SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sərhəddə ağır döyüşlər, Paşinyanın gözlənilməz sülh təklifi və Lavrovun əminliyi

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidAzərbaycan hərbçisi, arxiv şəkli
Azərbaycan hərbçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.11.2021
Abunə olmaq
Ötən həftə siyasi hadisələrlə zəngin olub. Sputnik Azərbaycan önə çıxan məqamları təqdim edir.
Azərbaycan Ermənistanla bağlı daha bir yolda blokpost yaratdı
Noyabrın 15-dən Qafan-Çakaten yolunun Azərbaycan ərazisindən keçən hissəsində blokpost yaradılıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.
"Ermənistan tərəfi müvafiq qərarlar qəbul edəcək, göstərilən yolda sərhəd və gömrük postları yaradacaq. Həmçinin bildiririk ki, alternativ yol bu ilin sonuna qədər hazır olacaq", - deyə məlumatda bildirilir.
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Məlumatda bildirilirdi ki, mövqelərimiz heç bir səbəb olmadan snayper tüfəngi və qumbaraatan da daxil olmaqla müxtəlif çaplı atıcı silahlardan istifadə edən qarşı tərəfin intensiv atəşinə məruz qalıb.
Ermənistanın müdafiə naziri istefaya göndərildi
Suren Papikyan Ermənistanın yeni müdafiə naziri təyin olunub. Bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.
O, bu postda Arşak Karapetyanı əvəzləyib.
Ermənistanın Baş naziri Nikol Paşinyan müdafiə nazirinin dəyişməsini Azərbaycanla sərhəddə baş verənlərlə izah edib.
"Bu qərar dünənki hadisələri təhlil etdikdən sonra verilib. Mən səhər cənab Karapetyanı dəvət etdim və nazir kimi gördüyü işlərə görə təşəkkür etdim. Dedim ki, onun gördüyü hər şeyi yüksək qiymətləndirirəm, lakin hazırkı vəziyyət məni nazirin dəyişdirilməsi ilə bağlı qərar verməyə vadar edib", - deyə Paşinyan bildirib.
Putin və Makron Qarabağdakı vəziyyəti müzakirə ediblər
Noyabrın 15-i Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında ötən gün baş tutan telefon danışığı zamanı müzakirə mövzularından biri də Qarabağdakı vəziyyət olub. Telefon danışığı zamanı liderlər ikitərəfli və beynəlxalq məsələləri müzakirə ediblər.
Dövlət başçıları Qarabağla bağlı vəziyyəti də müzakirə edərkən, Vladimir Putin Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi üçün səyləri davam etdirəcəklərini bildirib.
Ermənistanın Laçın və Kəlbəcərdə genişmiqyaslı təxribatı
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisindən ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.
Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.
Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.
Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.
Hulusi Akar və Sergey Şoyqudan Zakir Həsənova zənglər
Rusiya Federasiyasının müdafiə naziri ordu generalı noyabrın 16-sı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Telefon danışığı əsnasında general-polkovnik Z.Həsənov iki ölkənin dövlət sərhədində Ermənistanın törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığını bildirib.
Türkiyə milli müdafiə naziri cənab Hulusi Akarla Azərbaycan Respublikası müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.
General-polkovnik Z.Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib. Cənab H.Akar öz növbəsində Türkiyənin həmişə olduğu kimi bu gün də Azərbaycanın yanında olduğunu bildirib.
Azərbaycan-Aİ danışıqları
Noyabrın 16-sı sərhəddə cərəyan edən hadisələrlə bağlı Şarl Mişelin müraciətinə cavab olaraq Prezident İlham Əliyev bildirib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və Ermənistanın son genişmiqyaslı hücumu baş verib.
Dövlətimizin başçısı Azərbaycan tərəfdən yaralıların olduğunu qeyd edərək, Ermənistanın təxribatlarına adekvat cavab verildiyini vurğulayıb.
Prezident İlham Əliyev yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Noyabrın 16-sı Rusiya müdafiə naziri Sergey Şoyqunun hər iki ölkədən olan həmkarları ilə telefon danışığından sonra Azərbaycan və Ermənistan dövlət sərhədində hərbi toqquşmaları dayandırıblar. Bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
"Azərbaycan və erməni tərəfləri ilə telefon danışıqları nəticəsində vəziyyətin sabitləşdirilməsi üzrə tədbirlər görülüb. Hazırda Kilsəli dağı rayonunda hərbi qarşıdurma dayandırılıb, vəziyyət sabit və nəzarət altındadır", - məlumatda deyilir.
Vaşinqton Bakı və Yerevanı birbaşa dialoqa çağırdı
ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı tərəflərə çağırış edib. Sputnik Azərbaycan xəbər verir ki, dövlət katibi Blinken bu barədə "Twitter" hesabında paylaşım edib.
"Ermənistan və Azərbaycan arasında döyüşlər barədə xəbərlər bizi narahat edir. Hər iki tərəfi sərhədlərin demarkasiyası da daxil olmaqla bütün həll edilməmiş məsələlərin həlli üçün birbaşa və konstruktiv şəkildə işləməyə çağırırıq", - ABŞ dövlət katibi bildirib.
Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalamağa hazır olduqlarını bəyan edib
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 17-si parlamentdəki "Hökumət saatı"nda bildirib ki, Yerevan Bakıya sülh sazişi imzalamağı təklif edib və edir.
"Biz Azərbaycana sülh sazişi imzalamağı təklif etmişik və edirik də. Həmçinin bildirmişik ki, ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti sülh sazişinin imzalanmasına yönəlib", – deyə Baş nazir qeyd edib.
"Tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz də sülh sazişini imzalamaqdır", – deyə o əlavə edib.
Sıfır nöqtəsindən başlamaq
Ermənistan parlamentinin "Mülki vətəndaş" fraksiyasının sədri və parlamentin təhlükəsizlik və müdafiə komitəsinin rəhbəri Andranik Koçaryan noyabrın 19-u bildirib ki, Rusiya Müdafiə Nazirliyi Yerevan və Bakıya demarkasiya prosesini 0 nöqtəsindən başlamağı təklif edib.
"Söhbət prosesin sıfır nöqtəsindən tərpənməsindən gedir və Ermənistan buna öz razılığını verib", - deyə Koçaryan bildirib.
O vurğulayıb ki, bu məsələdə ciddi şəkildə konfidensiallığı qorumaq lazımdır. Komitə sədrinin sözlərinə görə, müzakirələr qüvvələrin sərhəddə harada yerləşməsi ətrafında gedir və yeni gərginliyi yaratmamaq üçün ciddi ehtiyatlılıq göstərmək lazımdır.
Lavrov əmindir: Rusiya – Azərbaycan – Ermənistan görüşü olacaq
Noyabrın 19-u Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya, Ermənistan və Azərbaycan görüşü baş tutacaq, bunun üçün tərəflərin razılığı lazımdır.
"Görüş üçün konsensus lazımdır. Mən təsdiqləyə bilərəm ki, konsensusun olması üçün görüşməyə hazırlaşan tərəflərin hamısı bununla razılaşmalıdır. Mən əminəm ki, belə bir görüş baş tutacaq", - deyə o bildirib.
Xəbər lenti
0