BAKI, 9 avqust — Sputnik. Milli Məclisin deputatı Aydın Mirzəzadə orta məktəblərin yuxarı sinif şagirdləri və ali məktəb tələbələrinə üzgüçülük dərslərinin keçirilməsini, yay mövsümündə suda təhlükəsizlik qaydalarının öyrədilməsini təklif edib. Deputat həmçinin gənclərə “Su zarafatı və ehtiyatsızlığı bağışlamır” çağırışı ilə müraciət də edib. Bütün bunlar yay mövsümünün gəlişi ilə ardı-arası kəsilməyən boğulma hallarının fonunda beş verib.
İdman, əmək və musiqi dərsləri orta məktəbdə ən hörmətsiz sayılır
Dəniz qırağında yaşasaq da, demək olar, əhalinin böyük əksəriyyəti üzməyi bacarmır. Nəinki üzmək, hətta özünü suda saxlamaq kimi adi bir iş əlimizdən gəlmir. Dəniz və göllərdə hər il onlarla insan həlak olur. Bu, məsələnin bir tərəfidir. Su prosedurları qəbul etmək, hovuz və ya dənizdə üzmək sağlamlıqdır, amma sudan qorxanların çoxu nə dənizə, nə hovuza gedir, deməli, millətin ümumi sağlamlığında itiririk.
İdman, əmək və musiqi dərsləri orta məktəbdə ən hörmətsiz sayılır, nədənsə. Bu fənləri ciddiyə alan yoxdur. Uşaqlar fizika, kimya, riyaziyyat, biologiyadan ağır testlərlə yüklənirlər. Sonra hərə bir tərəfə gedir, hansısa bir ali təhsil məktəbinə. Amma nədənsə ölkənin ən uğurlu, tanınmış insanları sırasında məhz idmançıları və müğənniləri görürük. Yeri gələndə, vaxtilə özünü fundamental fənlərə həsr etmiş şagirdlərin bir çoxu sonra bu işi yarımçıq qoyub menecer, marketoloq, PR və HR üzrə mütəxəssis, hüquqşünas kimi dəbli peşələrin dalınca gedir. Yəni bazarın tələbi nədirsə, o iş üzrə də təhsil alırlar.
İllərdir orta məktəbdən buraxılan məzunların çoxu həyatda lazım olacaq bilik və bacarıqlardan uzaq düşür. Dəniz kənarında yaşayırıq, amma üzə bilmirik, avtomobil sürmək bacarığımız kifayət deyil, sürücülük vəsiqəsi də hər adamda yoxdur, halbuki inkişaf etmiş ölkələrdə belə bacarığı olmayan kiməsə rast gələ bilməzsən, kompüter dövründə yaşayırıq, amma hələ də ali məktəbdə təhsil alıb, klaviaturada adi əməliyyatı belə bilməyən yüzlərlə tələbəmiz var.
Orta təhsil sistemində praktik bacarıqlar tədris olunmur
İnsana təhsil almaqla yanaşı, çoxlu bacarıq əldə etmək gərəkdir. Bəzi bacarıqlar ailədə formalaşır, bəziləri orta məktəbdə. Bəzilərini isə həyat təcrübəsi ilə əldə edirik. Məsələn, uşaq yaşından həyət evində yaşayan və valideyninin samovar qaynatdığını görən birinin bu bacarığı mənimsəmək şansı digərlərinə nisbətən daha çoxdur. Kiməsə yararlı olmasa da, hər halda çay həvəskarları bu prosesdən həzz almağı bacarırlar. Ya ailədə atanın ustalıq qabiliyyəti varsa, övladın da bu bacarığa yiyələnmək imkanı çoxalır. Ocaq qalamaq, bitkiçiliklə məşğul olmaq, hər hansı bir əl işi yaratmaq, təbii şəraitdə istiqaməti düzgün təyin etmək bacarıqlarını çox insan heç vaxt əldə edə bilmir.
Orta təhsil sistemində praktik bacarıqlar, demək olar, tədris olunmur. Hətta əmək dərsində belə uşaqlar boş-boşuna zaman keçirməklə məşğuldurlar. Hər hansı bir yaradıcılıq potensialının önə gəlməsindən danışmaq olmur. Yol hərəkəti qaydaları, özünü ictimai yerlərdə aparmaq mədəniyyəti, zibili haraya gəldi atmamaq, nəzakətli olmaq, növbə gözləmək, mobil telefonla nəqliyyatda bərkdən danışmamaq kimi əhəmiyyətli bilik və bacarıqları heç bir məktəbdə tədris etmirlər. Azərbaycan məktəbinin yetirməsi avtobusun pəncərəsindən küçəyə plastik qabı atmağı, telefonla ictimai yerdə saatlarla danışmağı, növbə gözləmədən kimisə itələyib irəli soxulmağı, işıqfora əhəmiyyət vermədən yolu haradan gəldi keçməyi adi hal kimi qəbul edir.
Dövlət proqramı çərçivəsində Bakının hər rayonunda bir yeni hovuz inşa edilə bilər
Əslində, Azərbaycan şəraiti üçün prioritet olan bilik və bacarıqların təhsil sistemində xüsusi yeri olmalıdır. İdman sağlamlıqdır, amma “idman dərslərində hansı idman növünə üstünlük verilməlidir” sualının birmənalı cavabı yoxdur. Hərənin bir idmana marağı var, amma dəniz ölkəsi olduğumuz üçün müəyyən yaşdan sonra məktəblinin üzgüçülük dərsləri alması vacibdir. Amma bu elə də asan məsələ deyil. Hazırda elə paytaxtda olan üzgüçülük hovuzlarının tutumu hamıya üzgüçülük bacarığı vermək iqtidarında deyil. Həm də bu xidmət pulludur, çünki hovuzun saxlanılması və qulluğu kifayət qədər vəsait tələb edir.
