BAKI, 16 iyul - Sputnik. Tokio Yay Olimpiya Oyunlarında kuryoz hadisə baş verib: ilk dəfə bir idmançı oteldən qaçıb.
Yaponiyanın İdzumisamo-siti şəhərində uqandalı Yulius Ssekitoleko itkin düşüb. Təşkilat komitəsinin üzvləri koronavirus testi götürmək üçün oteldəki qapısını döyəndə aşkar ediblər ki, idmançı yoxdur. Komanda yoldaşları da faktı təsdiqlədikdən sonra yerli polis Ssekitolekonun axtarışlarına başlayıb.
Uqanda millisi Tokio Olimpiya Oyunlarının təşkilat komitəsi üçün ən problemli komandaya çevrilib. Ötən ay Yaponiyaya gələrkən nümayəndə heyəti üzvlərindən birində COVID-19 aşkarlanıb, daha sonra idmançılardan birinin test nəticəsi də müsbət çıxınca komandanı karantinə yerləşdiriblər. Karantin bitdikdən sonra komandaya İdzumisamo şəhərində məşq toplanışı keçirməyə icazə veriblər.
Ssekitoleko kişilər arasında 67 kq çəki dərəcəsində ağır atletika üzrə mübarizə aparmaq üçün turnirin gözləmə siyahısında idi. İyulun 14-də isə ona məlumat veriblər ki, Olimpiya Oyunlarında iştirak etməyəcək və iyulun 20-də vətəninə yola düşməlidir. Belə güman edilir ki, elə bu səbəb də atletin "aradan çıxmasına" təkan verib. Uqandalı ağırlıqqaldıranın yoxa çıxması isə təşkilatçılar üçün başağrısı ola bilər, çünki komitə yerli ictimaiyyəti əmin etmişdi ki, COVID-19-un yayılmaması üçün ciddi tədbirlər görülür.
Qeyd edək ki, uqandalı idmançılar "qaçmağa" meyllidirlər. Məsələn, bu ilin iyununda Uqandanın reqbi-7 yığmasının üzvü Monakodakı Olimpiya təsnifat turnirində iştirak zamanı itkin düşüb. 2018-ci ildə Avstraliyada keçirilən Birlik Ölkələri Oyunlarında uqandalı altı idmançı birdən yoxa çıxmışdı. 2014-cü ildə Qlazqoda Birlik Oyunları zamanı Uqandanın reqbi-7 üzrə yığmasının iki oyunçusu qaçmış, sonra Kardiffdəki sığınacaq istəyənlər üçün yataqxanada aşkarlanmışdı.
Azərbaycan Tokio-2020-də
Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edəcək. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgücülük və triatlonda - çıxış edəcəklər.
Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.
2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rioda 56 lisenziya qazanmışdılar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.
Eləcə də oxuyun:
-
Tokio Olimipiadasına yeddi gün qalıb: Şəhər oyunlara necə hazırlaşır?
-
Tokio-2020: Azərbaycanlı bayraqdarlar bəlli oldu
-
Testlər, məhdudiyyətlər və nəzarət: Tokio Olimpiadasında idmançılarımızı nələr gözləyir
-
Yaponiya Olimpiya Komitəsinin üzvü özünə qəsd edib