BAKI, 8 oktyabr — Sputnik. Onu kinolardan və seriallardan tanıyırıq. Bir də zəhmli səsindən ürək titrədən şeirlər dinləyib qiraətinin sehrinə dalmışıq.
Müsahibim Bakı Bələdiyyə Teatrının aktyoru Tural Əhməddir.
— Xoş gördük, Tural bəy. Bizə özünüz haqqında danışın, zəhmət olmasa.
— Tural Mahmud oğlu Əhməd. 1983-cü il 9 may tarixində Bakı şəhərində doğulmuşam. İlk orta təhsilimi Mərdəkan qəsəbəsində yerləşən 181 saylı orta məktəbdə almışam. 1995-ci ildə 151 saylı orta məktəbdə orta təhsilimi davam etdirmişəm və orta təhsilimi orda başa vurmuşam. 2001-2005-ci illərdə Azərbaycan İctimai-Siyasi universitetinin jurnalistika fakultəsində təhsil almışam. 2005-2006-cı illərdə isə hərbi xidmətdə olmuşam. 2008-ci ildə Rüstəm İbrahimyovun Beynəlxalq Kino Akademiyasına qəbul olunmuşam. Hal-hazırda respublikanın xalq artisti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Balədiyyə teatrında çalışıram.
— Necə oldu ki, Bakı Bələdiyyə Teatrına gəldiniz?
— Təzə-təzə kinoya çəkilən vaxtlarım idi. Hal-hazırda bir teatrda çalışdığımız Tural Baxışla bir gün söhbət etdik. Xatırladım ki, biz həm də qonşuyuq, eyni binada yaşayırıq. Teatrdan söz düşdü və adaşım dedi ki, "istəyirsənsə Amaliya xanımla danışım, alınsa, gəl bizim teatra". Bu da mənim ağlıma batdı və Turala dedim ki, "Amaliya xanıma deyə bilərsən bu haqda?". Dedi, "yaxşı, deyərəm". Bir müddət sonra Tural zəng vurdu ki, Amaliya xanım deyir gəlsin. Mən də çox uzaqda idim, gedə bilmədim. Bir gün elə oldu ki, "Gülüm" serialına çağırdılar və orda aydın oldu ki, Amaliya xanımın oğlunu canlandıracağam. Buna görə sevindim və bir gün çəkiliş fasiləsində Amaliya xanımla bu söhbəti açdım. Dedim ki, "o vaxt Tural Baxış mənin haqqımda sizə demişdi, amma qismət olmadı görüşmək". Amaliya xanım da bir kəlmə "sağlıq olsun" dedi. 4-5 gündən sonra Zemfira Babayeva mənə zəng vurdu ki, "Amaliya xanım səni teatra götürür, istəyirsən?" Dərhal, "əlbəttə, istəyirəm" cavabını verdim. 2015-ci ilin may ayından Bakı Bələdiyyə teatrında çalışıram və burada çalışmaqdan da qürur duyuram. Bir ömür boyu da Amaliya xanım Pənahovaya minnətdaram. O insan mənə bu sənətdə çox dəstək olub.
— Peşəkar teatr səhnəsində ilk rolunuz hansı oldu?
— Peşəkar teatr səhnəsində ilk rolum Fridrix Şillerin "Məkr və Məhəbbət" tamaşında Ferdinand Fon Valter oldu. Amaliya xanım bu rolu mənə həvalə edəndə çox həyacanlanmışdım. Heç vaxt peşəkar səhnədə oynamadığıma görə bu cür çətin əsərdə birdən-birə baş rolu ifa etmək mənə çox vahiməli görünürdü. Bəhram Osmanov qururdu bu tamaşanı. Məşq proseslərində yavaş-yavaş açılışmağa başladım. 2016-cı ilin may ayının üçündə Akademik Milli Dram Teatrında bu tamaşanı oynadıq. Bir onu bilirəm ki, əlimdən gələni etdim ki, uğurlu alınsın. Tamaşadan sonra iki gün özümə gələ bilmirdim, ürəyimə salmışdım bu ifanı.
— İlk ekran işiniz hansı oldu?
