BAKI, 6 iyun — Sputnik. "Formula-1"in Azərbaycan Qran Prisinin qalibi bəlli oldu. Sputnik Azərbaycan bildirir ki, bu Red Bull komandasından Serxio Peresdir. İkinci pillə Aston Martin pilotu Sebastyan Fettelə, 3-cü pillə isə Alpha Tauri-dən Pyer Qasliyə nəsib olub.
Yarışda yaxşı start götürən Lüis Həmilton isə (Mercedes) 16-cı pillə ilə kifayətlənib.
Qeyd edək ki, hələ heç bir pilot Azərbaycan Qran Prisini iki dəfə dalbadal qazana bilməyib. Həm bunu, həm də Bakıdakı "kral yarışları"nın digər hadisələrini nəzərə alsaq, yenə də belə bir nəticəyə gələrik ki, "Formula-1"in Azərbaycan Qran Prisi növbəti dəfə dünya çempionatının təqvimində ən gözlənilməz statusunu qoruyub saxladı.
Bakıda keçirilən "Formula-1" yarışlarının əvvəlki qalibləri:
* 2016-cı il Avropa Qran-prisi – Niko Rosberq (Almaniya, Mercedes)
* 2017-ci il Azərbaycan Qran-prisi – Daniel Rikardo (Avstraliya, Red Bull)
* 2018-ci il Azərbaycan Qran-prisi – Luis Hamilton (Böyük Britaniya, Mercedes)
* 2019-ci il Azərbaycan Qran-prisi – Valtteri Bottas (Finlandiya, Mercedes)
---------
17:41
Azərbaycan Qran Prisinin əsas yarışını daha bir pilot tərk edib. Finişə 4 dövrə qalmış bolidi maneəyə çırpılan, liderlər sırasında olan Redd Bull komandasının pilotu Maks Ferstappen mübarizəni dayandırıb.
----------
17:17
"Formula-1"in Azərbaycan Qran Prisinin əsas yarışını trasda çoxlu qırıntılar olduğuna görə dayandırmağa məcbur olublar.
Yarış zamanı Aston Martin komandasının pilotu Lens Strollun bolidinin təkəri dağılıb. Nəticədə maşın fırlanaraq yoldan çıxıb. Stroll yarışı tərk etməli olub, marşallar yolu təmizləyən müddətə yarış dayandırılıb.
İndiyədək iki pilot mübarizəni dayandırıb: bir qədər əvvəl Esteban Okonun bolidinin mühərriki tüstülənmişdi.
---------
16:29
Bakıda "Formula-1"in Azərbaycan Qran Prisinin əsas yarışı keçirilir. Poul-pozisiyadan Ferrari-nin piloti Şarl Lekler başlasa da, liderliyi əldən verib. Hazırkı dünya çempionu Lüis Həmilton önə keçib.
İkinci mövqeyə düşən Lekler britaniyalı pilotla ardakı məsafəni qısaltmağa çalışsa da, geriyə düşüb. Lekleri Maks Ferstappen haqlayıb və Həmiltondan sonra hazırda ikincidir.
Ümumilikdə pilotlar Bakı Şəhər Halqasında 51 dairəni tamamlamalıdırlar. Yarış Bakı vaxtı ilə 18:00-da başa çatacaq.
“Formula-1” üzrə Azərbaycan Qran-prisində ilk qəza baş verib. “Alpin-Reno”nun pilotu Esteban Okonun bolidi 5-ci dövrədə tüstülənməyə başlayıb. Fransalı pilot yarışı tərk etməli olub.
-------
14:43
"Formula-1"in Azərbaycan Qran Prisində "Formula-2" yarışlarının əsas mərhələsi baş tutub. Yarışın qalibi "Hitech Grand Prix"dən estoniyalı Yuri Vips olub. İkinci yeri "Prema" komandaslndan Oskar Piastri, üçüncü yeri isə Piastrinin komanda yoldaşı, Rusiya Avtoidman İnkişaf Proqramı SMP Racing-in iştirakçısı Robert Şvartsman tutub.
---------
14:36
"Formula-1"in Azərbaycan Qran Prisində Azərbaycanın dövlət himnini Qarabağda Vətən müharibəsinin veteranları ifa edəcəklər.
