7x7 ötən həftənin icmalını təqdim edir
"Eurohome"un alovları sığorta bazarına işıq saldı
Təəssüf ki, ötən həftənin ən yaddaqalan hadisəsi neqativ fondadır.
Xorvatla antirekordun təkrarı
Futbol üzrə Azərbaycan milli komandasının baş məqçisi, xorvatiyalı Nikola Yurçeviçin istefası ötən həftənin yaddaqalan hadisələrindən idi. Yurçeviç bizim üçün Ağasəlim Mircavadovla "qazanılmış" 24 il əvvəlki uğursuz nəticənin təkrarı ilə tarix oldu. Uels, Xorvatiya, Slovakiya, Macarıstanın yer aldığı son qrupda (Avropa çempionatının seçmə oyunları) millimiz yalnız Bakıda xorvatlardan aldığı 1 xalla kifayətləndi.
İstefasından sonra Yurçeviçin açıqlaması belə səslənirdi: "Niyə insanlar Azərbaycan millisində işimin alınmadığını düşünürlər? Açığı, futbolu bilməyən adamlara görə burada qalmağa tərəddüd edirdim".
Bu vaxta qədər Yurçeviç müxtəlif açıqlamalarında məğlubiyyətləri futbolumuzun, çempionatımızın aşağı səviyyədə olması ilə əlaqələndirərək bizi, bunu təbii qarşılamağa inandırmışdı. Bu dəfə də ənənəsinə sadiq qalaraq, deyib ki, onun əlindəki oyunçular "Qarabağ"da, "Neftçi"də, "Zirə"də... oynayırlar.
Haqlıdır. Amma futbol funksionerlərinin də cavab verməli olduğu bir sual var: Yurçeviç 1 xal qazanmaq və bu cür master-klasslar üçün gətirilmişdimi? 1 xalı milli komanda məşqçisiz də qazanardı... və bəlkə də daha çox...
Öz dərmanımız olacaq
Pirallahı Sənaye Parkında İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Şirkətinin dəstəyi ilə “R-Pharm” şirkətlər qrupunun yeni istehsal kompleksi istifadəyə verilib.
Müəssisə ölkəmizin dərman idxalını azaldacaq. Yerli dərman istehsalının başlanması həm təhlükəsizlik, həm də iqtisadi diversifikasiya baxımından mühüm hadisə kimi xarakterizə oluna bilər.
Bu vaxta qədər bir çox səviyyələrdə ölkəmizə idxal olunan dərman məhsullarının aşağı keyfiyyətdə olması ilə bağlı açıqlamalara rast gəlmişik. Bu açıqlama və apteklərdəki rastlaşdığımız növbələr fonunda zavodun açılışını, hətta tarixi hadisə də adlandırmaq olar.
İlk dəfə Azərbaycanda
Həftənin ən maraqla qarşılanan xəbərlərindən biri avtomobillər üçün etibarnamənin elektron qaydada verilməsi ilə bağlı yenilik oldu. Dəyişikliyə əsasən, heç yerə getmədən telefona “myGov” tətbiqi yükləyərək yerinizdəcə istədiyiniz şəxsə etibarnamə verə bilərsiniz. Ancaq narazılarımız da var – həmin elektoratın əsas sualı bu cürdür: Elektron xidmətə giriş üçün tələb olunan şifrəni yalnız notariatdan almaq mümkündür. Vətəndaşlar bir şifrədən ötrü notariata nəyə görə getməlidir?!
Elektronlaşan dünyada bu reaksiya həm haqlıdır, həm də yox. Kiber hücumlar, informasiya təhlükəsizliyi baxımından şifrəni fiziki olaraq əldə etmək, bəlkə də daha etibarlıdır. Ancaq əks arqument də zəif deyil: axı təhlükəsizlik tədbirləri, alətləri bütün risklərdən sığortalamaq qabiliyyətində olmalıdır...
Ayda işləyəcək robot və bizim ansambl
Rusiya və Yaponiya Ayda işləmək üçün robot yaradır. Belə ki, Rusiyanın elm istehsalat birliyi “Androidnaya texnika” yaponiyalı həmkarları “GITAI” ilə birgə Ay səthində fəaliyyət göstərmək üçün robot yaratmağı planlaşdırırlar.
Bir müddət öncə, daha doğrusu, oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının Məclisinin növbəti iclasında AMEA əməkdaşlarından ibarət musiqi ansamblının yaradılmasının planlaşdırıldığı bildirilmişdi.
Ruslar və yaponlar robotu mütləq hansısa musiqi sədaları altında hazırlayacaqlar. Çünki bu cür texnologiyanı ərsəyə gətirmək üçün ruh doyunca qidalanmalıdır. Ola bilsin, bizim ansambl orada lazım olsun.
Sakit bələdiyyə namizədləri
Bələdiyyə seçkisi ilə bağlı marafon davam edir. Marafon dedikdə, ağlımıza qaçış idmanı, sürət gəlir. Bələdiyyələrin funksionallığının aşağı olması bələdiyyə seçkisi ilə “marafon” sözünün asossiasiyasına imkan vermir.
Cəmi bir neçə gün sonra keçiriləcək seçki prosesinin təbliğat-təşviqat mərhələsi indi ən qızğın günlərini yaşamalı idi. Ancaq namizədlər enerjisiz, temperamentsiz, sakit, süstdürlər…
Bu arada Kürdəmir rayonu Ərəbqubalı kəndində bıçaqlanma hadisəsi baş verib. Həmkəndlilər arasında yaranan mübahisə nəticəsində kəndin bələdiyyə sədrinin oğulları kənd sakini, 1988-ci il təvəllüdlü Hüseynov Şəhadət İnqilab oğlu bir neçə bıçaq xəsarəti yetiriblər.
Bir daha əmin olursan ki, fizika elmi haqlıdır – enerji itmir, sadəcə, bir formadan başqa bir formaya keçir.
İki amansız həqiqət
Hər bir azərbaycanlı xaricdə öz şəxsi kimliyindən daha çox, milli kimliyini təmsil edir.
Bu xırda hadisə, əslində, ciddi müzakirə üçün panel açır. Biz daim dünyanın ikili standartlarından şikayətlənirik. Ancaq iki həqiqət həmişə sabit qalacaq – dünya güclünün yanında olacaq və hər kəs təbliğata yox, gördüyünə inanacaq. Birincisi, biz o qədər güclü deyilik, ikincisi, mühacir azərbaycanlı, təəssüf ki, intellektual, sivil, intelligent obrazını az hallarda canlandırır.