10:56 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Səmimə Laçın

"Onun qadını olacaqdım, 15 iyul hadisələri imkan vermədi"

© Photo: samima40
MƏDƏNİYYƏT
Qısa URL
4107 0 0

Tanınmış aktrisa: "Hər cür əxlaqsız təklifi edirlər"

Orxan Bahadırsoy, Sputnik Azərbaycan

BAKI, 3 iyul — Sputnik. 2013-cü ilin sonları idi. O, yenicə yaratdığı "Turan" teleteatrının açılış mərasimi üçün səhnə əsəri axtarırdı. Mənə müraciət etdi və "Hələ varıq, olacağıq, qalacağıq" adlı səhnə əsəri yazıb, ona təhvil verdim. 2014-cü ilin fevral ayında həmin əsərlə "Turan" teleteatrının açılış mərasimi oldu.

Elə həmin səhnə əsərində onunla tərəf müqabili də olduq, eyni səhnəni bölüşdük. Zəhmətkeşliyi, teatra sevgisi, işinə böyük enerji sərf etməsi insanı valeh edirdi.

Bu tamaşadan sonra o, Türkiyəyə köçdü. Həm yaşamına, həm də yaradıcı fəaliyyətinə Türkiyədə davam etdi. Bu yaxınlarda Bakıya gəldiyini dedi və bu fürsəti əldən vermək istəmədim, müsahibəyə dəvət etdim. Beləliklə, müsahibim rejissor-aktrisa Səmimə Laçındır.

— Səmimə xanım, Azərbaycana xoş gəlmisiniz.

— Təşəkkür edirəm.

 Bizə öz bioqrafiyanızı danışın, zəhmət olmasa.

— Dəvət üçün minnətdaram. Mən – Səmimə Laçın. 1972-ci ildə Laçın rayonunda anadan olmuşam. Lakin Bərdə rayonunda yaşamışıq. Orta məktəbi də Bərdədə oxuyub, bitirmişəm. 1990-cı ildə Mirzağa Əliyev adına İncəsənət İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə) "Rejissorluq" fakültəsinin "Teatr rejissorluğu" ixtısasına qəbul olunmuşam. 1995-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirmişəm. Müəyyən müddət jurnalist kimi fəaliyyət göstərmişəm. Təxminən, 10-11 illik jurnalist təcrübəm var. Qəzetlərdə, jurnallarda çalışmışam, Parlament müxbiri olmuşam. "Azad Press", "Lider" qəzetləri, "Xalq nəzarəti" jurnalı və bir çox yerlərdə jurnalist işləmişəm.

2012-ci ildə aktrisa fəaliyyətinə başladım. İlk olaraq, məni filmə dəvət etdilər. Cəfər Cabbarlı adına kinostudiyada Heydər Əliyev haqqında film çəkilirdi. Orda rol aldım. Baxmayaraq ki, uğurlu film idi, amma naməlum səbəblərdən filmin çəkilişi dayandı. İctimai Televiziyada Cavid Təvəkkülün çəkdiyi "Döngələr" teleserialı vardı. Növbəti ekran işim bu serial oldu. Daha sonra ATV telekanalında yayımlanan, Yaşar Əhmədovun çəkdiyi "Məhkumlar" serialına dəvət aldım və serialın əsas qəhrəmanlarından birini – Tünzalə obrazını canlandırdım. İkili xarakter idi – həm müsbət, həm mənfi. Əsasən, o serialdan tanındım. Yenə Yaşar Əhmədovla növbəti serialda işbirliyimiz oldu. "Toy gecəsi" serialında Cəvahir obrazını canlandırdım. 23-cü seriyadan sonra bu serialdan ayrılmalı oldum. Çünki Türkiyəyə getməli oldum, təhsillə əlaqədar.

Elə həmin dönəmdə Xəzər televiziyasında yayımlanan "Həyat varsa" serailında "Ananın ahı" deyə bir bölüm vardı və mən orda mənfi xarakterli bir gəlin obrazını oynayırdım. Hətta yadımdadır ki, Akademik Dram Teatrının qabağında oturmuşdum və bir qadın mənə yaxınlaşıb dedi ki, "sən nə pis gəlinsən, qayınanana niyə zülüm edirsən?" (gülür – O. B.) Eyni zamanda Lider televiziyasında "Taksi parkı" adlı bir komediya serialı yayımlandı, orda da baş obrazı – Zinəti canlandırdım.

