BAKI, 2 fev — Sputnik. Azərbaycanda davam edən iqtisadi böhran bütün sahələrə öz təsirini göstərir. Böhran idman sahəsindən də yan keçməyib. Bir neçə gün öncə Azərbaycan Beynəlxalq Bankı "İnter" futbol klubuna və Karate Federasiyasına sponsorluq etməkdən imtina edib və müqavilənin müddətini uzatmayıb.
Eyni zamanda, bir çox federasiyalar maddi çətinlik çəkir. Hətta bəzi federasiyalar bir neçə aydır ki, idmançıların maaşlarını verə bilmir. Nəzərə alsaq ki, 2017-ci ildə mötəbər idman yarışları keçiriləcək, maddi durumun belə vəziyyətdə olması idman cameəsində bir çox çətinliklərin yaranmasına səbəb olacaq. Sputnik Azərbaycan-ın əməkdaşı böhranın idman aləmində daha hansı nəticələrə səbəb olacağını idman ekspertlərindən və idman jurnalistlərindən soruşub.
"Futbol +" qazetinin əməkdaşı Sərxan Musalı vəziyyətin acınacaqlı olduğu qənaətindədir: "3 il əvvəldən başlayan böhran getdikcə daha da şiddətlənir. Böhran əvvəlcə voleybolda, sonra futbolda özünü göstərdi. Otüstü hokkey çökdü. Sonra fərdi idman növlərinə sirayət etdi. Bu gün hətta boks və güləş kimi idman növlərində də maaş problemi var. "Lokomotiv" İSM kimi 80 yaşlı idman cəmiyyəti dağıldı. Azərbaycan Beynəlxalq Bankı "İnter" və karateni maliyyələşdirməkdən imtina etdi. Hələ bunun davamının gələcəyini düşünürəm".
"Report" İnformasiya Agentliyinin İdman Departamentinin rəhbəri Elşən Məmmədov isə deyib ki, sponsorların idman klubları və ya federasiyalarını maliyyələşdirməkdən imtinası obyektiv və subyektiv amillərə əsaslanır: "Obyektiv səbəb aydındır — manatın devalvasiyaya uğraması iş adamlarının da fəaliyyətində problemlər yaradıb. Amma onlar yaranmış vəziyyətdə idmanla bağlı xərclərə qənaət etmək əvəzinə, məsələnin "kökündən həlli"nə üstünlük verirlər. Bu isə heç də yaxşı perspektiv vəd etmir və dolayısı ilə dövlətin idman siyasətinə qarşı çıxmaq anlamına gəlir. Onlarda belə təsəvvür yaranıb ki, işlərində hansısa maddi sıxıntı yaransa, ilk növbədə, idmana sahəsinə sponsorluqdan çəkilməlidirlər. Halbuki, məhz dövlətin yaratdığı imkanlar nəticəsində onlar vaxtilə öz bizneslərini inkişaf etdirməyə nail olublar və bunun sayəsində önə çıxa biliblər".
E. Məmmədov onu da qeyd edib ki, sponsorlar idmandan çəkilməyə davam etsələr, federasiyalar və klublar legionerlərdən imtina etməli olacaq: "Çünki əcnəbi idmançılar Azərbaycanda xarici valyuta ilə yüksək məbləğdə əmək haqqı alırlar. Belədə, aparıcı federasiyalar yerli idmançılar hesabına nəinki olimpiadalarda, hətta dünya və Avropa çempionatlarında əvvəlki kimi yüksək nailiyyətlər göstərə bilməyəcək. Digər federasiyalar, xüsusən, qeyri-olimpiya təmayüllüləri daha böyük çətinliklərlə, hətta fəaliyyətlərini dayandırma təhlükəsi ilə üzləşəcəklər. Bunlar isə ölkədə idmanın kütləviliyinə böyük zərbə vuracaq, xeyli sayda idman qurğusunun, olimpiya komplekslərinin fəaliyyətsiz, minlərlə insanın işsiz qalmasına səbəb olacaq".
İdman eksperti Natiq Muxtarlı Azərbaycanın idman təsərrüfatında sponsorluq anlayışının olmadığını bildirib: "İdmana sponsorluq edənlər ayrı-ayrı nazirliklər və iş adamlarıdır. Hazırda iqtisadi böhran yaşandığı üçün onların idmana ayırdığı vəsaitin azaltması anlaşılandır. Özü də, bu vəsait nə qədər azaldılsa belə, yenə də kifayət qədərdir. Dünənə qədər idman təsərrüfatına ayrılan vəsait ağlasığmaz dərəcədə çox idi. Ancaq bu vəsait sırf idmanın inkişafına yönəldilmirdi. İdman təsərrüfatında olan müəyyən şəxslər bu vəsaiti mənimsəyirdilər. İndi isə onların mənimsəmə arealı azalacaq. Yəni, vəsaitin azalması idman nəticələrinə təsir etməməlidir".
"Təbii, mən sağlam idarəetmə sistemini nəzərdə tutaraq bu iddianı səsləndirirəm. Elə götürək futbol təsərrüfatını. Klublarımız yağ-bal içində yaşayanda nə qazandıq? Demək olar ki, heç nə. Yığma komanda inkişaf etmədi, klublarımızın da gücü ancaq Avropa Liqasının qrup mərhələsində oynamağa çatdı. Böhran başlayandan sonra nə baş verib? Futbolçularımız xarici ölkələrin çempionatlarına üz tutmağa başlayıblar. Bu amil futbolçunun inkişafında müstəsna əhəmiyyətə malikdir. Yığma komandanın nəticəsi nisbətən də olsa yaxşılaşıb, klublarımız yenə də Avropa Liqasının qrup mərhələsində çıxış edir" — Muxtarlı bildirib.
Ekspert digər idman növlərində də vəziyyətin eyni olduğunu dilə gətirib: "Dünənə qədər pul çox idi, gedib xaricdən hazır idmançılar gətirirdilər, yerli idmançıları yetişdirmək heç kimin marağında deyildi. Çünki xərclənən ağlasığmaz vəsaitin müqabilində dərhal nəticə verməyə çalışırdılar. Bu gün pul yoxdur, bahalı legionerlərdən imtina olunacaq. Əvəzində yerli idmançıların yetişdirilməsinə maraq yaranacaq. İndiki halda federasiyalar buna məcburdurlar".
N. Muxtarlının sözlərinə görə, müxtəlif beynəlxalq yarışlarda medalların sayının qismən də olsa azalması istisna deyil: "Amma əvəzində yerli idmançıların təcrübəsi artacaq və bir neçə yarışdan sonra medal sayında artım olacaq. İndiki halda biz iqtisadi böhrana minnətdar olmalıyıq. Böhran olmasaydı, idman təsərrüfatında məsələyə kompleks yanaşma heç vaxt olmayacaqdı. İndi isə buna məcburdurlar".