Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bəs necə Biləcəridən o yana keçə bilərik?

Abunə olmaq
Eyni şeyi özümüzə nə qədər təkrar edib duracağıq?

Cəmiyyətimizin sənədli, elmi-bədii filmlərə nə qədər marağı var, bilmirəm?! Ola bilər ki, sənədli, elmi-bədii filmlərin çəkilməsi, telekanallarda, kinoteatrlarda yayımlanması, xəbər portallarında manşetə çevrilməsi reytinq baxımından uğursuz olsun. Lakin tarixi təcrübələrə əsaslanaraq demək olar ki, ədəbiyyata, rəsmə, musiqiyə, teatra, kinoya maraq da bu sahələrin geniş şəkildə təbliğ-tərənnüm olunmasından sonra yaranıb. Əgər bir insan sənədli, elmi-bədii filmlərin varlığından xəbərsizdirsə, yaxud sadəcə adını eşidibsə ona nə qədər maraq göstərə bilər ki?

Bu gün Azərbaycanda sırf sənədli filmlər yayımlayan bir telekanal belə yoxdur. Fəaliyyət göstərən yerli telekanalların da öz istehsalı olan mühüm mövzulu sənədli filmləri yoxdur. Ən yaxşı sənədli filmlər ANS telekanalında yayımlanırdı. Bunlar da çox vaxt hansısa tarixi şəxsiyyət haqqında, hansısa müharibə, silah və ya incəsənət sahələri haqqında olurdu. ANS telekanalı bağlandıqdan sonra sənədli filmlər ərşə çəkildi.

Son dönəm Azərbaycan telekanallarında yayımlanan kimya, biologiya, fizika, coğrafiya, astrofizika və digər əhəmiyyətli elmi mövzularda neçə sənədli film izləmisiz? Mən bircəsinə də rast gəlməmişəm.

Amerikanın saysız-hesabsız sənədli film telekanalları var. "National Geographic Channel", "Discovery Channel", "Discovery Science", "Discovery World" və başqa sənədli film telekanalları coğrafiya, kimya, biologiya, fizika, astrofizika, tarix, texnologiya və digər elmi mövzularda müxtəlif sənədli filmlər yayımlayır. Sonra da elmə yetmiş arşın uzaqda oturan zavallı cəmiyyətlər giley-güzarla qışqırır ki, Amerika dünyaya hökmranlıq edir. Kosmosa gündə bir cihaz göndərib, yaxın gələcəkdə Marsa insan göndərməyi planlaşdıran, öz insanına həyatın hər anında elm və mədəniyyət təbliğ-tərənnüm edən bir toplum nəinki dünyaya, bütün kainata hökmranlıq edər, əlbət.

Bizdə sənədli film dedikdə "Muğam mədəni sərvətimizdir", "Üzeyir Hacıbəyov şərqdə ilk operanın müəllifidir", "Mirzə Fətəli Axundov şərqin ilk dramaturqudur", "Qəmər Almaszadə şərqin ilk balerinasıdır", "Şərqdə ilk demokratik respublika bizdə qurulub", "Ağ və qara qızılımız var" tipli cümlələrlə başlayan və elə eyni məzmunlu cümlələrlə bitən, özümüzü özümüzə təriflədiyimiz pafosla yazılmış mətnlər ağıla gəlir. Bunları bildik də. Orta məktəbdə də öyrəndik, universitetdə də. Eyni şeyi özümüzə nə qədər təkrar edib duracağıq? Ən əsası, bunları hər gün təkrarlamaq bizi bizim sərhədlərimizdən uzaqlara nə qədər apara biləcək?

Bir az böyük cümlə olacaq, amma yazmalıyam. Mən həmişə deyirəm ki, sənəti elmin qarşısında kütləvi informasiya vasitəsinə çevirmək lazımdır. Ədəbiyyat da, rəsm də, kino da, teatr da, televiziya verilişləri də, radio proqramları da öz auditoriyasını öyrətməlidir. İstənilən elmi mövzunu sənət vasitəsi ilə o qədər mükəmməl şəkildə öyrətmək olar ki, auditoriya bundan həm həzz alar, həm də öyrəndiklərini ətraflı şəkildə anlayar.

Təxəyyül də, təsəvvür də, bədiilik də gözəldir. Əyləncə, şou xarakterli televiziya verilişləri, radio proqramları da olmalıdır. Bunları silib atmaq olmaz ki. Lakin bunların paralelində elmin səhnəsi qurulmalıdır. Bu baş tutarsa insanlar orta məktəbdə, ali məktəbdə öyrəndiklərindən də daha artıq elmi biliyə yiyələnərlər. O zaman bəlkə biz də Andromedaya cihazlar göndərib, Veneraya insan yollayarıq.

Bizdə elmi-bədii film janrı isə ümumiyyətlə, yoxdur. Rejissorların (?) əlinə düşən pullar da bayağı komediya filmlərində zay olub. Ortaya bir sənət məhsulu da çıxmayıb ki, heç olmasa "elmim yoxdur, mədəniyyətim var" deyə bilək.

Göz dəyməsin, müxtəlif iqlim qurşaqları ilə zəngin olan, hər yanında dağlar ucalan, şəlalələr, çaylar axan, göllərlə naxışlanan, mahiyyəti göl, amma adı dəniz olan Xəzərə baş vurmuş qoca qartalın o qədər füsunkar yerləri var ki, bu yerlərdə qeyri-adi şəraitlərdə yaşaya bilən canlı varlıqlar haqqında, qədim insanların yaşayış tərzindən nişan verən qazıntılar haqqında, dünyada nadir tapılan bitkilər haqqında müxtəlif sənədli, elmi-bədii filmlər çəkmək olar. Adı olub, fəaliyyəti olmayan rəsədxanamız da bu məsələdə öz köməyini göstərsə səmaya teleskop tutub cəmiyyətimizi göy üzünün füsunkarlıqları ilə də tanış edə bilərik.

Bayağı şou qalmaqalları ilə, medianın qeyri-dəqiq fəaliyyəti ilə, tarixi uğurlarımızı hər gün təkrarlayıb durmaqla, ailə-məişət, savaş-döyüş mövzulu və ya da romantik Hollivud və Bollivud filmlərini dublyaj edib göstərməklə, el dilində desək, Biləcəridən o yana keçmək mümkün deyil. Bəs necə Biləcəridən o yana keçə bilərik? Bu yararsız repertuarın, tarixi uğurlarımızı robot kimi təkrarlamağın əvəzinə elmə meydan açsaq, mədəni repertuarımızı sənədli, elmi-bədii materiallarla zənginləşdirsək, Biləcəridən də o yana keçərik, Astaradan da, Qazaxdan da, Naxçıvandan da.

Xəbər lenti
0