BAKI, 20 dek-Sputnik. Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Andrey Karlovun ötən gün Ankarada qətlə yetirilməsi diplomatiya tarixindəki sui-qəsdləri gündəmə gətirib. Bu, Türkiyə torpaqlarında qətlə yetirilən ikinci diplomatdır. İlk dəfə 1903-cü ildə Osmanlı imperiyasının tərkibindəki Bitolda (Manastr) rus konsul Aleksandr Rostkovski qətlə yetirilib. Bu hadisənin günahkarı konsul özü olsa da (rəsmi mundirini geyinmədiyi üçün əsgərlər onu tanımamış, hərbi salam verməmiş, o da buna etiraz etmişdi. Nəticədə əsgərlər tərəfindən öldürülmüşdü-red.), sonra Rusiya ilə Osmanlı arasında münasibətlərin gərginləşməsinə vəsilə olmuşdu. Rusiya və SSRİ diplomatlarına edilən hücumlara gəldikdə isə ilk belə hadisə 1923-cü ildə baş verib. Həmin vaxt İsveçrənin Lozanna şəhərində SSRİ-nin bu ölkədəki səfiri Votslav Vorovski öldürülüb.
Türk diplomatlara qarşı ilk hücum kimi qiymətləndirilən bu hadisə daha sonra bu tip cinayətlər zəncirini başladıb və erməni terror təşkilatlarına pis bir nümunə olub.
Dünyada ən çox Türkiyə diplomatlarına sui-qəsd edilib
Türk diplomatlara qarşı teraktların statistikası belədir:
1. 27 yanvar 1973-cü il. ABŞ, Los Angeles — Mehmet Baydar və Bahadır Demir.
2. 22 oktyabr 1975-ci il. Avstriya, Vyana — Daniş Tunalıgil. Türkiyənin Vyana səfiri Daniş Tunalıgil səfirliyə hücum edən 3 terrorçu tərəfindən öldürülüb.
3. 20 fevral 1975-ci il. Beyrutdakı Türk Hava Yollarının bürosu bombalanıb. Hadisəni Gizli Erməni Ordusunun Əsir Yanikyan Qrupu öz üzərinə götürüb.
4. 24 oktyabr 1975-ci il. Fransa, Paris — İsmayıl Erez və Talip Yener. Türkiyənin Parisdəki səfiri İsmayıl Erez və xidməti sürücüsü Talip Yener səfirliyin yaxınlığında qətlə yetiriliblər. Səfirin xidməti maşını səfirliyin yaxınlığındakı Sena çayı üzərindəki körpüdə tələyə salınıb. Maşın gülləbaran edilib, səfir və sürücüsü öldürülüb. "Erməni Soyqırımı Ədalət Bərpaçıları" adlı təşkilat öz üzərinə götürüb.
5. 16 fevral 1976-cı il. Livan, Beyrut — Oktar Cirit. Türkiyənin Beyrutdakı səfirliyinin baş katibi Oktar Cirit bir salonda oturarkən, erməni terrorizminin qurbanı olub. Hücumu ASALA öz üzərinə götürüb. ASALA ilk dəfə məhz bu cinayətlə adını dünyaya eşitdirib.
6. 9 iyun 1977-ci il. İtaliya, Roma — Taha Carım. Türkiyənin Vatikan səfiri Taha Carım səfirlik iqamətgahının qarşısında iki terrorçunun açdığı atəş nəticəsində öldürülüb. Qətli "Erməni Soyqırımı Ədalət Bərpaçıları" adlı təşkilat öz üzərinə götürüb.
7. 2 iyun 1978-ci il. İspaniya, Madrid — Necla Kuneralp və Beşir Balcıoğlu. Türkiyənin Madrid səfiri Zeki Kuneralpın xidməti maşınına 3 terrorçu tərəfindən atəş açılıb. Maşındakı səfirin xanımı Necla Kuneralp və istefada olan səfir Beşir Balcıoğlu həyatlarını itiriblər. Teraktı "Erməni Soyqırımı Ədalət Bərpaçıları" öz üzərinə götürüb. Bu akt zamanı ilk dəfə əcnəbi vətəndaş da erməni terroru nəticəsində ölüb. Səfirliyin xidməti sürücüsü, İspaniya vətəndaşı Atonyo Torres terrorçuların güllələrinə hədəf olub.
8. 12 oktyabr 1979-cu il. Hollandiya, Lahey — Ahmet Benler. Niderlanddakı Türkiyə səfiri Özdemir Benlerin oğlu Ahmet Benler silahlı basqın nəticəsində öldürülüb. Hadisəni bu dəfə həm "Erməni Soyqırımı Ədalət Bərpaçıları", həm də ASALA ayrı-ayrılıqda öz üzərinə götürüb.
