Orxan Bahadırsoy, Sputnik Azərbaycan
BAKI, 30 yan — Sputnik. Zəng edirəm və müsahibə üçün vədələşirik. Bizi evinə dəvət edir. Çölün şaxtalı havasında üşüyə-üşüyə sənətkarın hüzuruna yollanırıq. Mehribanlıqla qarşılayır bizi. "Evimizdə qonaq olmayanda atam sıxılardı. Bizi də qonaqpərvər böyüdüb" deyir. Təşəkkür edirik.
Onun qonaqpərvərliyi ilə isinən evdə soyuğu unudur və isti çaydan qurtumlayıb söhbətə başlayırıq. Müsahibim ömrünün 40 ildən çoxunu sənətə həsr edən, uşaq yaddaşımıza "Ovçu Pirim" obrazı ilə həkk olunan sevimli aktyor Allahverdi Yolçuyevdir.
— Xoş gördük, Allahverdi müəllim. Bioqrafiyanızı qəzetlərdən, jurnallardan, kitablardan və müxtəlif portallardan oxumuşuq. Bir də öz dilinizdən öyrənək.
— Əvvəla, xoş gəlmisiz. Qərbi Azərbaycanda, 1958-ci il avqust ayının 20-də, it ili, şir bürcü olaraq zəhmət çəkib, əziyyət çəkib bu dünyaya gəlmişəm. Ağlayıb, car çəkmişəm, mənə süd veriblər, sakitləşmişəm.
(Biz gülürük. Bizi güldürdüyünə o da sevinir. Axı bir komediya aktyoru kimi həmişə çöhrəmizdə təbəssüm yaratmağa xidmət edib. Vəzifəsini müsahibə zamanı da yerinə yetirir və söhbətə davam edir — O. B.)
— On yaşa qədər orda böyümüşəm. O vaxtlar bizim evdə televizor, ya da başqa radioqəbuledici olmadığına görə mən ancaq kinoteatra gedirdim və ilk kinoya gedəndən aktyor sənətinə məndə maraq yarandı. Ondan sonra özümə hisdən, kömürdən bığ düzəldir, başıma çalma bağlayırdım. 1969-cu ildə ailəliklə Bakıya köçdük. Bir bacı, üç qardaş idik və mən ailənin kiçiyi idim. Atam müəllim idi, anam fabrikdə çalışırdı. Atamın arzusu onun sənətini davam etdirməyim, yəni müəllim olmağım idi. Mən isə əvvəlcə güləşə getdim, sonra dram dərnəyinə. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universitetində) Adil İsgəndərovun kursuna qəbul olundum. Daha sonra Elmira xanım Şabanova bizim kurs rəhbərimiz oldu. Tələbəlik illərində Azərbaycan radiosunda aparıcı işləyirdim. Mahirə xanım Yaqubova ilə birlikdə "Tələbəlik illəri" gənclik proqramının aparıcısı idim. 1979-cu ildə Universiteti bitirib Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında qısa müddət işlədim, daha sonra isə hərbi xidmətə getdim.
Almaniyada hərbi xidmətdə olduğum zamanlarda da yaradıcılıqla məşğul olurdum. Orada bayramlarda tədbirlər və tamaşalar hazırlayırdım. Hərbi xidmətdən qayıtdıqdan sonra Sumqayıt teatrında işimə davam etdim. Daha sonra isə Afaq xanım Bəşirqızı ilə birlikdə — biz onunla tez-tez tərəf müqabili olurduq, çox yaxşı alınırdı bizdə — Musiqili Komediya Teatrına (indiki Musiqili Teatra) gəldik. Məni götürdülər, amma Afaq xanımı götürmədilər. Orda nəsə problemləri olmuşdu. Amma mən də teatrda qısa müddət çalışdım və İncəsənət İnstitutunda müəllim işləməyə başladım. Musiqili Komediya Teatrında Vaqif İbrahimoğlu ilə işbirliyimiz oldu. Üzeyir Hacıbəyovun yubileyi ilə əlaqədar olaraq, "O olmasın, bu olsun" operettasına Üzeyir bəyin öz obrazını əlavə etmişdilər. Mən də o obrazı canlandırırdım. Ümumiyyətlə, Vaqif İbrahimoğlunu çox sevirdim. Ondan çox şey öyrənmişəm. Adil İsgəndərovdan düşünməyi, Elmira Şabanovadan dünyagörüşünü, Vaqif İbrahimoğlundan məzəliliyi öyrəndim. Daha sonra Azərbaycan Televiziyasında müxtəlif verilişlər apardım — "Nəğmə çələngi", "Sevənlərə gül verin". Sonra isə dublaj fəaliyyətim başladı. Uşaqlıqdan izləyib həsəd apardığım aktyorları səsləndirirdim.