Təhsildə inqilab və ya arada qalmış iki həftə…>>
Yəni sabah üzgüçülüyü inkişaf etdirmək proqramı qəbul edilsə, deməli, dövlət büdcəsində bu məsələnin həlli üçün müəyyən məbləğ ayrılmalıdır. Hər məktəbli də bəlkə, hovuza gedə bilməz, gərək sağlamlığı imkan versin. Deməli, kursun müddəti, dərslərin davamlılığı təyin edilməli, orta təhsil ocağına bununla bağlı məbləğ ayrılmalıdır. Hətta dövlət proqramı çərçivəsində Bakının hər rayonunda bir yeni hovuz inşa edilə bilər. Bir sıra ölkələrdə üzmək bacarığı elə orta məktəbdən tədris edilir deyə, kiminsə bacarmadığına görə batması mümkünsüzdür. Sağlamlıq baxımından da əvəzsiz idman növüdür.
Ümumiyyətlə, idmanın hələ orta məktəbdə ən yüksək səviyyədə tədrisi Azərbaycan xalqının sağlamlığında özünü birbaşa ifadə edə bilər. Məktəblərdə futbol, voleybol, basketbol zallarının inşası böyük məbləğ tələb etmir, amma məktəblinin qaynayıb-daşan enerjisini düzgün yönləndirməkdə əvəzsiz rolu ola bilər. Ya da deyək, stolüstü tennisi inkişaf etdirmək bəyəm çətindir? Hər məktəb azı 4-5 stol alsa, uşaqlara məşq eləməyə imkan verilsə, gələcəkdə bu idman növündən onlarla çempionumuz olacaq.
İnkişaf etmiş ölkələrdə idman ən əsas fənlərdən biridir, bəzən yaxşı idmançı olması məktəbliyə kollecin qapılarını taybatay açır. Məktəb və kollec komandalarında çıxış edən gənc gələcəkdə asanlıqla idman ulduzlarına çevrilir. Ulduz olmayan kimsə ən azı sağlamlıq qazanır və gələcəyin azarkeşi olur.
Avtomobil sürmək bacarığı insana tarix və ya kimya qədər əhəmiyyətli deyil?
Faydalı bacarıqların məktəbdə tədris edilməsi gələcəyin mütəxəssisinə böyük yardım olardı. Hər şagird məktəbi artıq sürücülük vəsiqəsi ilə birgə qurtarardı. Bəyəm avtomobil sürmək bacarığı insana tarix və ya kimya qədər əhəmiyyətli deyil? Bəs kompüter bilikləri əldə etmək istəmirik? Uşaqlara informatika kimi nəzəri kursu keçməkdənsə, elə kompüterləşmiş otaqda praktik bacarıqları aşılamaq daha düzgün olmazmı?
Ölkənin ali təhsil sistemi yüz minlərlə müəllim hazırlayır, amma nə qədər müəllimə bazarda tələb var - heç kim dəqiq bilmir. Yeni-yeni yaranan peşələrə stimul yaratmaq məhz məktəbdə özünə yer almalıdır. İstedadı üzə çıxarmaq, dizayner, rəssam, heykəltəraş, xalça ustası, dekorativ işlər üzrə mütəxəssis kimi peşələrə marağı elə məktəbdə aşılamaq olar. Musiqiyə həvəsi olanları da elə məktəbdə seçmək, xüsusiləşdirilmiş təhsil ocaqlarına yönləndirmək olardı.
Riyaziyyatı oxuyub yolu haradan gəldi keçən şəxsin təhsili natamamdır
Məktəb uşağın marağını nəzərə alıb ona gələcək peşəsində lazım ola bilən kompüter proqramlarını belə, tədris edə bilər. Yəni gələcəkdə dizayner və modelyer olmaq istəyənin "Photoshop" proqramını öyrənməsi hər hansı fundamental fənni bilməyindən daha əhəmiyyətlidir.
Orta məktəb yol qaydalarını bilməyənə attestat verirsə, deməli, onun həyatını təhlükəyə atmış olur. Riyaziyyatı oxuyub yolu haradan gəldi keçən şəxs qəza vəziyyəti yaradırsa, onun təhsili natamamdır.
Fizikanın qanunlarını nəzəri cəhətdən öyrənib bir adi ocağı qalamağı bacarmayan insan ekstremal vəziyyətdə ölümə məhkumdur.
Təhsil qaydalarına yenidən baxmalı, bacarıq və biliyin balansını tapmalıyıq. Hər hansı dəyişiklik asan başa gəlməyəcək, çünki şagirdin hələ 14 yaşında sürücülük vəsiqəsi alması vəsiqə almaq üzrə biznes quranların marağında deyil. Oturuşmuş qaydaları dəyişmək üçün çoxlu güc və vəsait sərf etməlisən. Bunun üçün Təhsil Nazirliyi və ictimai qurumlarla birgə müzakirələrə yol açmalıyıq.
Hər bir vətəndaş ən azı üzməyi, maşın sürməyi və kompüteri idarə etməyi bilməlidir. Zamanın tələbidir çünki…