BAKI, 5 iyul - Sputnik. Xəzər dənizində zəlzələ baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 04:02-da Xəzər dənizində zəlzələ qeydə alınmışdır", - məlumatda bildirilir.
Qeyd edək ki, ötən gün axşam saatlarında Xəzər dənizində partlayış baş verib. İlkin olaraq partlayışın ""Ümid" neft-qaz yatağında baş verdiyi ehtimal edilsə də, sonradan SOCAR-ın mətbuat xidməti 4 iyul 2021-ci il tarixində axşam saatlarında dəniz istiqamətində görünmüş alov təzahürü ilə əlaqədar, SOCAR-ın heç bir sənaye obyektinə zərər dəymədiyini bildirib.
Bu gün səhər erkən saatlarda Fövqəladə Hallar Nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşları zamanı dənizin Salyan rayonu istiqamətində sahildən, təqribən, 30 kilometr məsafədə Daşlı adasında, ilkin müşahidələrə əsasən, palçıq vulkanının püskürməsi faktı aşkar olunub.
Qeyd olunub ki, hazırda vulkanın kraterində nisbətən kiçik alov müşahidə olunur.
Ekspertlər Xəzərdə baş verən vulkanın və zəlzələnin dənizdəki seysmoloji aktivliyin təzahürü olduğunu bildirirlər.
Qeyd edək ki, vulkan və zəlzələ nəticəsində hər hansı mülki və sənaye əhəmiyyətli obyektə, canlıya zərər dəyməyib.