CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Valideyinlərinin kölgəsində qalan məşhur övladlar - VİDEO

Sputnik Azərbaycan valideynlərinin sənətdə qazandığı uğurlara hələ də çata bilməyən məşhurların övladlarını təqdim edir.
Sputnik
BAKI, 17 dekabr — Sputnik. Yerli şou-biznesdə və mədəniyyət sahəsində valideynlərinin sənətini davam etdirən övladları az deyil. Amma nədənsə onlar bir növ valideynlərinin kögəsində qalıb desək, yanılmarıq. Sputnik Azərbaycan valideynlərinin sənətdə qazandığı uğurlara hələ də çata bilməyən məşhurların övladlarını təqdim edir.
Xalq artisti, pop diva Aygün Kazımovanın qızı İlqarə Kazımova. İllərdir şou-biznesdə liderliyi ilə seçilməyi bacaran Aygün Kazımovadan fərqli olaraq, qızı nədənsə istədiyi pilləyə gələ bilmir. Tamaşaçılar İlqarənin səsini anasının səsinə bənzətsələr də sənətdə bir qədər passivdir.
Növbəti məşhur övladı bir müddət öncə boşanma xəbəri ilə saytların xəbər başlıqlarında əsas yeri tutan Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevadır. Aynişanın səsi məşhur "O səs Türkiyə" yarışmasından gəlsə də, bunu sənətdə anasının qazandığı uğurlarla müqayisə edə bilmərik. Xatırladaq ki, xanım Quliyeva uşaq yaşlarında anasının yaratdığı "Bülbüllər" qrupunun üzvlərindən biri olub. Əməkdar artistin qızı hazırda blogerliklə məşğuldur. Onun "Instagram" hesabı bir milyon izləyici toplaya bilib. Bundan başqa, Aynişan ''Ayni Khalid boutique'' geyim mağazalar şəbəkəsinin sahibidir.
Aşıq sənətinin ən parlaq nümayədələrindən olan Zülfiyyə İbadovanın oğlu Babək də anasının sənətini davam etdirir. Gənc sənətçi daha çox anası ilə birgə ifa etdiyi duetlərlə tanınmağa başlayıb. Onu əksər hallarda Aşıq Zülfiyyə ilə bərabər telekanallarda görürük.
Muğam ifaçısı Eldəniz Məmmədovun oğlu Kamran Məmmədov da musiqi sahəsindədir. Atasından fərqli olaraq o, rok, vokal və estrada janrında ifa edir. ADA universitetinin tələbəsi olan K.Məmmədov ötən il Rusiyada yeniyetmələr arasında "Vo ves qolos" mahnı müsabiqəsində iştirak edib.
Valideynlərinin sənətini davam etdirənlərdən biri də Xalq artisti Zaur Rzayevin oğlu Azər Zadədir (Rzazadə). İtaliyada yaşayan həmyerlimiz Milanın "La Skala" Akademiyasında təhsil alan ilk azərbaycanlı opera ifaçısı, Ozimo Opera Sənəti Akademiyasının məzunu, bir çox beynəlxalq müsabiqələrin qalibidir.
Əməkdar artist Təyyar Bayramov oğlu Kənan Bayramov da atasının yolunu uğurla davam etdirir. Onun Şuşada keçirilən "Xarıbülbül" festivalındakı çıxışı hər kəsin, xüsusən də Prezident İlham Əliyevi göz yaşlarına boğmuşdu.
YUNESKO-nun Beynəlxalq Musiqi Mükafatını alan, Xalq artisti Alim Qasımovun qızı Əməkdar artist Fərqanə Qasımova da atasının sənət yoldaşıdır. Xanım Qasımova atası ilə dünyanın bir çox ölkələrində möhtəşəm konsert proqramları ilə çıxış edib.
Müğənnilərdən başqa, bəzi aktyorların da övladları valideynlərinin sənətini davam etdirirlər.
Hazırda Türkiyədə yaşayan və işləyən tanınmış rejissor-aktyor, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Xalq artisti Cahangir Novruzov unudulmaz sənətkar Xalq artisti Nəsibə Zeynalovanın oğludur. Aktyor anası ilə Musiqili Komedia Teatrın bir çox tamaşalarında tərəf müqabili olub.
Xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz müğənnidir. O ifaçı kimidə Türkdilli dövlətlərdə Azərbaycanı layiqincə təmsil edib. "Avrasiya yıldızı" yarışmasında 2-ci yerə qədər çıxmışdı. Eyni zamanda da ifa etdiyi mahnılar var ki, bəstələri özünə aiddir. Uşaq yaşlarından Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində bir çox tamaşalarda rollar alıb və uşaq yaşlarından filmlərdə çəkilib. Bundan başqa o, "Cavad xan" filmində və "Vicdan haqqı" serialında rol alıb.
"Bu şəhərdə" nin məşhur aktyoru, Əməkdar artistlər Rafael İsgəndərovun oğlu Fuad da atasının sənətini davam etdirir. Aktyor hazırda bir çox komediya filmlərində rol alır.
Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Qarayeva da anasının yolunu davam etdirir. Son illər həm də müğənniliklə məşğul olan Nigar anası ilə "Bacanaqlar serialında tərəf müqabili olub.
Gənc Tamaşaçılar teatrının aktyoru, rejissor Nicat Kazımovun oğlu Sənan Kazımov da atasının sənətini uğurla davam etdirir. "Soyuq günəş" filmi ilə tanınan aktyor hazırda Gənc Tamaşaçılar Teatrının aktyorudur. Aktyorun səs tembri atası ilə oxşardır. Aktyor bununla bağlı xatirəsini bizimlə bölüşmüşdü: "Bir gün atam Xalq artisti Bəxtiyar Xanızadəni mənim rol aldığım tamaşaya dəvət etmişdi. Bəxtiyar müəllim deyib ki, "Nicat, bu ki sənin səsindir". Atam da demişdi ki, "xeyr, o mənim oğlumun səsidir". Bəxtiyar müəllim atamın müəllimi olub, o da kövrəlmişdi ki, mən bu gün tələbəmin övladının tamaşasına baxıram".
Həmçinin oxuyun:
Sabir Rüstəmxanlı: "Düşünürəm ki, bir zaman gələcək, fəxri adlar yığışdırılacaq"
Tamaşaçı təkcə rəqsdən deyil, ifaçıdan da zövq almalıdır - Akademiyanın dekanı
Cinayətkar balalar: Niyə məşhurlar cəmiyyətə normal övlad bəxş edə bilmirlər?
Cavan Zeynallı: hər dəfə pianonun arxasında oturanda yenidən doğulmuş kimi oluram
"Qaya", H.O.S.T, "Aşıqlar" - bir zamanların məşhur qruplarının dağılmasının səbəbi nədir?
"Soyuq günəş" və ya payızın ortasında çəkilmiş yay səhnələri