9. 22 dekabr 1979-cu il. Fransa, Paris — Yılmaz Çolpan. Türkiyənin Paris Turizm müşaviri Yılmaz Çolpan bir terrorçunun hücumu nəticəsində qətlə yetirilib. Bu hadisə erməni terrorizminin Parisdəki ikinci hücumu olub. Hadisədən sonra xəbər agentliyinə zəng edən bir nəfər Roma, Madrid və Parisdəki aktlara görə "Erməni Soyqırımı Ədalət Bərpaçıları" şəbəkəsinin məsuliyyət daşıdığını bildirib və deyib: "Türkiyə hökuməti ermənilərin hüquqlarını tanımadığı üçün Avropadakı türk diplomatları öldürürük"
10. 31 iyul 1980-ci il. Yunanıstan, Afina — Qalib Özmen və Neslihan Özmen. Türkiyənin Afinadakı səfirliyinin attaşesi Qalib Özmen və 14 yaşlı qızı Neslihan Özmen bir terrorçunun silahlı basqını nəticəsində qətlə yetiriliblər. Qalib Özmenin həyat yoldaşı Sevil Özmen və oğulları Kaan Özmen hadisə zamanı yaralanıblar. Hücumu ASALA öz üzərinə götürüb.
11. 17 dekabr 1980-ci il. Avstraliya, Sidney — Şarık Arıyak və Engin Sever. Türkiyənin Avstraliya baş konsulu Şarık Arıyak və onun mühafizəçisi Engin Sever də erməni terrorizminin qurbanı olublar.
12. 1980-ci il, 6 fevral. Türkiyənin İsveçrə səfiri Doğan Türkmen, Berndə terror hücumuna məruz qalıb, amma sağ qalıb.
13. 1980-ci il 17 aprel. Türkiyənin Vatikan səfiri Vecdi Türelin xidməti avtomobili atəşə tutulub. Türel və cangüdəni Tahsin Güvenç yaralanıblar.
14. 1980-ci il 26 sentyabr. Türkiyənin Paris səfirliyinin mətbuat katibi Selçuk Bakkalbaşı silahlı hücum nəticəsində yaralanıb.
15. 1981-ci il 4 mart. Fransa, Paris — Rəşad Moralı və Tecelli Arı. Türkiyənin Parisdəki səfirliyinin attaşesi Reşat Moralı və dini işlər üzrə müşaviri Tecelli Arı Çalışma attaşeliyindən çıxıb maşına mindikləri arada 2 terrorçunun hücumuna məruz qalıblar. Moralı hücum nəticəsində dərhal həyatını itirib, Arı isə ağır yaralanıb və aparıldığı xəstəxanada ölüb. Teraktı ASALA üzərinə götürüb. Bu, erməni terrorizminin Parisdəki üçüncü qəliamı olub. Türkiyə Türk diplomatlarını lazımi səviyyədə qorumadığı üçün Fransaya etiraz notası verib.
16. 9 iyun 1981-ci il. İsveçrə, Cenevrə. Mehmet Savaş Yergüz. Türkiyənin Cenevrədəki Baş Konsulluğunun katibi Mehmet Savaş Yergüz evinə getmək üçün konsulluqdan çıxandan dərhal sonra silahlı hücuma məruz qalaraq həyatını itirib. ASALA məsuliyyəti öz üzərinə götürüb. Hadisədən sonra yaxalanan Livan əsilli erməni terrorçu Mardiros Camgozyan, 15 il həbs cəzası alıb.
17. 24 sentyabr 1981-ci il, Fransa, Paris — Cemal Özen. Türkiyənin Paris Baş konsulluğu ilə Mədəniyyət attaşeliyinin yerləşdiyi binanı işğal edən 4 erməni terrorçu 56 türk vəzifəli şəxsini və vətəndaşını girov götürüb. Terrorçular onlara müdaxilə etmək istəyən mühafizə əməkdaşı Cemal Özeni öldürüb, baş konsul Kaya İnalı isə yaralayıblar. Erməni terrorçular Türkiyədə siyasi məhbus olan 12 nəfərin Parisə gətirilməsini tələb ediblər. İstəklərinin qəbul olunmadığını görən terrorçular 15 saatdan sonra polisə təslim olublar. Bu hadisəni ASALA üzərinə götürüb. 4 terrorçu isə 31 yanvar 1984-cü ildə Fransada hərəsinə 7 il həbs cəzası alıblar.
18. 2 aprel 1981-ci il. Türkiyənin Kopenhagendəki attaşesi Cavit Demir yaşadığı binanın liftində hücuma məruz qalaraq yaralanıb.