— Ən çox da Lui de Fünesi səsləndirmisiniz…
— Lui de Fünesə baxıb ona pərəstiş edəndə ağlıma da gəlməzdi ki, nə vaxtsa onun bütün filmlərini azərbaycanca səsləndirərəm (gülümsəyir — O. B.) Belə…
— Allahverdi müəllim, bu qədər şaxəli yaradıcılığınız olub. Əfsanəvi insanlardan dərs almısınız: biri mərhum Adil İsgəndərov, biri yaşayan əfsanə Elmira Şabanova. Teatrda müxtəlif rollar canlandırmısınız, müxtəlif televiziya verilişlərininin aparıcısı olmusunuz, filmlərə və müasir seriallara çəkilmisiniz. Bütün bunlara rəğmən, Azərbaycan tamaşaçısı sizi daha çox "Ovçu Pirim" obrazı ilə tanıyır. Bu sizi narahat etmir ki?
— Yox. Bunu mən özüm də demişəm. Bilirsiniz, uşaqları sevmək, onlara qayğı göstərmək təkcə valideynin və dövlətin borcu deyil, həm də sənət adamının borcudur. Uşaqlar dünyada ən saf, ən pak, ən təmiz şüura malikdirlər. Mənim kiçik nəvəmin gələn ay bir yaşı tamam olacaq, bir an ona nəzər yetirməyəndə tələb edir ki, "diqqətin məndə olsun, mənlə danış, məni güldür". Yeddi yaşa qədər uşağın nökəri, qulu olmalısan. Yeddi yaşdan sonra məktəbə gedir, müəlliməsinə, sinif yoldaşına vurulur. Sonra bir sənət sahibi olmaq istəyir. Hamı uşaqkən deyir — "mən kosmanavt olacağam, həkim olacağam, polis olacağam" və s. Elə bilirlər ki, bunlar çox asandır. Bütün bunlar təbii hislərdir. Necə ki, biz birinci kursda oxuyanda özümüzü dahi hesab edirdik (başını dik tutub, sinəsini önə verir — O. B.), ikinci kursda başımızı bir az aşağı saldıq, dördüncü kursda başa düşdük ki, heç kimə lazım deyilik, aktyor sənəti çətin sənətdir. Uşaq həyatı da belədir. Mən "Ovçu Pirim" obrazı ilə uşaqlara mərhəmətli olmağı aşılamışam. Onlar mənim bir dəfə hansısa heyvanı ovladığımı, bir ağacı sındırdığımı görməyiblər. Bunlar uşaqda xoş duyğular yaradır.
Amma əfsus ki, bu gün Azərbaycan teleməkanında yaxşı uşaq verilişi yoxdur. Məni bir neçə dəfə dəvət ediblər, amma sponsor axtarıblar. Dövlət televiziyasının pulu var, uşaq verilişləri hazırlaya bilər. Bunun üçün sponsora ehtiyac yoxdur. İstəsələr, edərlər. Mən də uşaqlara belə tərbiyəvi əhəmiyyətli veriliş təqdim etdiyim üçün çox məmnunam. Mən uşaqları çox sevirəm. Tez-tez uşaq evlərinə gedirəm. Bilirsiniz, onlara televizor, paltar, oyuncaqdan daha çox nəvaziş və sevgi lazımdır. Mən hər dəfə uşaq evlərinə gedəndə onlara qayğı göstərirəm. Bəzən onların həyatdan küsdüyünü görüb ağladığım da olub. Necə ata bilirlər uşaqları? İnsanların mərhəmət hisləri getdikcə ölür. Məsələn, Avropada həyat tərzi başqadır. Mən Almaniyada olanda dükanın bağlandığını, evlərin ətrafına hasar çəkildiyini görmədim. Heç kəs bir-birinin mülkünə əl vurmur. Gözləri toxdur. Çünki belə tərbiyə alıblar.
(O qədər mülayim səslə, xoş ahənglə, səlis nitqlə danışır ki, heyranlıqla onu dinləyirəm. Uşaqlığımı, televizordan izlədiyim Ovçu Pirimi xatırlayıram. Onunla söhbət əsl nostalji olur və suallarımı unuduram. O isə söhbətə davam edir — O. B.)
