05:10 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
İDMAN
Qısa URL
140 0 0

Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan idmançılarının Yaponiyadakı oyunlarda hansı şərtlər daxilində çıxış edəcəklərindən danışılıb.

 

BAKI, 25 iyun — Sputnik. Tokio Yay Olimpiya Oyunları qətiyyən əvvəlki illərin yarışlarına bənzəməyəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Fiziki vəziyyət barədə hesabat

Cümə günü Azərbaycan MOK-da qurum rəhbərliyi ilə iyulun 23-dən avqustun 8-dək Tokio Olimpiadasında iştirak edəcək idmançıların məşqçiləri və onların təmsil etdikləri federasiyaların nümayəndələri ilə görüşü keçirilib. Tədbirdə həmçinin Milli Antidopinq Agentliyinin direktoru (AMADA) Şəfəq Hüseynli və MOK-un baş katibinin müavini Azad Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Hüseynzadə bildirib ki, Tokio Olimpiadası zamanı çoxsaylı məhdudiyyətlər tətbiq olunacaq.

"Qarşıdan gələn Olimpiya oyunları bütün əvvəlki oyunlardan çox fərqlənəcək. Tokio yarışlarında həm dopinq, həm də koronavirusdan müdafiə ilə bağlı çoxsaylı məhdudiyyətlər tətbiq olunacaq", - deyə o bildirib.

Azərbaycanın Tokio Olimpiadasında nümayəndə heyətinin rəhbəri, MOK beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Anar Bağırov bildirib ki, Tokioya yollanmadan ən azı iki həftə əvvəl idmançılar öz mobil telefonlarına xüsusi tətbiq yükləməli və gündəlik olaraq fiziki vəziyyətləri barədə məlumatları ora daxil etməli olacaqlar.

Olimpiadaya yollanmadan öncə Azərbaycan nümayəndə heyətinin bütün üzvləri iki dəfə PCR test verəcəklər və onların hər ikisinin cavabı mənfi olmalıdır. Testlərdən birinin cavabı müsbət olsa belə, həmin idmançı Olimpiadaya getməyəcək.

Tokioya çatdıqdan sonra idmançılar daha bir PCR test verəcəklər ki, onun da cavabı 2-4 saat ərzində açıqlanacaq. Yalnız bu testin də neqativ cavabından sonra idmançılar Olimpiya kəndinə yollanacaqlar.

Bundan əlavə, idmançılar həmçinin hər gün ekspress-testlər, hər iki gündən bir isə PCR testlər verəcəklər.

Koronavirus testinin cavabı müsbət olduğu təqdirdə idmançı karantin altına alınacaq, daha sonra iki dəfə test verəcək və həmin testlərin cavabı mənfi olduğu təqdirdə, üç müvafiq strukturun təsdiqi olduqdan sonra idmançı yarışlara qayıda biləcək. Əgər təkrar PCR testlərin cavabı müsbət olarsa, idmançı 14 günlük karantinə alınacaq.

Olimpiya kəndinin "girovları"

Karantinə alınmış idmançı Tokionu yalnız mənfi test cavabı aldıqdan və ya 14 günlük karantindən sonra tərk edə bilər, hətta həmin vaxta qədər Olimpiada artıq başa çatmış olsa belə.

Olimpiada iştirakçısı onun idman növündə yarışlar başa çatdıqdan iki gün sonra, mənfi cavablı PCR testdən sonra Tokionu tərk etməlidir.

Xatırladaq ki, Azərbaycan idmançılarının 80%-i artıq peyvəndlənib.

Tokio Olimpiadası zamanı bütün iştirakçılar maskada gəzməlidirlər. Əl ilə salamlaşmaq tövsiyə edilmir, yeməkxanada yemək yedikdən sonra uzun müddət oturmaq olmaz və binanı tez tərk etmək lazımdır. 

Yeri gəlmişkən, idmançılar sərbəst şəkildə Olimpiya kəndini tərk edə bilərlər. Lakin qayıtdıqdan sonra onlar karantinə alınacaqlar. Odur ki, idmançılardan kəndin ərazisini tərk etməmək xahiş olunub.

