FHN: Vulkan baş verən ərazidə hazırda yanğın davam etmir

© Sputnik / Murad OrujovAbşeronun palçıq vulkanları
Abşeronun palçıq vulkanları - Sputnik Azərbaycan, 1920, 05.07.2021
Abunə olmaq
Xəzərdəki partlayışla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində mətbuat konfransı keçirilir. Həmin yerdə SOCAR-ın heç bir infrastrukturu yoxdur və qazma işi aparılmayıb.

BAKI, 5 iyul — Sputnik. Baş vermiş palçıq vulkanı güclü zələlə ocaqlarını oyatmayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzərdəki hadisə ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, hadisədən sonra sadəcə kiçik bir zəlzələ baş verib. Təkanlar 44 kilometr dərinlikdə qeydə alınıb. Ümumiyyətlə Abşeronda zəlzələ ocağı yoxdur. Bakı və Abşeron üçün təhlükə həmişə Xəzərdən gəlib.

Xəzərdə vulkan püskürən yerdə SOCAR-ın heç bir infrastrukturu yoxdur

SOCAR-ın Geologiya və geofizika şöbəsinin rəisi Fərhad İbadov bildirib ki, SOCAR tərəfindən layihə həyata keçiriləndə bütün risklər qiymətləndirilir. Risklər qiymətləndiriləndən sonra platformalar inşa edilir: "Xəzər dənizində vulkanlar mövcuddur, amma bunu tədqiq etmək üçün hər hansı layihədən əvvəl o yerlər öyrənilir. Risk ola biləcək yerlərə yaxın ərazilərdə platforma tikilməməsinə çalışılır".

F. İbadov qeyd edib ki, baş vermiş hadisəni SOCAR rəhbərliyi operativ şəkildə diqqətdə saxlayıb, müvafiq mütəxəssis qrupu göndərilib və öyrənilib ki, palçıq vulkanı püskürüb: "Həmin yerdə SOCAR-ın heç bir infrastrukturu yoxdur və qazma işi aparılmayıb".

Vulkan baş verən ərazidə hazırda yanğın davam etmir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov bildirib kİ, dərhal müvafiq qurumlarla əlaqə saxlanılıb: "Bu gün helikopter tərəfindən o yerə baxış keçirilib. Salyan rayonunun sahildən 33 km məsafədə Daşlı adada palçıq vulkanı baş verib. FHN həmin an helikopterlə xüsusi cihazla araşdırma aparıb və məlum olub ki, radiasiya fonu yoxdur". Ərazidə hazırda yanğının davam etmədiyini deyən N.Zamanov bildirib ki, FHN və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin əraziyə İşçi qrupu ezam olunacaq və mütəxəssislər tərəfindən məlumat veriləcək.

Hər hansı bir məlumat olan kimi anında cavab vermək qeyri-dəqiqliyə yol aça bilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə deyib Kİ, vulkan püskürməsi gecə saatlarında baş verib: "Hər hansı bir məlumat olan kimi anında cavab vermək qeyri-dəqiqliyə yol aça və dəqiq olmaya bilər. Mən hesab etmirəm ki, ETSN-in axşam vaxtlarında baş vermiş hadisə ilə bağlı rəsmi məlumatı gec olub. Mən düşünmürəm ki, dünənki vulkanın püskürməsi çimərliklərdə hər hansı bir fəsadlara yol açsın".

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ötən gün axşam saatlarında sosial şəbəkə və saytlarda Xəzər dənizində yanğının əks olunduğu videolar yayılıb və bununla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal müvafiq araşdırma işlərinə başlanılıb. İlkin araşdırma zamanı dənizdə neft-qaz hasilatı, digər sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisənin baş vermədiyi müəyyən olunub: "Bu gün səhər erkən saatlardan Nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşlarına başlanılıb. Uçuş zamanı dənizin Salyan rayonu istiqamətində sahildən, təqribən, 30 kilometr məsafədə Daşlı adasında, ilkin müşahidələrə əsasən, palçıq vulkanının püskürməsi faktı aşkar olunub. Hazırda vulkanın kraterində nisbətən kiçik alov müşahidə olunur. Vulkanın dənizdəki neft-qaz infrastrukturu və digər obyektlər, habelə insan həyatı üçün təhlükəsi yoxdur".

Ekspertlər Xəzərdə baş verən vulkanın və zəlzələnin dənizdəki seysmoloji aktivliyin təzahürü olduğunu bildirirlər.

Vulkan və zəlzələ nəticəsində hər hansı mülki və sənaye əhəmiyyətli obyektə, canlıya zərər dəyməyib.

Həmçinin oxuyun:

* Xəzərdə partlayış: Bu anadək nə məlumdur

* Azərbaycanın palçıq vulkanları: Faktlar və rəqəmlər

Xəzər seysmoloji aktivlik müşahidə olunur: Vulkanın ardınca zəlzələ baş verib

* Xəzərə helikopter göndərildi: Rəsmi qurumlar partlayışla bağlı ən son məlumatı açıqladılar

Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılmasına başlanıldı

* Xəzərdəki partlayışla bağlı komissiya yaradıldı: Adalardakı vulkanlar araşdırılacaq

Xəbər lenti
0