BAKI, 31 iyul — Sputnik. Azərbaycanda toy mövsümünün ən qızğın dövrüdür. Hamı evlənməyə tələsir, yayın istisində toy eləmək istəməyənlər də qaçaqaçla şadlıq sarayı gəzirlər. Qarşıdan Qurban bayramı gəlir və davamında artıq sentyabrın ilk günündən Məhərrəm ayı girəcək. Deməli, toylar bir müddət səngiyəcək. Bakı ətrafı kəndlərdə toyda səslənən musiqinin səsi demək olar ətrafdakı bütün evlərə çatır. Hərdən dəniz qırağındakı diskoteka musiqisi toy tərəfdən gələn "Vağzalı"ya qarışaraq kokteyli xatırladan bir qarışığa çevrilir.
Bəzən toy zalı boşalır, amma foye ağzına kimi dolu olur
Azərbaycanlılar toya münasibətdə ikili yanaşma prizmasından çıxış edirlər. Toyu həm sevirsən, həm də yox. Toy bir bayramdır, hadisədir, illərlə gözləyirsən, kiminsə toyuna gedirsən, kapital toplayırsan, bir gün də həmin adamları öz toyuna çağırırsan. Kimisə çağırmasan, inciyər də səndən. Bizim toylar bu barədə istənilən Avropa ölkəsini üstələyir, pulumuz olmasa da, toya gedəsiyik. Toy həm də stress atmağın bir yoludur, əgər getməlisənsə, deməli, doyunca yeyib-içib, əylənəcəksən. Kinoya, teatra və ya başqa yerə getməyə imkan tapmasan da, toya gedəcəksən.
Toyu sevməyən də az deyil, hətta toya məcbur olub gedən, amma bəzi nüansları bəyənməyən də kifayət qədərdir. Toya olan münasibəti elə insanların davranışından duyuruq. Bəzən toy zalı boşalır, amma foye ağzına kimi iki-iki, üç-üç söhbətləşənlərlə dolu olur. Bunlar izafi yeməkdən, yüksək səsli musiqidən canını qurtarıb qaçanlar, uzun müddət qohumunu, dost-tanışını görməyə imkanı olmayanlardır. Bir balaca rahatlığı elə foyedə tapırlar.
Toyda yemək yeməsən də olar, məcbur deyil, amma səsi beyni dağıdan, sinəni əzən musiqidən yayınmaq mümkünsüzdür. Bakı kəndlərində musiqini ətrafa yaymaq olar. Şəhərin daxilindəki şadlıq saraylarında, əksinə, musiqi çölə ötürülə bilməz, qanun bunu qadağa edir. Səs izolyasiyası olduqca yaxşıdır, musiqi yalnız daxilə yönəlir, insan da istər-istəməz bunu qulağı, beyni ilə qəbul etməlidir.
Bu günün toyu sabahın ağır depressiyalı vəziyyəti deməkdir. Bunu hər kəs bilir, arağın törətdiyi başağrısını hələ birtəhər yola vermək olsa da, musiqinin, daha doğrusu, kakofoniya yaradan səslərin vurduğu zərbə bir neçə gün davam edir. Durğunluq vəziyyətindən çıxmaq üçün insan sakit bir yer arayır, çaydan filandan içir, amma depressiyadan yaxa qurtara bilmir.
Azərbaycan toyları xüsusi səs şiddəti ilə fərqlənən tədbirlərdir
Yüksək tonda ifa edilən musiqinin insan orqanizminə vurduğu zərərdən internetdə kifayət qədər material var. Amma təhlükəni dəqiq anlaya bilirikmi? Qulaq, burun, boğaz və baş-boyun cərrahı Elnur Əkbərov mətbuata verdiyi müsahibələrin birində toylarda səslənən musiqinin insan orqanizminə vurduğu ziyandan danışıb.
"Gündüz 55, gecə 40 desibelə qədər olan səs şiddəti, eşitmə sinirinə hər hansı mənfi təsir göstərməyə bilər. Səs şiddəti sosial ortamda söhbət zamanı olan səsin ortalamasıdır. Azərbaycan toyları xüsusi səs şiddəti ilə fərqlənən tədbirlərdir. Müqayisə üçün göstərmək olar ki, hərəkət zolağında avtomobillərin hərəkəti zamanı yaranan səs 80, diskotekalarda bu səsin şiddəti 110 desibel civarındadır.
Azərbaycan toylarında da bu səsin şiddəti ortalama olaraq 120, 130 desibeldir.
