CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzərdə partlayış: Bu anadək nə məlumdur

© Photo : Facebook / Ibrahim AhmadovВзрыв на Каспийском море, 4 июля 2021 года
Взрыв на Каспийском море, 4 июля 2021 года - Sputnik Azərbaycan, 1920, 04.07.2021
Abunə olmaq
Azərbaycan Dövlət Neft Şirkəti Xəzər dənizindəki platformaların hər hansı birində partlayış baş verməsi xəbərini təkzib edib. Yanğın olan əraziyə isə gəmi göndərilib.

Sosial şəbəkələrdə Xəzər dənizində baş vermiş güclü partlayış barədə məlumat yayılıb.

Bildirilir ki, partlayış Ələt yaxınlığındakı "Ümid" qaz yatağı rayonunda baş verib. Lakin hələlik bu məlumat rəsmən təsdiqlənmir. 

"SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir. Ələt istiqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir". Belə bir məlumatı SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov sosial şəbəkədə paylaşıb. Lakin bir müddətdən sonra Əhmədov məlumatdakı palçıq vulkanına aid olan hissəni silib.

İbrahim Əhmədovun daha sonra verdiyi məlumatda isə bildirilir ki, "partlayış "Ümid" yatağından 10-12 km aralıda olub. SOCAR-ın heç bir platformasında partlayış baş verməyib".

Xəzər dənizində hadisənin baş verdiyi əraziyə gəmi göndərilib.

Bu barədə APA-ya açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, hadisə yerində araşdırma aparmaq üçün mütəxəssislərdən ibarət gəmi göndərilib: "Əlavə məlumat olan kimi ictimaiyyət məlumatlandırılacaq".

Dövlət Dəniz Adminstrasiyası dənizdə gəmilərə yanğından uzaq olmaqla bağlı tapşırıq verib.

AMEA-nın Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda SOCAR-la əlaqə saxlayır, həmin ərazidə palçıq vulkanı yoxdur:” Onların dediyi vulkan o ərazidə yoxdur. Amma yenə məsələ dəqiqləşdirilir”. Əliyev partlayışın gəmidə baş verə biləcəyi ehtimalını irəli sürüb. Adil Əliyev bildirib ki, Xəzərin cənub hissəsində Səbail adlı palçıq vulkanı var. Lakin, vulkan partlayış baş verən ərazidə yerləşmir.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ”püskürən palçıq vulkanıdır. Xəzərdə vulkanlar tez-tez püskürür. Bu da palçıq vulkanıdır. Ümid platformasına yaxın palçıq vulkandır. Onun əlamətidir. Partlayışın tez sönməsi də bunun əlamətidir. Xəzərdə vulkanlar var. Xəzərdə 2000-ci ildə vulkan ada əmələ gətirmişdi. Dalğalar onu yuyub apardı. Əgər qaz yatağı olsaydı o yanğının sönməsi günlərlə çəkərdi”

Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı isə“Azneft-in balansında olan neft və qaz yataqları ilə əlaqə saxladığını deyib: "Hətta "Bahar əməliyyat şirkəti" ilə də danışmışam. Onların platformasında salamatlıqdır, heç bir hadisə baş verməyib”.

Qəhrəmanlı daha sonra sosial şəbəkədə bir məlumat da yayıb: "Mənə verilən məlumatda isə deyilir ki, yanan "Ümid" yatağının öyrənilməsi üçün qazılmış köhnə kəşfiyyat quyusudur. Belə ki, adətən kəşfiyyat quyusu qazıldıqdan sonra ağzı sementlənərək bağlanır. Vaxtı ikən baş verən səhlənkarlıq, sementin keyfiyyətsiz, yaxud az olması nəticəsində illər sonra həmin quyudan sızmalar olur, təzyiq güclü olduqda isə yanğına çevrilə bilir".

ETSN dənizdə baş verən partlayışla bağlı açıqlama yayıb: "Dənizdə baş verən partlayış hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri tərəfindən hazırda araşdırma aparılır. Mütəxəssislərin ilkin ehtimalına görə partlayışa səbəb vulkan püskürməsidir".

