Beləliklə, dostlar, hörmətli futbol həvəskarları, Fransadakı 15-ci Avropa çempionatının qrup mərhələsinin birinci turu geridə qaldı. Sizinlə güman etdiyimiz kimi bu gözəlliyin iştirakçıları iyunun 10-dan 14-dək bizə futbolun ən ləziz təamlarını dadızdırdılar və buna görə onlara minnətdar olmalıyıq.
Lakin çempionatın gedişində elə hadisələr baş verdi ki, onlar bizim bayram əhval-ruhiyyəmizi korlaya bilərdilər. Söhbət futbol fanatlarının davranışından gedir. Ənənəvi olaraq Dumanlı Albiondan gələnlər dava-dalaş salıblar. Fransızlar və ingilislər bir-birilərinə tarixən xoş məramla yanaşmayıblar, lakin futbol azarkeşləri qismində qonşu ölkəyə gələn britaniyalılar deyəsən bütün tarixi məsələlərə görə haqq-hesab çürütmək istəyirlər. Britaniyalılar sözün əsl mənasında Marselə terror yaşatdılar. Çox şeyə öyrəşmiş şəhərlilər üçün də ingilislərin hoqqaları bütün düşünülə bilə sərhədləri aşmışdı. Bu, məsələyə rusiyalıların qarışmasına qədər davam etdi. Rusiyalılar və ingilislər arasında ilk toqquşmalar Rusiya-İngiltərə oyununadək başladı. Bu toqquşmalarda britaniyalıların böyük say üstünlüyü var idi. Lakin göründüyü kimi, Suvorovun "sayla yox, bacarıqla üstün gəl" tapşırığını yada salan rusiyalı fanatlar Ülyahəzrət II Yelizavetanın təbəələrinin yüngül desək, dərsini verdilər. 1:1 hesabı ilə bitmiş oyundan sonra qarşıdurma stadionda davam etdi. Bu dava-dalaşın sonu çox da xoş olmadı.
UEFA ingilislərlə oyundakı iğtişaşları araşdırdıqdan sonra şərti olaraq Rusiya yığmasını diskvalifikasiya edib. Bundan əlavə, Rusiya Futbol İttifaqı 150 min avro həcmində cərimə ödəməlidir.
Şərti diskvalifikasiya o deməkdir ki, Rusiya yığması tribunlardakı iğtişaşlar təkrar olunsa, turnirdən kənarlaşdırılacaq. Təəccüblüdür ki, İngiltərə Futbol Assosiasiyasına qarşı UEFA tədbir görməyib. UEFA-nın qərarı Süleyman şahın məhkəməsinin ədalətindən çox uzaqdır. Lakin futbolətrafı xoşagəlməzlikləri bir tərəfə qoyub 15-ci Avropa çempionatının əsas və xoş məqamlarına keçək.
"A" qrupunda birinciliyin ilk oyununda turnir sahibləri rumınlara qalib gəldilər — 2:1. Fransızlar ideal oyun göstərmirlər, lakin onların qeyri-mükəmməlliyi çempionatın gedişində düzələ bilər. O zaman onların qarşısında dayanmaq demək olar ki, mümkün olmayacaq. Əks halda fransızlar səviyyəcə Rumıniyadan üstün olan komandalarla görüşdə böyük problemlərlə qarşılaşacaqlar. Rumınların isə qrupdan çıxmaq üçün müəyyən şansları var. Böyük ehtimalla onlar bu məsələni birinci turda çətinliklə albanlara qalib gəlmiş (1:0) isveçrəlilərlə mübarizədə həll edəcəklər. Albaniya çox gözəl təsir bağışladı. Fikrimcə onların çempionatdakı vəzifəsi layiqli oyun göstərmək və bu səviyyəli gələcək turnirlər üçün təcrübə toplamaqdır. Lakin albanların sürpriz edə biləcəkləri istisna olunmur. Bu yığmanın oyun səviyyəsi bunu ehtimal etməyə imkan verir. Bir də Fransa yığmasının məşqçisi Deşama ehtiyatda saxladığı güclü oyunçuları vaxtında istifadə etməyi arzulamaq istərdik.
"B" qrupunda uelslilər əla təəssürat bağışladılar. Beyl və Remzi kimi möhtəşəm ulduzların irəli apardığı Uels sürprizlər etməyə qadirdir. İstedadlı və perspektivli yığma haqlı olaraq slovaklara qalib gəldi — 2:1. Uels-İngiltərə oyununu səbirsizliklə gözləyirəm. Bu oyun maraqlı olmalıdır. İngilislər Rusiya ilə oyundakı (1:1) səviyyədə oynasalar, uelslilər onlara Hocson və yetirmələrinin Fransada artıq olduqlarını sübut edəcəklər.