— Qocalar evlərinə də gedirəm. Onları görəndə ürəyim ağrıyır. Məsələn, bizim indi bir stəkan çayımız var, onu içirik. Kabab olsa, kabab yeyəcəyik, pendir-çörək olsa, onu. O da bir tikə yeyəcək. Ola bilsin günahları var, ola bilsin övladla yola getmirlər. Amma bu əsas vermir ki, sən onu aparıb qocalar evinə qoyasan. Mənim anam keçən il vəfat etdi (duruxur, ağır-ağır udqunur — O. B.) Mən onun videolarına, şəkillərinə baxa bilmirəm. Bilirsiniz, mən evə gələndə ilk anamın soyuducusuna baxırdım ki, görüm nə çatmırsa, birinci onu təmin edim. Çünki insan bir uşaqlıqda, bir də qocalıqda köməyə ehtiyac duyur. (Anası haqqında danışdıqca kədərlənir və yenidən uşaqlıq mövzusuna qayıdır — O. B.)
— Mən uşaqlıqdan işləmişəm. Bazarda göy satırdım…
— Qərbi Azərbaycanda?
— Yox, Bakıda. Atam yeyib-içən adam idi. Bəzən evdə pul olmayanda məni göndərərdi ki, qonşudan pul alım. Mən də bir neçə dəfə pul aldığıma görə getdikcə utanmağa başlayırdım. Bir gün soruşdum ki, "ay qonşu, sən nə ilə məşğulsan?" Dedi "göyərti satıram". Hardan aldığını soruşdum. Bazardan gətirdiyini, təmizləyib satdığını dedi. Bir neçə dəfə onunla bazara getdim, işin gedişatını öyrəndim. Daha sonra mənə məktəb üçün verilən yemək pullarını yığıb göyərti aldım və satmağa başladım. Atam bilmirdi işlədiyimi. Bilsəydi, qoymazdı. Onuncu sinfə qədər işlədim. Tələbəlik illərində də dayanmadım. Opera teatrında fəhlə işlədim, keşikçi işlədim, radioda aparıcı işlədim. Belə…
— Keşməkeşli və maraqlı həyatınız olub. Allahverdi müəllim, son illər ard-arda filmlər çəkilir. Müasir texniki avadanlıqlarla, yüksək vəsaitlə ərsəyə gəlir bu filmlər. Amma yaşlı sənət adamlarının əksəriyyəti bu filmlərin əleyhinədir. Onlar bu filmlərdə sənət adına bir şeyin olmadığını, hər şeyin reytinqə hesablandığını, bayağı olduğunu düşünürlər. Sizin buna münasibətiniz necədir?
— Əvvəla, kino bir industriyadır. Var "Hollivud", var "Bollivud", var İtaliya, Fransa, Rusiya kinematoqrafiyası. Bunların məqsədi həm daxili, həm də xarici bazarda bu filmləri satıb pul qazanmaqdır. Bizim Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyamız var. Özü var, işi yoxdur. Müstəqillik qazanandan bu günə qədər orda bir daşı daş üstünə qoymayıblar. Biabırçı vəziyyətdir. Bu işi peşəkar adamlar görməlidirlər. Gənclərin işini dəstəkləyirəm. Görürlər ki, onlara heç yerdən dəstək yoxdur, gənclik də gedir. Onlar hamısı aktyorluğu bitiriblər Müşfiq də, Fərda da, Elməddin də. Hardasa bir çilingər deyillər ki, deyək niyə film işi ilə məşğuldurlar. Görürlər ki, dövlət bu işi görmür, özləri görürlər. O filmlərdən birində mən də çəkilmişəm — "Gizlənpaç"da. Çöx böyük hörmətlə yanaşıblar mənə.