Şadlıq sarayının personalını risk qrupuna aid etmək olar
Beləliklə, Azərbaycan toyunda ortalama səs şiddəti 120-130 desibel arasındadır. 10-12 dəqiqədən sonra bu toyda oturmaq sağlamlıq üçün açıq təhlükədir. Əlbəttə, çox insan bu barədə az düşünür, amma foyeyə toplaşanların sayı bu fikri açıq-aydın dəstəkləyir. Yay aylarında imkan tapanlar hətta həyətdə də toplaşıb "xilas" olmağa çalışırlar.
Toya qonaq kimi gələnin musiqidən gizlənmək şansı olsa da, şadlıq sarayının personalını risk qrupuna aid etmək olar. Həm ofisiantlar, həm musiqiçilər, həm də digər xidmət işçiləri bu dəhşətli səs-küydə hər gün yaşamaq məcburiyyətindədirlər. Hara qaçasan? Ya gərək peşənin başını buraxasan, ya da dözməlisən.
Bir zamanlar hər gün toyda sintezatorda ifa edən tanışlardan bir tanışımla söhbətdə artıq aləti satdığını və bu işdən əl çəkdiyini boynuna aldı. Səbəbi ilə maraqlananda belə həyat tərzinin sağlamlıq üçün böyük təhlükə olduğunu bildirdi.
Zərb alətlərində ifa edənlər alkoqol risk qrupuna aid edilməlidirlər
Musiqi ilan zəhəri kimi bir nəsnədir. Həm sağaldır, həm də öldürür, qədərində olanda ruhumuza qida verir, başqa tərzdə ifa ediləndə ölümə aparan bir yola salır. Rusiyanın məşhur musiqiçisi Andrey Makareviçin "Məzəli narkologiya" kitabında musiqinin insan orqanizminə təsirinə dair maraqlı fikirlər yer alıb. Makareviç öz əsərində yaxın dostu, məşhur narkoloq Mark Qarberə istinadən alkoqol və musiqinin qarşılıqlı təsiri məsələsinə toxunub.
"Alkoqol insan orqanizmində endogen etanol qismində həmişə mövcuddur. Şiddətli musiqi səsi, şamanların qavalda ifa etdiyi səslər orqanizmdə endogen etanolun səviyyəsini yüksəldir. Yəqin, bu melanin adlanan hormonun aktivləşməsi sayəsində baş verir. Bu hormon işıq və səs enerjisini kimyəvi enerjiyə çevirmək qabiliyyətinə malikdir. Endogen etanolun ən aşağı səviyyəsi məhz depressiya vəziyyətində və bir də xroniki alkoqoliklərdə olur. Elə bu səbəbdən içkiyə meyllilik müşahidə edilir.
Gəlin, belə ritmik təsirə daim məruz qalan musiqiçini təsəvvür edək. Təbii, belə təsir bitdikdən sonra alkoqolun daxili səviyyəsi aşağı düşür və aydındır ki, bundan sonra nə baş verir. Rok musiqiçilər, xüsusən də zərb alətlərində ifa edənlər alkoqol risk qrupuna aid edilməlidirlər. Gitara ifaçıları da bu qrupdan uzaqda deyillər", - deyə Makareviç kitabında bu fikirlərlə bölüşüb.
Toyxanada çalışan insanların xilas olmaq şansı çox azdır
Yəni Makareviçin fikri aydındır. Musiqinin daim yanında olan, yüksək səs şiddətinə məruz qalan insan faktiki alkoqolikdən heç nə ilə fərqlənmir. Özünü tonusda saxlamaq üçün musiqi seansı bitən kimi əlavə doza qəbul etməlidir. Ya içkini, ya da digər narkotiki. Elə Makareviçin də fikrini təsdiqləyən nümunə az deyil. Rok musiqiçilərin bir çoxu əyyaşlığa və narkotik qəbuluna aludə olmuş insanlardır. Başqa cür mümkün olmur.
Toyxanada çalışan insanların xilas olmaq şansı çox azdır, hər gün narkotik dozasını almağa məhkumdurlar. Qulağın eşitmə qabiliyyətinin itirilməsi də orqanizmin müdafiə mexanizmidir. Bəlkə bu kimisə tam iflic vəziyyətinə düşməkdən xilas edər.
Toylarda səs şiddətinin öz-özündən azalacağına ümid yoxdur. Bir ictimai qınaq mexanizmi olmalı, qanunvericilik səviyyəsində musiqinin səsini tənzimləyən mexanizm hazırlanmalıdır. Fərdi olaraq da, toya getməyəsən, gərək.
Canın sənə əzizdirsə, pulunu yolla, xilas ol.