Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Məişət zorakılığı ilə bağlı qanunvericiliyin sərtləşdirilməsi üçün təkliflər hazırlanıb

© AP Photo / Matilde CampodonicoQadın, arxiv şəkli
Qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.01.2022
Abunə olmaq
Əlaqədar qurumlar bununla bağlı razılaşdırılmış mövqe ifadə etməlidirlər. Yalnız ondan sonra verilmiş təkliflər Milli Məclisə göndərilə bilər.
BAKI, 25 yanvar — Sputnik. Məişət zorakılığı ilə bağlı qanunvericiliyin sərtləşdirilməsi üçün təkliflər aidiyyəti qurumlara göndərilib. Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, bu, təkcə Dövlət Komitəsinin qəbul edə biləcəyi qərar deyil:
"Əlaqədar qurumlar bununla bağlı razılaşdırılmış mövqe ifadə etməlidirlər. Yalnız ondan sonra verilmiş təkliflər Milli Məclisə göndərilə bilər. Hazırda təklifləri göndərmişik və razılaşdırma mərhələsindədir. Təkliflər arasında şiddətin dərəcəsinə görə cinayət məsuliyyətinə cəlb olunma tələbi və digər profilaktik tədbirlərlə bağlı təkliflər var. Cinayət qanunvericiliyinə ailədaxili zorakılığın cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı müddəların daxil edilməsi təklifi var. Düşünürəm ki, insan üçün ən təhlükəsiz sığınacaq onun ailəsidir. Çalışmalıyıq ki, insanlar özlərini rahat, azad, təhlükəsiz hiss etsinlər".
Qeyd edək ki, ötən ilin dekabrın 27-də Milli Məclisin plenar iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqında” (2020-ci il) məsələ müzakirəyə çıxarılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı məlumatı parlament üzvlərinə Komitənin sədri Bahar Muradova təqdim edib.
İllik məlumat müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Həmçinin Azərbaycanda məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyi pozanlar həbs ediləcəklər.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 158-ci maddəsinə (Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması) təklif olunan dəyişikliyə görə, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə 100 manatdan 300 manatadək məbləğdə cərimə edilir və ya altmış saat ictimai işlər və ya pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gün müddətinədək inzibati həbs tətbiq ediləcək.
Qeyd edək ki, Məcəllənin hazırkı 158.1-ci bəndi belədir: Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə 100 manatdan 300 manatadək məbləğdə cərimə edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Məişət zəminində psixi zorakılıq törədənlərlə bağlı cəza sərtləşir
Tərbiyəçi və tərbiyəsi - Uşaq təhsil alsın deyə döyülməlidir?
Azərbaycan ailələrində əcaib durum - qaçırılma, boşanma, maddi sıxıntı
Xəbər lenti
0