 Ard-arda bu qədər çəkilişləri necə çatdırırdınız?

— Bir ilin içində fərqli-fərqli seriallarda səkkiz ana obrazını canlandırdım. Axırda bu eynilikdən usandım. Baxmayaraq ki, obrazların xarakterləri müxtəlif idi, amma ana obrazı ilə möhürlənmək istəmədim. Sonda etiraz etdim ki, məni ana obrazından çıxaracaq rejissor axtarıram. Mən daha çox gənc, şıltaq, çılğın bir xarakteri canlandırmaq istəyirdim. Bu, içimdə qalmış arzu idi. Bir gün Nadir Diridağlı mənə müraciət etdi və dedi ki, mənə istədiyim obrazı verəcək. O, "Space" telekanalında "Tək olanda qorxma" serialını çəkirdi. Obrazla maraqlandım, Nadir bəy dedi ki, rus qızını oynaycağam və kiminsə məşuqəsi olacağam. O qədər sevinmişdim ki! (gülür – O. B.) Bunu bir şans kimi gördüm, çünki özümə də fərqli görünürdü. Hətta açıq-saçıq səhnələrə də razılaşdım. Onsuz da bizdə çəkilən seriallarda, filmlərdə ifrat açıq-saçıq səhnələr olmur.

 Uzaqbaşı sinə görünür… (ümumi gülüşmə — O. B.)

— Bəli. Ya gecə paltarında çıxırsan, ya da siqaret çəkirsən, içki içirsən. Açıq-saçıq dedikləri bundan ibarət olur. Buna görə də tərəddüdsüz qəbul etdim. Sonra da Türkiyəyə köçdüm.

 Səmimə xanım, teatr fəaliyyətiniz necə başladı?

— Tələbə yoldaşım var – Fuad Kazımov, hazırkı "Turan" teleteatrının rəhbəridir. O zaman Fuadla bərabər "Turan" teleteatrını qurmağı qərara aldım. Düzdür, heç bir yerdə rəsmi şəkildə adım getmədi, amma teatrın adını belə mən qoymuşdum. Buna görə Fuaddan çox incidim. Çünki teatrın qurucusu mən idim, ideya mənim idi, əziyyətini də çox çəkmişdim. Teatrın açılışında ilk tamaşasını da mən qurdum. Orxan Bahadırsoyun (məni göstərib gülümsəyir – O. B.) əsəri əsasında kompozisiya hazırladıq. Əslində, kompozisiya deməzdim, tamaşa səviyyəsində idi. Həm rejissorluğunu etdim, həm də bu tamaşada bir obrazı canlandırdım. Bu, ilk teatr fəaliyyətim idi.

Daha sonra müəyyən səbəblərə görə oradan ayrıldım. Yeni teatr yaratdım. Adını yenə "Turan" qoydum. Çünki mən türkçüyəm, qatı milliyyətçiyəm. Türk dünyasına sonsuz sevgim, məhəbbətim var. Hal-hazırda Türkiyədə bu teatrla fəaliyyətdəyəm. Sizə deyim ki, Türkiyədə teatr bir o qədər inkişaf etməyib. Azərbaycanda teatra daha çox maraq var. Orda bir tamaşanın diqqət çəkməsi üçün bələdiyyənin, yaxud nazirliyin dəstəyi olmalıdır. Mənim də təhsillə əlaqədar o qədər vaxtım olmur ki, teatra çox vaxt ayıra bilim. Çünki bir il mütəmadi şəkildə tələbə həyatı yaşadım.

 Hansı Universitetdə təhsil alırdınız?

— Aydın Universitetində.

 İxtisasınız nə idi?

— "Halkla ilişkilər" ("Xalqla əlaqələr") bölümündə aspirantura təhsili alırdım. Çünki orada "Radio, televiziya və kino" bölümü hələ açılmamışdı. Daha sonra İstanbul Universitetində bu bölüm açıldı və mən Aydın Universitetində təhsilimi dondurub İstanbul Universitetinə sənədlərimi verdim. Ona görə ki, "Radio, televiziya və kino" bölümündə doktorluq təhsili almaq ən böyük arzum idi.

— Hal-hazırda İstanbulda işləyirsiniz?

