CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tərbiyəçi və tərbiyəsi - Uşaq təhsil alsın deyə döyülməlidir?

© AFP 2023 / JOSEP LAGOUşaq
Uşaq - Sputnik Azərbaycan, 1920, 18.01.2022
Abunə olmaq
Kəmalə Ağazadə deyir ki, məktəbəqədər təhsil müəssisəsində işləyən tərbiyəçi, dayələr psixoloji testlərdən keçirilməlidirlər.
BAKI, 18 yanvar — Sputnik. İsmayıllıda 1 saylı körpələr evində 2 yaşlı uşağın tərbiyəçi tərəfindən zorakılığa məruz qalması məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilərin vəzifələri, onların işə qəbul zamanı hansı tələblərə cavab verməli olduğu məsələsini gündəmə gətirib. Sputnik Azərbaycan uşaq bağçalarında çalışan tərbiyəçi və dayələrin vəzifələrini, uşaqlarla davranış tələblərini araşdırıb.
Təhsil Nazirliyindən bildiriblər ki, dövlət uşaq bağçalarının yerli icra hakimiyyətlərindən alınaraq nazirliyə verilməsi ilə bağlı prezident tərəfindən sərəncam imzalansa da, təhvil-təslim işləri hələ ki, başa çatmayıb. Ona görə də bu barədə bağçaların fəaliyyətinə indiyədək nəzarət edən qurum məlumatlıdır.

Hər şey əsasnamədə göstərilib

Bakı Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a bildirdilər ki, 2009-cu ildə Nazirlər Kabineti "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında qərar imzalayıb. Həmin sənəddə uşaq bağçalarında çalışan tərbiyəçi, dayələrə qarşı tələblər öz əksini tapıb. Tərbiyəçi və dayələr əmək müqaviləsi imzalayarkən həmin tələblərə əməl etmək barədə öhdəlik götürürlər.
"Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"də həm təhsil prosesinin iştirakçıları, onların hüquq vəzifələri, həmçinin də təhsilalanların hüquqları öz əksini tapıb. Qərarın 2.1.5. bəndinə görə, müəllim mədəni davranışa malik olmalı, təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. 4.1.9 bənddə isə xüsusi vurğulanıb ki, müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

Bağça uşaqlarının hüquqları

Nizamnamənin 5.3.1.-bəndinə əsasən, təhsilalanların həyat-sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq hüququ var. Onlar şəxsiyyətin alçaldılmasına, mənəvi və psixoloji duruma, sağlamlığa zərər vuran hərəkətlərin bütün formalarından, fiziki və psixoloji zorakılıq hallarından müdafiə olunmaq hüquna malikdirlər.
Bu hüquqlara uşaqların sağlamlığına, mənəvi, psixoloji durumuna zərər vuracaq istənilən informasiyadan, təbliğatdan müdafiə olunmaq, ödənişsiz tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə tibbi müayinə xidmətlərindən yararlanmaq, çatışmazlıqların (nitq qüsurları, eşitmə, görmə qabiliyyətlərinin zəifliyi) korreksiya edilməsi üçün psixoloji-tibbi-pedaqoji yardım almaq, müəyyən olunmuş normativlərə uyğun, keyfiyyətli qida ilə təmin edilmək, asudə vaxtının, istirahətinin səmərəli təşkili, meyil və maraqlarının reallaşması və yaradıcılıq imkanlarının inkişafı üçün münasib şəraitlə təmin olunmaq da daxildir.

Tərbiyəçilər fiziki və psixi zorakılığın bütün formalarından qorumalıdır!

Təhsilverənlərin hüquqları ilə bağlı nizamnamədə isə qeyd olunur ki, onlar məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etməli, əmək müqaviləsində nəzərdə tutulan vəzifə funksiyalarını yerinə yetirməlidir. Həmçinin təhsilalanları Azərbaycan xalqının dilinə, adət və ənənələrinə, mənəvi dəyərlərə, dövlət rəmzlərinə hörmət, azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər.
Təhsilverən uşaqların şərəf və ləyaqətinə hörmət etməli, pedaqoji etika və əxlaq normalarına riayət etməli, təhsil işçisi adını yüksək tutmaqla, ziyalılıq nümunəsi göstərməlidir. 5.6.7 bənddə xüsusi vurğulanır ki, təhsilverənlər uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə ­iştirak etməli, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumalıdırlar.

Direktor da uşaqları müdafiə etməlidir

Bu məsələdə məktəbəqədər təhsil müəssisəsini idarə edən şəxsin də üzərinə vəzifə düşür. İdarəedici şəxs dövlət uşaq müəssisəsində təlim-tərbiyə alan uşaqların hüquq, maraqlarını müdafiə etməlidir.

Nizamnamədə var, amma...

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, illərdir ki, uşaq bağçalarının əsasnaməsində göstərilənlərin heç də hamısına əməl olunmur. Onun sözlərinə görə, nizamnaməyə əməl olunmayana qədər bu sənədin adi kağız parçasından fərqi yoxdur.
K.Ağazadə deyir ki, dövlət uşaq müəssisələrinin yerli icra hakimiyyətlərindən alınaraq Təhsil Nazirliyinə verilməsi məktəbəqədər təhsil müəssisələrində vəziyyətin düzələcəyinə ümid yaradıb:
"Uşaq bağçalarının Təhsil Nazirliyinə verilməsini dəstəkləyirəm. Söhbət təlim-tərbiyədən gedirsə, bu işi bir qurum həyata keçirməlidir. Amma bununla belə uşaq bağçalarında nazirliklə birgə monitorinq qruplarının təşkilinə ehtiyac var. Bir video ilə bağçalarda olan böyük problem ortaya çıxdı. Biz bir faktı ortaya çıxartmaqla problemin qarşısını ala bilməyəcəyik. Ona görə də məsul qurum bu problemin yaranma səbəbini köklü şəkildə aradan qaldırmalıdır".

