Azərbaycanın qadınlardan ibarət karate yığmasının lideri İrina Zaretska ciddi şəkildə Tokio Olimpiya oyunlarından Vətənə qızıl medallarla dönmək barədə düşünür. Hazırda idmançımız Tokio oyunlarına hazırlığını başa vurmaq üzrədir və Sputnik Azərbaycan-ın idman şərhçisi Teymur Tuşiyevlə söhbətdə əsas idman hadisəsindən gözləntiləri barədə danışıb.
- Əgər Sizin İnstagram səhifənizə nəzər yetirsək, elə düşünmək olar ki, Siz artıq Tokio Olimpiadasına qədər qalan günləri sayırsınız.
- (gülür) Bəli, Olimpiya oyunlarının başlanmasını səbirsizliklə gözləyirəm. Bu, sanki hansısa bir zirvədir, mənim karyeramda ən böyük yarışdır. Ona görə də, təbii ki, günləri sayıram, məşq edirəm, Tokioya artıq nə vaxt yollanacağımızı düşünürəm. Həqiqətən də, hamı gözləməkdədir.
- Hazırkı hazırlıq səviyyənizi necə qiymətləndirərdiniz?
- Mənə elə gəlir ki, gündən-günə özümü daha yaxşı hiss edirəm. Əhvalım gözəldir, əladır. Odur ki, məşqçimin tərtib etdiyi qrafik üzrə planlı şəkildə hazırlaşıram.
- Sonuncu dəfə cari ilin may ayında Avropa çempionatında iştirak etmisiniz və qızıl medala sahib olmusunuz.
- Düzdür, mən ilk dəfədir ki, şəxsi hesabda Avropa çempionatının qızıl medalını qazanmışam. Bu titul mənə o qədər də asan başa gəlməyib. Qitə birinciliklərində altı dəfə çıxış etmişdim və mənə nə isə çatmırdı. Bu dəfə isə nəhayət ki, qalib gələ bildim. Müqayisə üçün qeyd edim ki, Dünya çempionu adını mən hələ 2018-ci ildə qazanmışam. Düşünürəm ki, indi – Olimpiada ərəfəsində bu, super nəticədir və o sübut edir ki, biz hər şeyi düz edirik. Bu qələbə mənə ancaq kömək etdi və daha çox məşq etməyə ruhlandırdı.
- Yəqin ki, psixoloji cəhətdən də bu qələbənin əhəmiyyəti böyükdür?
- Psixoloji cəhətdən əhəmiyyəti hətta fiziki əhəmiyyətindən daha çoxdur. Ola bilər ki, sən məşqlərdə çox məharətli olarsan, lakin böyük turnurdə özünü göstərə bilməzsən. Amma biz artıq Avropa Oyunlarında iştirak etmişdik, o ab-havanı görmüşdük. O vaxt da qızıl medallara sahib olmuşduq. Odur ki, Tokioda bir qədər rahat olacağını düşünürəm.
- Olimpiadada əsas rəqibiniz kimdir?
- Demək çətindir, çünki güclülərin hamısı orada olacaq. Elə xanımlar var ki, mən onlara əvvəlcə qalib gəlmişəm, sonra isə uduzmuşam. Ona görə də onların arasında seçim etmək çətindir. Hər necə olsa, bu, Olimpiya oyunlarıdır və orada ancaq güclülər olacaq.
- Yeri gəlmişkən, bir qədər əvvəl bütün olimpiyaçılarımızın peyvənd olunacağı bildirilmişdi, Siz artıq peyvənd olunmusunuz?
- Bəli, artıq mənə peyvənd vurulub, sonra ikinci doza da vurulacaq. Birinci dozanı normal keçirmişəm. Öz tərəfimizdən çalışıb hər şey edirik ki, təhlükəsizlik tədbirlərinə riayət edək, heç kimi riskə atmayaq, nə özümüzü, nə də Olimpiadanın qalan iştirakçılarını.
- Necə düşünürsünüz, koronavirus məhdudiyyətləri Olimpiadanın özündə Sizi çox narahat etməyəcək ki?
- Biz artıq bir ildir ki, məsafə və təhlükəsizlik tədbirlərinə riayət etməli olduğumuz karantin mühitində yaşayırıq. Məyus edən bircə odur ki, tamaşaçılar olmayacaq. Olimpiya oyunları bir bayramdır və burada tamaşaçılar bayram əhval-ruhiyyəsi yaradır. Bu ab-havanı hiss etmək istərdik. Lakin biz artıq hər şeyin necə olduğunu bilirik, Bakıda keçirilən Avropa Oyunlarında oxşar ab-hava vardı. Hamı indiyə qədər də tətənəli açılış mərasimini xatırlayır. Bütün olanları beynimizə salıb Tokioda həyata keçirməyi düşünürük.
- Özünüzü medallara hazırlayırsınız?
- Sizə deyim ki, nəinki medala, ancaq qızıl medala hazırlayıram. Əgər ən böyük nəticəni qarşına məqsəd qoymasan, onda getmək nəyə lazımdır? Təbii ki, qızıl medal qazanmaq istəyirəm və özümü müstəsna olaraq buna hazırlayıram.
Eləcə də oxuyun:
-
Avropa çempionatından son xəbərlər: çempionluğa sevindik, Rafaelə üzüldük
-
Azərbaycanlı hakim Tokio-2020-ni idarə edən hakimlər sırasına daxil edilib
-
Mariya Stadnik Polşada çempion oldu
-
Tokio olimpiadası ləğv edilə bilər: Baş nazir istisna etməyib