— Bəli. "Gönül köprüsü" jurnalının İstanbul təmsilçiliyini edirəm. O jurnalda yazılarım dərc olunur.

 Türkiyədə seriallara, filmlərə dəvət alırsınız?

— Olur. Bəzən kiçik rollar üçün təklif gəlir, qəbul etmirəm. Reklamlara qətiyyən getmirəm. Ötən il iki böyük layihəm olacaqdı. "Son nöqtə" adlı iki bölümlü bədii filmə baş rol təklifi aldım. Türkiyədə çox tanınmış və çox da istedadlı bir aktyorla tərəf müqabili olacaqdım.

 Kimdir o aktyor?

— Onu deyə bilmərəm. (gülür – O. B.) Çünki müqaviləyə görə film yayımlanana qədər bu məlumatlar gizli qalmalıdır. Azərbaycanda da çox sevilən bir aktyordur. Onunla tərəf müqabili olmağıma çox sevindim. Onun sevgilisi, onun qadını olacaqdım. Hər şey hazır idi. Amma Türkiyədə baş verən 15 iyul hadisələri filmin çəkilişinə mane oldu. Hal-hazırda yenidən bərpa olunmaq üzrədir. Ümid edirəm, yaxın zamanda gerçəkləşəcək. İkinci layihə də film idi. Dedilər ki, müsbət xarakterli erməni qızı olmalıyam. Mən də qəbul etmədim. Dedim ki, əgər mənfi xarakterli erməni qızı olsaydı, sevə-sevə oynayardım.

 Niyə? Məgər müsbət xarakterli erməni qızı ola bilməz?

— Yox, ola bilməz. Bəlkə də mən haqsızam. Bəlkə də mən hislərimə hakim ola bilmirəm. Amma mən bunu qəbul edə bilmərəm.

 Laçından olmağınızın psixoloji təsiri ola bilərmi?

— Ola bilər. Mən bu gün onların üzündən Laçına gedə bilmirəm. Mənim həmvətənlərim şəhid olub, əsir düşüb. Bunları düşündükcə, erməni toplumuna nifrət edirəm.

 Bütün topluma?

Novruz Qartal
© Sputnik / Orxan Bahadırsoy

— Əlbəttə. Əgər bunların içində yaxşısı varsa, niyə orda, onlara "dur" demir? Axı onlar illərlə Azərbaycanın çörəyini yeyiblər. "Dur" deyə bilərlər, "bu qanı tökməyin" deyə bilərlər.

 Kim dinləyəcək ki, onları?

— Niyə dinləməzlər ki? Əsgər analarıdır. Ən azından buna cəhd etməlidirlər. Axı kimdən nəyi istəyirlər? Haqları olmayan şeyi necə istəyə bilirlər? Nəyin uğrunda mübarizə aparırsız? Olmayan şeyin uğrunda niyə bu qədər insanı öldürürsüz? Buna görə radikal yanaşıram. Bəlkə məni qınayacaqlar, dünyəvi yanaşmadan danışacaqlar. Amma mən buyam. Mənim bir düşmənim var – erməni.

— Siyasət məsələsini millət məsələsinə qatmaq doğrudurmu? Axı siyasət ucbatından "bütün erməni toplumu pisdir" demək olmaz.

— Yox, pisdir. İlanın ağına da lənət, qarasına da lənət. Mən belə düşünürəm. Erməni öz uşağını böyütdükcə ona deyir "türk bizim düşmənimizdir". Bütün türkləri deyir, təkcə Azərbaycan türklərini yox. Niyə mənim düşmənim məni övladına daha böyük miqyasda düşmən kimi təbliğ etsin, amma mən ona dünyəvi yanaşım, dost münasibəti göstərim?

 Yaxşı. Bu mövzunun üstündən keçək. (Müharibədən, ermənilərdən danışdıqca emosiyalara qapıldığını, bəzən hirsinə hakim ola bilmədiyini görüb mövzunu dəyişirəm – O. B.) İncəsənət Universitetində müəllimləriniz kim olub?

— Sevda Teymurova, Sevil Babayeva, Nadir Hüseynov, Kamal Həsənov və başqaları… Onları çox sevirdim. Universiteti bitirmək istəmirdim.

 Niyə həmin dönəmdə filmlərə çəkilmirdiniz?

