BAKI, 8 iyul — Sputnik. Dünən yekunlaşan yarı-final oyunundan sonra Futbol üzrə Avropa Çempionatı 2016-nın son finalçısı da bəlli olub. Olduqca gərgin keçən 90 dəqiqənin sonunda ev sahibi Fransa güclü Almaniyanı 2-0 məğlub edərək finalda Portuqaliyanın rəqibi olub.
Qeyd edək ki, Portuqaliya iyunun 6-da keçirilən ilk yarı-final qarşılaşmasında Uels komandasına 0-2 hesabı ilə qalib gəlmişdi.
Azərbaycanda da böyük həvəslə izlənilən Avro-2016 oyunlarda artıq son mərhələyə gəlinib. Belə ki, iki gün sonra "Avropa futbolunda ən böyük kimdir?" sualı öz cavabını tapmış olacaq.
Almaniyanın yarı-finalda gözlənilmədən Fransaya uduzması azərbaycanlı bukmeykerlərin Topaz-da külli miqdarda pul itirməsinə səbəb olub. Düzdür, Fransanın qalibiyyətinə pul yatıranlar olsa da, daha çox azarkeş Almaniyanın qalib gələcəyini düşündüyü üçün məhz panzerlərin lehinə pul atmışdılar.
Mövzunu yerində araşdırmaq üçün Sputnik-in əməkdaşı şəhərin bir neçə Topaz məntəqəsində olub. Bu məntəqələrdən biri, BDU yaxınlığında, Zahid Xəlilov küçəsində yerləşən Turan Mirzəyevin işlətdiyi Topazdır.
T.Mirzəyevin sözlərinə görə, futbol həvəskarları hazırki ana qədər Portuqaliyanın qalibiyyətinə daha çox pul qoyublar:
"Final oyununun kafsentləri cəmi 1 saatdır sistemə oturub, amma hesabı qeyd edənlər olduqca çoxdur. İndiki anda bukmeykerlər daha çox Portuqaliyanın qələbəsinə pul qoyur. Oyuna hələ iki gün qalıb. Vəziyyət dəyişə də bilər. Fransaya pul qoyanlar o biriləri üstələyə bilər. Gözləyib görərik".
Futbola olan həvəsi ilə tanınan millət vəkili Aydın Mirzəzadə də Sputnik üçün final oyunu ilə bağlı proqnozunu açıqlayıb. A.Mirzəzadə Fransanı kuboka daha yaxın gördüyünü deyib:
Millət vəkili, SOCAR-ın Avro-2016-ya sponsorluq etməsinin hər şeydən vacib və qürurverici olduğunu da bildirib:
"Ümid edirəm ki, bu ənənə bundan sonra da davam edər və daha çox Azərbaycan markası beynəlxalq yarışlara sponsorluq edər. Düşünün, yüz milyonlarla insan baxır bu çempionata və onların gözləri Azərbaycan və SOCAR reklamına alışır, öyrəşir. Bu da ölkəmizi dünyada daha çox tanıdacaq".
Xatırladaq ki, iyulun 10-da yerli saatla 23:00-da ev sahibi Fransa ilə Portuqaliya komandaları AÇ-2016-nın finalında üz-üzə gələcəklər.