CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeronda vulkanın ətəyində yaşayanlar təlaş içində - Reportaj

© Sputnik / Zulfiyya GuluyevaKeyrəki palçıq vulkanına mənzərə
Keyrəki palçıq vulkanına mənzərə - Sputnik Azərbaycan, 1920, 07.07.2021
Abunə olmaq
Daşlı adasında palçıq vulkanının püskürməsi ətrafda yaşayan əhali arasında narahatlıq yaradıb. AMEA Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev Keyrəki vulkanının ətrafında yaşayışın təhlükəli olduğunu deyir.

BAKI, 7 iyul — Sputnik. Xəzərdə, Daşlı adasında palçıq vulkanının püskürməsi əhali arasında quruda olan vulkanların püskürməsi ilə bağlı təlaş yaradıb. Ən böyük narahatlıq isə vulkanların ətrafında salınan yaşayış massivləri ilə bağlıdır. Vulkanların ətrafında yaşamaq təhlükəli olsa da, paytaxtda ətrafında iri qəsəbə salınan vulkanlar da var. Sputnik Azərbaycan onlardan birindən, Keyrəki palçıq vulkanından, onun ətrafında salınmış böyük yaşayış massivindən reportajı təqdim edir.

Vulkanın ətrafı böyük yaşayış massivinə çevrilib

Kənardan böyük bir qəsəbəni xatırladan, tikililərlə əhatə olunan Keyrəki vulkanı günü-gündən görünməz olur. Camaat arasında “Vulkan dağı” adlandırılan dağın ətəyi, demək olar ki, böyük yaşayış massividir. Hətta burada "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən Yol İdarəsi də inşa olunub.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə 12322,84 ha sahədə 43 palçıq vulkanının ərazisi qoruq elan edilib. Onlardan biri də Keyrəki palçıq vulkanıdır. Qoruq elan olunmasına baxmayaraq, Keyrəki vulkanının ətrafı yaşayış məskəninə çevrilib. Hətta burada palçıq vulkanının axıntısı üzərində tikilən evlər də az deyil. Sakinlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, 2009-cu ildən etibarən vulkanın ətrafında evlər inşa olunmağa başlayb. Bu vulkan 2014-cü ildə püskürməsinə baxmayaraq insanlar nəinki vulkanın püskürdüyü dağın ətəyində yaşamağa davam edib, ev tikə-tikə vulkana daha da yaxınlaşıblar.

© Sputnik / Zulfiyya GuluyevaKeyrəki palçıq vulkanının ətrafında yaşayış evləri
Abşeronda vulkanın ətəyində yaşayanlar təlaş içində - Reportaj - Sputnik Azərbaycan, 1920, 07.07.2021
Keyrəki palçıq vulkanının ətrafında yaşayış evləri

Sakinlər gecəni qorxu içərisində keçiriblər...

İyunun 4-də Xəzərdə, Daşlı adasında palçıq vulkanının püskürməsi isə burada yaşayan sakinlərin canına vəlvələ salıb. Bununla belə, onlar köçüb getməyə başqa yerləri olmadıqlarını, vulkanın ətrafında yaşamağa məcbur olduqlarını söyləyirlər. Sakin Mahirə Abbasova Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, onların evi vulkana daha yaxın olduğundan dənizdə vulkan püskürən gecəni vəsvəsədə yatıblar:

"Deyirlər, haradasa vulkan püskürəndə bütün vulkanlar aktivləşir. Biz buraya köçəndən vulkan püskürməyib. Üç ildir ki, bu ərazidə yaşayırıq. Burada torpaq ucuz olduğundan ev tikmişik. Amma bələdiyyə sənədindən başqa sənədi olmadığından satıb başqa yerə də gedə bilmirik. Əlbəttə burada yaşamaq təhlükəlidir. Amma başqa çarəmiz də yoxdur. Ən ucuz yer bura olduğundan gəlib burada özümüzə yurd salmışıq".

Qoruqda gizli evlər tikilir

Həmsöhbətimiz ərazidə yaşayanların çoxunun məcburi köçkün olduğunu söyləyir. Onun sözlərinə görə, ərazi qoruq elan olunandan Keyrəki vulkanı dağının ətəyində ev tikməyə icazə verilmir. Yeni inşa edilən evlər sökülür.