— Çətin dövr idi. Kinostudiyaya böyük bir qıfıl vurulmuşdu. Sovet İttifaqı dağıldı, ard-arda hakimiyyət dəyişildi, bir tərəfdə də Qarabağ müharibəsi… Beləcə, biz ortada qaldıq. Mənimlə birlikdə təhsil alan o qədər istedadlı uşaqlar var idi ki. Hərəsi bir tərəfə dağıldı. Bizimlə birlikdə təhsil alan Dilarə xanım Əliyeva var – ATV telekanalında çalışır, məndən bir kurs yuxarıda oxuyub. Rəfael və Coşqunla da həmçinin, eyni vaxtda təhsil almışıq. Bilirsiz, vaxtında sənətdən ayrı düşdüm. Oynamaq istədiyim o qədər obrazlar vardı ki, amma bu gün yaşıma görə onları oynaya bilmərəm. Basdırmışam o obrazları.

 Məsələn, hansı obrazlardır onlar? Firəngizmi, Gültəkinmi, Afətmi, Rənamı, Ofeliyamı? Hansı obrazı oynamaq arzunuz olub, amma nail olmamısız?

— Sevil. Cəfər Cabbarlının "Sevil" əsərini oxuyanda o qədər ağlamışdım ki. O obrazı oynamağı çox istəyirdim. Ümumiyyətlə, Cəfər Cabbarlı dramaturgiyası mənə teatrı sevdirib. Teatr sevgimi böyüdən ikinci dahi isə Hüseyn Ərəblinski olub. "Üzeyir ömrü" filminə baxandan sonra qərar verdim ki, aktrisa olacağam. 9-cu sinifə qədər hansı peşəni seçməyimlə bağlı qərar verməmişdim. Səməd Vurğunun "Vaqif" pyesini bilirsiniz də. Orda bir yer var: "-Vaqif, ey sərvərim, ey tacidarım! —Nə var, nə deyirsən, vəfalı yarım?" (gözləri dolur – O. B.) Bir də görürdün ki, onu öz-özümə oynayıram.

 Səməd Vurğunun dramaturgiyasını sevməsəm də, poetik gücü böyük olan bu məşhur dramın belə bir yeri var ki, Xuraman Vaqifə deyir: "Uydum bu dünyada nazü-nemətə, özüm də bilmədən uydum şöhrətə!"…

— "Bilmədim, axırı zəhrimar imiş!"

 "Hər qızıl xəzinə bir şahmar imiş!"

(Sanki, deyişirik. Hərəmiz bir misra, bir beyt deyib davam edirik. Sonda gülüşürük və nəhayət, əsərin təsirindən çıxıb sualımı ünvanlayıram – O. B.)

 Səmimə xanım, Xuramanı oynamaq da arzunuz olub yəqin?

— Bəli. İndi də oynayaram.

 Siz özünüz Xuraman kimi nazü-nemətə, şöhrətə uymusunuzmu heç?

— Yox. Bunu əminliklə deyə bilərəm ki, uymamışam. Bilirsiz, bununla çox qarşılaşmışam. Hara getmişəmsə, rastıma çıxıb. Xüsusilə Türkiyədə. Düşünürlər ki, yad ölkədə bir qadın, həm də aktrisa, hər cür əxlaqsız təklif edirlər, mən isə şərəfimin üzərində qurulan şöhrəti istəmirəm. Bir uğur, bir şöhrət olacaqsa, istedadım, bacarığımla olsun. Çoxları aktrisanı yüngül qəbul edir. Məni aktrisa kimi dəvət edirlərsə, aktrisa kimi də hörmət etsinlər. Yoxsa başqa təmənnaları olacaqsa, bu, mənə lazım deyil. Bir qadın yazarın əsərini oxumuşdum — "Bacakarası şöhrət". Orda bu mövzudan danışılırdı. Mən bundan olmaq istəmirəm. Demirəm ki, mən dahiyəm. Sadəcə, nə bacarıramsa, onu etmək istəyirəm. Nəyinsə hesabına uğur qazanmaq lazım deyil. (danışqdıqca kövrəlir, gözləri dolur – O. B.)

 Qəribədir. Mən bütün müsahiblərimin xatirələrini dinləmişəm. Bəzən onları bu xatirələri danışmağa məcbur etmişəm. Heç biri danışanda kövrəlməyib. Siz isə kövrəlirsiniz. Nədəndir bu həssaslıq?

