Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Xalqın şairi" kimdir?

Abunə olmaq
Yaxud, niyə şair bir xalqındır və xalqın öz şairləri var?

BAKI, 6 sentyabr — Sputnik. Xalq və şair sözlərinin ikisini bir cümlədə işlədəndə yadıma məşhur "Bəxt üzüyü" filminin təbdən yoxsul qəhrəmanı Moşu Göyəzənli düşür. Bəlkə bayağı bir xatırlamadır, amma nə etmək olar, bəzi həqiqətlərin əlindən də qaçmaq olmur. Həqiqət isə odur ki, əgər şair tək bir xalqındırsa və bir xalq da öz ölkəsinin şairlərinindirsə, nəticədə elə Moşu Göyəzənli kimi şairlər yetişir.

Şair Con Eşberi 2011-ci ildə - Sputnik Azərbaycan
Dahi şair dünyasını dəyişdi

Son dönəm qızğın müzakirələrə və mübahisələrə səbəb olan "Xalqın şairi" müsabiqəsi haqqında ilk xəbəri oxuyanda, artıq az-çox müasir dünyanın tələbləri ilə, ümumbəşəri mövzularla maraqlanan şairlərin də xalq adı altında qəliblənməsi üçün proseslərin başlandığına əmin oldum. Bu cür proseslərin qəsdən başladılması bəlkə də mifdir. Lakin istər qəsdən, istər təbii şəkildə başlanan bu proseslərin ümumi ədəbi-mədəni sənət mühitinə elə böyük zərərləri var ki, onları saymaqla bitməz.

Ümumiyyətlə, şeir müsabiqəsi keçirilməsinin əleyhinəyəm. Bu, mənim şəxsi fikrimdir. Əlbəttə, başqaları bunu dəstəkləyə bilər. Lakin dəstəkləyənlərin də cavab tapmalı olduqları mühüm bir sual var: şeirə hansı meyarlarla qiymət verilir? Axı poeziya fərdə görə dəyişir. Axı şeirlər özündə olduqca müxtəlif fikirləri, duyğuları ehtiva edir. Axı poeziya həm də zövq məsələsidir. İnsanın daxili dünyasını tərənnüm edən bu şaxəli ədəbiyyat sahəsini necə, hansısa ölçülərə görə müqayisəyə çıxarmaq olar?

Şeirə münsif heyəti təyin edib, onsuz da maddi sıxıntılardan cana gəlmiş saysız-hesabsız ədəbiyyat adamlarını evlə şirnikləndirmək ədəbiyyatı sirk səhnəsində kukla kimi oynatmaqdır. Hələ bunu xalqın adı ilə hörülmüş divarların arasına salıb, bu divarlardan milyon arşın uzaqda oturan xalq üçün təntənəli ədəbi məclis qurmaq ədəbiyyata ikiqat təhqirdir.

"Xalqın şairi" kimdir? Niyə şair bir xalqındır və xalqın öz şairləri var? Məgər şeir bəşəri ədəbiyyat məhsulu deyilmi? Məgər şeir ümumi insan məfhumunun fikir və duyğularının sözləşmiş forması deyilmi? O zaman xalq hardan çıxdı? Şairin xalqı yox, cəmiyyəti olar və bu cəmiyyətdə dünyanın hər güşəsindən insanlar toplana bilər. Əgər bir şeir dünyanın hər yerindən olan insanların hislərini tərənnüm etmirsə, o zaman bu, şeir yox, hansısa ölkənin siyasi gedişatına və xalqın milli-mənəvi dəyərlər üçün hazır tutduğu alqışa hesablanmış söz toplusudur.

Orxan Bahadırsoy, köşə yazarı - Sputnik Azərbaycan
Ələbaxan yazıçının, şairin günü...

İkinci və mühüm problemlərdən biri də odur ki, sözügedən müsabiqəyə etiraz edənlər bu məsələlərə yox, bəstəkar-müğənni Elza Seyidcahanın orada münsif oturmasına etiraz edirlər. Məncə, elə ən çox Elza Seyidcahanın şeir müsabiqələrində münsif oturmağa haqqı var. Dərhal məni qınamağa başlamayın. İcazə verin, sizə fikrimi daha geniş izah edim.

Düşünək ki, hansısa teatrda səhnələşdirilməsi üçün dram əsərləri müsabiqəsi keçirilir. Bu müsabiqənin münsif heyəti təkcə dramaturqlardan ibarət olsa, əlbəttə, ədalətli olmayacaq. Çünki teatrda səhnələşdirmək üçün seçilən dram əsərinə bir dramaturqun qiymət verməsi nə qədər mühümdürsə, bir rejissorun və bir aktyorun da qiymət verməsi o qədər mühümdür.

Bu baxımdan şeirlər də musiqi ilə səhnələşdirilir axı. Elza Seyidcahan da kifayət qədər bilikli musiqiçidir və çox uğurlu bəstəkardır. O, musiqi üçün yararlı şeirlər seçməkdə faydalı məsləhətlər verə bilər və bununla müasir musiqimiz bayağı söz yığınlarından qurtula bilər.

İndi lazımdır ki, bu iki məsələni bir-birinə qarışdırmayaq. Münsif heyəti şeirə yox, mahnı üçün uğurlu olan şeirlərə, daha dəqiq desək, mahnı mətnlərinə təyin olunmalıdır. Orda bir şair, bir bəstəkar, bir də müğənni oturub, mövzu və məna yoxsulluğu çəkən müasir musiqimiz üçün kifayət qədər yaxşı şeirlər seçməlidir. Belə olan halda sözügedən müsabiqəni dəstəkləmək olar.

İndiki vəziyyətdə isə müsabiqənin problemi Elza Seyidcahan deyil, şeirin çərçivələrə salınması, xalq pafosu ilə yüklənməsi və şairlərin gözünü bir evlə oxşayıb bu prosesə alət etməkdir. Müsabiqə təşkilatçıları o evin puluna bir fond yaradıb beş-on ədəbiyyat adamına bir illik təqaüd ayırsaydı, bundan daha çox iş görmüş olardılar ədəbiyyat adına. Yoxsa bu sirk səhnəsi hələ çox gülüş hədəfi olacaq.

Xəbər lenti
0