BAKI, 6 noyabr — Sputnik. Azərbaycanda keyfiyyətsiz şprislərin satılması təsdiqlənib. Sputnik Azərbaycan-ın məlumatına görə, "Diamed" şpris istehsalı zavodunun direktoru Samirə Hüseynova jurnalistlərə açıqlamasında Azərbaycanda keyfiyyətsiz, mənşəyi məlum olmayan şprislərin satıldığını söyləyib.
O, bildirib ki, hər kəs əsasən dərmanın keyfiyyəti ilə maraqlanır: "Ancaq kimsə şprisin materialı, keyfiyyəti, steril, infeksiya mənbəyi olub-olmaması ilə maraqlanmır. Təəssüf ki, bu gün insanlar aptekə gedib Çin istehsalı olan ucuz şprislər alırlar. Onların da mənşəyi məlum deyil. Azərbaycan istehsalı olan şprislərin iç tərəfinin uc hissəsində qara rezin olmur. Şprisin iç tərəfində qara rezin olanda həmin şprislər tam steril sayılmırlar. Yəni 3 hissədən ibarət olan şprisin bir hissəsi steril deyil. Bu isə o deməkdir ki, şpris infeksiya mənbəyi ola bilər. Bizim zavodun istehsal etdiyi şprislər iki hissəlidir. Artıq Avropanın qabaqcıl ölkələri belə üç hissəli şprislərdən istifadə etmir. Azərbaycana gətirilən şprislərin əksəriyyətinin xammalı tibbi materiallar, yəni tibbi polimerlər deyil. Azərbaycan istehsalı olan şprislərdə isə tibbi xammaldan istifadə olunur. Şprisin iynələri Yaponiyanın qabaqcıl "Nipro Pharma " şirkətinə məxsusdur. İynələr Azərbaycana hazır şəkildə gətirilir".
S.Hüseynova bildirib ki, zavod Azərbaycanda artıq 2, 5, 10 və 20 qramlıq şpris satışına başlayıb: "Ölkəyə ucuz şprislər gətirildiyi üçün rəqabət aparmaq bir qədər çətindir. İnsanları şprislərin keyfiyyəti barədə məlumatlandırmaq istəyirik. Zavodun istehsal etdiyi şprislərin qiyməti hazırda ölkədəki apteklərdə satılan digər şprislərlə eynidir, amma bizim zavodun məhsullarının keyfiyyəti olduqca yüksəkdir".
Direktor bildirib ki, bu ilin may ayında açılan zavod il ərzində 150 milyon şpris istehsal edə bilər. Zavodun istehsal gücü Azərbaycanın şprislərə olan tələbatını ödəyir.
Qeyd edək ki, Azərbaycanda apteklərdə keyfiyyətsiz şprislərin satılması barədə Sputnik Azərbaycan-da material dərc olunub. Bundan sonra mediada saxta şprislər barədə məlumatlar yer alıb. Bu gün isə “Diamed" şpris istehsalı zavodunun direktoru Samirə Hüseynova jurnalistlərə açıqlamasında bunu bir daha təsdiqləyib.