"Sosial şəbəkələrdə Xəzər dənizində baş verən hadisənin tankerdə partlayışın olması ilə əlaqələndirənlər də var. Bu kimi məlumatlar insanlar arasında çaşqınlıq yaratdığından bildirmək istərdik ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasına məxsus hər hansı gəmidə partlayış baş verməyib". Bu məlumatı isə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi yayıb.

Ən son olaraq isə FHN Mətbuat xidməti olayla bağlı məlumat yayıb: "4 iyul 2021-ci il 4 iyul 2021-ci il tarixində axşam saatlarında sosial şəbəkə və saytlarda yayılmış və dənizdə alovu əks etdirən videogörüntülərlə əlaqədar bildiririk ki, Fövqəladə Hallar Nazirliyinə ölkə ərazisində gün ərzində dənizdəki neft infrastrukturu və ya sənaye obyektlərində hər hansı fövqəladə hadisə baş verməsi barədə məlumat daxil olmayıb. Bununla belə, hazırda aidiyyəti qurumların mütəxəssisləri ilə birlikdə videogörüntülərdə əks olunan yanğın hadisəsi ilə əlaqədar araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək".

Xəbər yenilənir

"Ümid" dəniz strukturu 

"Ümid" dəniz strukturu Bakıdan 75 kilometr cənuba, qurudan isə 40 kilometr məsafədə Xəzər dənizində qaz yatağıdır.

"Ümid" yatağı 1953-cü ildə geoloji kəşfiyyat işləri zamanı müəyyən edilib.

O, Bakıdan 75 kilometr cənuba, qurudan isə 40 kilometr məsafədə yerləşir ("Bulla-dəniz" yatağının 15 kilometrliyində). 1972-ci ildə bu strukturda bir qədər təkmilləşdirilmiş geofiziki işlər aparılıb.

2009-cu ilin iyununda "Ümid" dəniz strukturunda işlərin görülməsi üçün SOCAR "Ümid" MMC (formal nizamnamə kapitalı 1000 manat) yaradıb. Onun 80% pay iştirakı SOCAR-a, 20%-i "Nobel Oil Exploration & Production" (bu offşor şirkət Karib hövzəsindəki Sent-Kitts adasında qeydiyyatdan keçib) şirkətinə məxsusdur.

2009-cu ilin avqustunda "Sahil" qazma işləri idarəsi (SOCAR-ın strukturu) "Ümid"də kəşfiyyat quyusu qazmağa başladı. Qazma işləri dənizin 58 metr dərinliyində quraşdırılan "Ümid-1" stasionar platformasından həyata keçirilirdi. Bu cür qazmanın əhəmiyyəti ondadır ki, sonradan bu platformadan daha 6 quyu qazmaq imkanı var, bu isə çəkilən xərcləri 2-3 dəfə azaldır.

2010-cu il noyabrın 24-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib: "2009-cu ilin avqustundan bəri "Ümid" dəniz strukturunda davam edən kəşfiyyat qazması nəticəsində 6500 metrdən artıq bir dərinlikdə qaz yatağı aşkar edilib".

"Günəşli" neft yatağında yanğın

"Günəşli" neft yatağında yanğın 2015-ci ilin 4 dekabr tarixində baş verib. Hadisə "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermişdir. Hadisə nəticəsində 63 nəfər zərər çəkmişdir. Onlardan 16 nəfər dünyasını dəyişmişdir. 17 nəfər itgin düşmüşdür. Bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunmuşdur.

Günəşli neft yatağında yanğın 4 dekabr 2015-ci ildə 17ː40 radələrində başlamışdır. Hadisəyə ilkin səbəb olaraq o göstərilir ki saat 17ː40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələmiş və şiddətli yanğın baş vermişdir. Yarana biləcək fəsadların qarşısını almaq məqsədi ilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılmış, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılmışdır.

Həmçinin oxuyun:

* Yeni təhdidlər fonunda Xəzər təhlükəsizliyi

* Xəzər seysmoloji aktivlik müşahidə olunur: Vulkanın ardınca zəlzələ baş verib

* Xəzərə helikopter göndərildi: Rəsmi qurumlar partlayışla bağlı ən son məlumatı açıqladılar

Azərbaycanın palçıq vulkanları: Faktlar və rəqəmlər

Xəbər lenti
0