Dopinq nəzarətinin sərtləşdirilməsi

Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli qeyd edib ki, Olimpiadada həmçinin antidopinq məsələləri ilə bağlı da sərt nəzarət olacaq.

Onun sözlərinə görə, Azərbaycan idmançıları son bir il ərzində bir neçə dəfə dopinq testlərindən keçiblər.

"Əgər Rio-de-Janeyroda keçirilən Olimpiya oyunlarında idmançılar oyunlar başlamamışdan 6 ay əvvəldən başlayaraq test verirdilərsə, hazırda yoxlamalar daha tez-tez edilir, yarışların gedişində isə dopinq nəzarəti daha da sərt olacaq", - deyə Hüseynli bildirib.

Dopinq testləri idmançıların yarışlara başlamasından 1 gün əvvəl keçiriləcək və onun nəticələri 1-3 sutka ərzində məlum olacaq.

Tokioda xüsusi mərkəz yaradılıb ki, onun da dopinq-komissarları vaxtı-vaxtında idmançıların harada olmaları barədə məlumat alacaqlar.

Bundan əlavə, dopinq testləri keçirilən zaman idmançıların Olimpiada akkreditasiyası alınacaq və onlara xüsusi buraxılış vərəqləri veriləcək. Akkreditasiya isə o vaxt qaytarılacaq ki, dopinq testinin cavabı mənfi olsun.

Bundan əlavə, test keçirilən zaman mobil telefondan istifadə edilə bilməz, testə gecikməyə isə yalnız çox ciddi səbəbdən icazə verilə bilər. Bura mükafatlandırma mərasimi, KİV nümayəndələri ilə ünsiyyət və zədələnmələr zamanı tibbi yardım aiddir.

Yeri gəlmişkən, əgər idmançı Olimpiadanın son günü çıxış edirsə, o zaman yarışa bütün əşyaları ilə birlikdə gəlməlidir. Həmin idmançı bağlanış mərasimində isə yalnız dopinq-testdən keçərək müvafiq sənədləri imzaladıqdan sonra iştirak edə biləcək.

Transgenderlərlə zarafat etməyin

Tədbir zamanı həmçinin Olimpiadada davranış qaydalarından da söhbət açılıb. Konkret olaraq, vitse-prezident Hüseynzadə azərbaycanlı idmançılardan "transgenderlərlə zarafat etməməyi" xahiş edib.

"İdmançılardan xahiş edirik ki, Oyunlar zamanı bir qədər ehtiyatlı davransınlar. Çünki ehtiyatsız deyilmiş sözlər birmənalı olmayan reaksiyalar doğura bilər. Konkret olaraq, BOK ilk dəfədir ki, Oyunlarda transgender insanın iştirakına icazə verib. Xahiş edirəm ki, bu idmançı ilə zarafat etməyəsiniz və ona heç toxunmayasınız da. Çünki nəticələr çox ciddi ola bilər", - deyə o bildirib.

Qeyd edək ki, Tokio Olimpiadasında 43 yaşlı, yeni zelandiyalı ağır atlet, 2012-ci ildə cinsini dəyişmiş Urpeo Habbard iştirak edəcək. O, Tokio Olimpiadasında qadınların yarışında iştirak edəcək.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti həmçinin irqçiliyin təzahürünün də yolverilməz olduğunu deyib və bunun həmçinin idmançıların paylaşımlarına da aid olduğunu dilə gətirib.

Eləcə də oxuyun:

  • İrina Zaretska: Tokio Olimpiya oyunlarının başlanmasını səbirsizliklə gözləyirəm

  • Mariya Stadnik Polşada çempion oldu

  • Tokio olimpiadası ləğv edilə bilər: Baş nazir istisna etməyib

  • Yaponiya Olimpiya Komitəsinin üzvü özünə qəsd edib

  • Beynəlxalq federasiya Azərbaycan şirkətinə iri məbləğdə borc qaytarıb

Teqlər:
Tokio Yay Olimpiya Oyunları, Azərbaycan, MOK, idmançılar, COVID-19, epidemiya, Koronavirus, məhdudiyyət

Əsas mövzular