Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyev “Müstəqillik Günü haqqında” qanunu təsdiq edib

© Sputnik / Murad OrujovDövlət Bayrağı meydanı
Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920, 15.10.2021
Abunə olmaq
Mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək
BAKI, 15 oktyabr — Sputnik. Prezident İlham Əliyev “Müstəqillik Günü haqqında” qanunu təsdiq edib.
Sputnik Azərbaycan-nın məlumatına görə, qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunub.
Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.
Parlamentin qərarı
Milli Məclisin iclasında "Müstəqillik Günü haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, "Müstəqillik Günü haqqında" qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilib. Azərbaycanın Respublikasının Dövlət müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümü ərəfəsində belə bir qanun layihəsinin müzakirəyə çıxarılması əlamətdar hadisə olmaqla yanaşı, tariximizə hörmətin ifadəsidir. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası 1918-ci il mayın 28-də dövlət müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Müasir Azərbaycan dövləti tarixi varislik üzərində inkişaf edərək bugünkü yüksək səviyyəyə gəlib çatıb. Təqdim edilən qanun layihəsinin məramı tarixi ədaləti bərpa etmək və ötən 103 ilin 2 möhtəşəm hadisəsinə dəqiq və düzgün qiymət verilməsini təmin etməkdir.
Azərbaycan bayrağı - Sputnik Azərbaycan, 1920, 12.10.2021
TƏHLİL
Respublika Gününün Müstəqillik Günü adlandırılmasının əsasında nə dayanır?
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, müstəqilliyimizin məhz bərpasının 30 illiyi ərəfəsində Prezident tərəfindən dövlətçilik tariximiz üçün çox əhəmiyyətli olan "Müstəqillik Günü haqqında" qanun layihəsi təqdim edilməsi çox təqdirəlayiq haldır. Bu qanun layihəsi dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən də müstəqilliyimizin keçən əsrin əvvəllərində əldə edilməsi, sonunda isə bərpası kimi tarixi günlərin daha dəqiq ifadə olunması zərurətindən yaranıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmişdir. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına əsasən, xalqımız öz müstəqilliyini bərpa edib. Bu tarixi günlərin mahiyyətinə və məzmununa uyğun daha dəqiq ifadə olunması indiki qanun layihəsində öz əksini tapıb. Beləliklə, təklif olunur ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd edilsin.
Qeyd edək ki, qanunda deyilir ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib.
Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb.
Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayıb. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib.
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunub. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Beləliklə, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib.
Bakıda parada parada baxan şəxslər - Sputnik Azərbaycan, 1920, 11.10.2021
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Deputatlar Respublika Gününün Müstəqillik Günü ilə əvəz edilməsini əsaslandırdılar
2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.
Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib. Beləliklə, 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında Müstəqillik Günü, 1991-ci ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü hesab olunmalıdır.
Müzakirələrdən sonra "Müstəqillik Günü haqqında" qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətinin rəhbəri Aynur Osmanqızı bildirib ki, 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib. Həmin günlər hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq.
Xəbər lenti
0