— İlk ekran işim Ülviyyə Könülün rejissorluq etdiyi "Sirr" serialı olub. 2011-ci ildə Gənclərin Ümumrespublika Teatr Festivalında aktyor dostlarım Qorqud Cəfər və Azər Cəfərlə iştirak etdik. "Ata ocağı" tamaşası ilə festivalın qalibi olmuşduq. O tamaşanı izləyənlər arasında xalq artistimiz Vaqif Əsədov məni tamaşadan sonra "Sirr" serialına dəvət etdi. Orada İmran rolunu, yoldaşı ilə birlikdə gözdən əlil olan imkanlı iş adamını oynadım. Vaqif müəllimə həmişə təşəkkür edirəm ki, ilk peşəkar ekran işinə məni dəvət etdi və Ülviyyə Könülə də həmçinin, o da mənə inanıb çəkdiyi üçün.
— Ən çox hansı obrazınızı sevirsiniz?
— Oynadığım bütün obrazları sevirəm. Hamısı mənə əzizdir, hərəsinin öz yeri var. Valideyn övladlarını bir-birindən ayırmadığı kimi, mən də onları bir-birindən ayırmıram. Amma tanınmağa gəldikdə "Dəfnə ağacı" serialında Kamran roluna və "Pərdə" filmindəki Zaur roluna görə tanındım.
— İstər teatrda, istər kinoda canlandırmağı sözün əsl mənasında arzuladığınız obraz varmı?
— Teatrda hansı rolu mənə məsləhət bilirlərsə, həvəslə canlandırmağa çalışıram. Belə, arzusunda olduğum hər hansısa bir rol haqqında düşünməmişəm hələ. Hansı rol olsa, canımı qoymağa çalışıram. Kinoda isə tarixi qəhramanları oynamaq, ən böyük arzularımdan biridir. Şah İsmayıl Xətai, Çingiz xan və digər qəhramanlarımızın obrazlarını canlandırmaq istəyirəm.
— Özünüzü milli kinomuzda görürsüz, Avropa yoxsa Amerika kinosunda?
— Çox istəyirəm ki, milli kinomuz o qədər inkişaf eləsin ki, Avropa, Amerika arzusunda olmayaq. Mən elə Azərbaycanın aktyoru olaraq tanınmaq istəyirəm və Azərbaycanımızı tanıtdırmaq istəyirəm. Kaş ki, hər şey yaxşılığa doğru dəyişə. Qismət!
— Müasir Azərbaycan film və serial sektorunun inkişafını nədə görürsüz?
— Keyfiyyətli iş olsa əgər, fərqi yoxdu serial və ya film, bu artıq inkişaf deməkdir. Yaxşıya heç kim pis demir, yaxşı elə yaxşıdır. Deyənlər də paxıl adamlar, öz millətini sevməyənlərdir. Türkiyədə əvvəl necə idi filmlər, seriallar, indi görün necədir? Çünki hər tərəfli keyfiyyət var işlərində. Maliyyə isə təbii ki, qaçılmazdır. İşini sevənlər bu işlə məşğul olmalıdırlar, pul qazanmaq üçün bu işdən xəbərsiz olanlar yox. Yaxşı iş onsuz da gec-tez pul gətirir.
— Bir teatr aktyorusuz. Sizcə müasir Azərbaycan ədəbiyyatındakı dram yoxsulluğunun səbəbi nədir?
— Dram yoxsulluğunun səbəbi yəqin dramı elə yoxsul düşünməkdədir. Məncə, problem budur. Beyin yoxsul olandan sonra yazıq dram necə olsun?
— Həm də bədii qiraətlə tanınır və sevilirsiz. Müasir poeziyada kimlərin imzasını bəyənirsiz?
— Çox sağ olun, təşəkkür edirəm. Uşaqlıqdan şeir oxumağı sevirəm, bu həvəs də mənə anamdan keçib. Onun mənə dediyi şeirləri əzbərləyərdim həmişə. Getdikcə, bu həvəs şeirə, ədəbiyyata qarşı məndə böyük sevgi yaratdı. Qiraət eləməkdən heç vaxt yorulmaram. Neçə vaxtdır kinoya, seriala çəkilmirəm, nə yaxşı qiraət edirəm.Yoxsa boş qalanda insan havalanır. Müasir Azərbaycan poeziyasında Ramiz Rövşəni oxuyuram və çox bəyənirəm. Sizin — Orxan Bahadırsoyun şeirlərini sevirəm və bir neçə şeirinizi də səsləndirmişəm, bundan sonra da səsləndirəcəyəm. Mehman Rəsulovun, Azər Cəfərin, İradə Əlilinin bir neçə şeirini səsləndirmişəm.
— Qəribədir ki, Bələdiyyə Teatrının aktyor və aktrisaları arasında çoxlu istedadlı bədii qiraətçilər yetişir. Bu kollektivlə bir poeziya gecəsi tamaşaçılar üçün də maraqlı olar.