Himni Səbinə Babayeva ilə birlikdə Qarabağ müharibəsinin qazisi Atəş Qarayev səsləndirəcəklər. Həmçinin himn səslənərkən ölkə ərazisində yaşayan müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan bayrağı tutaraq "V" hərfi formasında səf tutacaqlar. "V" - həm "Formula-1"in Bakıda beşinci dəfə keçirildiyini, həm də sülh rəmzini əks etdirir.
"Formula-1"in Azərbaycan Qran Prisinin açılış mərasimində Azərbaycanın dövlət himninin xüsusi variantını bəstəkar və musiqi prodüseri Azad Vəliyev hazırlayıb.
--------
13:26
Azərbaycan Qran-Prisinin final günü "Formula 2" yürüşlərində üç pilot qəzaya düşüb.
"Dams" komandasından Markus Armstronq "Art Grand prix"in pilotu Teo Porşare ilə toqquşub. M.Armstronqun bolidi təhlükəsizlik maneəsinə çırpılıb və Porşare ilə birlikdə yarışdan kənarda qalıb.
"HWA Racelab"dən Matteo Nannini də qəza törətdiyi üçün sprinti tərk etməli olub.
--------
08:00
Azərbaycan Qran-Prisinin bu gün finalıdır. Yarışın cədvəlinə uyğun olaraq öncə "Formula-2"nin əsas yarışı keçiriləcək, o, 12:45-dən 13:50-dək davam edəcək.
14:10-dan 14:50-dək "Formula-1" pilotlarının paradı olacaq, 15:44-dən 15:46-dək Azərbaycanın Dövlət himni səslənəcək, 16:00-dan 18:00-dək isə "Formula-1"in Azərbaycan Qran Prisinin əsas yarışı baş tutacaq.
Sputnik Azərbaycan hər yarış günündən mətn formasında canlı yayım verir.
"Formula-1"in birinci günü nə ilə yadda qaldı
"Formula 1" üzrə Azərbaycan Qran Prisinə iyunun 4-də start verilib. Azərbaycan Qran Prisinin ilk günündə dörd yarış oldu. Bunlardan ikisi “Formula-1” sinfinin sərbəst yürüşləri idi. Burada Red Bull komandasının pilotları Maks Ferstappenlə Serxio Peres üstün oldular. Hazırkı dünya çempionu Lüis Hemilton üçün isə ilk yarış günü uğurlu sayılmaz - əvvəlcə o, yeddinci, sonra isə 11-ci oldu.
“Formula-2” sinfindən olan yarışlara gəlincə, pilotlar əvvəlcə sərbəst yürüş sessiyasını keçdilər, sonra isə təsnifat baş tutdu. Sonuncuda bazar günü keçiriləcək əsas “Formula-2” yarışının start sıralaması bəlli oldu.
Finala doğru: ikinci gün
"Formula 1" Azərbaycan Qran-Prisinin ikinci günü dörd yarış keçirilib. Gün Bakıda "Formula-2" sprinter yarışları ilə (11:25-12:15) başlayıb, "Formula-2"nin ikinci sprinter yarışı isə 17:40-dan 18:40-dək davam edib.
"Formula-1" çərçivəsində isə üçüncü sərbəst praktika (13:00-14:00), eləcə də əsas bazar yarışında startda bolidlərin düzülüşünü təyin edəcək kvalifikasiya (16:00-17:00) təşkil olunub.
"Formula 1" təsnifatının birinci yarısı qəzalarla bol olub. Nəticədə birinci sessiyadan sonra təsnifat Nikolas Lətifi (Williams), Nikita Mazepin və Mik Şumaxer (hər ikisi Haas Uralkali), Dens Stroll (McLaren) və Antonio Covinasi (Alfa Rpmeo) üçün başa çatıb. Birinci sessiyada ən yaxşı vaxtı isə Luis Həmilton göstərib.
Təsnifatın ikinci sessiyasında McLaren-dən Deniel Rikkardo öz bolidini vurub. Yekun sessiyada üçüncü döngədə təhlükəli epizod baş verib. Alpha Tauri-dən Yuki Sunoda təhlükəsizlik baryerinə dəyib. Bunu arxadan gələn Ferrari-nin pilotu Karlos Sayns görüb və dərhal əyləcə basıb, nəticədə maşın fırlanaraq maneəyə dəyib. Hər iki pilot yarışdan çıxıb.