Amma mən sizə bir söz deyim, mən qırx ildən çoxdur sənətdəyəm, mənə desələr ki, "film çək", deyərəm "yox". Çünki bu mənim işim deyil. Mən rejissor deyiləm, aktyoram. Gəncləri isə xaricdəki kurslara göndərmək lazımdır. Onlar müxtəlif nüfuzlu təhsil proqramları keçməli, daha sonra bura qayıdıb işlərini peşəkar səviyyədə görməlidirlər. Keçmiş filmlərimiz niyə uğurludur? Çünki işi peşəkarlar görüblər. Gənclərin çəkdiyi filmlər isə tarixə qalmayacaq. Canfəşanlıqla işləmələri əladır. Ortada əsl sənət məhsulu yoxdur. Yaxşı yaxşıdır. Məsələn, Rövşən İsax yaxşı çəkir. Çünki peşəkarları işə cəmləyir. Məsələn, Putin hakimiyyətə gələndə görür ki, bütün telekanallar dolub Braziliya, Argentina, Meksika serialları ilə. Putin də səlahiyyətli şəxsləri çağırırb soruşub ki, "bəs bizim filmlər hanı?" Deyiblər ki, "pul yoxdur". Putin yerli filmlər, seriallar ərsəyə gətirməyin yolunu soruşur. Deyirlər, "yolu odur ki, pul lazımdır, texniki avadanlıq lazımdır". Putin bir neçə nüfuzlu şirkətin rəhbərlərini çağırır və onları beş il vergidən azad edir. Əvəzində isə tələb edir ki, həmin pulu film sahəsinə yatırsınlar. Pul olan kimi ssenaristlər, rejissorlar, aktyor və aktrisalar işləmək üçün növbəyə düzülürlər. Çünki hər şeyin başında pul dayanır. Bizim aktyorlara işinin müqabilində yolpulu, çaypulu verirlər. Ona görə də keyfiyyətli məhsullar yoxdur. Ləhcə ilə, erotika ilə tamaşaçını aldatmaq olmaz. Yapışıblar biədəb şeylərdən. Mütləqmi söyüş olmalıdır? Vəziyyət gülüşü yoxdur, məcburdurlar söyüşlə güldürsünlər. Bu sənət deyil.
— Bəs bugünkü teatr necə? Sizcə, müasir teatr da bu vəziyyətdədirmi?
— Bəli. Elə teatr da eyni vəziyyətdədir. Məsələn, bizdə az maaşa rəğmən, aktyorlar teatra bağlıdırlar. Aktyor nədir, təqaüdə çıxmaq nədir? Aktyor səhnədə ölməlidir. Bu, aksiomadır. Altmış beş yaşlı aktyoru təqaüdə çıxarırlar. Yaxşı bəs yüz yaşlı obrazı kim oynayacaq? Gərək qrim olunsun? Hazır var da qocaman aktyorlar. Adil İsgəndərov bizə danışırdı ki, "Vaqif" tamaşasının məşqində Səməd Vurğun da əyləşib məşqi izləyirdi. Vaqif obrazını Sidqi Ruhulla canlandırırdı. Adil İsgəndərov görür ki, Sidqi Ruhulla narahatdır. Məşqi saxlayır və aktyordan niyə narahat olduğunu soruşur. Sidqi Ruhulla səhnədəki həmin anda nəsə bir söz demək istədiyini, amma pyesdə buna uyğun heç bir sözün olmadığını deyir. Adil müəllim Səməd Vurğundan soruşur ki, bəs bu yerdə nə demək olar? Səməd Vurğun on saniyə sonra bu misraları deyir: "Bir başı olsaydı bəşəriyyətin, onu bir qılıncla vurardım yəqin!" Həmən an. Yəni bu, kollektiv işdir. Teatr tamaşası birgə əməklə yaranır. Amma indi biganə yanaşırlar. Ona görə də zal boşdur. Kimə görə dolsun? Dramaturq da yoxdur. Məgər Səməd Vurğun, Mirzə İbrahimov dramaturq olublar? Onları Adil İsgəndərov dramaturq edib. Bu gün də yazıçıları teatra cəlb etmək lazımdır.
— Teatra gedirsiniz?
— Bəli, gedirəm.
— Axı bu gün də güclü tamaşalar var. Nicat Kazımovun, Mehriban Ələkbərzadənin, İradə Gözəlovanın tamaşaları əsl sənət hadisələridir.
— Əlbəttə, yaxşı tamaşalar var. Amma azdır. Nicat Kazımov çox gözəl rejissordur. Mən onun "Pəri Cadu", "Şorgöz deputat" və başqa tamaşalarını izləmişəm. Çox səliqəli rejissordur Nicat Kazımov. Onun tamaşalarında plastika, rəqs — hər şey yerli yerindədir. Əfsus ki, bu fikirləri bütün tamaşalar haqqında deyə bilmirik. Yenə deyirəm, hər şey pulun başında dayanır. Pul olmadıqca, vəziyyət düzəlməyəcək.
