BAKI, 10 iyul-Sputnik. Bir ay əvvəl Fransa-Rumıniya oyunu ilə Fransada Avropa çempionatı başladı. Bu gün biz səbirsizliklə Avropa birinciliyinin sonuncu və əsas oyununu gözləyirik. Bu oyunun birinci ilə oxşarlığı yalnız birdir, hər iki görüşdə meydan sahibləri iştirak edirlər.
Çempionat başlamazdan əvvəl bir çoxları qalibiyyət uğrunda mübarizədə favorit kimi Fransanın adını çəkirdilər. Lakin heç bir bukmeker və ya idman icmalçısı finalda Portuqaliyanı görmürdü (portuqaliyalı fanatlar istisna olmaqla). Çempionatın gedişində qələbələrinə baxmayaraq, inamlı görünməyən fransızların çempionluğuna əminlik bir qədər zəiflədi. Lakin Kop, Platini və Zidanın varisləri zənnləri yanıltmadılar və ulduzlarının fərdi oyununun sayəsində finala çıxdılar. Eysebio və Fiqunun varisləri də onların mirasına layiq olduqlarını nümayiş etdirərək birinciliyin sonuncu oyununa qədər irəliləsələr də, oyunları ilə fanatları məyus etdilər.
Hörmətli futbol həvəskarları, ötən yazımda qeyd etmişdim ki, Uels disklvalifikasiya ucbatından oynamayan Aaron Remzi problemini həll etsə, bu yarımfinal görüşünün qalibi olacaq. Bu problemi həll etmək mümkün olmadı. Uelslilərin oyunu məna və kəskinliyini itirdi. Qaret Beyl meydançanın ortasından ötürmə almayaraq özü geri çəkilməyə başladı. Lakin hətta Beyl kimi böyük futbol ustası da eyni zamanda pleymeyker və qoleador ola bilmədi. Portuqallar Fransada ilk dəfə oyunu əsas vaxtda, özü də ədalətli olaraq uddular. Buna şübhə yoxdur. Lakin düşünürəm ki, dünya futbol ictimaiyyətinin nümayəndələrinin əksəriyyətinin finalda pireneylilərin yerinə daha layiqli yığmanı görmək istədiklərini desəm, çoxsaylı futbolsevərlərin fikirlərini ifadə etmiş olaram. Lakin bütün bunlar artıq tarixdir və o, məlum olduğu kimi əhval-ruhiyyəyə tabe deyil.
Uelslilər qəhrəman kimi qarşılandıqları evə döndülər, portuqaliyalılar isə bu gecə Paris yaxınlığındakı Sen-Deni şəhərində yerləşən "Stad de Frans" stadionunda çempion titulu uğrunda mübarizə aparacaqlar. Almaniya ilə Fransa arasında keçirilən ikinci yarı-final matçının nəticəsinə gəlincə, çox şeyi italyan arbitr Nikola Ritssoli həll etdi. Avropa Çempionatında onun hakimliyi mükəmməllikdən uzaq idi və şəxsən mənim üçün təəccüblü və gözlənilməz idi. Məhz bu hakim həmin prinsipial oyunun taleyini həll etdi. Bununla belə, Avropa Çempionatındakı matçlardakı hakimiliyi dövründə Ritssolinin kifayət qədər yumşaq desək, ləkələri olub. Təşkilatçılar nəzərə almalı idilər ki, 1\4 finalda almanlar amansız mübarizədə — penaltidə İtaliya yığmasına qalib gəlmişdilər.
Digər tərəfdən qeyd edim ki, bu qəbildən olan futbol fəlakəti, yaxın keçmişdə Almaniya yığmasının oynunu korlaya bilməmişdi, əksinə, onu yalnız səfərbər etmişdi. Amma bu dəfə almanlar öz iradələrinin gücünü nümayiş etdirmədilər. Birinci hissədə penalti ilə cəzalandırılandan sonra, hansı ki, Qrizmann bundan səmərəli istifadə etdi, parlaq oyun nümayiş etdirən almanların ikinci hissədə oyunu tamamilə söndü və Antuana Noyerin qapısına bu oyunun ikinci, özünün isə çempionat ərzindəki 6-cı qolunu vurmağa imkan yarandı.
Fransızlar bukmeyker kontorlarının böyük xoşbəxtliyindən ev sahibliyi etdikləri çempionatın finalına çıxıblar və bu gün portuqallarla qarşıdurmada öz həmvətənlərini pərişan etməməyə çalışacaqlar. Finalın nəticələrini öncədən demək yaxşı iş deyil. Lakin fransızların sonuncu oyunu göstərdi ki, bu yığmanın nəhəng üçlüyü — Poqba-Jiru-Qrizmanın (yeri gəlmişkən, Rusiya KİV-lərinin məlumatına görə, Antuan ana tərəfdən portuqaldır) oyunu baş tutdu və əgər onlar bu iki günü yaxşı istirahət edə bilsələr, pireneylilərə çox çətin olacaq. İnandırıcıdır ki, bu üçlüyü Payet dəstəkləyir. O, start matçlarından sonra bir qədər yavaşısa da, demək olar ki, köməksiz fransızlara qələbə gətirdi.
Portuqaliyalılar elə-belə təslim olmayacaqlar. Və burada ən böyük rolu Ronaldu oynamalıdır. Çünki o, tamamilə təbii olaraq Portuqaliyaya qızıl medal gətirmək istəyir. Onun qələbə naminə mümkün olan və olmayan hər şeyi etmək üçün daha bir üzrlü səbəbi də var. İki müasir nəhəng futbolçu — Lionel Messi və Kriştianu Ronaldo əbədi qarşıdurmadadır. Bu hər iki top sehrbazının xidməti dünyanın futbol ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Lakin onların heç biri heç bir iri beynəlxalq turnirdə öz yığmasını qələbəyə daşımayıb. Lionel Messi keçən Amerika çempionatında öz komandasını finala daşıdı, lakin argentinalılar çempion titulunu çilililərə güzəştə getdilər.
Bugünki final necə keçəcək? Bu barədə bu futbol tamaşasının baş rejissorlarından biri, Portuqaliya yığmasının çalışdırıcısı Fernandu Santuş final matçı ərəfəsində jurnalistlərlə öz fikirlərini bölüşərkən kifayət qədər dəqiq fikir söyləyib: «Hər şey situasiyadan asılıdır. Bu alma və portağal kimidir: hərdən bunu seçirsən, hərdən də o birini. İstənilən halda biz rəqibin əleyhinə oynamayacağıq. Biz onlarla üz-üzə oynacağıq. Finalda, artıq mənim dediyim kimi, futbolun keyfiyyəti haqqında danışmaq olmaz. Burada söhbət yalnız uduşdan gedə bilər.»
Düşünürəm ki, Santuşla razılaşmamaq olmur. Bu gün rəqib komandalar qələbə naminə hər cür qurban verməyə hazırdırlar. Həmçinin oyunun keyfiyyəti baxımından. Amma bütün bunlar sadəcə fərziyyədir. Əslində nəyin baş verəcəyini biz bir neçə saatdan sonra biləcəyik.