Tərbiyəçilər psixotestdən keçirilməlidirlər

K.Ağazadə deyir ki, məktəbəqədər təhsil müəssisəsində işləyən tərbiyəçi, dayələr psixoloji testlərdən keçirilməlidirlər: "Bunu Dövlət İmtahan Mərkəzinə həvalə etmək lazımdır. Bağça tərbiyəçiləri ilə canlı ünsiyyət yaradılmalı, onlar işə qəbul edilməzdən əvvəl psixoportretləri yaradılmalıdır. Evdəki problemlərini bağçaya daşımaq olmaz. Bu gün psixotestlərin keçirilməsi çox önəmlidir. Bağçaya işə götürülən tərbiyəçinin psixi durumu yerində deyilsə, belə hallar təkrarlanmaqda davam edəcək".

Sertifikatlar görüntü xətrinə paylanılır

Qeyd edək ki, 2 yaşlı uşağın tərbiyəçi tərəfindən zorakılığa məruz qaldığı bağçada uşaqlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı təlimlər də keçirilib. Şəkillərdə də bağçanın direktorunun əlində uşaqlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı təlimdə iştirak etdiyini təsdiqləyən sertifikat var.
K.Ağazadə deyir ki, təlim-tərbiyə müəssisələrinin çoxunda formal olaraq belə seminarlar təşkil edilir. Hansı ki, bu təlimlərin çoxu peşəkarlıqdan uzaq aparılır: "O sertifikatları təqdim etmək üçün təlim keçənlərin kimliyi sual altındadır. Bu gün həmin sertifikatlardan print edib paylamaq mümkündür. Amma məqsəd sertifikat əldə etmək yox, uşaqlara qarşı zorakılığın qarşısının alınması yönündə əməli iş görmək olmalıdır".

Bağçada 2 yaşlı uşağı döyən tərbiyəçi barədə görülən tədbirlər

Qeyd edək ki, İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında körpəyə qarşı şiddət göstərən tərbiyəçi Baxışova Zülfiyyə Ədalət qızı işdən çıxarılıb. Təhsil Nazirliyindən məlumat verilib ki, Z.Baxışova ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, "Müəllimlərin etik davranış Qaydaları"nın tələblərini pozduğuna, azyaşlı ilə kobud rəftar etdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, yanvarın 14-dən ləğv edilib.
Nazirlik uşaqlara qarşı zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir, bunun yolverilməz olduğunu vurğulayır. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, uşaq bağçasında döyülən uşağın atası İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev, anası isə İsmayıllı rayon icra hakimiyyətinin əməkdaşı Gülnarə Mirzəliyevadır.
Ailə, Qadın və Uşaq Problemlərin üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyyə İbrahimova isə bildirib ki, İsmayıllıda 1 saylı körpələr evində 2 yaşlı uşağın tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı məsələ araşdırılır. Qanunvericilikdə belə hallarla bağlı məsuliyyət nəzərdə tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov isə bildirib ki, İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında baş verən hadisə ilə əlaqədar toplanan ilkin materiallar rayon Polis Şöbəsinin istintaq bölməsinə verilib. bağçada çalışan digər şəxslər, orada təhsil alan digər uşaqların valideynlərinin izahatları alınır: "Hazırda araşdırma davam etdirilir".
Hüquqşünas Zülfiyyə Bayramova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qanunla azyaşlını döyən tərbiyəçi barədə cəza tədbiri görülə bilər. Onun sözlərinə görə, bunun üçün valideyn tərəfindən şikayət edilməlidir: "Əgər valideyn şikayət edərsə, bu zaman uşağı döyən tərbiyəçiyə qarşı xüsusi ittiham qaydasında ittiham qaldıra bilər".
Məlumat üçün bildirək ki, uşağın valideynlərinin tərbiyəçi ilə qohumluq əlaqələri olduğundan, onlar məlum videodan sonra şikayətçi olmadıqlarını bildiriblər.
Xatırladaq ki, İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi - müəllimi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova iki yaşlı uşağı vurub. Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Ölkədə nə qədər uşaq bağçaya gedir?

Qeyd edək ki, hazırda ölkədə 1825 uşaq bağçası fəaliyyət göstərir. Onlardan 1692-si dövlətə məxsusdur. Burada 126 mindən çox uşaq tərbiyə alır. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində isə 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Orada isə 2152 qrupda 40634 uşaq təlim-tərbiyə alır.
346 dövlət məktəbəqədər təhsil müəssisəsinin 107-də 757 məcburi köçkün ailəsi məskunlaşıb, ailələrin tərkibi 3569 nəfərdir. Azərbaycanda 133 özəl bağça fəaliyyət göstərir. Orada 5124 uşaq var. İlin əvvəlinə olan məlumata görə, bağçalarda 17218 nəfər işləyir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Əlavə edək ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0