— Allahverdi müəllim, qırx ildir səhnədəsiniz. Amma fəxri adınız yoxdur, təqaüd də almırsınız…
— Yoxdur da. Fəxri ad stimuldur. Müəyyən maddi əhəmiyyəti də var. Mən aktyoram, amma metro ilə hərəkət edirəm. Avtomobilim də yoxdur. Bəs səhnəyə çıxıb Kral Liri necə oynayım? Axı mən heç doğru-düzgün aktyor həyatı yaşamıram. Ona görə də uzun illərdir ki, teatrda işləmirəm. Maddiyyat üçün toyları üstün tutdum. Mən sənətimi də, xalqımı da sevirəm. Amma ailəmi hamısından çox sevirəm. Onların yaşayışını təmin etmək üçün pul qazanmalıyam.
— Bu təqaüd məsələsi haqqında müasir dövrdə bir neçə təkliflər irəli sürülüb. Mən özüm də yazmışam. Bu fəxri adlar, təqaüdlər ya birdəfəlik yığışdırılmalı, ya da müəyyən yaşdan sonra hamıya verilməlidir. Çünki ortada bir pərakəndəlik var və bu pərakəndəlik ədalətsizliyə, rüşvətxorluğa yol açıb.
— Əvvəl bilirsən necə idi, Orxan? Əvvəl neçə tamaşa təhvil verirdinsə, o qədər də pul alırdın. İş stajına görə pul artırdı. Məsələn, mən hər il işləyirəm və işlədiyim hər ilə görə maaşım əlli manat artır. Beləcə, hamı işləməyə həvəslənir və hamı bərabər qaydada yaşayışını təmin edir. Bu cür bərabərsizliklər aradan qaldırılmadıqca problem həll olunmayacaq.
— İncəsənət Universitetində müəllim kimi çalışmısınız. Bu universitetin təhsil səviyyəsi sizi qane edirmi?
— Bilirsiniz, təsəvvür edin, mən dünya çempionuyam, biri isə həvəskar idmançıdır. Mən gəlirəm İdman Akademiyasında oxumağa, məndən test imtahanı vermək tələb olunur. Mən bu imtahandan keçə bilmirəm, akademiyaya da qəbul olunmuram. Amma həvəskar idmançı testi keçir və həmin akademiyada oxuyur. Bu, ədalətli deyil axı. Mənim istedadım var. Bu test imtahanı istedadlı insanların qarşısını kəsir. İncəsənət Universitetində lazımsız ixtisaslar, fakültələr açıblar. Deyirlər ixtisarlar olunacaq. Əgər ixtisarlar olunacaqsa, tələbələr niyə oxuyur orda?
— İncəsənət Universitetində dərs deyən müəllimlər yaxşı aktyor, rejissor ola bilərlər. Amma pedaqoqluq bir ayrı istedaddır. Sizcə, orda dərs deyən aktyorlar, rejissorlar həm də yaxşı pedaqoqdurlarmı?
— Pedaqoq olmaq çox çətindir. Bu barədə mən çoxdan demişəm. Mən müəllim işləyəndə Aslan Aslanov rektor idi. O, titullu adamları yığırdı ora. İsmayıl Dağıstanlı "Səhnə danışığı" kafedrasında işləyirdi. Öyrətmək onun işi deyildi. İndiki dövrdə də bu cür proseslərin qarşısını almaq lazımdır. Nə qədər tez olsa, o qədər yaxşıdır. Azərbaycan incəsənəti uçuruma yuvarlanıb. Onilliklər lazımdır ki, bərpa olunsun. Bunun üçün də prodüsser sistemi olmalıdır, teatrlar, kinostudiya özəlləşməlidir. Azərbaycan teatrının, kinosunun inkişafı ona qoyulacaq kapitaldan asılıdır. Bizə çoxsaylı kadrlar yetişdirmək lazımdır.
— Bir müddət əvvəl bir fotonuz yayımlanmışdı. Əlinizdə, içində qəpiklər olan papaq tutmuşdunuz. Dilənçi obrazı yaratmışdınız.
— Onu özüm yayımlamışdım. Yazmışdım ki, biz hələ dilənçi gününə düşməmişik, amma düşə bilərik. Aktyor xalqın simasıdır və belə vəziyyətdə yaşamamalıdır. Mədəniyyət Nazirliyi, Milli Məclis və digər aidiyyəti qurumlar bu məsələ ilə maraqlanmalıdır.
— Minnətdarıq, Allahverdi müəllim. Həm öz adımdan, həm də Sputnik İnformasiya Agentliyi adından təklifimizi qəbul etdiyiniz üçün, xoş söhbətiniz və qonaqpərvərliyiniz üçün təşəkkür edirik.
— Çox sağ olun. Mən də sizə təşəkkür edirəm!