Amma biz burada olarkən yarıuçuq tikililərlə yanaşı, yeni evlərin inşa olunduğunun da şahidi olduq. Öyrəndik ki, ərazidə torpaq satışı qadağan olunsa da, həyətyanı sahəsi böyük olanlar öz torpaqlarından satırlar.

© Sputnik / Zulfiyya Guluyeva
Keyrəki palçıq vulkanına mənzərə - Sputnik Azərbaycan
1/5
© Sputnik / Zulfiyya Guluyeva
Keyrəki palçıq vulkanının ətrafında yaşayış evləri - Sputnik Azərbaycan
2/5
© Sputnik / Zulfiyya Guluyeva
Keyrəki palçıq vulkanının ətrafında yaşayış evi - Sputnik Azərbaycan
3/5
© Sputnik / Zulfiyya Guluyeva
Keyrəki palçıq vulkanına mənzərə - Sputnik Azərbaycan
4/5
© Sputnik / Zulfiyya Guluyeva
Keyrəki palçıq vulkanının ətrafında yaşayış evləri - Sputnik Azərbaycan
5/5
1/5
2/5
3/5
4/5
5/5

Abşeronda iki aktiv vulkandan biri Keyrəkidir - Professor

Azərbaycan Milli Elmlər Aakademiyasının (AMEA) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Abşeron yarımadasında iki aktiv palçıq vulkanı var. Onlardan biri Qobustan, digəri isə Keyrəki palçıq vulkanıdır: "Keyrəki palçıq vulkanı aktiv vulkanlardandır. Buna baxmayaraq, onun ətrafında insanlar yaşayış məskəni salıblar. Hazırda o ərazidə minlərlə insan yaşayır. Vulkan püskürəndə palçıq kütləsi ətrafa yayılır. Orada yaşayanların bəxti onda gətirib ki, həmin vulkanda metan qazı azdır, buna görə də alovla püskürmür. Əgər vulkanda metan qazı çox olsaydı, alovlanaraq ətrafa yayılardı. Keyrəki vulkanında karbon qazı faizi yüksəkdir. Ona görə də güclü püskürsə də, alovla püskürmür".

A.Əliyev deyir ki, vulkanın püskürməsi ən azı 15 dəqiqə davam edir: "Əgər güclü püskürsə, vulkandan tullanan palçıq evlərə çatacaq". Şöbə müdirinin sözlərinə görə, Keçəldağ vulkanı püskürərkən onun axını təzə tikintiləri ötüb. A.Əliyev deyir ki, vulkanın axını 1 kilometrdən uzağa yayılır. Professor bununla belə, Xəzərdə baş verən vulkanın digər vulkanları aktivləşdirmədiyini söyləyir:

"Vulkan ətrafında yaşayan insanların dünən Xəzərdə baş verən hadisədən sonra narahatlıq keçirməsi anlaşılandır. Onlar elə hesab edirlər ki, bir vulkanın püskürməsi digər yatmış vulkanları da oyada, yəni aktivləşdirə bilər. Amma bu, belə deyil. Vulkanların öz ritmi var. Onlar enerjini toplayıb yenidən oyanır".
© Sputnik / Zulfiyya GuluyevaKeyrəki palçıq vulkanına mənzərə
Abşeronda vulkanın ətəyində yaşayanlar təlaş içində - Reportaj - Sputnik Azərbaycan, 1920, 07.07.2021
Keyrəki palçıq vulkanına mənzərə

Vulkan ərazisi qorunur

Qeyd edək ki, Keyrəki palçıq vulkanı Bakı şəhərindən 12 km şimalda yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirdilər ki, bu palçıq vulkanı "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun ərazisinə daxildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə 12322,84 ha sahədə 43 palçıq vulkanının ərazisi qoruq elan edilib. Keyrəki vulkanı da Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr 294 nömrəli sərəncamına əsasən, Dövlət Təbiət Qoruğunun daimi istifadəsinə verilib. Qoruğa daxil olan 31,35 hektardan da artıq ərazi nəzarətdə saxlanılır. Orada tikinti işlərinin aparılmasına icazə verilmir.

Bu günədək vulkan 18 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2014-cü ildə qeydə alınıb. Keyrəki vulkanının bu günə qədər yayıldığı vulkan palçığının ümumi sahəsi 50-60 hektara yaxındır.

Məlumat üçün bildirək ki, Daşlı adasında iyulun 4-də saat 21:51-də palçıq vulkanı püskürüb. Püskürmə 8 dəqiqə davam edib.

Eləcə də oxuyun:

Xəbər lenti
0