— Həmişə beləyəm. Şəxsi həyatımda çox şeyə nail olmuşam. Nə istəmişəmsə, nail olmuşam. Bilirsiz, teatr yaralı yerimdir. Kinoya, seriala düşkün insan deyiləm. Teatr səhnəsinin tozu da mənim üçün oksigendir. Kameranı da sevirəm, amma kamera mənim üçün əyləncədir.

 Kamera önündə yaradıcılıq yoxdur, yəni?

— Məncə, yoxdur. Yaradıcılıq teatrdadır. İndi də teatr həsrəti ilə yaşayıram. Bilirsiz, özüm də teatr yaratmışam, amma məqsədim bu deyil. Məqsədim böyük əsərləri canlandırmaqdır. Çox böyük əsərləri… Cəfər Cabbarlının, Hüseyn Cavidin, Şekspirin əsərlərini canlandırmaq istəyirəm.

— Dramaturgiyadan söhbət düşmüşkən, mütləq soruşmalıyam, müasir dramaturgiyaya laqeydliyin səbəbini nədə görürsünüz? Sizcə, niyə gənc dramaturqlar barmaqla sayılası qədərdir?

— Mən gənc yazarların demək olar ki, hamısını oxuyuram. Ona görə vaxt ayırıb oxuyuram ki, görüm kim yaza bilir, kim yox. Başqalarının dediyini önəmsəmirəm. Bəlkə kiminsə bəyənmədiyini mən bəyənəcəyəm. Mən oxuyuram və seçirəm. Dərhal da bilirəm ki, kim yaxşı yazır, kim pis. Məsələn, Orxan, mən səninlə işləmişəm də, oxudum, bəyəndim və işlədim. Cəsarətlə yazmaq lazımdır. Əgər cəsarətlə yazmayacaqsansa, o əsər heç kəsə lazım deyil. Gənc dramaturqların olmamasının bir başqa səbəbi də laqeydlikdir. Kitabları satılmır, əsərləri tamaşaya qoyulmur, teatr rejissorları onlara müraciət etmir, şərait yaratmırlar. Dramaturgiyanın Azərbaycanda ölməsinin səbəbi rejissorlardır. Ədəbiyyat dərsini tədris edən müəllim də dramaturgiyanı sevdirməlidir. Bunun üçün müəllimə yaxşı maaş verməlidirlər ki, həvəslə dərs desin.

 Səmimə xanım, hal-hazırda hansısa film yaxud tamaşa üzərində işləyirsiniz?

— Hal-hazırda Türkiyədə Azərbaycan kanalları üçün çəkilən bir layihəmiz var. Bu, sürpriz olsun. Bir də çox böyük digər layihəmiz Milli Qəhrəmanımız Mübariz İbrahimovla bağlı film çəkilişidir. Baş obrazlardan birini ifa edirəm o filmdə. Çox yaxın zamanlarda çəkilişə başlayacağıq. Elə bununla əlaqədar Azərbaycana gəlmişəm. Bu layihəyə Mədəniyyət Fondunun da dəstəyi gözlənilir. Mədəniyyət və Turizm Nazirliyi də təsdiqləyib, Müdafiə Nazirliyi də təsdiqləyib. Çox böyük bir film olacaq. Ümid edirik, uğurlu alınacaq.

 Uğurlar arzulayıram. Müsahibə təklifimi qəbul etdiyiniz üçün təşəkkür edirəm! Həm öz adımdan, həm Sputnik İnformasiya Agentliyi adından minnətdaram.

— Mən də təşəkkür edirəm. Çox sağ olun.

Əlaqədar

Tanınmış aktrisadan üzücü xəbər
Beşinci dəfə dünyanın ən gözəl qadını seçilən aktrisa
Məşhur aktrisa ikinci dəfə boşanır
Repressiya qurbanları: məşhur aktyor haqqında yalan ifadələri kimlər verib?
Böyrəyi dəyişdirilən aktyor donorunun adını açıqladı
Məşhur aktyor prezidenti sərt tənqid etdi
Aktyorumuz "Ən yaxşı kişi ifaçısı" nominasiyası üzrə qalib oldu
Teqlər:
obraz, rol, Səmimə Laçın, "Turan" teleteatrı, müsahibə, Sputnik Azərbaycan, aktrisa, teatr, rejissor, film, Türkiyə

Əsas mövzular