19. 25 oktyabr 1981-ci ildə Türkiyənin Romadakı səfirliyinin ikinci katibi Gökberk Ergenekon piyada yolla gedərkən hücuma məruz qalıb və yaralanıb.
20. 28 yanvar 1982-ci il. ABŞ, Los Angeles — Kemal Arıkan. Türkiyənin Los Angelesdəki baş konsulu Kemal Arıkan öldürülüb. Arıkanın qatili Daşnak yaraqlısı Hampiq Sasunyan həbs olunub.
21. 5 may 1982-ci il, ABŞ, Boston — Orhan Gündüz. Türkiyənin Bostondakı fəxri baş konsulu Orhan Gündüz məruz qaldığı silahlı basqında ölüb.
22. 7 iyun 1982-ci il. Portuqaliya, Lissabon — Erkut Akbay və Nadide Akbay. Türkiyənin Lissabondakı səfirliyinin attaşesi Erkut Akbay avtomobilində məruz qaldığı silahlı basqın nəticəsində öldürüldü. Bu zaman avtomobildə olan həyat yoldaşı Nadide Akbay yaralı şəkildə gətirildiyi xəstəxanada bir müddət sonra həyatını itirib.
23. 27 avqust 1982-ci il. Kanada, Ottava — Atilla Altıkat. Türkiyənin Ottavadakı səfirliyinin hərbi attaşesi Atilla Altıkat silahlı hücum nəticəsində ölüb.
24. 9 sentyabr 1982-ci il. Bolqarıstan, Burgaz — Bora Süelkan. Türkiyənin Burgaz baş konsulluğunun idarə attaşesi Bora Süelkan qətlə yetirilib.
25. 8 aprel 1982-ci ildə Türkiyənin Ottava səfirliyinin ticarət müşaviri Kani Güngör silahlı basqında yaralanıb.
26. 21 iyul 1982-ci il. Türkiyənin Rotterdamdakı baş konsulu Kemal Demirerə yaşadığı binanın qarşısında silahlı hücum edilib. Demirer yaralanıb, ona hücum edən şəxs də yaralı ikən ələ keçirilib.
27. 9 mart 1983-cü il. Yuqoslaviya, Belqrad — Qalip Balkar. Türkiyənin Belqraddakı səfiri Qalip Balkara 2 terrorçu silahla hücum edib. Ağır yaralanan Balkar 11 martda həlak olub. Hadisədə bir yuqoslav tələbə də ölüb. Hücum edən Kirkor Levonyan və Raffi Aleksandr hadisədən bir il sonra hərəsinə 20 il həbs cəzası alıblar.
28. 14 iyul 1983-cü il. Belçika, Brüssel — Dursun Aksoy. Türkiyənin Brüsseldəki səfirliyinin idarə attaşesi Dursun Aksoy erməni terrorçu tərəfindən qətlə yetirilib.
29. 27 iyul 1983-cü il. Portuqaliya, Lissabon — Cahide Mıhçıoğlu. Türkiyənin Lissabon səfirliyi 5 erməni terrorçu tərəfindan basqəna məruz qalıb və binadakılar görov götürülüb. Basqından sonra səfirliyin müşaviri Yurtsev Mıhçıoğlunun yoldaşı Cahide Mıhçıoğlu həlak olub. Portuqaliya polisi əməliyyat keçirərək girovları xilas edib. 5 terrorçu öldürülüb. Hücumu "Erməni İnqilab Ordusu" adlı təşkilat öz üzərinə götürüb. Terrorçuların öldürülməsi ilə əlaqədar olaraq ermənilər Portuqaliyanın baş naziri Mario Soarezi ölümlə hədələyiblər.
30. 28 aprel 1984-cü il, İran, Tehran — Işık Yönder. Türkiyənin İran səfirliyinin katibi Şadiye Yönderin həyat yoldaşı, İran və Türkiyə arasında ticarətlə məşğul olan iş adamı Işık Yönder bir ASALA terrorçusu tərəfindən öldürülüb.
31. 20 iyun 1984-cü il. Avstriya, Vyana — Erdoğan Özen. Türkiyənin Vyana səfirliyinin attaşesi Erdoğan Özen avtomobilinə yerləşdirilən bombanın patlaması nəticəsində ölüb. Hadisəni "Erməni İnqilab Ordusu" adlı terror təşkilatı üzərinə götürüb.
32. 19 noyabr 1984-cü il, Avstriya, Vyana —Evner Ergun. Türkiyənin BMT-dəki nümayəndəliyində vəzifə tutan Evner Ergun maşınına yerləşdirilən bombanın patlaması nəticəsində ölüb. Bu hadisəni də "Erməni İnqilab Ordusu" öz üzərinə götürüb.
