Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 31 il keçir

© Sputnik / Murad OrujovAzərbaycan bayrağı
Azərbaycan bayrağı - Sputnik Azərbaycan, 1920, 18.10.2022
Abunə olmaq
Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib.
BAKI, 18 oktyabr - Sputnik. Azərbaycanın Müstəqilliyinin Bərpası günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir və hər il 18 oktyabrda qeyd edilir.
XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etdi.
Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannamə qəbul edildi. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası isə 4 gün müzakirə apardı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd — Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi.
Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verdi, yerdə qalanlar ya sessiyaya qatılmadı, ya da onun əleyhinə səs verdilər.
Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarıldı və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi.
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edildi.
Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.
Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Bununla da Azərbaycanda Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.
Həmçinin oxuyun:
Prezident İlham Əliyev “Müstəqillik Günü haqqında” qanunu təsdiq edib
Respublika Gününün Müstəqillik Günü adlandırılmasının əsasında nə dayanır?
Parlamentarilər "Müstəqillik Günü haqda" müzakirələri bitirə bilmirlər
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 27 il keçir
Xəbər lenti
0