CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaq narkoloji dispanserinin yaradılması təklif edilir - Komitə

© AFP 2024 / KENZO TRIBOUILLARDDilənçilər, arxiv şəkli
Dilənçilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.01.2022
Abunə olmaq
Qeyri-hökumət təşkilatları tərəfindən yaradılan uşaq sığınacaqlarında uşaqların yerləşdirilmə, saxlanılma qaydaları uşaq hüquqlarının müdafiəsi baxımından mövcud qanunvericiliyin tələblərinə cavab vermir - AQUPDK
BAKI, 30 yanvar — Sputnik. Son günlər Şamaxıda baxımsız vəziyyətdə saxlanılan körpələrlə bağlı xəbərlər gündəmi zəbt etdi. Sosial Xidmətlər Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə yaşayan, məişət zorakılıqla üzləşdiyi müəyyən edilən 5 nəzarətsiz uşağın reabilitasiyası davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarına aid şəxslər üçün sığınacaq, sosial reabilitasiya müəssisəsinə yerləşdirilən uşaqlar agentliyin peşəkar mütəxəssislərinin iştirakı ilə reabilitasiya prosesinə cəlb olunublar.
Hazırda adıçəkilən müəssisədə uşaqlara sosial işçi, psixoloq, sosial pedaqoq, digər mütəxəssislər sosial xidmətlər göstərirlər.
Agentlikdən bildirilib ki, uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq onların rifahı üçün aidiyyəti tədbirlər görülməsi barədə qərar qəbul ediləcək.
Ümumiyyətlə, uşaq hüquqlarının təmin edilməsi sahəsində hansı boşluqlar var?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, küçə həyatı yaşamış, baxımsız uşaqların müvafiq müəssisələrdə yerləşdirilməsində, onların reabilitasiyasında çətinliklər mövcuddur:
"Respublikada küçə həyatı yaşayan, baxımsız uşaqlar aşkar edilir. Aşkar edilmiş uşaqların valideynləri inzibati məsuliyyətə cəlb edilir, ailələrlə profilaktik maarifləndirmə söhbətləri aparılır. Bəzi hallarda (məsələn, ailənin sosial vəziyyətinin çox aşağı olması, valideyn tərəfindən uşağın istismar edilməsi) uşaqlar müvafiq müəssisələrə yerləşdirilirlər. Belə müəssisələr dövlət müəssisələri (uşaq evləri, internat məktəbləri, sosial sığınacaqlar), qeyri-hökümət təşkilatlarının yaratdıqları sığınacaqlardır. Lakin əksər hallarda dövlət müəssisələri küçə həyatı yaşayan uşaqları müxtəlif səbəblər əsas gətirərək qəbul etməkdən yayınırlar".
Komitədən bildirilib ki, səbəb olaraq uşağın müvafiq sənədlərinin olmaması, yaşının çox olması, müəssisənin tərbiyə mühitinə mənfi təsir edəcək davranış tərzinə malik olması göstərilir:
"Lakin qanunvericilik birmənalı olaraq həmin kateqoriyaya aid uşaqların dərhal yerləşdirilməsini tələb edir. Dövlət müəssisələri tərəfindən süni maneələrin yaradılması nəticəsində küçə həyatı yaşamış uşaqlar aşkar edildikdən sonra hüquq-mühafizə orqanları tərəfindən qeyri-hökümət təşkilatlarının sığınacaqlarına yerləşdirilirlər. Həmin müəssisələrdə aparılan monitorinqlər nəticəsində müəyyən edilib ki, qeyri-hökumət təşkilatları tərəfindən yaradılan uşaq sığınacaqlarında uşaqların yerləşdirilmə, saxlanılma qaydaları uşaq hüquqlarının müdafiəsi baxımından mövcud qanunvericiliyin tələblərinə cavab vermir".
© Sputnik / Zulfiyya GuluyevaMəişət zorakılığına məruz qalmış qadınların sığınacağı
Məişət zorakılığına məruz qalmış qadınların sığınacağı - Sputnik Azərbaycan, 1920, 30.01.2022
Məişət zorakılığına məruz qalmış qadınların sığınacağı
Komitədən verilən məlumatda qeyd olunub ki, həmin müəssisələrdə xidmət səviyyəsi aşağıdır, uşaqların saxlanılması, qidalanması, onlarla tərbiyə-reabilitasiya işinin səviyyəsi qənaətbəxş deyil:

"Qeyd etdiyimiz müəssisələrin fəaliyyətini tənzimləyən, həmin müəssisələrdə uşaqlara xidmətin göstərilməsi ilə bağlı normativ hüquqi sənədlər mövcud deyil".

Problemin həlli üçün nə edilməli, sualına cavab olaraq bildirilib ki, dövlət uşaq müəssisələrinə uşaqların qəbul edilməsində yaradılan süni maneələrin aradan qaldırılması məqsədilə həmin dövlət müəssisələrinin aid olduqları dövlət qurumları (Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, yerli icra hakimiyyəti orqanları) ilə əməkdaşlığın gücləndirilməsi, belə kateqoriyaya aid uşaqların dərhal yerləşdirilməsi məqsədiylə operativ, işlək mexanizmin hazırlanması tələb olunur:
"Uşaqlara xidmət göstərən qeyri-hökumət yardım mərkəzlərinin fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın hazırlanması, onların fəaliyyətinə dövlət tərəfindən nəzarət qaydasının müəyyən olunması zəruridir".
Bildirilir ki, qaraçı ailələrinin uşaqları arasında təhsildən yayınma halları mövcuddur.
Problemin təhlilini aparan komitə aparılan araşdırmalar nəticəsində müəyyən edib ki, qaraçı ailələrin uşaqlarının təhsilə cəlb edilməsində problemlər mövcuddur:

"Təhsildən yayınma problemi ailənin sosial vəziyyəti, valideynlərin təhsil səviyyəsinə sıx bağlıdır. Belə ki, qaraçı ailələrinin tez-tez həm ölkə daxilində, həm qonşu dövlətlərə iş axtarmaq məqsədilə miqrasiyası uşaqların davamlı təhsilə cəlb edilməsində maneə yaradır. Monitorinqlər nəticəsində müəyyən edilmişdir ki, miqrasiya etməyən ailələrin uşaqlarının təhsilə davamiyyəti yüksəkdir, lakin həmin ailələr qaraçı ailələrinin cüzi hissəsini təşkil edir".