Təsnifatın final sessiyasında ən yaxşı vaxtı Ferrari-nin digər pilotu Şarl Lekler göstərib - 1:41,218. Ona görə də o, bazar günü əsas yarışa poul-mövqedən başlayacaq. Təsnifatda ikinci yeri dünya çempionu Luis Həmilton tutub. O, liderdən 0,232 saniya geri qalıb. Üçüncü yeri tutan Maks Ferstappen liderdən 0,345 saniyə geri olub.
"Formula 1"in üçüncü məşqi
Bakıda Azərbaycan Qran-Prisi çərçivəsində "Formula 1" bolidlərinin üçüncü məşqi gözlənilməz nəticələrlə başa çatıb.
Belə ki, dünya çempionatında lider olan, birinci məşqdə qalib gəlmiş və ikincidə ikinci yeri tutmuş Maks Ferstappen təhlükəsizlik maneəsinə dəyərək yoldan çıxıb. Üçüncü məşqdə ən yaxşı vaxtı isə çoxları üçün gözlənilməz olaraq Alpha Taurinin pilotu fransız Pyer Qasli göstərib - 1:41,251.
İkinci nəticəni Red Bull komandasının ikinci pilotu Serxio Peres göstərib. O, liderdən 0,344 saniyə geri qalıb. Üçüncü yeri tutmuş hazırkı dünya çempionu Luis Həmilton liderdən 0,446 saniyə zəif olub.
Maraqlıdır ki, Həmiltonun üçüncü nəticəsi də məşqin gözlənilməzliyi sayıla bilər. Ötən iki məşq sessiyasında Həmilton uğursuz çıxış edərək 7 və 11-ci yerləri tutmuşdu. İkinci gün də onun işləri yaxşı getmirdi və sonuncu dövrədən əvvəl o, 17-ci idi. Lakin son dövrədə britaniyalı vəziyyəti düzəldə bildi.
Şənbə günü planlaşdırılan iki “Formula 2” sprint yarışı başlayar-başlamaz dörd avtomobil qəzaya uğrayıb. Belə ki, əvvəlcə “Hitech Gran Prix” komandasının pilotu Liam Loyson avtomobilini təhlükəsizlik səddinə çırpıb. Yeri gəlmişkən, o, bir gün əvvəl “Formula 2”-nin seçmə yarışında ən yaxşı nəticə göstərmişdi. Ondan sonra daha üç pilot – Cek Aytken, Alesio Delede (hər ikisi də WHA komandasındandır), eləcə də “Prema” komandasından Oskar Piastrinin avtomobilləri qəzaya uğrayıb. Onların üçü də Bakı Şəhər Halqasının ikinci döngəsində idarəetməni itiriblər.
"Formula 1"- 2021 Azərbaycan Qran Prisi
"Formula 1"- 2021 Azərbaycan Qran Prisi 4-6 iyun tarixlərində keçiriləcək. "Formula 1" yarışları 2016-cı ildən bəri Bakıda keçirilir. Bununla belə, "kral yarışları"nın ilk Bakı mərhələsi "Avropa Qran Prisi" adlanırdı və ikiqat dünya çempionu Fernando Alonso onun ulduz-səfiri idi. 2017-ci ildən isə Bakı yarışı Azərbaycan Qran Prisi adını alıb. Elə həmin il Bakıda keçirilən "Formula-1" mövsümün ən həyəcanlı yarışı kimi qəbul edilib.
Keçən il Azərbaycan Qran Prisinin təşkilatçıları, "Baku City Circuit" əməliyyat şirkəti koronavirus pandemiyası səbəbindən yarışı ləğv etmək məcburiyyətində qaldı. Bununla əlaqədar olaraq "kral yarışları"nın Bakıda keçirilməsi daha bir il, 2024-cü ilə qədər uzadıldı. Eyni səbəbdən bu il "Formula 1"-in Bakı mərhələsi tamaşaçısız baş tutacaq.
Eləcə də oxuyun:
-
Bakıda "Formula-1": Kral yarışlarının ilk gününün nəticələri
-
BNA-dan xəbərdarlıq: Səkkiz gün ərzində paytaxtın bəzi küçələrində hərəkət dayandırılacaq
-
Bakıda "Formula-1"də məzəli anlar: qarğa marşallı "tərlətdi" - VİDEO
-
Bakıda "Formula-1" yarışlarının ilk günü FOTOLARDA
-
Bas qaza! Bakıdakı "Formula-1" trassının test-drayvı