33. 27 mart 1984-cü il. Türkiyənin Tehrandakı səfirliyinin ticarət müşavirinin köməkçisi Işıl Ünelin maşınına bomba yerləşdirməyə çalışan bir terrorçu bombanın əlində partlaması nəticəsində ölüb.
34. 28 mart 1984-cü il. Tehranda səfirliyin baş katibi Hasan Servet Öktem və səfirliyin attaşe köməkçisi İsmail Pamukçu evlərinin qabağında silahlı hücuma məruz qalaraq yaralanıb.
Dünya bu terror aktları ilə silkələnib
Qeyd edək ki, ötən əsrin ən qalmaqallı qətllərindən biri 6 iyul 1918-ci ildə Moskvada Almaniyanın Rusiya səfiri Vilhelm fon Mirbaxa qarşı törədilmiş sui-qəsddir. Mirbax Moskvada səfirlikdə söhbət üçün qəbul etdiyi sol eser Nikolay Andreyev tərəfindən qətlə yetirilib. Digər qətllərin isə statistikası belədir:
— 1926-cı il fevralın 5-də Moskva-Riqa qatarında SSRİ-nin Litvadakı səfiri Teodor Netten qətlə yetirilib.
— 1927-ci il 7 iyun tarixində isə SSRİ-nin Polşadakı səfiri Pyotr Voykov öldürülüb.
— 1938-ci il noyabrın 9-da Parisdə alman diplomat, səfirliyin katibi Ernst fom Rat öldürülüb. Onu noyabrın 7-də yəhudi tələbə Gerşel Qrinşpan səfirlikdə güllələyib. Hitlerin onu xilas etmək üçün şəxsi həkimi Karl Brandtı Parisə göndərməsinə baxmayaraq, Ratı xilas etmək mümkün olmayıb və o, 2 gün sonra ölüb.
— 2003-cü il martın 28-də Fil Dişi Sahilində Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Məhəmməd Əhməd Rəşid öldürülüb.
— 2003-cü il dekabrın 29-da Burundi paytaxtı Bujumburanın 40 kilometrliyində Vatikan səfiri, milliyətcə irlandiyalı Maykl Kortni silahlı hücumla qətlə yetirilib.
— 2005-ci il iyulun 2-də Misirin İraqdakı səfiri İhab əş-Şərif Bağdaddakı evindən qaçırılmışdı. Ölkədəki radikal qruplaşmalardan biri hadisəyə görə məsuliyyəti öz üzərinə götürərək, diplomatı edam etdiklərini açıqlamışdı.
— 2005-ci il 27 iyulda Əlcəzairin İraqdakı səfiri Əli Belayrusi və attaşe İzəddin Belkadi Bağdadda oğurlanaraq edam olunub.
— 2008-ci il sentyabrın 20-də Pakistanın paytaxtı İslamabadda "Mariott" mehmanxanası partladılıb. Hadisə zamanı 53 nəfər, o cümlədən Çexiyanın bu ölkədəki səfiri İvo Jdyarek həlak olub.
— 27 iyul 2012-ci ildə Venesuelanın Keniyadakı səfiri xanım Olqa Fonseka evində öldürülüb.
— 11 sentyabr 2012-ci ildə Liviyada diplomatik nümayəndəliyə edilən basqın nəticəsində ABŞ səfiri Kristofer Stiven və ABŞ-ın Benqazidəki konsulluğunun 3 əməkdaşı öldürülüb. Amerika konsulluğunun binasına yaxınlıqdakı fermanın ərazisindən naməlum şəxslər qranatomyotla atəş açıblar. Konsulluğa hücum ABŞ-da müsəlmanların peyğəmbəri Məhəmmədin xoşagəlməz geyimdə təsvir olunduğu "Müsəlmanların məsumluğu" adlı filmin çəkildiyi barədə informasiyalar yayılandan sonra baş verib.
— 11 iyun 2014-cü ildə Şri-Lankanın Rusiyadakı səfirliyinin ikinci katibi Novan Ratnayak işçi səfərə getdiyi Rostov şəhərindəki Don Plaza otelinin həyətində güllələnib. Onun kolleqası, ada dövlətinin diplomatik missiyasının əməkdaşı Nuel Ronavir isə hadisə yerində həlak olub.
— 27 mart 2015-ci ildə Somalidə, Moqadişo şəhərində "Aş-Şabab" islam qruplaşmasının törətdiyi terror aktında 24 nəfər, o cümlədən Somalinin İsveçrədəki səfiri öldürülüb.