Komitədən bildirilib ki, təhsildən yayınmaya gətirib çıxaran digər amil həmin ailələrin uşaqlarının müvafiq sənədlərinin olmamasıdır:
"Qaraçı ailələrinin məsuliyyətsizliyi, eləcə də evdə doğuş halları doğulan belə uşaqların şəxsiyyətini təsdiq edən sənəd ala bilməməsinə gətirib çıxardır. Bəzi uşaqlar daha yuxarı yaşda (10 yaşından sonra) sənəd ala bilir. Nəticədə təhsil müəssisəsi uşağın yaşının çox olmasını əsas gətirərək onu məktəbə qəbul etmir. Uşaqların təhsildən yayınmasına gətirib çıxardan digər bir amil isə valideynlər tərəfindən uşaqların əməyə cəlb edilməsi hallarına üstünlüyün verilməsidir. Həmin nüanslar yuxarıda sadalanan amillərlə yanaşı, valideynlərin təhsil səviyyəsinin, dünyagörüşünün aşağı olması səbəbindən baş verir".
Problemin həlli üçün ilk növbədə qaraçı ailələr arasında miqrasiya hallarının azaldılması məqsədilə belə ailələrin davamlı məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlərin görülməsi məqsədəuyğundur:
© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidQaraçı xalqının nümayəndələri, arxiv şəkli
Qaraçı xalqının nümayəndələri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.01.2022
Qaraçı xalqının nümayəndələri, arxiv şəkli
"Hazırda ailə təsərrüfatlarına dövlət tərəfindən dəstək göstərilir (Məsələn, ABAD layihəsi). Belə ailələrin dəstəyin əhatə dairəsinə alınması istiqamətində qaraçı ailələrlə iş aparılması nəzərdən keçirilə bilər. Digər tədbir kimi qaraçı ailələrinin sənədsiz uşaqlarının qeydiyyata alınması, onların müvafiq sənədlərlə təmin edilməsi istiqamətində iş aparılması tələb olunur. Sənədlə təmin edilən uşaqların təcili olaraq məktəbə cəlb edilməsi ilə bağlı Təhsil Nazirliyi ilə fəaliyyətlər nəzərdən keçirilə bilər".
Komitədən digər problemə də toxunulub. Bildirilib ki, işləyən valideynlərin övladlarına dərsdən sonra nəzarət məqsədli dəstək xidmətlərinin göstərilməsinə ehtiyac var:
"Aparılan araşdırmalar göstərir ki, hər iki valideyni işləyən uşaqlar dərs vaxtı bitdikdən sonra nəzarətsiz qalma ehtimalıyla üzləşir. Dərsdən sonra uşağın evdə tək qalması müəyyən hallarda uşağı təhlükəylə qarşı-qarşıya qoyur. Həmçinin, nəzarətsiz qalmış uşaq küçə həyatına məruz qala, müxtəlif qrupların təsiri altına düşə bilər. Nisbətən maddi imkanı yaxşı valideynlər uşaqları ödənişli dayə xidmətiylə təmin edərək problemi həll edirlər, nəticədə yaranan vəziyyət ailənin maddi vəziyyətinə təsir göstərir".
Problemin həlli istiqamətlərindən biri kimi komitədən verilən məlumatda bildirilib ki, təhsil müəssisələrində dərsdən sonra müəyyən məşğələlərin (məsələn idman, musiqi, əmək), yaxud uşaqlara nazərətin təmin edilməsi məqsədilə ödənişsiz "günü uzadılmış" qrupların yaradılması problemin həllində əhəmiyyətli rol oynaya bilər:
"Məsələnin həlli istiqamətində təkliflərin hazırlanması, aidiyyəti dövlət qurumları qarşısında irəli sürülməsi məqsədəuyğundur".
Komitədən sorğuya cavab olaraq qeyd olunub ki, narkotik-psixotrop maddələrin aludəçisi olmuş uşaqların müalicəsi, onların sosial təhlükəli vəziyyətə düşməsinin qarşısının alınması məqsədilə ixtisaslaşmış müəssisənin yaradılmasına ehtiyac var:
© AFP 2024 / HOANG DINH NAMNarkomanların reabilitasiyası mərkəzi
Мужчина в центре реабилитации наркоманов - Sputnik Azərbaycan, 1920, 30.01.2022
Narkomanların reabilitasiyası mərkəzi
"İxtisaslaşdırılmış müəssisənin olmaması nəticəsində uşaqlar böyüklər üçün nəzərdə tutulan müəssisədə həmin xidmətləri alırlar. Belə kateqoriyaya aid uşaqların sağlam həyat tərzinə qaytarılması məqsədilə müxtəlif yaş qruplarına uyğun uşaq narkoloji dispanserinin, sosial xidmət müəssisəsinin yaradılması təklif edilir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
İnfluenza uşaqlar üçün bu dərmanların tapılmamasına səbəb oldu
Dilənən uşaqlar tapılıb təhvil verilir, lakin yenidən küçələrə qayıdırlar - Bahar Muradova
Azərbaycanda ailə dəyərləri dəyişib? - Sorğunun maraqlı nəticəsi
Xəbər lenti
0