaqı proseslərdə aktiv şəkildə iştirak etmək istəsə də, onun Rusiyanı təcrid etmək üçün resursları mövcud deyil. Millət vəkili bildirib ki, Aİ region ölkələrinə maliyyə yardımı edir, ticarət əlaqələri mövcuddur, amma bununla belə, tərəfləri nəyəsə məcbur etmək iqtidarında deyil.
"Ancaq İttifaqın burada müəyyən təsir imkanları olduğunu da qeyd etməliyik. Aİ Ermənistana 5 il müddətinə 2 milyard 600 milyon avro yardım edəcəyini vəd edib. Buyursunlar, bu yardımın qarşılığında şərtlərini ortaya qoysunlar. Onlar Ermənistan iqtisadiyyatının inkişafı və sosial proqramların icrasını təmin etmək üçün yardım ayırırlar, bu ölkə isə hərbi xərclərini artırır. Bu o deməkdir ki, Aİ dolayı yolla Ermənistana revanş üçün maliyyə dəstəyi verir".
Rasim Musabəyov qeyd edib ki, Ermənistana maliyyə dəstəyi göstərilirsə, müqabilində bu ölkəyə Azərbaycanla danışıqlar prosesində özünü konstruktiv aparmaq, tezliklə sərhədlərin müəyyənləşməsinə başlamaq, sülh müqaviləsini imzalamaq kimi şərtlər qoyulmalıdır: "Azərbaycan Aİ-dən bu cür davranış gözləyir. Bu olmadığı təqdirdə belə təşəbbüslərin üzərindən xətt çəkiləcək. Paşinyan istəyir ki, görüşlərdən boyun qaçırsın, ancaq hazırda belə bir imkana sahib deyil".
Azərbaycan hərbçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.11.2021
SİYASƏT
Sərhəddə ağır döyüşlər, Paşinyanın gözlənilməz sülh təklifi və Lavrovun əminliyi
Politoloq Əhməd Əlili isə qeyd edib ki, Ermənistan tərəfi hazırkı şəraitdə özü üçün alternativ platformalar axtarışındadır. Onun sözlərinə görə, Rusiyanın vasitəçiliyi ilə baş tutan danışıqlar prosesi artıq Ermənistanın maraqlarına cavab vermir: "Bu baxımdan Rusiyanın vasitəçiliyi ilə davam edən prosesi müəyyən qədər sabotaj etməyə çalışır. Buna görədir ki, noyabrın 9-da, 44 günlük müharibənin ildönümündə, hansısa yeni sazişin imzalanmaması üçün əllərindən gələni etdilər. Rusiya göstərmək istəyirdi ki, onun vasitəçiliyi ilə gedən prosesdə müəyyən inkişaf əldə olunub, amma Ermənistan tərəfi buna imkan vermədi".
Politoloqun fikrincə, hazırda proseslərin ağırlıq mərkəzi Rusiyadan Avropa İttifaqına keçir.

"Aİ çalışacaq ki, proseslərə İranın, ABŞ-ın qoşulmasını, özünə sərf edən konfiqurasiyanın formalaşmasını təmin etsin. Hazırda Ermənistan daxilində də siyasi vəziyyət gərgindir. Ermənistan xalqı da Paşinyanın manipulyativ hərəkətlərindən yorulub. Bu baxımdan Brüssel görüşündə Ermənistanı hansısa sənədi imzalamağa inandırmaq çətin proses olacaq. Düşünürəm ki, Rusiyanın vasitəçiliyi ilə baş tutan proses nəticəli olması baxımından daha effektiv idi".

Eləcə də oxuyun:
* Sərhəddə nə baş verir? Azərbaycan MN cavab verdi
* Yerevanda kütləvi həbslər başlayıb – Gündəmdə Azərbaycanla sərhəd məsələsi var
* ABŞ öz vətəndaşlarına Ermənistanın Laçın və Kəlbəcərlə sərhədinə getməyi qadağan etdi
* KİV: "Ermənistan Silahlı Qüvvələri 21 hərbçisini itirib"
* Vəziyyətin gərginləşməsinə görə tam məsuliyyət Ermənistanın üzərinə düşür - Bəyanat
* Sıfır nöqtəsindən başlamaq – Ermənistanla sərhədin demarkasiyasına dair son yenilik
Xəbər lenti
0