Rusların baş məşqçisi Slutski ingilislərlə oyundan sonra bəyan etdi ki, oyunçular onun dediklərini dəqiq yerinə yetiriblər. Düşünmürəm ki, öz işini bilən Slutski müdafiəni zəiflətmək göstərişini veribmiş, çünki ingilislər Akinfeyevin qapıları yanında özlərini çox sərbəst hiss edirdilər. Bəxtləri gətirdi ki, futbolun baniləri Rusiyanın qapısına 5 qol vurmadılar. Lakin digər məsələlərdə məşqçinin tapşırıqları həqiqətən yerinə yetirilirdi. Rusiyalılar 1966-cı ilin dünya çempionlarının hücum həvəsini məharətlə öldürərək oyunun tempini aşağı salırdılar. Bir faktı da qeyd etməliyəm ki, Akinfeyevin qapısına qolla nəticələnmiş cərimə zərbəsi düzgün deyildi. İtalyan hakim aşkar səhv etmişdi. Berezutski komandaya bir xal qazanmaqda kömək etdi, lakin Rusiya yığmasının problemləri həddindən çoxdur. Slovaklarla bu günkü oyun çox ağır olmalıdır, lakin Slutskinin yığması bu rəqibin də öhdəsindən gələ bilər.
"C" qrupunda almanlar və ukraynalılar birinci turun ən maraqlı oyunlarından birini keçirdilər. Almanlar qələbə qazansalar da (2:0), Fomenkonun komandası əla futbol nümayiş etdirdi. Məncə, növbəti mərhələyə çaıxmaq uğrunda mübarizəni ukraynalılar birinci turda Şimali İrlandiyanı 1:0 hesabı ilə məğlub etmiş Polşa ilə aparacaqlar. Belfastdan gələnlər var güvvələri ilə müqavimət göstərsələr də, sönük görünürdülər. Birinci turun oyunlarına baxdıqda, bu komanda 24 iştirakçı arasında ən aşağı səviyyəli oyun nümayiş etdirib.
"D" qrupunda Xorvatiya Türkiyəyə 1:0 hesabı ilə qalib gəldi. Hər iki komanda layiqli oyun nümayiş etdirdilər, lakin bu qrupda əsas oyunlar qarşıdadır. İspanlar 1:0 hesabı ilə çexlərin öhdəsindən gəldilər, lakin bunu yaşlı Çexiyanın sözün əsl mənasında "dayanması"ndan sonra etdilər. İspaniyanın da veteranlar komandası olduğunu nəzərə alsaq, güman etmək olar ki, növbəti rəqiblərin hazırkı dünya çempionlarına qarşı əsas silahı sürət ola bilər. İkinci tur bu qrupda vəziyyəti bir qədər aydınlaşdırmalıdır.
"E" qrupunda isə italyanlar sevindirdilər. Heyətində superulduzların olmadığı istedadlı məşqçi Antonio Kontenin yetirmələri çoxlarının çempionatın favoritləri sırasına daxil etdiyi belçikalıları "sökdülər" — 2:0. Ulduzlu heyətə baxmayaraq belçikalılar çox sönük futbol göstərdilər ə indi onları iddialı İrlandiya komandası ilə oyun gözləyir. Sonuncular İsveçlə gərgin oyun keçiriblər (1:1), lakin məndə belə bir təəssürat yarandı ki, irlandlar öz imkanlarının son həddində oynadılar, Zlatan İbrahimoviçin irəli apardığı isveçlilərdə isə istifadə olunmamı. potensial hiss olunurdu. İyunun 17-də keçiriləcək İsveç — İtaliya oyunu çox maraqlı keçə bilər.
"F" qrupunda isə nəhayət ki, çempionatın sensasiyası baş verdi. Çoxlarının perspektivli saydığı tərifli Avstriya komandası bütün parametrlər üzrə Macarıstan yığmasına uduzdu — 0:2. Ferens Puşkaş və Florian Albertin həmyerliləri futbol Avropasına sübut etdilər ki, onları erkən olaraq autsayder siyahısına daxil ediblər. Məncə qələbədən ruhlanmış macarlar islandlarla oyunda çox inamlı olacaqlar. Lakin oyun gərgin keçməlidir, çünki qrupun favoriti olan Portuqaliya ilə heç-heçə (1:1) oynayan İslandiyanın da iddiaları böyükdür. Kriştianu Ronaldo və ətrafındakılara gəldikdə isə onların Avstriyaya qalib gəlməkdən başqa çarələri yoxdur, çünki əks halda portuqallar çox çətin vəziyyətə düşəcəklər. Eyni sözləri (məğlubiyyət və heç-heçə halında) Avstriya haqqında da demək olar.
Bu gün Avropa qitəsinin futbol birinciliyinin ikinci turu start götürür. Bu tur birincidən gərgin olmalıdır. Yəqin ki, bəzi qruplarda vəziyyət aydınlaşacaq, digərlərində isə daha da qeyri-müəyyən şəkil alacaq. Yığmalardan heç biri qrupdan çıxmaq şansını itirməyib və ona görə də güzəştsiz mübarizənin (bizə də elə bu lazımdır) gedəcəyinə arxayın olmaq olar. Futbol bayramı davam edir!