İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 8 noyabr — Sputnik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-сü il 72 saylı qərarına görə, binalar arasındakı "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar" müəyyən edilib.
Üç il əvvəl qəbul edilmiş qərara görə, "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar" yaşayış məntəqələrinin baş və müfəssəl planlarının layihələrinin hazırlanması, həm yeni, həm də tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə tikintiyə icazə verilməsi zamanı binalar arasında, binalarla tikinti ərazilərinin sərhədləri arasında saxlanılmalı olan məsafələri müəyyən edir.
Qərarda qeyd edilir ki, tikinti ərazisinin sərhədləri daxilində binanın xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir.
Ancaq tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla) və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkün olduqda, torpaq sahələrinin sərhədlərindəki binaların xarici divarları önündə ara məsafəsinin saxlanılması zəruri deyil.
Qərara görə, ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmalıdır. Şəhər və bələdiyyə avtomobil yollarının torpaq sahələri, ümumi istifadədə olan yaşıllıqlar və su sahələri ara məsafələri kimi istifadə olunur. Tikinti obyektlərinin yerləşdiyi torpaq sahələrinin sərhədindəki hər iki tərəfdən becərilə bilən torpaq zolağında isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur.
Və ara məsafələri bir-birinin üzərinə düşə bilməz. Bu hal bir-birinə 75 dərəcədən böyük bucaq altında yerləşən binaların xarici divarları qarşısındakı ara məsafələrə şamil edilmir.
Ekspertlərə görə, ara məsafə binanın xarici divarının hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə ara məsafəsini təşkil edir. Əgər relyefə əsasən hündürlük dəyişərsə, bu zaman divarın orta hündürlüyü əsas götürülür.
Tikinti eksperti Elnur Fərzəliyevin sözlərinə görə, divarın hündürlüyü ilə yanaşı 45 dərəcədən artıq mailliyə malik olan damların və frontonların hündürlüyünün 30 faizi, 60 dərəcədən artıq mailliyə malik olan damların və frontonların hündürlüyünün 50 faizi, 70 dərəcədən artıq mailliyə malik olan damların və frontonların tam hündürlüyü nəzərə alnmalıdır:
"Qərara görə, ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur".
E. Fərzəliyev deyir ki, ara məsafə hesablanan zaman divar səthindən 1,5 metrə qədər irəli çıxan karnizlər, dam çıxıntıları, dayaqsız giriş və terras örtükləri, eni 5 metrdən çox olmayan və divar səthindən 1,5 metrə qədər irəli çıxan divar hissələri, erkerlər, balkonlar, giriş həcmləri, tam işıqburaxan tikinti materialından hazırlanmış divarlar və bina hissələri nəzərə alınmır.
Ekspertin sözlərinə görə, ara məsafələri hündürlüyü 3 metrdən və divar səthinin sahəsi 25 kvadrat metrdən çox olan binalara da şamil olunur.
Fərzəliyev bildirir ki, divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması vacib deyil:
"Bununla yanaşı divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadrat metrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların, yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da vacib deyil".
Ekspert qeyd edir ki, ara məsafələrin azaldılması təbii ki, əhalinin narazılığına səbəb olur. Bəzənsə əhali bu ölçülərin sovet dövründə olduğu kimi qaldığını düşünür:
"Lakin nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin qərarına ara-sıra dəyişikliklər edilir. Ancaq nə qədər acınacaqlı olsa da, bu qaydaların dəyişdiyini heç kim bilmir. İndiki qərara əsaslanan bəzi şirkətlər binaların həyətində uşaqlar üçün oyun meydançaları belə saxlamırlar. Yaşıllıq, evlərə günün düşməsi belə nəzərə alınmır".
Ekspert bildirir ki, bunun fəsadları yaxın gələcəkdə özünü göstərəcək.
Fərzəliyevə görə, bu vəziyyətdən çıxmağın bircə yolu var ki, o da belə binalardan ev almamaqdır:
"Başqa cür etiraz forması düşünə bilmirəm. Əgər əhali belə binalarda ev almasa, bəlkə o zaman tikilməz. Elə binalar var ki, bir blokludur, 16 mərtəbə ucaldılıb. Və belə binalar dibdibədir. Binalar arasında çox az məsafə saxlanılır. Yerli icra hakimiyyəti orqanları bina tikintisi üçün sərəncam verəndə diqqətli olmalıdır. Həmin əraziyə baxış keçirildikdən sonra tikinti üçün qərar vermək olar. Amma şəhərdə elə binalar var, ki, çöksə yanındakı binalar da anında zədələnəcək".
Əmlak eksperti Ramil Osmanlı hesab edir ki, şəhərsalma qaydalarına görə, ara məsafəsi binanın hündürlüyünün 1,5 əmsalında olmalıdır. Yəni binanın hündürlüyü 15 metrdirsə, o, 1,5-ə vurulub, qonşu bina ilə ara məsafə qoyulmalıdır: "İndi 16-20 mərtəbəli binalar var ki, onların hündürlüyü 50-50 metrdən çoxdur. Şəhərdə bəzi ərazilər var ki, 3-4 belə binanı 7-8 metr ara ilə tikiblər. Təsəvvür edin ki, fövqəladə vəziyyətdə o binalardan 1-2-si uçur və bu, digər binalara da potensial təhlükədir".
Ekspert qeyd edir ki, əslində qaydalara görə, binalar arasında məsafə 1,5 olmasa da, ona yaxın məsafə gözlənilməlidir ki, fövqəladə hadisə zamanı digər binalar zədə görməsin.
Osmanlıya görə, məsələnin əxlaqi tərəfi də var:
"Bəzən görürsünüz ki, 16 mərtəbəli binanı 5-9 mərtəbəli binanın həyətində tikirlər. Ara məsafələr 6-10 metr olduğu halda binalarda yaşayan sakinlər bir-birinin evində baş verənləri görə bilir. Bu əxlaqi baxımdan da düzgün deyil".
Binaların həyətyanı sahələri, əsas yola çıxışı olmalıdır. Yəni binalar bir-birinə yaxın tikilərkən bütün bu hallar nəzərə alınmalıdır.
Ekspert bildirir ki, 2006-cı ildən Bakı şəhərində şəhərsalma qaydaları kobud şəkildə pozulur. Bu, özünü həm binalar arasında olan məsafənin pozulması, həm yaşayış və qeyri-yaşayış sahələrinin bir-birinə uyğunsuz şəkildə tikilməsi, həm yol infrastrukturu, həm də mənəvi baxımdan göstərir:
"Təsəvvür edin ki, yeni tikilən binalar bəzən köhnə binaların kommunikasiya sisteminə qoşulur. Məsələn əgər bir 5 mərtəbəli 60 mənzilli binanın kommunikasiya sisteminə iki 100 mənzilli 16 mərtəbəli bina da qoşulur. Əlavə yüklənmə kommunal sistemlərin də sıradan çıxmasına səbəb olur".
Qeyd edək ki, NK-nın sözügedən qərarına görə, hər hansı bir bina ilə bağlı müəyyən edilmiş ara məsafələri sonradan həyata keçirilən sərhəd dəyişmələri və ya torpaq sahələrinin bölünməsi zamanı azaldıla və ya onların üzərində tikinti aparıla bilməz.