BAKI, 13 sentyabr — Sputnik. Müasir dövrdə nənələr gənclikdən gileylənən, tez-tez öz dövründən nümunələr gətirib öyüd-nəsihət verən ağbirçəklərdir. Hər kəs onlara bir cür münasibət bəsləyir. Lakin keçmiş mahnılara, daha dəqiq desək, qədim xalq mahnılarımıza diqqət yetirəndə, nənələrin insanlar arasındakı münasibətlərdə necə ciddi rol oynadığını görürük.
Bu mahnılarda sevgilisi ilə görüşmək istəyənlərin ən böyük əngəli nənədir. Bu qəddar nənə zavallı aşiqlərə necə zülm edibsə, onların dərdi mahnılara çevrilib, dillərdə dolaşıb, bu günümüzədək gəlib çıxıb.
Onlardan bir neçəsini xatırlayaq. Məşhur xalq mahnılarımızdan birində qız nənəsinə müraciət edərək belə deyir:
Yarıma demişəm mənə saz alsın!
Sazı çalım, dərdi-qəmim azalsın!
Məgər mən ölmüşəm, yarım qız alsın?
Aman nənə, zalım nənə, yar nənə, ay yar nənə!
Mahnıdan məlum olur ki, nənə qızla oğlanın görüşməyinə icazə vermirmiş. Oğlan da bu hicrandan təngə gəlib, başqa bir sevda axtarışına başlayıb. Dərdə, qəmə düçar olan qız da əzabını mahnıya çevirib.
Məşhur "Səkinə dayı qızı nay-nay" mahnısında oğlan nənəsinin işgəncəsindən necə təngə gəlibsə, dayısı qızı Səkinəyə belə deyir:
Nənəmi yola sallam,
balam nay, yarım nay,
Səkinə dayı qızı nay-nay!
Gün batanda gəl bizə,
neylim yar, neylim yar?
Bir bəhanə axtarıb nənəsini yola salmağa çalışır ki, dayısı qızı Səkinə ilə görüşməyə fürsət tapa bilsin. Həm də Günəş batandan sonra planlaşdırır görüşü. Sözlərin ən ağrılı hissəsi isə sonda dediyi "neylim yar?" hissəsidir. Yəni başqa çıxış yolumuz yoxdur, nə edə bilərik ki?
Nənə əngəlini aşmağa çalışaraq, Ay batandan sonra da görüşmək istəyən sevgililər olub. "Get ay batandan sonra gəl, ay oğlan" mahnısında qız sevdiyi oğlana belə deyir:
Get ay batandan sonra gəl, ay oğlan!
Nənəm yatandan sonra gəl, ay oğlan!
Təsəvvür edin ki, nənə insomnia xəstəsidir. Yəni yuxusuzluq sindromundan əziyyət çəkir. İndi o aşiqlərin halını özünüz təsəvvür edin də.
Nənəyə həsr olunan ən məşhur mahnılardan biri də "Qoy yarım gəlsin, ay nənə" mahnısıdır. Bu mahnıda isə vəziyyət daha da qəlizdir.
Qoy gülüm gəlsin, ay nənə!
Qoy yarım gəlsin, ay nənə!
Qapıda duran oğlana,
irəhmin gəlsin, nənə!
Təsəvvür edirsiz, qız öz sevdiyi oğlanla görüşmək üçün vədələşib, oğlan ta qapıyacan gəlib, amma nənə qapının önündə qəddarcasına durub və oğlanı evə qoymur. Qız da yalvararaq bu mahnını oxuyub, nənədən mərhəmət diləyir, onu yola gətirməyə çalışır.
Bu məzəli xalq mahnılarımızın yaranma tarixi dəqiq məlum deyil. Lakin bu mahnıların məzmunundan belə anlaşılır ki, cəmiyyətimizin madərşahlıq, yəni anaxaqanlığı dönəmində ərsəyə gəlib. Bildiyimiz kimi, madərşahlıq dönəmində ictimai-siyasi məsələlərdə qadınlar üstünlük təşkil ediblər.
Bu mahnılarda oğlanla görüşmək istəyən qızlar atadan, qardaşdan deyil, məhz nənədən qorxurlar, nənəyə yalvarır, nənədən imdad diləyirlər. Mümkündür ki, bu mahnıların yazıldığı dönəmin danışıq formasına uyğun olaraq, nənə həm də anaya deyilsin. Lakin yenə də patriarxatdan, yəni ataxaqanlığından, kişi üstünlüyündən əsər-əlamət yoxdur. İndi isə vəziyyət hər nə qədər şəxsə görə dəyişsə də, patriarxat qığılcımları hələ də alovlanmaqdadır.
Digər tərəfdən, belə hiss olunur ki, bu mahnıların qəhrəmanları olan nənələrin ərləri ölüb. Yəni onların aşiqlərin görüşməsinə mane olmaları tipik əxlaqi məsələdən daha çox, qısqanclığa bənzəyir. Əlbəttə, yaşı azca ötmüş insanların ailə qurmasına, sevməsinə, sevilməsinə məsxərə ilə yanaşan, bunu əxlaqsızlıq hesab edən cəmiyyətlərdə bu cür nənələrin yetişməsi və bu cür mahnıların yaranması da qeyri-adi hal deyil.