BAKI, 6 sent — Sputnik. "Son illərdə Azərbaycanda çox sayda dünya miqyaslı idman tədbirləri keçirilir".
Bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin (AzMOK) vitse-prezidenti Çingiz Hüseynzadə bu gün, Sputnik Mətbuat Mərkəzində keçirdiyi tədbirdə deyib. Onun sözlərinə görə, bir neçə həftə əvvəl XXXI Yay Olimpiya Oyunları başa çatıb.
"Azərbaycan idmançıları çox uğurla çıxış ediblər. Bir sıra parametrlər üzrə biz çox yüksək nəticələr əldə etmişik. Sabah Paralimpiya Oyunları başlayır. Biz ümid edirik ki, bizim idmançılarımız orada da yaxşı nəticələr göstərəcəklər" — deyə Hüseynzadə bildirib.
O, qeyd edib ki, son illərdə Azərbaycanda çox sayda dünya miqyaslı idman tədbirləri keçirilir: "Rio-2016 rekordlarla yanaşı öz ədalətsizlikləri və oğurluqları ilə birlikdə idman karnavalı idi. Bu saatlarda Bakıda şahmat olimpiadası keçirilir. Biz idmanın bu növünə böyük diqqət ayırırıq, baxmayaraq ki, o, Olimpiya idman növü deyil".
Vitse-prezidentin dediyinə görə, bu il Bakıda Formula 1 Avropa Qran Prisi tədbiri çox uğurlu keçib: "Ötən il Birinci Avropa Oyunları keçirildi. Gələn il də çoxlu tədbirlər keçiriləcək. Onlardan biri də ilk növbədə İslam Həmrəyliyi Oyunlarıdır. Eyni zamanda Bakı qadın voleybolu üzrə çempionata da ev sahibliyi edəcək".