— Çox yaxşı ideyadır. Teatra gedəndə gərək bu təklifi irəli sürüm. (gülür) Hüsniyyə Mürvətova, Elxan Rza və bir neçə aktyorumuz qiraətlə məşğuldurlar.
— Uzun müddətdir ki, Bələdiyyə Teatrı məkan problemi yaşayır. Yəqin ki, bu məsələ yaradıcı prosesdə də sizə mane olur?!
— Məni narahat etmir. Təbii ki, şəraitimiz olsa daha gözəl olar, amma bu teatrın şəraitsizliyində də xoşbəxtəm. Bu şəraitsizlikdə tamaşalar hazırlayırıqsa bizə həqiqətən afərin düşür. Şərait olsa gör nələr olar. İnşallah o da olar, ümidimizi üzmürük. Bakı Bələdiyyə teatrı yıxılmır və həmişə ayaqdadır.
— Bu gün daha çox bazar tələbinə uyğun fimlər, seriallar izləyirik. Sizcə, cəmiyyət sənətə tabe olmalıdır, sənət cəmiyyətə?
— Çəksinlər və pullarını qazansınlar. Amma arada keyfiyyətli, düşündürücü, ciddi filmlər də çəkilməlidir. Həyat elə lağ-lağıdan ibarət olan "komediya" filmlərindən ibarət deyil axı. Bu çox geniş mövzudur, adam bilmir haradan başlayıb, harada qurtarsın. Düzdür, insanlarımızın çoxu çəkilən dram filmlərimizi bəyənmir və ancaq komediya filmlərinə baxmağa gedirlər. Amma bu demək deyil ki, komediya filmlərimizin hamısı yüksək səviyyədə çəkilir. Sadəcə insanlarda adət halını alıb komediyaya baxmaq. Ciddi filmlərə də baxanda dəxlisiz yerində gülənlər də olur. (gülümsəyir) Əlbətttə, cəmiyyət sənətə tabe olmalıdır. Ona görə də tabe eləmək üçün yaxşı işlər görülməlidir.
— Tural Əhməd – yaraşıqlı, xarizmatik aktyor. Həm də teatr səhnəsində yetişmiş istedad. Yəni film, serial rejissorları üçün xəzinə əhəmiyyətli tapıntı. Bəs niyə ekranda az-az görünür?
— Çox sağ olun, minnətdaram. Bəlkə də dediyiniz o təriflərə layiq deyiləm, yaraşıqlı yüz faiz deyiləm. (gülür)
— Özünüzə haqsızlıq etməyin…
— Özümə yaraşıqlı deyə bilmərəm axı. (gülür) Az görünməməyimin səbəbi hər çağırılan təklifi qəbul eləməməyimdədir. Bəzən də yada düşmürəm, bəzən isə yada düşüb də çağırılmaq istənmirəm. İndi nədənsə çəkilmək üçün "dostum, qardaşım" kəlmələrini çox işlətməlisən.Təbii ki, hamıya şamil eləmək olmaz. Amma təəssüf ki, indi çoxları ekranda görünmək üçün hansı hoqqalardan çıxmırlar ki!? Qıraqdan baxanda isə çox bəsit və gülünc görünürlər. Nə isə… Bu yaxınlarda seriala çəkilməliyəm, yerimi gözləyirəm.
— Yaraşıq, gözəllik, valehedici xarici görünüş insana ən çətin qapıların açılmasına da kömək edir. Bəs siz öz yaraşığınızdan açar kimi istifadə etmisiz?
— Dediklərinizlə razıyam. Sadaladıqlarınız çox qapıların açılmağında açar kimi istifadə olunur. Amma bizdə belə şeylərə çox önəm verilmir. Ekranda görünənlərin hamısı məgər yaraşıqlı və istedadlıdırlar? O açarı istifadə eləməmişəm. (gülür) Məndən yaraşıqlılar çoxdur, onlar istifadə edirlər.
— Hal-hazırda üzərində işlədiyiniz tamaşa, film və ya serial varmı?
— "Laləli saray" serialına dəvət almışam. Tamaşa da planda var. Hələ dəqiq nəsə deyə bilmərəm.
— Müsahibə üçün təşəkkür edir, işlərinizdə uğurlar arzulayırıq.
— Çox sağ olun gözəl müsahibəyə görə. Sizə də hər zaman uğurlar arzu edirəm!