05:36 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Bakı

Yolu bağlamaq adəti, ümumidən oğurlamaq istəyi, ictimai davranış məsələsi...

© Sputnik / Murad Orujov
YAZARLAR
Qısa URL
1821920

Bakı ətrafı qəsəbələrdə hərdən kənd sakinləri elə birbaşa maşın yolunda dayanıb söhbətləşə də bilərlər

Azərbaycanda nədənsə ümumi yolu bağlamaq bir növ adətə çevrilib. Axınla hərəkət edən insanların birdən-birə dayanması məhz bu səbəbdən baş verir. Yəni kimsə bir tanışına rast gəlir, öpüşüb görüşür, elə yolun ortasında başlayır şirin söhbətə.

Kimsə normal gəzə bilmirsə, bu onun öz problemidir

Arxadan gələnlər də məcbur olub bu "tıxac"ı soldan sağdan ötməyə çalışırlar. Həm əsəbilik yaranır, həm də bir yerə tələsən üçün problem yaşanır. Özü də yolu tutan bu şəxslərə kimsə bir söz deməz, yəqin özünün də belə vəziyyətə düşəcəyini düşünər.

Yolu tutmaq ənənəsi təkcə fərdlərə bağlı iş deyil. Hər hansı bir küçə alverçisi də ümumi yolun bir hissəsini zəbt etməyi, piyada gəzən şəxslərin hərəkətini məhdudlaşdırması adi haldır. "Kimsə normal gəzə bilmirsə, bu onun öz problemidir" deyə düşünər. Hətta mağaza sahibləri obyektləri qarşısında yekə bir sahəni ələ keçirib orada bir meydança tikməyi, buranı müxtəlif mallarla doldurmağı məqbul sayırlar. Bakı kimi şəhərdə imkan tapan hər bir şəxs mütləq özünəməxsus ərazidən kənara çıxıb ümumidən bir qədər "oğurlamalı", beləliklə, kiminsə yolunu kəsməlidir.

Şəhərin özündə yenə də bunu məhdudlaşdıran bir sıra qadağalar var, özbaşına hərəkət etsən, sahə müvəkkili, "jek" müdiri və sair təşkilat nümayəndələri başının üstünü mütləq kəsdirəcək. Amma bir qədər kənarda, ətraf kəndlərdə ümumi yolu tam kəsib öz sahəsinə qatan yüzlərlə insan var. Biri maşın səsindən narahat olur deyə yolu bağlayır, digəri obyekt tikir deyə, kimsə də torpağı az olur deyə yolu kəsir. Evinin qabağındakı hasar boyu ağac əkən, tikanlı kaktus salan da az deyil. Bir müddət öncə tikanların əlindən nəinki kimsə yoldan keçə bilir, hətta bağ yiyəsi öz evinə belə daxil ola bilmir.

Hər yerdə hasar, yolu bağlayan dəmir maneələr və sair əngəllərlə rastlaşırıq

Bakı ətrafı qəsəbələrdə hərdən kənd sakinləri elə birbaşa maşın yolunda dayanıb söhbətləşə də bilərlər. Hərəkən edən maşınlar da bu insanları yolu kəsməkdən çəkindirmir. Hətta dənizə getmək istəyəndə belə yolun kəsildiyini görürük. Hər yerdə hasar, yolu bağlayan dəmir maneələr və sair əngəllərlə rastlaşırıq. Ha, çalışırsan bir yol tapasan, alınmır. Əvvəllər on dəqiqəyə yetişdiyin yerə indi bir saata çata bilmirsən.

Şəhərdəki köhnə bina evlərinin ətrafına fikir versək, birinci mərtəbələrin ətrafının ələ keçirildiyini görərik. Hərə ümumidən bir qədər qopardıb, yolun ərazisini azaldır. Burada ağac əkir, özü üçün bir şərait yaradır, amma ümumi yoldan keçənlərin çətinliyi yaranır. Bu yerləri adətən çox eybəcər köhnə taxta ilə hörürlər, ya da paslanmış dəmir torla bağlayırlar.

Qanunsuz zəbt olunmaya qarşı adətən icra hakimiyyəti sərt tədbirlər görür. Bir də görürsən, bir traktorun ağzına verib hamısını sökdülər, maşınla da daşıyıb təmizlədilər. Elə bil bir rahatlıq yaranır binanın ətrafında, amma nə olsun, bir müddət sonra baxırsan, köhnə hamam köhnə tas.

Bu yolla hərəkət edən insanların həyatından elə bil 15-20 dəqiqə oğurlanır

Yolu kəsmək adəti özünü həm də avtomobil yollarında da ifadə edir. Kimsə birisi avtomobilini özünə uyğun yerdə saxlayıb işinin dalınca gedir, lazım olmayan tıxacı yaranır. Yol kənarında market tikən bəzi işbazlar pul gücünə öz obyektləri qarşısında hətta işıqfor da quraşdırırlar. Yəni insanların diqqətini cəlb etmək üçün.

Məsələn, Sabunçu Bilgəh yolunda yerləşən "Ayxan" marketin önündə həmişə tıxac var. Hər gün bu yolla hərəkət edən insanların həyatından elə bil 15-20 dəqiqə oğurlanır. Özü də market rəhbərliyi arxa tərəfdə alış-verişə gələnlər üçün havayı dayanacaq da inşa edib. Yəni nəsə almaq istəyirsən, buyur, gəl, maşını rahat yerləşdir, ürəyin nə qədər istəyir, marketi gəz. Amma çox zaman 3 zolaqlı yolun bir zolağını orada park etmiş maşınlar tutur. Hətta söyüş yiyəsi olsalar belə, maşını məhz bu zonada saxlayırlar.

Ölkədə sürücülərin bir-birinə, sürücünün piyadaya yol verməməsi adi haldır. Hamı məhz irəli soxulmağa, başqasını geridə qoymağa çalışır. Özü də istənilən taksidə danışılan söhbətlərdən biri İrandakı qayda-qanunu tərifləməkdən ibarət olur. İndicə başqasına yol verməyən sürücü bəh-bəhlə qonşu ölkədə insanların nəzakətli rəftarından, bir-birinə yol vermələrindən danışır.

İctimai davranış məsələsini təhsil-tərbiyə sistemində möhkəmləndirməliyik

Bir-birimizə yol verməkdən qaçırıq nədənsə, nəzakətli rəftarı zəiflik kimi qiymətləndiririk. Bir-birimizin yolunu kəsməyə bir igidlik kimi baxırıq. Bu gün sən yol kəsirsən, sabah da başqası sənin yolunu bağlayır. Proses qırılmayan dairə üzrə davam edir. Bu çevrədə bir ağıllısı ortaya çıxıb kiməsə irad tutmur, hamı öz "yol kəsmək" hüququndan yararlanmağa çalışır.

Çarəsi varmı? Var, əlbəttə. İctimai davranış məsələsini təhsil-tərbiyə sistemində möhkəmləndirməliyik, yəqin. Uşaq dövründən beyinə yürüdülmədisə, sonra bunu heç bir yolla kiməsə aşılamaq olmayacaq. Nəzakətli olmağı, başqasına qarşı ədalətli hərəkət etməyi öyrənməliyik.

Yolumuz da, İnşallah, açılar bu halda.

Əsas mövzular